Çimmək hüququ – konstitusion hüquq?

Şıxov çimərliyi

Çimmək hüququ - və ya təbii sərvətdən istifadə hüququ. Çox bəsit səslənsə də, indi Azərbaycan vətəndaşlarının dəniz sahilində normal dincəlmək hüquqlarını da tam təmin edə bilmirlər. AzadlıqRadiosunun «İnternyus-Azərbaycan» ilə birlikdə Avropa Komissiyasının maliyyə dəstəyi ilə hazırladığı «Hər kəsin haqqı var» verilişində məhz bu mövzu ətrafında müzakirə aparılıb.

SAHİLDƏN 20-50 METRLİYİNİ HASARA ALMAQ OLAR


Vəkil Şəfa Camalzadə deyir ki, dənizdə çimmək üçün sahil zolağına yaxınlaşmaq lazımdır. Amma Torpaq Məcəlləsi və «Torpaq İslahatları haqqında» qanuna 2008-ci ilin dekabrında edilən son dəyişiklik bu hüququ xeyli məhdudlaşdırıb. Çünki əvvəlki normaya görə su xəttindən 80-130 metrlik zolaqda hansısa tikintinin aparılması qadağan edilirdi.

«Sonradan bu rəqəmi 20-50 metr etdilər. Məntiqlə düşünsək, kimsə 20 metrlik zolaqda özünə villa ya da istirahət mərkəzi tikirsə, dəniz suyuna çatmaq üçün yol qoymalıdır. Bu villalar bir-birinə bitişik formada kilometrlərlə uzanırsa, deməli vətəndaşın Xəzər suyuna çatmaq imkanı sıfıra enir. Qanunda qeyd olunur ki, müvafiq İH orqanı icazəsi ilə dənizin sahilinə maneəsiz gediş-gəlişi məhdudlaşdırmamaq yolu ilə çimərlik hasara alına bilər. Amma çimərlikləri icarəyə götürənlər orada dənizə enməyə zolaq qoymurlar».

GİRİŞ ÜÇÜN 3-10 MANAT İSTƏYİRLƏR

Dənizə yol olmaması bir yana qalsın, bəzi çimərliklərdə giriş pullu olduğuna görə vətəndaşlar istədikləri yerdə dincələ bilmirlər. Məsələn, Şıx çimərliyində adambaşına giriş 3 manatdan 10 manata qədərdir.
Mərdəkan çimərliyi
Bu çimərlikdə istirahət edən Qurban Səmədov hesab edir ki, qiymət çox bahadır və bu da hər adamın cibinə uyğun gəlmir.

«Onsuz da çimərliyə gələnlər ordakı xidmətlərdən istifadəyə, yeyib-içməyə çoxlu pul xərcləyir. Belə olanda, çimərliyə girişin də pullu olması pulu olmayıb dənizdə çimmək istəyənlərin hüququnu pozur».

ÇİMƏRLİYƏ GİRİŞ PULLU OLA BİLMƏZ


Xəzər rayonunda Mənzil Kommunal Təsərrüfat İdarəsinin şöbə rəisi Gülbala Qurbanov isə deyir ki, çimərlik icra hakimiyyətinin balansında ola bilməz və hazırda onların rayonunda bir dənə də olsun dövlətə məxsus çimərlik qalmayıb:

«Çimərliklərin hamısı ayrı-ayrı sahibkarlara verilib. Onlar o vaxt Bakı şəhər İH-nin sərəncamı ilə yer götürüblər. Hamısı özəl çimərliklərdir. Dövlət çimərliyi hazırda mövcud deyil».

GİRİŞİN PULLU OLMASINDAN ŞİKAYƏT EDƏN YOXDUR

G.Qurbanovun dediyinə görə, heç bir çimərlikdə giriş pullu ola bilməz. Uzağı maşınların dayanacağı üçün haqq tətbiq oluna bilər.

«Hələ heç kim bizə belə şikayət etməyib ki, hardasa giriş üçün pul istəyirlər. Əgər vətəndaşlardan belə şikayət olsaydı həmin çimərlik rəhbərliyi haqqında ölçü götürülə bilərdi».

GÜNAH BİZDƏ DEYİL


Kimsə girişə görə pul alırsa, onda dövlətin qanununu kobud şəkildə pozur
Bakı şəhər ticarət və xidmət departamentinin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov isə çimərliklərə giriş üçün pul tələb olunmasının qanunsuz əməl adlandırır.

«Bakı şəhər İcra Hakimiyyəti başçısının sərəncamına əsasən şəhər ətrafında Xəzər dənizinə giriş pulsuzdur. Əgər bu gün kimsə girişə görə pul alırsa, onda dövlətin qanununu kobud şəkildə pozur. Amma bu gün o cəzalandırılmırsa, günahı bizdə deyil, müvafiq hüquq-mühafizə orqanlarındadır».

Ə. Bağırov deyir ki, departament çimərliklərdə qiymətin tənzimlənməsinə müdaxilə edə bilmir. Onun sözlərinə görə, duş kabinələri, sahil çarpayıları və s. kimi xidmətlərin pullu olması üçün sahibkarları qınamaq olmaz. Çünki sahibkarlar buna xərc çəkiblər.

NƏZARƏTİ KİM ETMƏLİDİR?

Vəkil Şəfa Camalzadə isə iddia edir ki, bu məsələlərə nəzarəti məhz İcra Hakimiyyəti, paralel olaraq Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti həyata keçirməlidir:

«Əliabbas Bağırov məmurdur. Amma deyir ki, hansısa sahibkarlar torpaqları götürüb girişi pullu edirlər. Bu torpaqlar dövlətin müstəsna xidmətindədirsə, ona dövlət orqanı nəzarət etməlidir».

CƏRİMƏ CƏMİ 100 MANATDIR

Hüquqşünas hesab edir ki, vətəndaşları təbii sərvətdən məhrum edənlərin cəzası çox yüngüldür. Belə ki, İnzibati Xətalar Məcəlləsinə görə, müvafiq İH icazəsi olmadan çimərliyə çıxışı hasara alma yolu ilə bağlayan, yolu məhdudlaşdıran fiziki şəxslər 15-25 AZN, hüquqi şəxslər isə 100-150 AZN cərimə ödəyirlər.