Daşqın zonasında qiymətlər bahalaşıb

Salyan, 5 may 2010

«EVİMİZİ QORUMAQ İSTƏYİRİK»

Kürdə suyun səviyyəsi yenə də artıb. Artım əvvəlki kimi çox olmasa da, yenə də kəndləri sel basmaq təhlükəsi qalır. Sabirabadın Sərxanbəyli kəndinin sakinləri hələ də keşikdədir. Kəndin sakini Əlisahib Cəfərov deyir ki, su basmış kəndlərin seli onlara doğru gəlir. Artıq sel əkin yerlərini basıb və camaat evini qorumaq istəyir:

- Ordan gələn suyu Mil-Muğan kollektoruna yönəldirlər. Amma kollektorun bu suyu ötürməyə gücü çatmır. Ona görə də çox narahatıq. Əslində suyu boş çölə yönəldə bilərdilər, amma o çöldə yüksək vəzifəli şəxslərin qoyun yataqları var, ona görə də kəndə sarı yönəldiblər.

«ƏRZAQ BAHALAŞIB»

Əlisahib Cəfərovun sözlərinə görə, selin gətirdiyi narahatçılıq azmış kimi bir yandan da kənddə ərzaq məhsulları bahalaşıb. Məsələn, onlar əvvəl kisəsinə 15 manat verdikləri unu indi 16 manata alırlar:

- Amma əsas başımız qarışıb ki, evimizi birtəhər xilas edək. Bir qarın ac, bir qarın toxuq.

Daşqınla üzləşmiş bölgələrdə olmuş «Kür» Vətəndaş Nəzarəti Qərargahının təmsilçisi Oqtay Gülalıyev də regionda
Oqtay Gülalıyev
ərzaq bahalaşmasını gördüyünü deyir. Onun sözlərinə görə, qiymətlər şəhərdəkindən də bahadır. Amma ərzaq bahalaşsa da, alıcı problemi var:

- Camaatın onsuz da dolanışığı ildən-ilə pisləşirdi. Bu hallar da vəziyyəti lap pisləşdirib.

«ARAZLA KÜR AYRILMAMALIYDI»

İmişli, Saatlı, Sabirabad və Şirvanda son vəziyyəti araşdıran Oqtay Gülalıyevin fikrincə, Arazla Kürü ayırmağa ehtiyac yox idi və bu layihə yüksək vəzifəli məmurların iqtisadi maraqlarına xidmət edəcək. Onun fikrincə, yaxın gələcəkdə bu addımın fəsadları müşahidə edilə bilər.

Arazla Kürün ayrılması Sarısu gölünün ətrafındakı su basmış kəndlərə təsir etməyib. Saatlı rayonunun Hacı Qasımlı kəndinin icra nümayəndəsi Əlbilal Əhmədov deyir ki, Kürün suyu artdığı üçün hələ də bu kəndlərdə evlər suyun altındadır.

«SULAR İDARƏ OLUNACAQ»

Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov isə jurnalistlərə deyib ki, Kürə axan çayların bəziləri üzərində idarəetmə qurğularının yaradılması layihəsini işləyirlər:

- Kürü, Mingəçevir Su anbarı və Arazı qidalandıran çaylar var, onlar dağ ərazilərində, əsasən Azərbaycanın daxilində formalaşır. Məsələn, Azərbaycanda formalaşmasa da, sularını Mingəçevir Su anbarına axıdan Qanıx çayı var. Bu hadisələrdə 500 km-dək su gətirən günləri oldu, normal halda 40-50 kub metrlik bir çaydır. Onun üzərində, Acınohur gölü ətrafında su ehtiyatı yaradıla bilərdi. Eyni hal Göyçay, Türyançay haqqında da demək olar. Normal halda 3-4 kilometr su gətirən çaylar, 80-100 km-dək su gətirə bildi.

Hüseynqulu Bağırov
Sabirabad rayonu Fövqəladə Hallar Komissiyasının sədri Vəfadar Bağırov deyir ki, bəzi yerlərdə gün istisi bəndləri qurudaraq orada çatlar əmələ gətirib. Amma o, ciddi təhlükə olacağını ehtimal eləmir.

«PUL OLACAQ»

Daşqınla üzləşmiş bölgəyə yardım ayrılacaq. Bunu isə Maliyyə naziri Samir Şərifov deyib. Amma o, konkret rəqəm barədə danışmayıb:

- Dəqiq rəqəm demək bir qədər tez olar, amma nəzərdə tutulur.

Millət vəkili Vahid Əhmədov isə yardım uçün 2 milyard manat ayılmasını zəruri saymışdı.

«Kür» Vətəndaş Nəzarəti Qərargahının təmsilçisi Oqtay Gülalıyevin sözlərinə görə, vətəndaş cəmiyyətinin təmsilçiləri yaxın bir-iki gündə daşqın fəsadlarını yaşamış adamların üzləşdiyi sosial problemlər və Arazın Kürdən ayrılmasıyla bağlı həyata keçirilən layihəni müzakirə edəcəklər.