«Obama demokratik ictimaiyyəti yerə vurmadı…»

Hikmət Hacızadə
Sentyabrın 24-də ABŞ prezidenti ilə Azərbaycan prezidenti təhlükəsizlik məsələləri ilə yanaşı, demokratiya və insan haqlarından danışıblar. Görüşdə o cümlədən həbsdəki bloqqerlərin məsələsinə də toxunulub.

Hikmət Hacızadə:

«Mən istəməzdim ki, belə böyük adamlar böyük dövlət işlərini qoyub iki bloqqerdən danışsınlar. Ancaq neyləmək olar, bu, Azərbaycandakı vəziyyətdən asılıdır. Mən Obamaya təşəkkürümü bildirirəm. O, demokratik ictimaiyyəti yerə vurmadı. Bu, bizdə bloqqerlərin azadlığa çıxacağına ümid yaradır. Biz valideynlərə yalnız ümid etmək qalır».

Politoloq Mübariz Əhmədoğlu isə kənarda kiminsə nəsə deməsinə ümidlə yanaşmır:

«Məndə ümid yaradan Hikmət Hacızadənin davranışı, onun dəyanətidir».

Qonaqlar iki ölkə arasında əməkdaşlıq Azərbaycanda demokratik islahatları vacib etmirmi sualına isə belə cavab veriblər:

«BİRİNCİ CƏMİYYƏTİN, DÖVLƏTİN, YERİ GƏLSƏ, HAKİMİYYƏTİN TƏHLÜKƏSİZLİYİDİR…»

Mübariz Əhmədoğlu:

«Təkcə demokratiyanı genişləndirmək və qalan məsələləri unutmaq Azərbaycanı faciəyə apara bilər. Birinci növbədə Azərbaycanın inkişafı olmalıdır, ikinci növbədə təhlükəsizlik, sonra demokratiya.
Mübariz Əhmədoğlu
Məncə, ABŞ-ın Azərbaycana yanaşması da belədir. Bizim elə qonşularımız var ki, sözdə islamdan danışıb, bəzən öz maraqlarına görə islamın əsas dəyərlərini ayaq altına atırlar. Elə bir ölkə Azərbaycanda demokratiyadan istifadə edib cəmiyyəti dağıda bilər. Yəni birinci cəmiyyətin, dövlətin, yeri gəlsə, hakimiyyətin təhlükəsizliyidir…»

«GUYA DEMOKRATİYA OLSA, ÖLKƏ DAĞILAR FİKRİ ÇOXDAN SƏSLƏNİR…»

Hikmət Hacızadə:

«Mən bu fikirlə razı deyiləm. Guya «demokratiya olsa, ölkə dağılar» fikri çoxdan səslənir. Yaxşı, demokratiyanı qoyaq kənara. Siyasi azadlıqlar verməsinlər. Heç olmasa, iqtisadi azadlıqlar versinlər, mülkü hüququ tanısınlar. Adamların evlərini sökürlər, kompensasiya vermirlər. Minlərlə iş adamı var ki, ölkəni dirçəldə bilərlər, onları niyə işləməyə qoymurlar? Onlar ki, deputat, prezident olmaq istəmirlər? Hər addımda rüşvət verməli olurlar. Gömrükdə, orda-burda. Ağlayırlar. Soruşmaq ayıb olmasın onlar da ölkəni dağıdacaqlar?...».