Ramiz Rövşən “Yağışlı bir günün günortasında” (Hekayə)

Yağışlı bir günün günortasında kəndin ortasında bir yük maşını dayandı.

Sürücü düşdü.

Bizim əsgərlər düşdülər.

Maşındakıları düşürtdülər.

Bu kəndin böyründən dəmir yolu çəkmək istəyirdilər.

Neçə günüydü kəndə xəbər yayılmışdı ki, bəs nemes plenlərini gətirib işlədəcəklər və neçə günüydü ki, camaatın yuxusuna əcaib-əcaib şeylər girirdi.

Ancaq maşından düşürülən nemes plenlərini görəndə Mikayıl kişi ağzını doldurub tüpürdü:

- Pay atonnan, adam yiyəsi!.. – dedi. – Bunlar lap narmalni adamlarıymışlar ki!..

Elə bil bu nemes plenləri mütləq əcaib adamlar olmalıydılar və “normalni” adam olmaqla çox yekə bir cinayət eləmişdilər.

Ancaq Mikayıl kişinin gözü bu “normalni” adamların arasında da bir əcaibini tapdı; həmin əcaib nemesin saqqalı vardı, bığı yoxdu.

İbrahim o bığsız saqqalı görən kimi qəhqəhə çəkdi.

İbrahimin anası davada ölən ərinin qara, eşmə bığını yada salıb hönkürdü.

Tərs kimi elə bu vaxt yağış da kəsdi və hamı gördü ki, anası ağlayır, İbrahim gülür.

İbrahimin anası da bunu gördü, çöndü, İbrahimin qulağının dibindən bir tərs şapalaq tutuzdurdu və elə o cür, ağlaya-ağlaya yerindən götürüldü, cumdu o saqqalı olan-bığı olmayan nemesin üstünə, bir əliynən saqqalından yapışdı, bir əliynən yaxasından, - dartdı, diz üstə gətirdi yerə, yumruqla ki yumruqlayasan, təpiklə ki təpikləyəsən.

Nemes olan bəndə, heç denən səsini çıxardırsan? Ay tövbə!..

Mikayıl kişi olmasaydı, o yazığın işi bitmişdi.

Mikayıl kişi birtəhər, güc-bəlaynan İbrahimin anasını tutub çəkdi qırağa, ha dartındı – buraxmadı və İbrahimin anası bir az da bərkdən ağladı.

Bu dəfə o biri arvadlar da qoşuldular İbrahimin anasına, ağlaşdılar.

Sədr Şərif arvadlara acıqlandı ki, ağlamasınlar.

Əvvəlcə:

- Düşmən qabağında ağlamasınlar, - demək istəyirdi, amma sonra gözünün qırağıynan həmin o saqqalı olan-bığı olmayan nemesə sarı baxdı; o yazıq hələ də palçığın içində diz üstə düşüb qalmışdı, qorxa-qorxa İbrahimin anasına baxırdı. – sədr Şərif fikirləşdi ki, əşi, nə düşmənbazlıqdı, bu diziynən palçıq eşəndən nə düşmən?!..

Və arvadlara:

- Düşmən qabağında ağlamasınlar, - demədi.

Sədr Şərif acıqlanan kimi arvadlar səslərini kəsib day ağlamadılar.

Ağlamadılar deyəndə ki, ağlayanlar elə yenə ağlayırdılar, ancaq xəlvətcə keçdilər ağlamayanların arxasına və bir azdan orada kiridilər.

Arvadlar kiriyən kimi o saqqalı olan-bığı olmayan nemesin dizləri nəm çəkdi, gördü ki, day bu palçığın içində diz üstə qala bilmir, dönüb yazıq-yazıq sədr Şərifin üzünə baxdı.

Sədr Şərif də məsələni başa düşdü və başıynan o yazığa işarə elədi ki, qalxsın.

Saqqalı olan-bığı olmayan nemes gözü arvadlarda ola-ola yavaş-yavaş qalxdı, qalxa-qalxa əlinin dalıynan şalvarının dizindəki palçığı çırpmaq istəyirdi ki, əli havada quruyub qaldı.

Çünki bu arvadların gözündə elə bir şey gördü ki, elə bil indi dizindəki palçığı çırpsaydı, bu arvadlar cumub onu parça-parça eləyəcəkdilər, heç kəs də onu bu arvadların əlindən ala bilməyəcəkdi.

Odur ki o yazıq dizindəki palçığı çırpmadı...


Piralı baba arvadların arasında dayanmışdı, baxırdı: o saqqalı olan-bığı olmayan nemes tamam ayağa duranacan tamaşa elədi, sonra gözünü dolandırıb o biri nemes plenlərinə sarı baxdı, - o yazıqlar da yağışın altında islanıb cücəyə dönmüşdülər, bir az da bu arvadların qorxusundan büzüşmüdülər, çəkinə-çəkinə baxırdılar.

Və Piralı baba yeridi qabağa, gəldi durdu bizim əsgərlərin böyüyünün qabağında, soruşdu ki:

- A bala, o nemes-nemes ki deyirdilər ha, bunlardı?

Bizim əsgərlərin böyüyü dedi:

- Bunlardı!..

- Yaxşı bəs bunların top-tüfəngi hanı?

Bizim əsgərlərin böyüyü elə bildi ki, Piralı baba zarafat eləyir, güldü.

Piralı baba gülmədi, çünki zarafat eləmirdi və bizim əsgərlərin böyüyünün gülməyini də ayrı cürə başa düşdü, çevrilib üzünü tutdu camaata:

- A camaat, - dedi. – çox baxıb gözünüzü ağrıtmayın. Onsuz da bu nemeslər o nemeslərdən deyil. O nemesləri elə qırıblar ki, heç toxumluğa bircəciyi də qalmayıb!..

Piralı baba bunu deyəndə Mikayıl kişi elə bil bayaqdan axtardığını tapdı, sevinə-sevinə:

- A camaat!.. – dedi, - Bəs mən nə deyirdim?!

Mikayıl kişinin nə dediyindən heç kəsin xəbəri yox idi, heç axtarsan özünün də xəbəri yox idi, bircə bunu bilirdi ki, bu nemeslərin o nemeslərdən olmadığı görən kimi ürəyinə dammışdı.

Və elə ki, bu nemeslərin o nemeslərdən olmadığı məlum oldu, arvadlar yenə ağlaşmağa başladılar.

Çünki arvadların bu nemeslərə yazığı gəldi, başa düşdülər ki, bu nemesləri də bu günə salan o nemeslər olublar.

Sədr Şərif gördü ara qarışıb məzhəb itib, belə getsə camaat bir azdan bu nemeslərnən qohum çıxacaq, üzünü tutdu camaata:

- A camaat, - dedi, - qulaq asın görün nə deyirəm!.. Bu nemeslər o nemeslərdən olmağına o nemeslərdəndilər və həm də o nemeslərdən deyillər.. Bu nemeslər o vaxtacan o nemeslərdəniydilər ki, o nemesləri bu nemeslərin gününə salmamışdılar...

Sədr Şərif çox danışdı, axırda özü də hər şeyi qatıb-qarışdırdı və bu nemeslər o nemeslərdən idilər, ya o nemeslərdən deyildilər, - heç kəs başa düşmədi.

Ancaq bu nemeslər hər nəydilərsə, adamıydılar və bu adamlar ac idilər.

Bu adamların ac olmağını camaat onda bildi ki, uşaqlar acdılar, camaatın arasından çıxıb yüyürdülər evə, bir azdan əllərində yekə-yekə dürməklər qayıdıb gəldilər və dürmək yeyən uşaqları görən kimi nemes plenləri udqunmağa başladılar.

Sədr Şərif kişilərdən birinə dedi ki:

- Arvadlardan ikisini də götür, get iki yekə qazan bozbaş bişirtdir!.. Əsgərlər yol gəliblər, acdılar... Bunların da ki halını özün görürsən...

Kişi tərpənmədi.

Sədr Şərif soruşdu:

- Eşitmirsən nə deyirəm?!..

Kişi dedi:

- Eşitməyinə eşidirəm, bizim əsgərlərə bozbaşı da bişirtdirərəm... Bəs bu nemes köpəy uşağına nə bişirtdirim? Bunlara da bozbaş?!..

Sədr Şərif hirsləndi ki:

- Musurman oğlu musurman!.. Nə deyirəm onu elə!.. Get iki yekə qazan bozbaş bişirtdir.

Kişi getdi...


Bəli, bozbaş bişdi, idarənin həyətində süfrə açıldı.

İdarənin həyətini yağış o qədər də tutmamışdı, quruydu və əvvəlcə süfrəni elə yerdə açmaq istəyirdilər, otların üstündə.

Ancaq Piralı baba sədr Şərifi çəkdi qırağa, dedi ki:

- Biz heç!..

Gözüynən bizim əsgərləri göstərdi ki, bunlar da heç...

Sonra başıynan nemes plenlərinə işarə elədi, dedi:

- O ki qaldı bunlara, bunlar əslində adam deyillər... Ancaq nə qədər adam olmasalar da, köpəy uşağı qulturnu adamlardılar. Bir də necə olsa düşməndilər, süfrəni açarıq yerdə, elə bilərlər stolumuz-zadımız yoxdu... Onsuz da musurmanın adı pis çıxıb...

Piralı babanın sözü sədr Şərifin də ağlına batdı və süfrəni yerdə açmadılar, stol üstündə açdılar.

Yuxarı başda sədr Şərif əyləşdi, bizim əsgərlərin böyüyü əyləşdi, bir də bizim əsgərlər əyləşdilər.

Aşağı başda nemes plenlərini oturtdular.

Nemes plenləriynən bizim əsgərlərin arasında kəndin camaatından, daha doğrusu, kolxozun aktivlərindən beş-altı nəfər də əyləşdi; Piralı babaynan Mikayıl kişi də o beş-altı nəfərin arasındaydı.

Süfrəni çox səliqəynən bəzəmişdilər; qabqacaq, çəngəl-bıçaq, qaşıq, filan hamısı ədəb-ərkannan düzülmüşdü.

Özü də Piralı baba tapşırmışdı ki, qabqacağın, çəngəl-bıçağın ən yaxşısını, ən bahalısını nemes plenlərinin qabağına düzsünlər.

Çünki bizim əsgərlər heç, özümüzünküydülər... ancaq nemes köpəy uşağı gərək görəydilər ki, “musurman qalxozçusu” çöldən-zaddan gəlməyib, hər şeyi var... görəydilər, gözləri çıxaydı.

Doğrudu, qabqacağın, çəngəl-bıçağın yaxşısını nemes plenlərinin qabağına düzdülər, ancaq bozbaşın yağlısını da bunların qabına çəkməyə heç kəsin əli gəlmədi.

Bir də ki bozbaşın nə yağlısı, nə yavanı?

Girişdilər bozbaşa, nə girişdilər.

Hamı şirin-şirin yeyirdi, təkcə Mikayıl kişininki bozbaş yemək deyildi, əməlli-başlı əzabıydı-işgəncəydi.

Dünyanın gözəl vaxtlarında, yəni o vaxtlarda ki, dava yox idi, Mikayıl kişinin arvadı vardı, bozbaş bişirərdi, bir dərin boşqaba çəkib qoyardı ərinin qabağına.
Mikayıl kişi də bir büküm yixanı doğrayardı o boşqabdakı bozbaşın suyuna, qaşığıynan o boşqabdakı kartofu, noxudu da əzib qatardı bir-birinə, ləzzətnən yeyərdi.

İndi də süfrənin başında əyləşən kimi Mikayıl kişi əlini uzatdı, bir büküm yuxa götürdü, istədi ki, doğrasın boşqaba, Piralı baba dirsəyiynən onu dümsüklədi, gözünü ağartdı ki, acgöz olma, dost var, düşmən var...

Və Mikayıl kişi götürdüyü o bir büküm yuxadan bir qulaq kəsdi, qalanını qoydu stolun üstünə.

Bir tikə o yuxadan dişlədi, bir qaşıq bozbaşın suyundan içdi.

Belə-belə Mikayıl kişi o bir qulaq yuxanın axırına çıxdı, ancaq Piralı babanın qorxusundan bir də əlini süfrəyə uzadıb yuxa götürməyə ürək eləmədi, bozbaşın suyunu başladı elə-belə, teyxa içməyə...

Bir qaşıq, iki qaşıq...

Bozbaşın suyu yağlıydı, çox yağlıydı və Mikayıl kişi bilirdi ki, bunun axırı yaxşı olmayacaq.

Ancaq bir iş vardı ki, Mikayıl kişi bu zülümlərin hamısını havayı yerə çəkirdi, çünki Piralı baba ona fikir-zad verib eləmirdi, bayaqdan gözlərini zilləmişdi nemes plenlərinə, key-key baxırdı.

Əslində o yazıqlar da bir əcaib iş-zad tutmamışdılar, oturmuşdular, şirin-şirin bozbaşlarını yeyirdilər.

Ancaq iş burasındaydı ki, bu nemes plenləri bozbaşı lap musurman kimi yeyirdilər, yəni necə büküm yuxanı doğramışdılar bozbaşın suyuna, qaşığı almışdılar əllərinə, daraşmışdılar bozbaşın canına.

Sümük gəmirənləri də vardı, ilik sümürənləri də.

Piralı baba baxırdı və fikirləşirdi ki, ey dadi-bidad, əgər bunların bozbaş yeməyiynən musurmanın bozbaş yeməyində bir elə tafavut-zad yoxdusa, bəs bu köpəy uşağı dünyanın yarısın nə təhər almışıymışlar?!..


Piralı baba o cürə çox fikirləşdi, bir yana çıxa bilmədi.

O vaxtacan bozbaşın axırına çıxdılar, nemes plenlərini yenə mindirdilər maşına, apardılar.

Camaat dayanmışdı, maşının dalınca baxırdı.

Piralı baba da camaatın arasında dayanmışdı və hələ də fikirləşirdi...

...İlahi, yəni dorudanmı o nemes deyilən şey elə bu idi?!

Camaat da pərt olmuşdu, arvadlar doluxsunmuşdular.

Bu kənddə davada adamı ölməyən adam yoxudu, camaatın yarası təzə-təzə köz bağlayırdı; davadı, deyirdilər, ölüm-itim olar, ağzında nemes deyirsən, o cürə canavarın ağzından qurtarmaq özü böyük işdi!..

Ancaq indi bu nemesləri görəndən sonra birdən o davanın olmağı da, o adamların ölməyi də bu camaata çox insafsız bir şey kimi göründü... İlahi, yəni doğrudanmı o nemes deyilən şey elə bu idi?!..

Hamı səssiz-səmirsiz dağılışdı.

Arvadlar ağlamağa getdilər.

Maşın çoxdan gözdən itmişdi, görünmürdü.

Ancaq Piralı baba hələ də dayanmışdı; baxırdı.

Handan-hana Mikayıl kişiyə sarı çevrildi, pərt-pərt gülümsündü:

- Gördün də?!.. – dedi.

Mikayıl kişi başını tərpətdi.

Piralı baba birdən acıqlı-acıqlı qışqırdı:

- Sən öl, - dedi, bunlar nemes deyildilər!..

Mikayıl kişi gözünü döyə-döyə qaldı; yəni ki nemes deyildilər, bəs nəydilər?!..

Piralı baba dinmədi, düz Mikayıl kişinin gözünün içinə baxıb mənalı-mənalı gözlərini qıydı; yəni ki day orasını mən demirəm, özün başa düş!..

...Və Mikayıl kişi başa düşdü.

1971