«Əlili əlil edən dövlət məmurlarıdır»

Uşaq Hüquqlarını Müdafiə Liqasının sədri Yusif Bəkirov

«Əlili əlil edən dövlət məmurlarıdır». Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında Uşaq Hüquqlarını Müdafiə Liqasının sədri Yusif Bəkirov deyib. Onun sözlərinə görə, məmurlar əlillərə gəlir mənbəyi kimi baxırlar.

«Əlili əlil edən dövlət məmurlarıdır. Dövlət məmurları əlillər üçün şərait yaratsalar, onlar Avropa ölkələrində olduğu kimi əlilliyi hiss etməyəcəklər. Yəni əlillik onlarçün adi bir şey olacaq. Bizim dövlət məmurlarımızın əsas məqsədi ondan ibarətdir ki, əlillərdən öz gəlirlərini artırmaqda istifadə etsinlər. Onlara gəlir mənbəyi kimi baxırlar. Bax, bu gəlir mənbəyi də əlilləri özlərini şikəst kimi görməsinə gətirib çıxarır».

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elnur Kələntərli isə deyilənlərlə razılaşmayıb.

«Mən də məmuram, heç də əlillərə gəlir mənbəyi kimin baxmıram».

Elnur Kələntərli deyib ki, xüsusi ehtiyacı olan insanların hüquqlarının pozulması ilə bağlı nazirliyə daxil olan hər hansı bir şikayət dərhal araşdırılır. O deyib ki, nazirlik əlillərin şəraitinin yaxşılaşdırılması istiqamətində öhdəsinə düşən bütün vəzifələri yerinə yetirir. Onların cəmiyyətə inteqrasiyasında işlər, mədəni layihələr həyata keçirir.
Aydın Xəlilov


«Əlillər cəmiyyətdən təcrid olunmurlar. Müasir standartlara uyğun, o cümlədən onların maneəsiz hərəkəti üçün evlər tikilir. Əlillərin cəmiyyətə inteqrasiyası ilə bağlı bizim nazirlik öz üzərinə düşən vəzifələri yerinə yetirir. Biz ötən il əlillər arasında gözəllik müsabiqəsi keçirdik. İki xanımımız dünya gözəllik müsabiqəsində iştirak etdi».

«Müstəqil Həyat» Təşkilatının sədri Aydın Xəlilov isə əlillərin cəmiyyətə inteqrasiya etməsi üçün olan maneələrdən danışıb. O deyib ki, bu gün əlil adını daşıyan uşaq, yeniyetmə və gənclərin ən böyük problemi təhsil və işsizlikdir.

«Hazırda ən böyük problem ali təhsil əldə etmək və işsizlik problemi əlilliyi olan yeniyetmə üçün böyük problemdir. Və onun hamısı da prinsipcə bizim infrastrukturun, ətraf –mühitin müyəssər olmamasıdır. Və təbii ki, şəraitin yaradılmamasıdır. Adi insan doğulduqda onu bağça, məktəb, universitet məşğulluq gözləyir. Əlilliyi olan insanı isə gözləyən evdə olan məktəbdir və ya xüsusi məktəbdir. Burda təhsilin keyfiyyəti o qədər də yaxşı deyil. Əlil üçün şərait yaratmaq lazımdır ki, o təhsil ala bilsin».