Polis əlillər üçün imza toplayan gəncləri saxlayıb


Bir qrup gənc Bakı bulvarında «Sosial məsuliyyət və sən» şüarı altında aksiya keçirərkən polis tərəfindən saxlanılıb.

Aksiya iştirakçısı Sənubər Heydərli deyir ki, aksiyanın məqsədi şəhər sakinlərinə əlilliyin nə olduğunu anlatmaqdır.

Bundan ötrü onlar əlillərin birləşdiyi qurumlardan birindən borc aldıqları əlil arabası ilə adamların çox olduğu bir məkanda dayanır, sakinlərə əlil arabasına əyləşməyi və əlil arabasında yolu, yeraltı keçidi keçməyə, idarələrə daxil olmağa cəhd etməyi təklif edirlər. Sonra isə iştirakçılar şəhər rəhbərliyinə əlillərin hərəkət imkanlarının genişləndirilməsi barədə müraciətə imza toplayırlar.

İyunun 23-dən başlayan aksiyanın qarşısı iyunun 24-də polis tərəfindən alınıb. Gənc fəallar Sənubər Heydərli, Aynur Zərrintac, Məcid Mərcanlı, Samirə Hüseynova və Murad Heydərli polis tərəfindən saxlanılıb.

Sənubər Heydərli deyir ki, polis onların əlindəki plakatları da, əlil arabasını da, hətta imzalı kağızları da alıb.

Gəncləri bir saat Səbail rayon 9 saylı polis bölməsində saxladıqdan sonra buraxıblar. Amma plakat və imza vərəqələrini qaytarmayıblar.