Mario VARQAS LYOSA
(«Gənc yazıçıya məktublar»dan)
KATOBLEPAS
(Ruscadan Seyfəddin Hüseynli tərcümə edib)
Əziz dostum!
Son günlər öhdəmə düşən işlərin çoxluğu Sizə dərhal cavab yazmağıma mane oldu.
Bununla belə, mən bütün bu zaman ərzində davamlı olaraq Sizin məktubunuz ətrafında düşünmüşəm.
Özü də bunun yeganə səbəbi Sizdəki böyük həvəs, coşğunluq deyil. Mən də bu fikirdəyəm ki, hər cür ağlagəlməz bəlalardan qorunmaq üçün ədəbiyyatdan yaxşı müdafiə üsulu indiyədək tapılmayıb.
Ancaq düşüncələrə dalmağımın bir səbəbi də budur ki, Sizin verdiyiniz "Romanlardakı əhvalatlar hardan yaranır", "Roman müəllifləri öz əsərləri üçün mövzuları necə tapırlar" kimi suallar mənim özümü indi də, yaradıcılıq yolumun başlanğıcında olduğu qədər, narahat etməkdədir.
Halbuki artıq xeyli sayda əsərin müəllifiyəm. Mənim həmin suallara cavabım var.
Amma mülahizələrimi həddindən artıq hərfi mənada qəbul etmək lazım deyil. Əks təqdirdə, onların mahiyyəti dəyişiləcək və fikirlərim saxta təsir bağışlayacaq.
Müasir Latın Amerikası ədəbiyyatının öncül novator yazıçılarından olan perulu nasir Mario Varqas Lyosa 28 mart 1936-cı ildə Arekipdə doğulub.
Leonsio Prado hərbi məktəbində, daha sonra San-Markos paytaxt universitetində təhsil alıb.
1958-ci ildə Madrid universitetinin təqaüdünü qazanaraq, uzun müddətə Avropa və Amerikaya gedib. Doqquz ildən sonra R.Qalyeqos adına beynəlxalq mükafata layiq görülən Varqas Lyosa yazıçının ictimai həyatla sıx bağlılığı mövzusunda məşhur nitqini söyləyib.
Daha sonralar öz fikirlərini həyata keçirmək üçün Peruda 1990-cı ildə keçirilən prezident seçkilərində namizəd kimi iştirak edərək, məğlubiyyətə uğrayıb.
Varqas Lyosanın 1963-cü ildə yazdığı ilk romanı "Şəhər və köpəklər" Limada onun kitablarının nümayişkaranə yandırılması ilə nəticələnən qalmaqala səbəb olub. Leonsio Prado hərbi məktəbinin "gerçək tarixçəsi"ndə əks etdirilən əcaib xüsusiyyətlər Perunun bütün hərbçi zümrəsini istehza hədəfinə çevirib. "Yaşıl ev" romanının əsas mövzuları olan zorakılıq və özgələşmə eyni vaxtda beş kəsişən süjet xəttilə inkişaf etdirilir.
Yazıçı burada genişləndirilmiş montaj texnikasından, hadisələrin zaman və məkanının ani əvəzlənmələrindən, çox müxtəlif nöqtələrdən yanaşma üsulundan istifadə edir.
"Küçüklər" hekayəsində "əsl kişi mühiti"nə düşən axta oğlanın başına gələnlər təsvir olunur. "Kilsədə söhbət" romanı M.Odrianın diktaturası zamanında Peru cəmiyyətinə xas olan naqislikləri ortaya çıxarır.
"Palomino Moleronu kim öldürüb?" detektiv povestində gənc bir müğənninin qətli həqiqətin və ədalətin qarışıq sərhədlərinin aydınlaşdırılması üçün zəmin rolu oynayır.
Varqas Lyosa "Kapitan Pantaleon və xeyirxah əməllər rotası", "Məhşər savaşı" və başqa romanların, eləcə də Floberin yaradıcılığı haqda tədqiqatın müəllifidir.
(Tərcüməçidən)
İstənilən əhvalatın kökündə onu qələmə alan insanın həyat təcrübəsi dayanır. Yəni həyat təcrübəsi təxəyyülün qida mənbəyidir.
Lakin bu, heç də o demək deyil ki, guya roman bilavasitə müəllifin üstüörtülü tərcümeyi-halıdır. İstənilən bədii əsərdə onun müəllifi olan insanın fərdi təcrübəsilə sıx əlaqəli istinad nöqtəsi, saf bir toxum aşkarlamaq mümkündür.
Cəsarət edib deyə bilərəm ki, bu qaydanın doğruluğu istisnasızdır və ona görə də ədəbiyyat aləmində "kimyəvi baxımdan" təmiz, xalis təxəyyül məhsulu olmur.
Hər bir bədii uydurma müəllifin yaddaşında qərar tutan və onun yaradıcı zehnini hərəkətə gətirən faktlar, hadisələr, canlı insanlar üzərində fantaziya və ustalıq sayəsində ucaldılan abidədir.
Bu zaman adi bir toxumdan bütöv bir dünya yaranır. Elə zəngin və rəngarəng bir dünya ki, bəzən onun daxilində təməl rolunu oynayan, xəyalla gerçəklik arasında gizli bağlılıq yaradan tərcümeyi-hal elementini sezmək çox çətin olur. Özümün çoxdankı, gənclik illərimə aid bir çıxışımda mən bu mexanizmi "tərsinə striptiz"ə bənzətmişdim.
Müəyyən mənada, romanın yaranmasını camaatın gözü qarşısında paltarlarını əynindən çıxarıb, çılpaq bədənini nümayiş etdirən peşəkar striptizçinin işinə oxşatmaq mümkündür. Ancaq yazıçı bu hərəkəti tərsinə yerinə yetirir.
O, roman üzərində işləyə-işləyə sanki əyninə yeni-yeni paltarlar taxır, təxəyyülü hesabına yaratdığı libaslarla özünün prosesin əvvəlindəki çılpaqlığını aradan qaldırır.
İndisə roman mövzularından söz açaq. Mənə elə gəlir ki, mövzular yazıçının özündən qidalanır. Bu zaman o, Floberin "Müqəddəs Antoninin şeytana uyması" romanında müqəddəs Antoninin önündə peyda olan və Borxesin "Uydurulmuş varlıqlar haqqında kitab"ında yenidən görünən mifik heyvanı - Katoblepası xatırladır. Katoblepas, pəncəsindən başlamaqla, özü-özünü gəmirib yeyən bədheybət varlıqdır.
Əlbəttə, bu dərəcədə hərfi mənada götürülməsə də, yazıçı da əhvalatlar qurmaq üçün material axtararkən özü-özünü "yeyir".
Həm də bu işlə təkcə yaddaşın səxavətlə bəxş etdiyi materiala əsaslanaraq surətlər, ayrı-ayrı hadisəlar və mənzərələr yaratmaqdan ötrü məşğul olmur.
Yox, o, yaddaşın rəflərində öz iradəsi üçün enerji mənbəyi də axtarıb tapır. Bunsuz roman yaratmaq kimi uzun və ağır bir prosesi başa çatdırmaq mümkün deyil.
Romanlıq mövzular haqda mülahizələrimdə bir azca irəliyə getməyə cəsarət edərək deyim ki, müəllif mövzuları yox, onlar müəllifi seçirlər. Müəllif bu və ya digər mövzuları ona görə qələmə alır ki, ağlına məhz bunlar gəlir.
Mövzu seçimində müəllifin sərbəstliyi çox nisbidir, hətta ola bilsin, heç yoxdur. Mənim fikrim belədir ki, müəllifə mövzuları həyat diktə edir. Başa düşürəm ki, bu söz olduqca gurultulu səslənir və buna görə üzr istəyirəm.
Müəyyən həyat təcrübəsi şüurda və şüuraltında öz izlərini qoyur, sonradan yaşananlar onu təqib eləməyə başlayır və o da bunlardan yaxa qurtarmaq üçün müxtəlif əhvalatlar uydurmağa girişir.
Həyat təcrübəsindən doğan hansı mövzuların hansı formada yazıçının diqqət mərkəzinə keçdiyinə dair misallar göstərməyə, yəqin ki, ehtiyac yoxdur. Xatiratdakı istənilən məqamı buna sübut kimi götürmək mümkündür.
Məsələn, arxayınca demək olar ki, bax, bu əhvalat, bu surət, bu şərait, bu maraqlı olay məni rahat buraxmadı, özünə cəlb elədi, sanki ruhumun dərinliklərindən bir səda kimi qopdu və mən də o səsi susdurmaq üçün bütün bunları qələmə almalı oldum.
Heç şübhəsiz, belə məqamda, ilk olaraq, adamın yadına Prust düşür. Əsl yazıçı - Katoblepas odur.
Yaddaşının xarabalıqlarında bir arxeoloq kimi əlləşməklə "İtirilmiş vaxtın axtarışında"nı yaradan yazıçıdan daha artıq kim özünü çeynəyə və daha üstün nəticələr əldə edə bilib?
Bu əsər müəllifin, onun ailəsinin, dostlarının, münasibətlərinin, zövqünün, məmnunluq və məyusluğunun, bütövlükdə insan ruhunun möhtəşəm bədii ifadəsidir.
Bioqraflar Prustun romanındakı, zəngin təxəyyül arxasında gizlənən real hadisə və surətlərin dəqiq, gerçək siyahısını tərtib edə biliblər.
Onlar bu sehrli əsərin müəllifin həyatına aid real materiallardan qurulduğunu olduqca inandırıcı bir tərzdə bizə göstərməyi bacarıblar.
Hərçənd ki, bioqrafların üzə çıxardıqları bu "materiallar siyahısı" yenə də Prustun yaradıcılıq qüdrətinin göstəricisindən başqa bir şey deyil. O, özünü öyrənməklə, öz keçmişinə baş vurmaqla həyatının ən adi məqamları əsasında əsrarəngiz bir xalça toxuyub.
Bu xalça, mahiyyət etibarilə, müəllifin subyektiv mövqedən müşahidə etdiyi, həyatın axarında özü-özünü izləmək üçün ikiləşən bir insan təbiətinin heyrətamiz əksidir.
Qeyd etdiklərimizdən belə bir mühüm nəticə hasil olur ki, təxəyyül üçün çıxış nöqtəsi rolunu yazıçının yaşam təcrübəsi oynasa da, real həyat "ədəbi təyinat" məkanı deyil və ola da bilməz. Onlar arasında kifayət qədər böyük, hətta kosmik ölçülü məsafə var.
Çünki keçid prosesində mövzu sözlə ifadə olunanda, təhkiyə formasını alanda tərcümeyi-haldan gələn məqamlar dəyişilir, yaddaşdan götürülən və ya uydurulan başqa materiallarla qarışaraq zənginləşir (bəzən bəsitləşə də bilər).
Bu prosesin gedişində təxəyyül özünə müəyyən forma qazanır. Müəllifinin adını üstələməyən əsərlər yalnız bioqrafik material kimi əhəmiyyət daşıyır və yaradıcılıqda uğursuzluq sayılır.
Bədiiləşmə prosesi yaddaşın müəllifə verdiyi materialın sözlə qurulan gerçək dünyaya, yəni romana çevrilməsidir. Forma isə təxəyyülün konkretləşməsinə imkan yaradır.
Mənim ədəbi yaradıcılığa yanaşmamı düzgün saymaq olarsa (bir daha qeyd edirəm, buna əmin deyiləm), roman müəllifi bu məsələdə sərbəstdir və deməli, nəticəyə görə də tam məsuliyyət daşıyır.
Əgər Siz bundan belə nəticəyə gəldinizsə ki, yazıçı bədii xəyallar qurarkən öz mövzuları üçün yox, onları ədəbi əsərə çevirməkdən ötrü gördüyü işlər üçün məsuliyyət daşıyır, üstəlik, əsərlərinin uğurlarına və uğursuzluğuna görə də birbaşa o cavabdehdir, bəli, düz anlamısınız. Mən məhz bu fikirdəyəm.
Görəsən, yazıçının həyatındakı saysız-hesabsız faktlardan bəzilərinin (belələri çox azdır) yaradıcı təxəyyül üçün əhəmiyyətli olmasının, digərlərinin isə (onların sayı qat-qat artıqdır) onun zəkasında heç bir təsir oyatmadan ötüb keçməsinin səbəbi nədir? Bu suala dəqiq cavabım yoxdur.
Ancaq bəlli bir mülahizəm var. Görünür, hadisəlar qurmaq üçün yazıçıya lazım olan personajlar, maraqlı əhvalatlar, konfliktlər bədii düşüncə ilə real həyatın gerçək dünyanın ayrıcında olanlardır.
Bu da, əgər mənim əvvəlki məktubumdan xatirinizdədirsə, məhz yazıçılığa meyl oyadan, insanı ətraf aləmə qarşı üsyan qaldırmağa sövq edən əsas amildir. Fikrimi əsaslandırmaq üçün saysız misallardan XVIII əsrin, böyük də olmasa, heyrətamiz dərəcədə məhsuldar bir yazıçısı - fransalı Retif de la Bretonnun üzərində dayanmaq istərdim.
Mən onu məhdud istedadına görə yox, gerçək dünyaya qarşı üsyankarlığın dəqiq nümunəsini təqdim etdiyinə görə fərqləndirirəm. Retif de la Bretonnun yazdığı çox sayda roman içərisində ən məşhuru avtobioqrafik məzmunlu "Müsyö Nikola"dır.
XVIII əsrin Fransası burada sosioloji dəqiqliklə, bütün insan tipləri, düşüncələri, geyimləri, məşğuliyyətlərilə birgə verilib. Bu əsər, istər tarixçi və ya antropoloq, istərsə də etnoqraf və ya sosioloq olsun, bütün tədqiqtçılar üçün əsl xəzinədir.
Onların hamısı Retifin yaratdığı bu mənbədən gen-bol bəhrələniblər. Lakin onun romanlarında əks olunan sosial və tarixi rellıqlar elə kəskin dəyişikliklərə məruz qalıb ki, onlar haqqında sırf təxəyyül kimi söz açmaq lazım gəlir.
Real dünyaya çox bənzəyən geniş və zəngin bir aləmdə kişilər qadınlara çöhrəsinin gözəlliyinə, belinin incəliyinə, mənəvi saflığına görə vurulmurlar.
Onları ilk növbədə qadın ayaqlarının zərifliyi və ya ayaqqabılarının qəşəng görünüşü cəlb edir. Retif de la Bretonn fetişist idi və buna görə də müasirləri arasında ekssentrik kimi tanınır, "qaydadan" kənara çıxdığı üçün gerçəkliyə münasibətdə "dissident" sayılırdı.
Retifin yenidən yaratdığı aləmdə qadın gözəlliyinin əsas atributu və kişiləri ən çox valeh edən obyekt kimi incə ayaqların, həmçinin onlara xüsusi yaraşıq verən corabların, başmaqların diqqət mərkəzində dayanması tamamilə adi, normal haldır.
Dünyalar arasındakı keçid prosesi az sayda yazıçıda bu cür dəqiqliklə, müəllifin şəxsiyyətinə, istəklərinə, meyllərinə, narazılıqlarına uyğun şəkildə özünü göstərir. Ancaq buna bənzər hərəkətləri, o dərəcədə şüurlu və aydın formada olmasa da, başqa müəlliflər də edirlər.
Hər kəsin həyatında, Retifin fetişizminə oxşayan, insanı yaşadığı dünyadan fərqli bir aləm arzulamağa sövq edən hansısa məqamlar var. Fədakarcasına haqq-ədalət aramaq, ən intim, mazoxist və sadist ehtiyaclarını ödəmək, böyük bir eşq yaşamaq, sözlə yeni dünyalar qurmaq yazıçının ətraf aləmlə konfliktinin əsasında dayanır.
Elə bilirəm ki, ədəbiyyata xas ən mürəkkəb keyfiyyət olan dürüstlük haqqında danışmağın vaxtı yetişib. Şübhə yoxdur ki, bədii təxəyyül mahiyyət etibarilə uydurmadır. İstənilən roman həqiqət kimi qələmə verilən yalandır, təqdim edildiyi kimi olmayan reallıqdır, bir növ gerçəkliyə bənzətmədir.
Bu - inandırıcılıq dərəcəsi yazıçının çeşidli üsullardan, sirkdəki fokusçular kimi, nə dərəcədə uğurla istifadə etməsindən birbaşa asılı olan bir yaradıcılıq işidir.
Beləliklə, baxaq görək, romana münasibətdə dürüstlükdən danışmağımızın yeri varmı? Axı, bu janrda qələmə alınan ən gerçək mətləb belə, istər-istəməz yalan, uydurma və ilğım səciyyəlidir!
Hə, bundan danışmağın yeri var, ancaq məsələni başqa cür qoymaq lazımdır: o yazıçını dürüst və doğruçu adlandırmaq olar ki, taleyin hökmünə dəqiq və itaətlə əməl edərək, yalnız müəyyən bir qrup mövzunu qələmə alsın, şəxsi təcrübəsindən qaynaqlanmayan, şüuruna labüd bir şəkildə hakim kəsilməyən digər mövzulara yaxın durmasın.
Başqa sözlə, yazıçının dürüstlüyü öz başındakı "cinlər"lə dil tapıb, gücü çatan qədər onlara xidmət etməsində təzahür tapır.
Əgər müəllif onu daxildən tərpədən mövzuları qələmə almır, soyuq başla mövzu və süjetlər seçərək yazaraq, bu yolla asanlıqla uğur qazanacağını düşünürsə, belə yazıçı dürüst və gerçəkçi ola bilməz. Ümumiyyətlə, bir qayda olaraq, bu cür müəlliflər pis yazıçılar sayılmalıdır.
Hərçənd ki, bəzən belələri də bestsellerlər siyahısında fəxri yerlər tuta bilirlər. Həmin siyahı isə, bildiyiniz kimi, dəyərsiz romanlarla doludur.
Mənim nəzərimdə, əgər ruhunun dərinliyindəki kabuslar, yazıçıları üsyankar varlıqlara çevirən "cinlər" adamı coşdurmursa, onun reallığı yeni bir şəklə salan yaradıcı adam olması müşküldür.
Öz "cinlər"indən qaçan, öz mövzularını kifayət qədər orijinal və cəlbedici saymayaraq, kənar mövzulara girişənlər dəhşətli dərəcədə yanılırlar.
Ədəbiyyatda özü-özlüyündə yaxşı və ya pis mövzu yoxdur. İstənilən mövzu yaxşı da çıxa bilər, pis də.
Bu isə, bir daha qeyd edirəm, mövzunun roman şəkli alarkən nəyə çevriləcəyindən, yəni üslub və strukturdan müstəsna dərəcədə asılıdır. Məhz hansısa mövzu üçün seçilən forma müəyyən bir əhvalata orijinal və ya çeynənmiş, dərin və ya səthi, mürəkkəb, yaxud bəsit xarakter verir.
Forma hadisələrə və personajlara enerji, zəngin məna və dürüstlük gətirir, yaxud da elə onun ucbatından bəzən qəhrəmanlar cansız və karikaturanı xatırladan oyuncaqlara çevrilirlər.
Mənim aləmimdə, bu, ədəbiyyatın istisna sevməyən azsaylı qaydalarından biridir. Özü-özlüyündə mövzular roman üçün əvvəlcədən hansısa aqibət müəyyənləşdirmir.
Yazıçının onları müəyyən qaydada düzdüyü sözlərlə gerçəyə çevirərkən necə davranacağından asılı olaraq, mövzular yaxşı və ya pis, cəlbedici və ya cansıxıcı alınır.
Dostum, elə bilirəm ki, söhbətimizi artıq burada bitirə bilərik.
Sizi bağrıma basıram.
(Tərcümə ilk dəfə «Xəzər» jurnalında işıq üzü görüb)