Mixaylonun qızıl üzüyü hardadır?

Mehdi Hüseynzadənin Bakıdakı heykəlinazirli

Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadə (Mixaylo) haqqında yazılan 400 səhifəlik böyük bir kitab 3 ildir ki, imkansızlıq üzündən nəşriyyatın kompyuterində qalıb. Kitabın müəllifi araşdırmaçı-jurnalist Şəmistan Nəzirli ilə söhbətimiz bu barədədir.

- Şəmistan bəy, qarşınızda gələcəkdə çıxacaq bir kitabın üz qabığı var. Lütfən, bu kitab barədə bizə bilgi verin.

- Mən bu kitabın üzərində illərlə işləmişəm. Mehdi Hüseynzadə - həm Sovet İttifaqı Qəhrəmanı kimi, həm də xalqımızın qəhrəmanı kimi çox böyük bir şəxsiyyətdir. Bunu fəxrlə deyirəm. İllərlə araşdırıb 400 səhifədən çox kitab yazmışam. Xatırladım ki, 1981-ci ildə onun haqqında mənim “Əfsanəvi Mixaylo” adlı bir kitabım çıxıb. O vaxt nəşriyyat kitabı ixtisar elədi. Mən də o baş redaktora dedim ki, niyə kəsib-doğrayırsınız, axı o xalqın görkəmli oğludur. Sovet İttifaqı Qəhrəmanlarından heç birini onunla müqayisə etmək olmaz. O, hər biri bu adı ala biləcək 25 əməliyyat keçirib. Mənə nə desə yaxşıdır: Nə istəyir bu bakılılar bundan artıq? Bakıda Nizamiyə də heykəl qoyulub, Mehdi Hüseynzadəyə də…Mən onun müqayisəsini lənətləyib ordan çıxdım…

MEHDİNİN BÜTÜN SİLAHDAŞLARI İLƏ GÖRÜŞMÜŞDÜM

Dediyim odur ki, hələ Sovetlər dönəmində mən Mehdi Hüseynzadənin silahdaşlarının hamısı ilə görüşmüşdüm. O vaxtlar Ermənistanda yaşayan qərargah rəisi Cavad Həkimli ilə günlərlə söhbət etmişdim. Bura evimə dəvət etmişdim, Mehdi ilə bağlı onda olan sənədlərlə tanış olmuşdum. Göyçayda yaşayan Qədir İskəndərovla görüşmüşdüm. Çox nüfuzlu, gözəl bir kişi idi. Top bölüyünün komandiri olmuşdu. Qubada Rza Orucovla, Laçında Zirəddin kişi ilə, Cəlilabadda Alim Əliyev ilə tanışlıqdan sonra bu kitabı yazmışdım.

PARAŞÜT AĞINA BÜKÜB TORPAĞA TAPŞIRIBLAR

Hətta Tbilisidə Nikolay Nikolayeviç Tatuaşvili var idi, Mehdi Hüseynzadənin son günlərini gözəl bilirdi, onunla da görüşmüşdüm. O danışırdı ki, Mehdini bükmək üçün ağ yox idi, axırda paraşüt ağı tapdıq, öz əlimlə onun başdaşına rusca “Rahat yat, əzizim Mehdi” yazıb dəfn elədik…

MEHDİNİN ŞEİRLƏRİNİ DƏ TAPDIM

Kitabı hazırladım. Orda yalnız Mehdi Hüseynzadənin qəhrəmanlığını yox, həm də şeirlərini tapıb verdim, əl işlərini təqdim etdim. O, çox istedadlı adam olub, 6 dildə danışıb, rəsm çəkirdi, ədəbiyyatı gözəl bilirdi. Hətta 1935-ci ildə yazdığı bir poemasını tapmışdım. Poemaya, bilirsiniz, kim dərkənar qoyub? Mikayıl Müşfiq və Süleyman Rüstəm! Amma nədənsə poema çap olunmayıb. O vaxt Mehdinin cəmi 17 yaşı var idi. Həlak olanda isə 25 yaşındaydı…

MEHDİ ANADANGƏLMƏ KƏŞFİYYATÇI İDİ

Şəmistan Nəzirli
Maraqlısı budur ki, Mehdi Hüseynzadə kəşfiyyatçı məktəbində oxumayıb, ancaq müharibə başlayanda onu Tbilisə göndəriblər, Artilleriya Məktəbində kurs keçib. Yəni o, anadangəlmə kəşfiyyatçı olub. Əsir düşməyində onun günahı olmayıb. Bəzən deyirlər könüllü düşüb. Yalandır. Son məktubu var bacısına - Hürriyətə yazdığı. Məktubda yazır ki, siz onu bilin ki, mən sizin adınızı batırmayacam. Ölsəm, qəhrəman kimi öləcəm, qayıtsam qəhrəman kimi qayıdacam…

GÜCÜM 500 MANATA ÇATIR…

- Şəmistan bəy, görürəm kitabın üz qabığı qarşınızdadır. Bəs niyə nəşr etdirmirsiniz?

- Ona görə ki, maliyyə yoxdur. Kitab böyük olacaq - 400 səhifədən çoxdur. Tam hazırdır. 3 ildən çoxdur nəşriyyatın kompyuterində yatıb qalıb. Mehdi Hüseynzadənin bir bacısı oğlu var, Mehdinin adını daşıyır, həkimdir, çox səmimi, mədəni adamdır. Dedi mənim gücüm ancaq 500 manata çatır. Gətirdi verdi. Kitabın çapı üçün isə 3 min 500 manat lazımdır…

MEHDİNİN NİYƏ MUZEYİ YOXDUR?

- Kitabın çapı ilə bağlı bir yerə üz tutmusunuzmu?

- Bir neçə yerə müraciət etmişəm. Hətta Mehdi Hüseynzadənin doğulduğu Abşeron rayonuna da. Gülməli bir cavab verdilər. Dedilər siz kitabı çap edib gətirin, 10-nun pulunu verərik…Hər yerdə deyirəm. Bəziləri söz verir, deyirlər baxarıq, amma yaxın duran yoxdur. Mənim məqsədim bu kitabdan qazanc götürmək deyil, istəyirəm gəncliyimiz Azərbaycanın fəxri olan bu qəhrəmanı tanısın. Mehdi Hüseynzadənin adına Novxanıda məktəb var. Hər il orda tədbir keçiririk. Yaşadığı yeri vaxtilə bacısı alıb muzey etmək istəyirdi. Hüseynzadələr Qasım İsmayılov küçəsində və metronun “Nizami” stansiyasının yanında yaşayıblar. Amma oranı o vaxt bir milis rəisi gəlib tutdu və ordan çıxmadı. Halbuki oranın muzey olası sənədləri var…

QIZIL ÜZÜK HARDADIR?

Mehdi Hüseynzadənin qərargah rəisi Cavad Həkimli İtaliyadan gələndə onun qızıl üzüyünü gətirmişdi.(Üzük qiymətli, həm də qənimət idi—S.İ.)

- O üzük Tarix Muzeyindədir.

- Yoxdur. Oğurlayıblar.

- İki il öncə Mehdi Hüseynzadəyə həsr olunmuş canlı proqramda biz Tarix Muzeyi ilə telefon əlaqəsi yaratdıq. Dedilər ki, indi təmir gedir, sonra Mixayloya aid olan hər şey muzeydə sərgilənəcək.

- Yox, düz deməyiblər…Üzük yoxdur. Sonra Mehdinin geyimləri qalıb, qalstuku-filanı, portmanatı…Yəni muzeylik sənədlər var. Şəkilləri çoxdur. Hamısını kitabda vermişəm. Amma nə faydası?

MƏN ÖLƏNDƏN SONRA KİMİN İMKANI OLAR, ÇAP ETDİRƏR…

Mən təqaüdə çıxmışam. Aldığım təqaüdü neçə il yığsam da bunu çap etdirmək olmaz. Bu çətinliyə mən dözmüşəm. İndi gəlib məsələ dirənib maliyyəyə. Onda adam peşman olur. Yox, mən ruhdan düşməyəcəm. Əsas yazmaqdır. Mən öləndən sonra kimin imkanı olar, çap etdirər. Hər halda istərdim ki, bu tez olsun.