«Onlar bizim düşmənimiz olmağı seçiblər»

Barak Obama

ABŞ prezidenti Barak Obama sentyabrın 23-ü BMT Baş Assambleyasındakı çıxışında insan haqları və demokratiya məsələlərindən də danışıb.

Prezident Obama çıxışında deyib:

«İdeya sadədir. Azadlıq, ədalət və dünyada sülh, hər bir fərdin həyatında azadlıqdan, ədalətdən və sülhdən başlamalıdır. Birləşmiş Ştatlar üçün bu, mənəvi və praqmatik zərurət məsələsidir».

«UNİVERSAL DƏYƏRLƏRİ İNKAR EDƏNLƏR, BİZİM DÜŞMƏNİMİZ OLMAĞI SEÇİBLƏR»


Barak Obama deyib ki, ABŞ universal dəyərlər tərəfdarıdır:

«Çünki bunu etməyə dəyər. Biz öz təcrübəmizdən bilirik ki, öz xalqları üçün bu dəyərləri müdafiə edənlər bizim yaxın dost və müttəfiqlərimizdir. Bu hüquqları inkar edənlər isə - istər terrorçu qruplar olsun, istər istibdad hökumətləri - bizim düşmənimiz olmağı seçiblər».

«BƏZİ LİDERLƏR SƏLAHİYYƏT MÜDDƏTLƏRİNƏ MƏHDUDİYYƏTLƏRİ LƏĞV EDİRLƏR»


ABŞ prezidenti daha sonra da deyib:

«Bu gün iqtisadi tənəzzülün baş verdiyi köhnə zamanlardakı kimi bəziləri insan haqlarını kənara qoyaraq qısa müddətli sabitlik vəd edirlər. Və ya yanlış bir fikir yeridirlər ki, iqtisadi artım azadlıqlar hesabına baş tuta bilər. Bəzi liderlər səlahiyyət müddətinə məhdudiyyəti ləğv edir, vətəndaş cəmiyyətini əzirlər, sahibkarlıq və yaxşı idarəetməni boğan korrupsiyanı görürük. Demokratik islahatlar həddən artıq yubadılır».

TARİX AZADLIĞIN TƏRƏFİNDƏDİR


Prezident Obama çıxışında daha sonra da deyib ki, tarix azadlığın tərəfindədir:

«Hər bir ölkə onun xalqının mədəniyyətində kök salmış yolu izləyir. Ancaq tarixi təcrübə göstərir ki, tarix azadlığın tərəfindədir, tərəqqinin möhkəm bünövrəsi açıq iqtisadiyyat, açıq cəmiyyət və açıq hökumətlərdən keçir».

Prezident çıxışında vətəndaş cəmiyyəti mövzusuna da toxunub:

«Vətəndaş cəmiyyəti xalqın vicdanıdır və Amerika həmişə xariclə qarşılıqlı əlaqələrə can atacaq, yalnız hökumətlərlə deyil, həm də sıravi vətəndaşlarla. Biz ideyaları əzənlərə də, səssizlərin səsi olanlara da işarə edəcəyik. İnsanların bir-birilə ünsiyyət qurması üçün biz yeni kommunikasiya vasitələrini qabağa aparacığıq, özü də repressiv cəmiyyətlərdə onlar bunu təhlükəsiz şəraitdə edə biləcəklər».

«BİZİM AZADLIĞIMIZIN QİYMƏTİ BAŞQALARININ AZADLIĞININ MÜDAFİƏSİDİR»


ABŞ prezidenti daha sonra deyib:

«Amerika istədiyi dünyanı təkbaşına qura bilməz. İnsan haqlarının zülmün çəkmələri altında iztirab çəkənlərə çatması üçün bizə sizin səsiniz lazımdır. Xüsusilə mən ötən əsrin ikinci yarısında istibdaddan qurtulan və dünyanı həvəsləndirən – Cənubi Afrikadan tutmuş Cənubi Asiyaya, Şərqi Avropadan tutmuş Cənubi Amerikaya qədər olan ölkələrə üz tuturam. Dissidentləri zindana atanda, etiraz aksiyaçılarını isə döyəndə, hərəkət edin. Çünki, bizim öz azadlığımızın qiymətinin bir hissəsi başqalarının azadlığının müdafiəsidir».



«BU ÇIXIŞDA İLHAM ƏLİYEVDƏN SÖHBƏT GETDİYİNİ DÜŞÜNƏ BİLƏRİK…»

Barak Obamanın çıxışı Azərbaycanda da maraqla qarşılanıb. AXCP sədri Əli Kərimli bildirir ki, ABŞ prezidenti çıxışında avtoritar rejimləri çox düzgün təsvir edib:

«Biz bu çıxışı dinləyəndə məhz Azərbaycanın dövlət başçısı İlham Əlyevdən söhbət getdiyini düşünə bilərik. Eyni zamanda bizdən başqa da onlarla xalqlar var ki, təəssüf ki, onlarda da belə vəziyyətdir. Onların da hər biri düşünə bilər ki, yəqin ki, onların da ölkələrindəki qeyri-demokratik, avtoritar rejimlərdən söhbət gedir. Bu da onu göstərir ki, dünyada qalmış qeyri-demokratik, avtoritar rejimlərin hamısını ümumiləşdirən cəhət var. Onlar xalqa hesablaşmırlar, hakimiyyətlərinin məhdudlaşdırılmasına dözmürlər, ölkə sərvətlərini istədikləri kimi talan edirlər. Belə qeyri-demokratik, istibdad hökumətlərinə qarşı dünya öz səsini qaldırmalıdır. Obamanın Azərbaycanın dövlət başçısı ilə görüşməmişdən qabaq belə bir bəyanat verməsi xüsusilə yerinə düşür».

Yeni Azərbaycan Partiyasından olan millət vəkili Bəxtiyar Sadıqov isə Əli Kərimli ilə razı deyil:

«OBAMANIN ÇIXIŞI İLƏ AZƏRBAYCAN ARASINDA ƏLAQƏ GÖRMÜRƏM»

«Amerika böyük dövlətdir. Onun prezidenti də öz çıxışında istədiyi məsələyə toxunub, istədiyi məsələ ilə bağlı öz münasibətini açıqlaya bilər. Ancaq bu rəyin konkret kiməsə ünvanlanması real məsələ deyil. Obama istəsəydi bunu hansısa dövlətə ünvanlasın, o dövlətin adını da çəkə bilərdi. Mən Obamanın çıxışı ilə Azərbaycandakı vəziyyət arasında heç bir əlaqə gömürəm».

«Turan» informasiya agentliyinin eksperti Zəfər Quliyev isə deyir ki, köhnə əcrübələr bu cür çıxışların başqa bir şey olmadığını göstərir:

BAŞQA DƏYƏRLƏR DEMOKRATİYANI ÜSTƏLƏYİR

«Prezident Buşun ikinci müddət seçiləndə inaqurasiya çıxışı yadımdadır. Onun çıxışı bir çox ölkələrdə eyforiyaya səbəb oldu. Çox gözəl çıxış idi. Hamı da hesab edirdi ki, bundan sonra Amerikanın xarici siyasətində, ilk növbədə postsovet məkanında apardığı siyasətdə demokratiya əsas prioritet olacaq. Sonrakı dövr isə göstərdi ki, bu deklorativ səslənmiş bəyanat idi. Real siyasətdə öz əksini tapmadı. Aydın məsələdir ki, ABŞ demokratiyanı prioritet olaraq saxlayacaq. Lakin real siyasətdə biz görürük ki, başqa dəyərlər demokratiyanı üstələyir».