Hikmət Carçılı "Rüfət" (Mənasız bir hekayə)

Gündöyməz kəndinin sakini Rüfət çox içən adam idi. Kənddə hamının ondan zəhləsi gedirdi. Hamıya zülüm əziyyət verərdi ömrü boyu.

Qırx yaşına gəlib çatmışdı. Vurmağının üstündə ona qız verən olmamışdı, onun da könlünə düşməmişdi evlənmək yaşadığı bu qırx il ərzində. Daima kef edərdi.

Deyərdi dünyanın ləzzəti kefdədir.

Anası rəhmətlik Sənəm qarı onun dərdindən öldü. Həmişə deyərdi, ay oğul, ay bala, az iç bu zəhirmarı, camaatın içində bizi gülünc vəziyyətinə qoymusan, kənd içinə çıxmağa qorxuram.

Atan kəlləsinə daş düşmüş vaxtında səni atmasaydı, bizi tək qoyub nə bilim hansı cəhənnəmə getməsəydi sən cığırından çıxmazdın.

Elə o kopolu da bir fərli adam deyildi.

Hər gün, hər gün içərdi, oğul ataya çəkər deyərdilər inanmazdım, qurbanı olduğum Allah qarşıma çıxardı.

Hey, əziyyət çəkmişəm, bilmirəm bu qurbanı olduğum Allah niyə bütün bu dərdləri mənim üstümə yükləyir elə.

Bax, qızımın ölümü yadımdan çıxmamış, cavan qardaşımın ölümü sinəmə dağ çəkdi. Ay allah, de bir görüm məndən nə istəyirsən də.

Mən yazığın balası, mən yazıq bəndən, nə günah işlətmişəm sənin gözünün qabağında kı sən məni bu əzabların içində boğursan, anamdan doğulmağıma peşman eləyirsən.

İndi oğlum Rüfəti göz dağı eləmisən. Neyləmişəm axı sənə...

Sonra da dediklərinin yalnış bir şey olduğunu anlayıb salavat çevirir, bunları deyidi: “Qələt edirəm, mən nə karəyəm ki, sənin etdiklərini müzakirə edirəm, özün bilən yaxşıdır, keç günahımdan, cahilliyimə ver...”

Anası belə deyəndə Rüfət hirslənib deyərdi, azz, sən ona neyləyə bilərsən axı, o kişi səninlə məzələnir, kefi gələndə sənin kimi yazıq insanların üstündə təcrübə aparır, kefin gələndə səni ağladır, kefi gələndə güldürür, kefi gələndə min cür oyun açır sənin kimi yazıqların başına. Sənin kimi yazıqlar da bir kərəm olsun ondan dönmürsünüz nə tapmısınız ee.. onda bilmirəm.

Cənnətə getmək istəyirsiniz? Onu bilin ki, cənnət deyən bir şey yoxdur ay yazıqlar, sizi aldadıblar, cənnəti başarın bu dünyada yaşayın, buradadır cənnət. Cəhənnəm o da bu dünyadadır.

Bax, özünə, həyatına, halına, gör nə gündəsən! Sən bax, cəhənnəmi bu dünyada yaşayırsan, elə mən də. Mən içirəm. İçirəm heç olmasa gördüyüm dərdləri unutmaq üçün, sən də iç!

Yooox, mən kefli İsgəndər deyiləm, mənim dərdim onunkundan böyükdür. Onun üçün də elə içirəm. Gəl, sən də iç, halın yaxşılaşar. İç qardaşının dərdini unudarsan...

Anası azərbaycançılığına, müsəlmançılığına salıb deyirdi hər dəfəsində ki, ədə, bəsdi, heyvan oğlu heyvan, lap kafir olub getmisən.

Nə mən neçə ildir namaz qılan adam indi durum, araq içim, kafir olum, neçə ildə qazandığım savabı, orucu, namazı hamısını batil edim? Allah yanında günaha batmarammı, allah sabah məni sual cavaba çəkəndə üzüm gələcəkmi ona cavab verməyə?

- Ay arvad bax, elə sən və sənin kimilər ona görə bu günə qalıblar.

Sən namaz qıla-qıla it günündə yaşayırsan anam da olsan, sənin övladın it günündə yaşayır, allaha söyən ömründə bir dəfə allahın adını çağırmayan, susuzluğunu araqla yatırdan birisi adam balası kimi, lüks həyat yaşayır, gündə barda, kafedə, gündə o arvadın yanına gedir kişilər, lap elə lüks yaşayan arvadlar, gündə bir kişinin qoynundan çıxır, allah da yeri gələndə onun ruzusunu verir, sənə vermir, verdiyini də əlindən alır, sən də allahın ədalətindən danışırsan, ona şükr edirsən, bilmirəm nə tapmısan onda.

O sənə nə verib axı. Yaşamağa həyat verib, eləmi, o həyatı diri gözlü ölü kimi yaşayırsan...Nəyinin ədalətinə inanırsan ee...

Onun verdiyi həyat sənin nəyinə laımdı axı, zülüm çəkə-çəkə yaşayacaqsansa orada, orada bir doyunca nəfəs almağa imkanın olmayacaqsa, nəyinə lazımdı o yer sənin...

Arvad bu sözləri eşidəndə hirslənir.

-- İndi nə deyirsən ki, mən də xalqın arvadları kimi mini yupka geyinəydim vaxtında, gündə bir kişinin qoynuna atılaydım, lüks həyat yaşayaydım, sabah da insan içinə çıxanda hamı cəmdəyimə tüpürəydi həə, sənə də deyəydilər qeyrətsiz... Beləmi yaxşı olardı, bunumu istəyirdin?

-- Yox, ana mən belə olmasını istəmirəm, xeyir, mən özümün də sənin də o günə düşməyinin qəti əleyhinəyəm, əgər elə olsaydı, özümü öldürərdim, yaşamazdım o adla. Ancaq mənə sənin bu həyat da lazım deyil,

Sən namaz qılırsan, bütün gün əlin allahın ətəyində, bir o allah dediyin varlıq varsa, niyə bir az başını aşağı-ətəyinə sarı əyib sənə göz yetirmir ki, görüm, bu necə yaşayır, niyə özünü öldürür, bəlkə bir dərdi var, ətəyimdən tutub.

Yoxsa ki, qürur yapır. Ana mən deyirəm ki, sənin duaların eşidilmirsə, sən üsyan etməlisən, nəinki bəndəyə, allaha belə, o səni yaradan belə olsa onun üzünə ağ olmalısan..

Atana ağ olmalısan səni sevmədiyin birinə verəndə, sənin üçün ağır bir həyat sunanda, allaha bu cür yanaşmalısan, hər ikisi də insan yaradır, allah dediyin məxluqun atadan anadan nə fərqi, yeri gələndə onlara da..., bu söhbətlərimin özü sənə etirazlarımdır, mən allahıma da bu münasibətdəyəm.

Onun ədaləti yoxdur, onun ədalətinə qarşıyam... Ədaləti olmayan yaradanın varlığına da inanmıram... Məhz sənin üçün...

Bu söhbətləri anasıyla Rüfət çox etmişdi. Heç bir zaman da anasını üsyana qaldıra bilməmişdi.

Bilirdi də ki, bu mümkünsüz bir işdir. Ancaq yeri gələndə demək istədiyi fikirləri deyib ürəyini boşaldırdı; təkcə anasıyla deyil, başqa insanlarla söhbətlərində də.

Heç zaman demək istədiyi sözü ürəyində saxlamazdı, sanki ürəyi partlayacaqdı onda, elə bilirdi ki, əgər o demək istədiyi sözləri ürəyində saxlasa ölə bilər...

Xülasə..

Onun zahiri görkəmi çox cılız idi, lakin, yaraşığına söz ola bilməzdi, heç kim ona deyə bilməzdi ki, balam qaşın üstündə gözün var.

Bunun gözəlliyi sanki Leanardo da Vinçinin fırçasından çıxmışdı, bu sözləri qadın gözəlliyi haqqında deyir əksər adamlar (Leonardonun fırçasından“Mona Liza” kimi super bir qadın portreti çıxdığına görə), mən kişi gözəlliyindən danışdığım üçün mübaliğəsiz danışdığıma əmin ola bilərsiniz.

Və Leonardo rəhmətlik onu çəksəydi əmin ola bilərsiniz ki, “Mona Liza”dan daha gözəl bir əsər qoyardı ortaya...

Hələ iyirmi yaşı olanda Amerikadan Con adlı biri onun üçün elçi düşmüşdü ki, noolar gəl, Amerikaya gedək, sizdən əla foto model ola bilər.

Lakin o zamanlar, həm uşaqlığından, həm də azərbaycançılığından bu təklifə qəti etiraz etmişdi ki, o kişi sənəti deyil, dostlarım nə deyər, eldə-obada nəslin adına xələl gətirərəm. İndi başına döyürdü ki, ay mənim ağılsız başım.

Mən niyə getmədim? Tüpürərdim bu elə də, obaya da, nəsilə də, nəcabətə də, gedərdim adam balası kimi yaşayardım, qurtulardım ömürlük bu it günündən.
Rəhmətlik babam hələ o vaxtalr deyərdi ki, bala, hər şeyi vaxtında düşün, hər işi vaxtında başa çatdır, sonra heç nə üçün peşman olma, cavanlığına salıb hər şeyi düşünmə ki, qocalığında onun əziyyətini çəkəsən. Gorun nurla dolsun ay baba!

Həyatda çox şeyə üzülürdü və bəlkə həqiqətən də dindarların dedikləri kimi zəifliyinə salıb səhərdən axşamacan içirdi, dərdini unudurdu, içincə üç il öncə ona salam verməyib yanından saymazyan keçən bir axmağı yadına salsa da...

Rüfətin gözəl şeir yazmağı var idi cavanlıqda, sonralar da atmadı, ancaq davam etdirmiş də saymağa haqqımız olmadığını deyir sonrakı yazdığı əsərləri. Daha doğrusu yazılıb cırılmış əsərləri.

Öz ağlının ucbatından, hüququ qurtarmağına baxmayaraq süpürgə boğub, bağlamaqla məşğul idi, ondan qazandığını da bir şüşə arağa verib içirdi, qış da olanda odun almağa pulu olmadığından, yazdığı şeir dəftərlərini cırıb atırdı sobaya, onlar da yavaş-yavaş yanıb otağını qızdırsa da, qoca anasını qızdırsa da soyuq bədənini qızdıra bilmirdi.

Sanki ürəyini yandırırdı o sobada. Onu qızdıran hər şeyi unutduran yenə də bir şüşə araq olurdu.

Və oturub o, ürəyinin yanan qəlpələrinin halına ağlayırdı.

Astadan-astadan şeir deyirdi qış axşamları:

Gedir karvanım, gedir,

qalır arxada qara günlərim,

gəlir önümdən

ondan da betər günlərim

gedir karvanım, gedir günbatana...

Ömrünü belə yaşayırdı, həyatını beləcə-beləcə, balaca-balaca günbatana tərəf sürükləyirdi, kimsənin onun ürəyindəkilərdən xəbəri yox idi, hamı Rüfətə nifrət edirdi, o isə itlərə nifrət edə-edə it günündə, yaşayırdı...

Bu qış, həyatda hamıdan çox sevdiyi, hər şeydən çox sevdiyi anasını da itirdi. Düzdür, o anasıyla qətiyyən barışmırdı, daim onunla, daha doğrusu onun fikirlərilə mübarizə aparırdı.

Ancaq anasını hər şeydən çox sevirdi, heç kim, heç nə onun yerini tuta bilməzdi. Maaləsəf ki, bu qış onu da itirdi.

Və həyatda heç nəyi qalmadı. Heç olmasa onun yanında olurdu anası, onun nəfəsinə qızınıb yatırdı. İndi isti ana qucağını da itirdi. Həyatının mənasını da itirdi.

Bu qış daha da soyuq olacaqdı...

Bu qış ona daha çox araq lazım olacaqdı...

Və daha süpürgə boğub satırdı...

22.7.2010