Göy üzündə "gəzən" ürək...

Sent-Ekzüperi. 1942. Kanada

Antuan de Sent-Ekzüperi-110.
İyunun 29-u məşhur fransız yazıçısının doğum günüdür.

Babək YUSİFOĞLU


"...Azad etmək nə deməkdir? Mən səhrada heç bir yerə getməyə can atmayan bir adamı azad edirəmsə, onun azadlığı nəyə dəyər?

Azadlıq yalnız o kəs üçündür ki, o hara isə can atır. Səhrada insanı azad etmək onda atəş oyatmaq və ona quyunun yolunu göstərmək deməkdir.

Yalnız bu zaman onun fəaliyyəti məna kəsb edər.

Əgər cazibə qüvvəsi yoxdursa, daşı azad etmək mənasızdır.

Ona görə ki, azad edilmiş daş yerindən tərpənməyəcəkdir..." - deyən müəllifi lap yeniyetməlik çağlarımdan oxumuşdum.

Və o vaxtlar mənə elə gələrdi ki, mən ya bu sətrlərin müəllifi ilə nə vaxtsa danışmışam - sadəcə yeri və zamanı unutmuşam - ya da, nə bilim, sanardım ki, həyatımda nə vaxtsa ona rəst gələcəyəm.

Amma bu gerçəklik deyildi, ola da bilməzdi.

Ən azı ona görə ki, mən həyata gözlərimi açanda o çoxdan bu dünyadan köçüb getmişdi.

Bəlkə də onun Bərabərlik, Azadlıq, Həyat, İnsanlıq... haqqında düşüncələri, yazdıqları içimdən xəbər verirdiyi üçün belə zənn edirdim.

Amma bir həqiqət vardı ki, o mənim üçün, hamı üçün "Balaca şahzadə"ni, "Adamların planeti"ni, "Hərbi təyyarəçi"ni... yazmışdı.

Düzlüyü, qardaşlığı, insanları, göy üzünü, yüksəkliyi... sevən, öləndən sonra cəsədi belə tapılmayan, öldüyü yer çox sonralar, özü də ehtimallarla söylənən Antuan de Sent-Ekzüperi...

UŞAQLIĞI

Antuan Mari-Roje de Sent-Ekzüperi Fransanın Lion şəhərində 1900-cu il iyunun 29-da köklü nəsl sayılan, qraf Ekzüperilər ailəsində doğulub.

Atası Jan de Sent-Ekzüperi sığorta müfəttişi idi. Antuan beş övladı olan ailənin üçüncü uşağıydı.

Qraf nəslindən olmaları uşaqların yüksək səviyyədə təhsil və tədbiyyə almasında böyük rol oynadı. Amma sakit həyat tərzi keçirən ailə tezliklə böyük sınaq qarşısında qalmalı oldu.

Antuan dörd yaşındaykən atası vəfat etdi və uşaqlar anaları Mari de Fonkolombun tərbiyyəsi altında böyüdülər.

İlk illər Le-Manda iezuitlər məktəbinə gedən balaca Antuan oranı bitirdikdən sonra İsveçrədə katolik pansionda təhsil aldı.

17 yaşında isə gənc Ekzüperi Paris incəsənət Məktəbinin arxitektura fakültəsinə daxil oldu.

Amma bununla belə o, daha çox bədii ədəbiyyatla və qəribə də olsa texnika ilə yaxından maraqlanmağa başladı.

Çox keçmədi ki, belə demək mümkünsə, onun həyatında böyük dəyişikliklər yaradan hadisə baş verdi. Belə ki, 1921-ci ildə digər fransız gəncləri kimi o da hərbi qulluğa çağırıldı və təyyarəçilər kursuna düşdü.

Onsuz da təbiətcə texnikaya, uçmağa, genişliyə meyilli olan Antuan təyyarəçilik sənətinə də yiyələndi.

Təhsili haqqında diplomunu alıb bir ildən sonra Parisə köçüb gəldi.

Bundan sonra yazmağa olan həvəsi onu qələmə sarılmağa sövq etdi.

Amma o, maddi cəhətdən özünü təmin etmək üçün iş axtarmaq məcburiyyətində idi. İş isə yox idi. Böyük şəhərin sərt üzü onu maşın alveri, kitab mağazasında satıcı... işlərinə qədər aparıb çıxardı.

GÖY ÜZÜ

Yəqin ki, bütün bunlar bir tale imiş. Ekzüperi yalnız 1925-ci ildə Şimali Afrika sahillərinə poçt daşıyan "Aeropostal"da özünə pilot işi tapa bildi.

Burada ağılı və işgüzarlığı sayəsində özünə böyük hörmət və inam qazandı.

Çox çəkmədi ki, Ekzüperini Kal-Cubidə aeroportun rəisi təyin etdilər.

Bu işin Ekzüperiyə bir də onda xeyiri oldu ki, o sakitcə boş vaxtlarnda yaradıcılıqla, ədəbiyyatla məşğuı ola biləcəkdi.

Və olur da. "Cənub poçtu" əsərini yazır. Mart ayında o, Fransaya qayıdır və Dənizçilik donanmasının ali aviasa kursunda təhsilini davam etdirir.

Bundan sonra isə Ekzüperiyə "Aeroposta-Argentina"nın texniki direktorluğu həvalə edilir.

Sent-Ekzüperi burada bir sıra işləri qaydasına qoymağı bacarır və çətin sınaq uçuşları keçirməyə müvəffəq olur.

Mülki avaisiyadakı xidmətlərini nəzərə alıb onu mükafatla təltif edirlər.

Sent-Ekzüperi ilə uçuşlarda iştirak etmiş və itkgin düşmüş dostu Qiyomenin axtarışlarımda inadla iştirak etməsi onun təbiətindən irəli gəlirdi.

Ekzüperinin 1988-ci ildə tapılan şəxsi nişanı
O özü dəfələrlə qəzaya düşsə də, bir neçə dəfə ölümün ağzından qopsa da heç vaxt qorxu qarşısında özünə xas olmayan addımlar atmadı. Hətta Qvatemala üzərində qəzaya uğraynda onun sağ qalacağı inandırıcı deyildi.

Onda çoxları belə hesab etdi ki, Ekzüperi sağalsa da yenidən pilotluğa qayıtmaz Amma qayıtdı.

Həmin il dostu Qiyome ilə yanaşı o həm də gələcək həyat yoldaşı Konsuelanı da "tapdı". Həmin dövrlər Ekzüperi "Gecə uçuşu" əsərini yazıdı.

Dostluq, bəşəri duyğulardan bəhs edən bu əsər 1931-ci ildə nəşr olundu. Və çox böyük rəğbətlə qarşılandı. "Femina" ədəbi mükafatına layiq görüldü.

Ekzüperi bütün bunlarla yanaşı sevə-sevə jurnalistlik fəaliyyəti ilə də məşğul olmuş, üzvü olduğu "Parüsüar" qəzeti üçün ən çətin, ən gərgin səfərlərdən reportajlar, məqalələr yazaraq oxucuların da diqqətini cəlb eləmişdi.

1936-37-ci illərdə İspaniyada gedən müharibə haqqında yazdıqlarını həyəcansız oxumaq mümkün deyildi.

Çünki o bu məqalələri hadisələrin içərisindən yazırdı.

De Sent-Ekzüperi həm bir yazıçı, həm bir jurnalist, həm də təyyarəçi kimi artıq Avropanın, hətta bütün dünyanın üzərində nəhəng bir müharibə kabusunun dolaşdığını sezirdi.

Və bu illər yazdıqlarında onun etrazla çırpınan ürəyinin döyüntülərini görməmək mümkün deyil.

Sent-Ekzüperi üzərində işlədiyi əsərini - "Adamların planeti" əsərini tamamladı və əsər 1939-cu ildə işıq üzü gördü.

MÜHARİBƏ

Artıq 2-ci dünya müharibəsi bəşəriyyətin "qapısının kandarından" içəriyə adlamışdı.

Bu sədaqətli, namuslu insan, istedadlı yazıçı özünəxas addım ataraq Tuluzaya - özünün keçmiş uçuş bazasına gələrək faşizm əleyhinə mübarizədə iştirak etmək istədiyini bildirdi.

Amma nə onun həyatı üçün əndişələnən dostları, nə də hərbi xidmətə yararsız olduğunu bəyan edən həkimlər Ekzüperini fikrindən daşındıra bilmədilər.

Onun həmin illər yazdığı məktubun sətrlərini oxuyanda bu insanın daxili saflığından, insanlığa bəslədiyi duyğulardan, səmimiyyətindən riqqətə gəlməyə bilmirsən.

Adama elə gəlir ki, məktubu real həyata yenicə qədəm qoyan, ürəyi romantik duyğularla alışıb yanan, iddiasız vətənpərvər... bir yeniyetmə yazıb:

Paris Panteonunda Ekzüpeyə xatirə lövhəsi
""Bu müharibədə iştirak etmək mənim borcumdur. Hər şey - mən nəyi sevirəmsə təhlükə altındadır. Nə vaxt ki, Provansda meşələr yanır, hamı - kim əclaf deyilsə vedrədən və beldən yapışır.

Mən vuruşmaq istəyirəm, məni buna içimdəki sevgi və daxili inamım məcbur edir. Mən kənarda qalmağı bacarmıram". Antuan de Sent-Ekzüperi Kanada, Monreal, 1942-ci il".

Sent-Ekzüperi nəhayət qərarının həyata keçməsinə nail oldu. Bir sıra əhəmiyyətli uçuşlar keçirməyi bacardı. Onun belə çətin tapşıraqların yerinə yetirməsi diqqətdən kənarda qalmadı.

Sent-Ekzüperini bu şücaətlərinə görə "Hərbi xaç"la təltif etdilər.

1942-ci ildə Nyu-Yorkda keçirdiyi vaxtlarında Antuan de Sent-Ekzüperi heç kəsin gözləmədiyi bir əsərlə - məşhur "Balaca şahzadə"si ilə oxucuları heyrətləndirdi. 1943-cü ildə isə o yenidən israrla Fransa HHQ-i sırasına qayıtdı. Bir burada da çətin reyslərdə uçuşlara başladı.

Bu haqda yazılanlardan belə məlum olur ki, yazıçı və təyyarəçinin sağlamlığı elə bir halda imiş ki, ona pilot geyimini əyninə geyinmək üçün yoldaşları kömək edirmişlər. Belə qəlbli insanlar başqa cür ola bilməzdilər.

Ekzüperi yer üzündə dəhşətli faciələrin bitməsi üçün əlindən gələni etməli idi... 1944-cü il idi...

ÜNVANI SİRLİ QALAN ÖLÜM

Antuan de Sent-Ekzüperi yeni bir reysə çıxmalıydı. 1944-cü ilin iyul ayının 31-i idi.

Sent-Ekzüperi təyyarəsində xüsusi tapşırıqla Borqo aerodromundan havaya qalxdı.

Tapşırıq beləydi: Korsika adası marşrutu ilə kəşfiyyat uçuşları keçirib geri qayıtmaq.

Amma onun yolunu gözləyənlər 7 saatdan sonra Ekzüperi ilə nəyinsə baş verdiyini hiss etdilər.

Çünki bu cəsur, ölümün belə gözünün içərisinə dim-dik baxmağı bacaran adamın təyyarəsində cəmi 6 saata bəs edəcək yanacaq var idi. Hər dəfə qəzalardan, faciələrdən çıxmağı bacaran Antuan həqiqətən də bu dəfə bir daha geri qayıtmadı.

Nəinki onu gözləyənlərin yanına, heç bu dünyaya qayıtmadı.

Onun harada həlak olduğu, hansı şəraitdə həyatının bitdiyi çox uzun illər müəmma olaraq qaldı.

Heç kim Ekzüperinin nəşinin harada uyuduğunu bilmədi. Sanki o qeybə çəkilmişdi.

Hətta bəziləri belə düşünürdü ki, Antuan heç həlak olmayıb və nə vaxtsa həmişə olduğu kimi yenə sağ-salamat onların qarşısına çıxacaq. Başqa cür düşəməmlər də az deyildi. Bunu bir əfsanə kimi danışanlar da tapıldı.

Çox sonralar bir balıqçı Marsel yaxınlığında Sent-Ekzüperinin qolunda gəzdirdiyi bazubəndi tapdı.

Onun üzərində bir neçə söz yazılmışdı: "Antoine" "Konsuelo" "c/o Reynal and Hitchcock, 386, 4th Ave. NYC USA".

Bunlar onun və həyat yoldaşının adı, bir də yazıçının əsərlərini çap edən nəşriyyatın ünvanı idi. Sonra dalğıclar da axtarışlarının sonunda təyyarə qalıqlarını tapdıqlarını söylədilər. Daha sonra...

Daha sonra 88 yaşlı müharibə veteranı, alman Xorst Rippert mətbuatda bildirdi ki, məhz həmin təyyarəni o vurmuşdur və düşmən təyyarəsinin şturvalında kimin olduğunu bilməmişdir.

"Mən sonralar bildim ki, pilot Sent-Ekzüperi imiş". Vəsəlam. 44 yaşlı Ekzüperinin həyat yolu beləcə sona çatmışdır.

Amma onun hələ bundan sonra da uzun illər unudulmayacağı, xatırlanacağı, oxunacağı, ürəklərdə yaşayacağı gün kimi aydındır.

Çünki o "Adamların planeti"ni, "Balca şahzadə"ni... və özünün yaşadığı cəsur bir həyat "yazmışdı" insanlar üçün...

"Ədalət" qəzeti

Həmçinin oxu
Ölümün "sevdiyi" ailə