Tehran ƏLİŞANOĞLU
“Azadlıq” Radiosu məndən “A” romanı barədə fikir istədi, əvəzində bu yazını yazdım.
Yenə ədəbi tənqidi məhşər ayağına çəkmək zamanı gəldi; əcəb işdir, ədəbiyyat adına işlər görülür, əməllər yapılır, şöhrət qazanılır; elə ki, suçunu daşımaq lazım gəldi, tənqid yada düşür...
Onsuz da görüb-bilib-anladığımız qədər biz bu günahın içindəyik; indi bizdən MKM-in (Milli Kitab Mükafatı müsabiqəsi) hesabını sorurlar; Azərbaycanda bir neytral ədəbiyyatşünas, ədəbiyyat tənqidçisi tapmırıq ki, söz deyə, – deyib qınayırlar. Gec deyilmi?
Nə həmin müsabiqənin (və ümumən də müsabiqələrin) ekspertləri sırasında peşəkar tənqidçi vardı, nə münsiflər heyətində, – bu öz yerində, bu mümkündü; nə də müsabiqə gedişatında ədəbi tənqidə üz tutub, aya siz də varsız, siz də bir söz deyin, – deyən olmamışdı; bax bu, pisdi, anormaldı.
Amma MKM-in nəticələri bəlli olan gündən eynən bir çox həmkarlarım tək, dərin xəcalət hissi, peşmançılıq havası məni də bürümüş; axı bu gərək belə olmayaydı, –deyə MKM-in məğlubiyyətini təəssüflə bölüşmüşəm.
Qalibi mühakimə etmirlər; “A” romanını plagiatda suçlayan cavan və ehtiraslı publisistin araşdırmalarını alqışlamaqla (zira bu növ arqumentli fikir toqquşmaları bizə çox-çox gərəkdir), bu mövqeyə çox da məhəl qoymuram.
Sadə səbəblərdən: filmi görməmişəm (1); həqiqətən də, əcnəbi film və romanların təsiriylə Azərbaycansayağı “köçürmələr”, təqlid, imitasiyalar indi bizdə çox-çoxdur (yadıma gəlir, düz altı il öncə belə bir “kəşf”imə görə bir yazıçı həmkarım hətta məni məhkəmə ilə hədələyirdi); adına da elə bu cür (imitasiya) demək daha doğru olar (2); Rəşad Məcidlə razıyam, hər halda burda konkret Azərbaycan həyatı (materialları) var; başqa məsələdir ki, orijinallıq az olduqca əsərdə təqlidin payı daha çox olur; cavan romançının ilk qələm təcrübəsində bu gözləniləndi də... (3)
Amma məğlubiyyət ağrıdır, düşündürür və səbəblərin analizini istəyir. MKM haqqında iki yazı yazmış, əlbəttə, ədəbiyyatın xeyrinə, bir dəfə də kütləvi TV-də müdafiəsinə durmuşam.
Son illərdə Milli Kitabı (nəsr əsərini) müəyyənləşdirməkdə ilk nəticələr (20-lik və 10-luq siyahılar) beləydi ki, ekspertləri ancaq alqışlamaq qalırdı; doğrudur, razılaşmadığım məqamlar vardısa da, hər halda tənqidi təhlillərimlə müsabiqəyə dəstək olmağa çalışırdım.
Mənim 10-luğumda gələcək qalibin – “A” romanının adı yox idi; sadəcə ona görə ki, hələ bu əsəri oxuyammamışdım; bu da bir suç, bir onu eşitmişdim ki, müəllifinin vur-tut 19 yaşı var və bu da başlayan yazarın 10-luqdakı peşəkarlarla rəqabətə heç vəch dayanmayacağı ehtimalına əsas verirdi...
Qalibi mühakimə etmirlər; amma peşəkar analitik üçün ədəbiyyat məşqlərini ciddi ədəbiyyatdan ayırmaq çox da çətin deyil.
Bəli, Rəşad Məcidlə razıyam, bədii mətndə alt qat olur və “alt qatda ciddi oxucular üçün dərin məsələlər” olur; amma ciddi məsələləri ixtiyari şəkildə yazmaq və yozmaq hələ alt qat demək deyil ki; əgər maraqlıdırsa, uzaq başı buna “oxu materialı” (ruslarda “çtivo”) deyirlər.
Alt qat – ilk cümlələrdəncə ciddi oxucunu təsiri-sehri-cazibəsinə alan üslubda, təhkiyədə, obraz və qəhrəmanlarda (və min cür başqa bədiiyyatda) gizlənir və əgər varsa, istədiyi səmtə çəkib onu ciddi ideya və mətləblərlə aşina edir; yoxsa, ciddiyyət də yoxdur.
Gənc yazar təcrübəsizlikdən bunu bilməyə bilər (“necə istərəm, elə yazaram”); “A” psixoloji roman, şərti (müasir nağıl) və ideya romanı poetikalarını bir-birinə qatışdırır və sonda sanki postmodern roman təcrübəsi ilə (əslində, daha çox bu cür romanlara təqlidlə) hər birinə yolu açıq qoyur.
Xam oxucular üçün, əlbəttə, bu, maraqlı təxəyyül oyunu ola bilər (romanın geniş gənclik auditoriyalarında populyarlığının şahidiyəm); ciddiyyət axtaran oxucu isə ilk səhifələrdəncə alt kontakt tapmayıb (darıxan fərdin iç dünyasımı; Sarıköynəklə Valehin ucuz sevgi macərasımı; yoxsa Gənc qvardiyaçılar romanı...), inanmıram mətndən böyük həzz ala...
Məğlubiyyət acıdır; amma mən inanmıram MKM-in ekspertləri təcrübəsiz bir qələmin məhsulu olan romanı ad çıxarmış yazıçıların əsərləri ilə yanaşı qoymaqda bir qəsd güdələr.
Doğrudur, adları gizli saxlanan ədəbiyyat hakimlərinin içindən, gözlədiyimə rəğmən, peşəkar tənqidlə aktiv məşğul olan bircəciyi belə çıxmamışdı (bir daha ədəbi tənqidin prosesdə “nüfuzu”na diqqət çəkirəm); amma müasir proses maraqlıları olmaları qəti şübhə doğurmurdu; hünərləri işlərindən də bəlliydi.
Bəli, söhbət məşhur ekspert beşlıyindən gedir: Yaşar, Muxtar Kazımoğlu, Mahir Qarayev, Etimad Başkeçid, Zahir Əzəmət.
Qalib açıqlandıqdan sonrakı müsahibələrinə diqqət edilsə: nəticənin gözlənilməzliyi az qala ekspertlərin özlərini də çaşdırmışdı; və nə qədər məsuliyyəti özlərindən ötürüb Münsiflərin boynuna yükləsələr də, bəs çəkdikləri zəhmətlər, hayıf olmamışdımı?
Bilərəkdən ya bilməyərəkdən – başlıca suçu mən ekspertlərdə görürəm.
Yanlış, ya naxış... – Milli Kitab adına yarışmada 19 yaşlı debütantla 60 yaşında peşəkarı bir tərəzidə çəkmək hünərinə məhz onlar imza atmışlar...
Qalibi mühakimə etmirlər; istər “A”-da HOST hərəkatına verilən önəmdən, istərsə də “Azadlıq radiosu”na müsahibəsindən mənə elə gəldi ki, gənc müəllifi MKM-dən də, romandan da çox hansısa qanadlı ideyalar cəlb və cəzv edir, alıb-aparır.
Kitab içində kitab – HOST-un kitabı, nizamnamə-ibrətnamə-kostitusiya; gənc yazar, görünür, həyat bioqrafisindən – məişətdən də, sevgidən də tez üzülüb, qəhrəmanı ilə bahəm bu sferada qanad çalmağa daha ehtiraslıdır.
İdeya romanları quruca nizamnamə çağırışları, hərəkət və hərəkat təbliğatı ilə olmur, İdeal savaşı və ideal qəhrəmanlar üzərində qərar tutur; Qərb həyatından fərqli, təəssüf ki, bizdə bunun hələ ki bir variantı – bolşevik romanları olmuş; məhz sosrealist təbliğat maşınını aşa bilmədiyinə görə (ruslardan fərqli olaraq) örnək üçün bircəciyi belə iz saxlamamışdır.
Amma budur, son zamanlar bizdə də ideya romanları ayaq açmada; “A”-da hətta sanki anarxist ruhlu gənclərin dünya savaşı hədəfə gəlir (o cümlədən müsahibəsində müəllif dünyada nə qədər ideyalar olduğunu diqqətə alır); gəl ki qəribədir, son halda bu ideyaların sifarişçisi MTN çıxır (romanda belədir); MTN-nin dövləti missiyası bəlli, məsələ bunda deyil; bəs ədəbi missiya, İdeal savaşı necə olsun, o da mı sifarişlədir?
Məğlubiyyət acıdır, əgər onu yaşayıb-duyursansa; Rəşad Məcid deyir: “Bir dənə Azərbaycan cəmiyyətinin bu günkü problemlərini yazan Elxanın romanıdı... Nə qədər sadəlövhdür, qeyri-peşəkardı, bu mövzuları qoyaq bir kənara, amma o əsərdə bu günümüzün problemlərindən narahatlıq var...” Müsabiqənin 10-luğunu bu cür aşağı dəyərləndirmək mövqeyi ilə işim yox, bu barədə yazılarım var.
Demək, Münsiflər Milli Kitab müsabiqəsində peşəkar ədəbiyyatın maraqlarının heç də öndə olmadığını etirafdan çəkinmirlər.
Bəs onda hesabını bu gün Ədəbiyyatdan sormaq nəmənədir ki; hər kəs öz qaydaları ilə oynayır: cəmiyyət cəmiyyətliyində, ədəbiyyat ədəbiyyatlığında; oyunçu aparsın.
Məsələn, Ədəbiyyat nöqteyi-nəzərindən, sütül bir qələm təcrübəsi qalib elan olunduqdan sonra, ardınca orijinal bir yazı tərzi nümayiş etdirmiş Əjdər Olun “Ədəbi portretlər”nin ikinci mükafata layiq görülməsi gülüncdür, sadəcə meyarın itdiyinə görə; adətən, müsabiqələrdə əlavə gənclik yaxud ilk təşəbbüs mükafatları olur ki, yaradıcılığının bişkin dövrünü yaşayan Əlabbasın “Qiyamçı”sının sakit-dinməz-qiyamsız həmin mükafata qane olması ikiqat acı doğurur; daha sonra hansısa şirkət əlavə olaraq heç müsabiqədən keçməmiş bir əsəri mükafatlandırır.
Bütün bunlar məhz ədəbiyyat ehtirasları qəbilindən qəribədir; cəmiyyətdə nə mənalar kəsb etdiyinə isə hələ baxacağıq...
Bu halda Rafiq Tağı kimi peşəkarın kənarda qalmasını bayraq edib, küy salmağına da dəyməz; əslində sevinmək gərək; heç olmasa burda ölçülər pozulmamışdı: qeyri-peşəkarlığın qalib olduğu yerdə Rafiq Tağıya yer vardımı?
Qalibi mühakimə etmirlər; amma oxucuya qəribə gələ bilər, bütün bu küy, çək-çevir elə “A” romanının qalib olması iləmi bağlıdır? Əslində, elədir; ayının yüz oyunu var bir armudun üstündə.
Düşünürəm ki, nə bu yazının, nə də roman ətrafında digər küylərin gənc Qaraqanın gələcək ədəbi karyerasına elə bir isti-soyuğu yoxdur; varsa da dolayısıdır.
Amma il ərzində Ədəbiyyat iddialı bir müsabiqənin qəfil gözlənilməzliklə bitməsi heyrətləndirdi və müxtəlif yozumlara meydan açdı.
Birisi və ən arzuolunmazı da elə bu: hər şey ona hesablanmış ki: MKM bitsə də, küyü heç zaman bitməsin...
Bir oxucu rəyində deyildiyi kimi: Ədəbiyyatda da şou zamanları gəldimi? Bu hallarda susmağı əfzəl bilirəm; hər şey axır, durulur; onsuz da görüb-bilib-anladığımız qədər biz bu günahın içindəyik...
“Azadlıq radiosu” isə danışmağa çağırır...
Iyul, 2010
P.S. T.Əlişanoğlunun Azadlıq Radiosunun müraciətindən sonra göndərdiyi bu yazı ilə "Oxu zalı"nda yeni layihə başlayır. Bundan sonra Azərbaycanda çap olunan, yaxud mükafat qazanan kitabların mütəmadi müzakirələrini keçirəcəyik. Bununla bağlı həm tanınan ədəbiyyatşünaslara rəylərini bildirmək üçün müraciət edəcəyik, həm də könüllü olaraq həmin mövzularda yazı yazmaq istəyənlərin məqalələrini məmnuniyyətlə çap edəcəyik. "A" romanı da bu mənada istisna deyil.