Azərbaycan Türkiyə ilə viza rejimini niyə ləngidir?

Ümid prezidentlərin görüşünə idi, ancaq...

İki ilə yaxındır ki, Türkiyə birtərəfli qaydada Azərbaycanla viza rejimini aradan qaldırıb. Azərbaycan isə hər dəfə bu məsələdə adekvat addım atmağa hazır olduğunu bildirsə də, hələ ki, qarşı tərəfin istəyini gerçəkləşdirməyib. Ümidlər dövlət rəhbərləri - İlham Əliyevlə Abdulla Gülün sonuncu Bakı görüşünə idi, amma yenə bir şey çıxmadı. Görüşdən sonra türkiyəli jurnalistlərin bu barədə sualını cavablandıran İlham Əliyev dedi ki, məsələnin həlli üçün Azərbaycan da daxili prosedurlar keçməlidir:

«Bu məsələlər daxildə bir daha müzakirə edilməlidir. Ümid edirəm ki, bütün daxili prosedurlar başa çatandan sonra Azərbaycan tərəfindən də buna bənzər addım atılacaq».

Bəs «bu daxili prosedurlar» nə qədər vaxt vaxt aparacaq?

Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Elxan Poloxov deyir ki, bu istiqamətdə iş gedir:

HƏR ŞEY DAXİLİ PROSEDURLARDAN ASILIDIR

«Hər şey daxili prosedurlardan asılıdır. Bu iş müvafiq dövlət orqanları arasında razılaşdırma çərçivəsində həyata keçirilir. Azərbaycan üçün ilk təcrübə olduğuna görə, bu proses hər hansı bir müddət çəkir və vaxt tələb edir».

«Hazırda Rusiya Federasiyası ilə Azərbaycan arasında viza rejimi mövcud deyil. Bunu Türkiyə ilə viza rejimini aradan qaldırmaq üçün təcrübə hesab etmək olmazmı» - sualını cavablandıran Elxan Poloxov deyir ki, yox. Çünki Rusiya ilə viza rejiminin olmaması keçmiş SSRİ dağılandan sonra MDB ölkələri arasında bağlanan ümumi saziş çərçivəsində həllini tapıb.

Türkiyənin bir çox rəsmiləri müxtəlif vaxtlarda verdikləri açıqlamalarda bildiriblər ki, viza rejiminin ləğv edilməsi iki ölkə arasında mal dövriyyəsi, turizm potensialının daha da artmasına gətirib çıxaracaq.

ƏSAS MƏSƏLƏ PSİXOLOJİ FAKTORUN ORTADAN QALXMASIDIR

Sinan Oğan
Türkiyə Beynəlxalq Əlaqələr və Strateji Araşdırmalar Mərkəzinin (TürkSAM) rəhbəri Sinan Oğan isə hesab edir ki, əslində Türkiyə ilə Azərbaycan arasında viza rejiminin tam qaldırılmasının praktik şəkildə çox böyük faydaları olmayacaq. Çünki indiki halda da Türkiyə vətəndaşı Azərbaycana gələndə hava limanında təxminən 10 dəqiqə vaxt itirməklə ölkəyə daxil ola bilir. Ona görə də viza rejimi aradan qalxarsa, iş adamlarının Azərbaycana axınının başlayacağı, ticarət dövriyyəsinin artacağı, bütün problemlərin ortadan qalxacağını düşünmək yanlışlıqdır. Əsas məsələ psixoloji faktorun ortadan qalxmasıdır.

Ancaq bununla belə, Sinan Oğan hesab edir ki, bu məsələdə Azərbaycanı da başa düşmək lazımdır. Çünki viza rejiminin aradan qaldırılmamasının başqa səbəbləri var:

«Bu, Azərbaycanla Türkiyə arasındakı hər hansı bir problemdən qaynaqlanan səbəb deyil. Azərbaycanın başqa ölkələrlə əlaqələrindən qaynaqlanan səbəbdir. Xüsusilə də İranla. Çünki bu məsələ həll olunsa, İran deyə bilər ki, Türkiyə ilə viza rejimini qaldırdınsa mənimlə də qaldır».

Sinan Oğana görə, Azərbaycanla Türkiyə arasında birtərəfli viza rejimi bir psixoloji baryer kimi dursa da, bu ölkələr arasında ciddi problem deyil və hansısa şəkildə həllini tapacaq.

Türkiyə prezidenti Abdullah Gül də Bakıda jurnalistlərə bildirmişdi ki, hazırkı durumda bu məsələ ilə bağlı Azərbaycanın bəzi mülahizələri var. Onları iki ölkəin aidiyyatlı qurumları müzakirə edəcəklər və o ümidlidir ki, bu iş yaxın zamanlarda başa çatacaq.

İRANDAN ÇƏKİNİRLƏR

Elxan Şahinoğlu
«Atlas» Araşdırmaları Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə düşünür ki, strateji müttəfiq olan Rusiya ilə Ermənistanın hərbi saziş imzaladığı və onun mətnini açıqladığı halda digər strateji müttəfiqlər olan Azərbaycanla Türkiyənin imzaladıqları sazişin mətnini açıqlamamaları, adi viza rejimini aradan qaldıra bilməmələri xeyli sual yaradır:

«Yəqin ki, İrandan çəkinirlər. Bir də ola bilsin düşünürlər ki, viza rejimi ortadan qaldırılsa, Türkiyə əhalisi çoxdur, oradan Azərbaycana müəyyən elementlər gələ, təhlükəsizliklə bağlı problem yarada bilərlər. Amma bu arqument çox ciddi məntiqə əsaslanmır. Çünki onsuz da viza rejimi olanda da istənilən təhlükəli elementlər Azərbaycana gələ bilər. Ona görə anlamaq çətindir».

Elxan Şahinoğlu deyir ki, Gül-Əliyev görüşündən sonra türkiyəli jurnalistlərin onlara ilk sualının viza rejiminin müzakirəsinə dair olması da onu göstərir ki, bu məsələ Türkiyə ictimaiyyətini ciddi maraqlandırır. Və onun həllini başqa amillərə görə uzatmaq olmaz.