Moskva Zakayevi Polşada tutmaq istəyir

Əhməd Zakayev

Sentyabrın 17-də Polşada Ümumdünya Çeçen Konqresi keçiriləcək. 2003-cü ildən Britaniyada mühacirətdə yaşayan İçkeriya hökumətinin başçısı Əhməd Zakayev də tədbirdə iştirak etmək istəyir. Rusiyanın Polşadakı səfiri Aleksandr Alekseyev isə Moskvanın terrorçuluqda ittiham etdiyi Zakayevin Rusiyaya təhvil verilməsi üçün bütün mümkün vasitələrdən istifadə edəcəklərini deyir.

Polşadakı TVN24 telekanalına müsahibəsində Polşanın Xarici İşlər naziri Radoslav Sikorski bildirib ki, beynəlxalq hüquqa görə Rusiya Zakayev məsələsini Polşa ilə yox, Britaniya ilə həll etməlidir:

RUSİYA HAKİMİYYƏT DAİRƏLƏRİ BU MƏSƏLƏNİ BRİTANİYA İLƏ HƏLL ETMƏLİDİR


- Bir vaxtlar mən də Cenevrə Konvensiyasına uyğun olaraq ora-bura müvəqqəti səyahət sənədləri ilə hərəkət etmişəm. Bu halda həmin adamın hüquqlarını ona siyasi sığınacaq verən ölkə qoruyur. Ona görə Rusiya hakimiyyət dairələri bu məsələni Britaniya ilə həll etməlidir.

Belə bir tədbirin keçirilməsinə imkan verilməsi ilə bağlı Rusiya səfirinin tənqidlərinə cavabında nazir bildirib ki, Polşa demokratik dövlətdir. Onun ərazisində hər hansı toplantılar keçirilə bilər. Yalnız tədbirə dəvət edilmiş Polşa deputatlarının orada iştirak etmələri məsləhət bilinməyib.

ZAKAYEVİ YA POLŞA SƏRHƏDÇİLƏRİ, YA DA POLİS SAXLAYACAQ


Nazirdən fərqli olaraq, Polşa polisinin rəsmisi Mariuş Sokolvski deyib ki, beynəlxalq axtarışda olan şəxsləri İnterpola üzv olan ölkələr öz ərazilərində görən kimi saxlamalıdırlar. Zakayevi də ya Polşa sərhədçiləri, ya da polis saxlayacaq. Amma saxlanan adamın onu axtaran ölkəyə verilib-verilməməsi barədə məhkəmə qərar
Polşada çeçen qaçqınları, 15 dekabr 2009
qəbul etməlidir.

Zakayev AzadlıqRadiosunun Şimali Qafqaz redaksiyasına müsahibəsində deyib ki, artıq Polşaya vizası var, sentyabrın 17-də tezdən bu ölkədə olacaq. Ona viza verilməsindən başqa, səfəri ilə bağlı heç bir rəsmi məlumat almayıb.

TƏKCƏ BU İL ÜÇ-DÖRD DƏFƏ BU ÖLKƏYƏ GETMİŞƏM, HEÇ BİR ETİRAZ EŞİTMƏMİŞƏM


Zakayev bildirib ki, Çeçenistanın probleminin yenidən dünyanın diqqətinə çatdırılması üçün onun bu tədbirdə iştirak etməsi vacibdir:

- Bildiyiniz kimi, mən bir neçə dəfə Polşada olmuşam. Təkcə bu il üç-dörd dəfə bu ölkəyə getmişəm, heç bir etiraz eşitməmişəm. İndi isə məni bu tədbirə dəvət ediblər. Burada söhbət Zakayevdən getmir, əsas məsələ orada nəyin müzakirə ediləcəyidir. Bu gün Çeçenistan dünya üçün bir bağlı mövzuya çevrilib.

Zakayev bildirir ki, hazırda Kreml bütün dünyada Çeçenistan probleminin müzakirəsinə imkan verməyəyə çalışır.

Moskva ilə münasibətləri normallaşdırmağa çalışan Polşa rəsmiləri bu tədbirin keçirilməsinə razılıq versələr də, onun gedişini yaxından izləyəcəklərini bildiriblər.

MİXAİL QORBAÇOV VƏ VASLAV HAVEL DƏ TƏDBİRƏ DƏVƏT EDİLİB

Tədbirə dəvət edilənlər arasında Mixail Qorbaçov da var
İki günlük Konqresdə Avropa parlamentinin deputatlarının, həmçinin bir çox beynəlxalq qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirak edəcəkləri gözlənir. Tədbirə Avropa və ABŞ-dan siyasətçilər, o cümlədən Nobel mükafatı laureatları – Mixail Qorbaçov və Vaslav Havel də dəvət edilib. Amma təşkilatçılar Çeçenistanın hazırkı prezidenti Ramzan Kadırovu toplantıya dəvət etməyiblər.

Tədbirdə Qafqazda silahlı qarşıdurmalara son qoyulması və Çeçenistanın Rusiyadan azad edilməsi yollarının müzakirə ediləcəyi gözlənir.

Təşkilatçılar son ana qədər təhlükəsizlik məsələlərinə görə tədbirin keçiriləcəyi şəhərin adını elan etməyiblər, amma bunun paytaxt Varşavadan bir qədər kənardakı Pultusk şəhərində baş tutacağı ehtimal edilir.

Polşanın Xarici İşlər Nazirliyinin sözçüsü tədbiri təşkil edən təşkilatlardan biri kimi adı çəkilən «Çeçen İçkeriya Respublikası» adlı qurum tanımadıqlarını bildirib.

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov da Avropa ölkələrini xəbərdar edib ki, «İçkeriya Respublikası deyilən adla tədbirlərin keçirilməsi Şimali Qafqazda vəziyyətin normallaşdırılması prosesinə kömək etmir».

Avropa və ABŞ çeçen yaraqlıların törətdikləri zorakılıqları pisləyirlər. Amma eyni zamanda, Moskvanı da çeçenlərə qarşı sərt davranışa görə tənqid edirlər.