Narkotrafik ya Azərbaycan, ya da azərbaycanlılardan keçir

Əfqanıstanın təhlükəsizlik qüvvələri tiryək paketlərini müsadirə edirlər

Azərbaycan və azərbaycanlılar Əfqanıstandan Avropaya gedən heroin və başqa narkotik vasitələr trafikində önəmli yer tutur. BMT-nin Narkotiklər və Cinayətlə Mübarizə Təşkilatının hazırladığı «Dünya Narkotiklər hesabatında» belə deyilir.

1-Cİ YOL - İRANDAN AZƏRBAYCANA, AZƏRBAYCANDAN GÜRCÜSTANA...


Hesabata görə, Əfqanıstandan Avropaya narkotik daşıyanların yeni – «Şimali Balkan yolu» adlandırdığı marşrut məhz Azərbaycandan keçir: Əfqanıstan, İran, Azərbaycan, Gürcüstan və Qara dəniz vasitəsilə Bolqarıstana ildə ümumi heroin dövriyyəsinin 7 faizi daşınır.

2-Cİ YOL - İRAN AZƏRBAYCANINDAN TÜRKİYƏYƏ…


Köhnə Balkan marşrutu isə İrandan birbaşa Türkiyəyə yönəlir. Amma burda da narkotik qaçaqmalçıları əsasən İranın şimalında azərbaycanlıların və kürdlərin yaşadığı ərazilərdən istifadə edirlər. BMT-nin hesabatına görə, Əfqanıstandan Avropaya gedən heroin ticarətinin – 80-85 tonunun 80 faizi məhz İran Azərbaycanından gedir və Türkiyəyə - kürdlərin çoxluqda olduğu ərazilərdən keçməklə Avropa sərhədlərinə kimi uzanır.

BMT-nin Narkotiklərlə Mübarizə İdarəsinin hesabatına görə, İranın Azərbaycan əyalətləri vasitəsilə Türkiyənin Hakkari və Van bölgəsinə hər il 95 ton heroin keçir. Burda 20 milyona yaxın azərbaycanlının yaşaması üzündən malın bir hissəsi rahatca şimala - Azərbaycan Respublikasına da yönəlir.

Amma İrandan Türkiyəyə toplanan heroin ya İstanbul vasitəsilə Bolqarıstana, ya Anadolu boyunca –Egey dənizi və Yunanıstana, ya da Hakkaridən şimala - Qara dəniz və Ukraynaya daşınır.

Almaniya, İtaliya, Hollandiya, Britaniya bazarlarına heroin məhz bu marşrutlarla gedir. Hesabata görə, Türkiyə ərazisiylə narkotik daşınmasına birbaşa olaraq yerli tayfalar - əsasən də kürdlər nəzarət edir.


3-CÜ YOL – TÜRKMƏNİSTANDAN AZƏRBAYCANA

Azərbaycana və Qafqaza narkotiklər Türkmənistanın Türkmənbaşı limanı vasitəsilə Bakıdan da daxil olur. Ümumilikdə Əfqanıstan-Orta Asiya-Xəzər dənizi - Rusiya marşrutu da heroin qaçaqmalçılığında önəmli yer tutur. Çünki Rusiyada illik heroin istehlakı 70 tona çatır.

AZƏRBAYCANDAN AXIN…

Ümumilikdə Azərbaycana bu yollar vasitəsilə ildə 11 ton heroin gəlir. Bunun 4 tonu Azərbaycan, Gürcüstan və ümumilikdə Qafqazda ya istehlak olunur, ya da hüquq-mühafizə orqanları tərəfindən müsadirə olunur. Qalan 7 tonun 6 tonu Gürcüstana və Qara dəniz vasitəsilə Bolqarıstana çatdırılır. 1 tonu isə Ukraynaya daşınır.

Azərbaycana İrandan kiçik yollarla da narkotik daşınır. Amma bu da əsasən Dağıstan və Şimali Qafqazda satılmaq üçün nəzərdə tutulan narkotik vasitələrdir.

NƏZARƏTSİZ ƏRAZİLƏR TRAFİKDƏ ÖNƏMLİ YER TUTUR


BMT-nin hesabatında o da bildirilir ki, Qafqazda və regionda separatçı rejimlərin nəzarətində olan ərazilər – xüsusən də Dağlıq Qarabağ və
Əfqanıstanda uşaq xaş-xaş daşıyır
Abxaziya heroin trafikində önəmli yer tutur.

Gürcüstan və Rusiya arasındakı müharibədən sonra Abxaziya və Qara dəniz vasitəsilə narkotik dövriyyəsinin artması da bu iddiaları gücləndirir.

Üstəlik, hesabata görə, İran və Türkiyədə narkotrafiki idarə edənlər də əsasən hökumətin nəzarətində olmayan dağlardakı silahlı kürd yaraqlılarıdır.

TÜRKİYƏ-İRANDAN ÇIXAN NARKOTİK ARTIQ MANEƏSİZ HƏRƏKƏT EDİR

BMT-nin narkotiklərlə bağlı hesabatında həmçinin bildirilir ki, Azərbaycan-Türkiyə-İran marşrutundan çıxan narkotik artıq maneəsiz hərəkət edir. Ekspertlər bunu sonradan trafiki həyata keçirən Balkan mafiyasının daha səmərəli işləməsi və yerli orqanların korrupsiyaya daha çox qurşanması ilə izah edirlər.

Müqayisə üçün Türkiyədə ildə təxminən 16, İranda isə 32 ton heroin müsadirə edilir. Şərqi və Cənubi Avropanın 11 ölkəsində isə birlikdə 3 tona yaxın heroin aşkarlanır.

Tiryək, marixuana və digər narkotik vasitələrin müsadirəsi sahəsində də durum eynidir.

AZƏRBAYCANDA NARKOTİK İSTEHLAKI

Hesabata əsasən, Azərbaycan və Cənubi Qafqazda ümumilikdə ildə 4 tona qədər heroin istifadə olunur və ya aşkarlanıb, müsadirə edilir.

BMT-nin rəqəmlərinə görə, Azərbaycanda 15-64 yaş arasındakı əhalinin 0.2 faizi tiryək, 3.5 faizi isə nəşə çəkir. Başqa sözlə, BMT-nin fikrincə, hər 500 nəfərdən biri tiryək, hər 33 nəfərdən biri isə nəşə çəkəndir.

Əfqanıstan dünyada tiryək və heroinin əsas ixracatçısıdır
Digər narkotik vasitələrə gəldikdə isə, amfetaminlər, ekstazi kimi kimyəvi-süni narkotiklər və kokain istehlakıyla bağlı rəqəmlər yoxdur.

DÜNYADA NARKOTİKLƏR

Ümumilikdə dünyada 2009-cu ildə 250 milyona yaxın adam, əhalinin 5.7 faizə qədəri azı bir dəfə narkotikdən istifadə edib.

Hesabata görə, Əfqanıstan dünyada tiryək və heroinin əsas ixracatçısıdır. Tiryəkin 90 faizə qədəri burda becərilir. Sonradan İran, Pakistan, Orta Asiya və Çinə göndərilir.

Heroin halına salınmayan xam tiryəkin 60 faizə yaxını yaxın ölkələrdə - İran, Əfqanıstan, Pakistan, Rusiya, Hindistan, və Orta Asiyada istehlak edilir. Ən çox tiryək istehlak edən ölkə Əfqanıstanın özüdür - becərdiyinin 7 faizini.

Tiryəkin qalanı isə əsasən heroin şəklinə salınır və Rusiyayla Qərbi Avropa bazarlarına göndərilir. İllik heroin istehlakına görə Rusiya 70, Qərbi Avropa bazarları isə 88 tonla liderlik edir.

Ümumilikdə Avropaya heroin satışından gələn gəlirin 20 milyard dolları keçdiyi ehtimal edilir.

Digər vacib narkotik - kokainin isə əsas istehsalçısı yenə də Cənubi Amerika, əsas bazarı isə Şimali Amerika və Qərbi Avropa olub.