Ketrin Eşton: «Bloggerlər azad edilsin»

Avropa Birliyinin Xarici Siyasət Komissarı Ketrin Eşton

Avqustun 24-də Avropa Birliyi həbsdəki bloggerlərin işini yendən gündəmə gətirib. Qurumun xarici siyasət idarəsinin rəhbəri Ketrin Eşton bəyanatla çıxış edərək Azərbaycan hökumətini Emin Milli və Adnan Hacızadəni həbsdən azad etməyə çağırıb.

Eşton bildirib ki, beynəlxalq ədalətlilik və şəffaflıq standarlarına dair çatışmazlıqlar Azərbaycanda ifadə azadlığının vəziyyətinə mənfi siqnal verir.

HÖKUMƏT BLOGGERLƏRİN İŞİNƏ JURNALİST MƏSƏLƏSİ KİMİ BAXMIR

Ketrin Eştonun bəyanatından əvvəl - dünən jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun bir ildən artıqdır həbsdə olan bloggerlərin məsələsinə münasibəti belə olub:

«Dünyada nə qədər kompyuterə malik insan varsa, bir o qədər də blogger var. Nəzəri cəhətdən bu belədir. Amma hər bir bloggeri jurnalist kimi təsnif etmək, jurnalist etikasını, jurnalistin vəzifəsini onlara aid etmək düzgün deyil. Ona görə də biz Azərbaycanda bloggerlərin işinə jurnalist məsələsi kimi baxmırıq».

AZƏRBAYCAN MƏHKƏMƏLƏRİNƏ ETİMAD POLİSDƏN DƏ AŞAĞIDIR

Rasim Musabəyov
İnternetdə tənqidi material yerləşdirəndən bir qədər sonra həbs olunan Emin Milli və Adnan Hacızadənin avqustun 19-da kasasiya şikayəti təmin olunmayıb. Politoloq Rasim Musabəyov hesab edir ki, Azərbaycan məhkəmələrinin bloggerlərlə bağlı qərarını dəyişəcəyini gözləmək sadəlövhlükdür, çünki Ali Məhkəmə artıq belə bir fürsəti əldən verib:

«Azərbaycan məhkəmələrinə etimad polisdən də aşağıdır. Ona görə bütün Azərbaycan məhkəmələrinin qəbul etdiyi qərarları ədalətsiz və hüquqi proseduralara cavab verməyən qərarlar kimi qiymətləndirmək mümkündür».

Avropa Birliyinin bloggerlərlə bağlı son bəyanatını dəstəkləyən AXCP sədri Əli Kərimli hesab edir ki, əgər beynəlxalq qurumların indiyə qədər ortaya qoyduğu mövqe yetərli deyilsə, bu münasibət sərtləşdirilməlidir. Hökumətin son zamanlar Azərbaycanın beynəlxalq imici ilə bağlı səsləndirdiyi narahatlıqlara toxunan partiya sədri bunun üçün hökumətin tədbirlər görməli olduğunu deyir:

BLOGGERLƏRİ AZAD ETMƏK LAZIMDIR

«Bloggerləri, gəncləri, jurnalistləri azad etmək lazımdır. Siyasi məhbus problemini həll etmək lazımdır. Və digər bu qəbildən insan hüquq və azadlıqlarını təmin etmək lazımdır. Müstəqil məhkəmə quruluşuna imkan yaratmaq lazımdır. Amma təəssüf ki, Azərbaycan fundamental hüquq və azadlıqlara riayət etmədən istəyir ki, beynəlxalq təşkilatlar və Azərbaycan ictimaiyyəti onların hərəkətinə tolerant yanaşsın, bu, çox səhvdir».

Bəxtiyar Sadıqov
Ancaq «Azərbaycan» qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov Əli Kərimli ilə razı deyil. O, həmçinin Avropa Birliyinin Azərbaycan məhkəmələrinin ədalətsiz olması fikri ilə də razı deyil.

Bəxtiyar Sadıqova görə, beynəlxalq təşkilatlar hansısa faktı söz azadlığı ilə bağlayıb, sonradan ondan Azərbaycanın imicinə qarşısı istifadə edirlər:

«Bir faktı şişirdib söz azadlığı, insan haqlarının pozulmasına bağlayıb Azərbaycanın imicinə ziyan vurmağa çalışırlar. Mübariz İbrahimovun cəsədi 2 aydan çoxdur verilmir, niyə bəyanat qəbul etmirlər? Bunu versələr onları ədalətli sayaram».

Avropa Birliyinin barələrində danışdığı bloggerlər Emin Milli və Adnan Hacızadə ötən il Bakının «Lebanese» restoranında baş verən insidentdən sonra həbs olunublar. Qəsdən sağlamlığa az ağır zərər vurma və xuliqanlıq maddələri üzrə təqsirli bilinən Emin Milli 2 il 6 ay, Adnan Hacızadə isə 2 il müddətinə azadlıqdan məhrum edilib.

Beynəlxalq təşkilatlar hesab edir ki, bloggerlərin həbsi onların hökumətə qarşı internetdə yaydıqları tənqidi materiallarla bağlıdır.