Mağazada ibadət edən dindarlar

Məscidləri açsaydılar yaxşı olardı
- İnsanlar hələ də 2008-ci ildən bağlı qalan Əbu-Bəkr məscidindəki ibadətlərini xatırlayır və məscidlərinin bir gün açılacağı günü səbirsizliklə gözləyirlər.

Bakının Nərimanov rayonundakı Cümə məscidi el arasında Əbu-Bəkr məscidi kimi tanınır. Bağlı olmağına baxmayaraq, qarşısında dindar insanlar tez-tez gözə dəyir və dini mağazalar öz fəaliyyətini davam etdirir. Elə bu mağazaların birində insanların içəridə namaz qıldığın gördük:

NAMAZ QILMAĞA YER YOX İDİ

- Məscid partlayışdan sonra bağlıdır. Elə mən də burdan keçərkən namaz qılmağa yer yox idi, burda dükanda qılmışam namazımı.

- Mən də təəssüf hissi var. Nədənsə, bu məscid gec açılır və bu barədə insanlara az məlumat verilir.

- Bu məsciddə bilirdik ki, hamısı İslam Akademiyasında təhsil alıb gəlmiş din adamlarıdı. Bir var kimdənsə öyrənirsən, bir də var bu oxuyub, bunun elmi var.

Qarşılaşdığımız dindarlar deyirlər ki, ibadət etmək üçün yerlər azdır, mümkün olan yerlər isə uzaqdır:

MƏSCİDLƏRİ AÇSAYDILAR YAXŞI OLARDI

Qaraçuxurda yerləşən məscidə gedirik, amma ailəli qadınıq, uşaqla gəlmək olmur
- İlahiyyat məscidi, Ləzgi məscidi...Müsəlmanlar maşallah çoxdur, yer də ki yoxdur. Məscidləri açsaydılar yaxşı olardı.

- Qadınların məscidlərə getməsi bir o qədər də önəmli olmadığına görə mən evimdə də ibadət edə bilirəm. Amma hərdən bir müsəlman olaraq insanın qəlbi çəkir. Qaraçuxurda yerləşən məscidə gedirik, amma ailəli qadınıq, uşaqla gəlmək olmur.

Əbu-Bəkr məscidinə 2008-ci ilin avqustunda qumbara atılıb, 2 nəfər ölüb, 11 nəfər yaralanıb. Həmin hadisədən sonra məscid bağlanıb və məscid icmasının müraciətlərinə baxmayaraq açılmayıb. ABŞ Dövlət Departamentinin dünyada dini vəziyyətlə bağlı noyabrın 17-də açıqladığı hesabatda deyilir ki, bu məscidə cümə ibadətinə 7.000 dindar toplaşırdı.

QANUNLAR DİNİ MƏHDUDİYYƏTLƏRİ ARTIRIB

Hesabatın Azərbaycanla bağlı hissəsində o da bildirilir ki, ötən illə müqayisədə din azadlığına hörmət bir o qədər dəyişməyib. Hesabatda deyilir ki, Konstitusiya dəyişikliyi (bir nəfərin iki dəfədən artıq prezident seçilməsinə məhdudiyyətin götürülməsi) və 2009-cu ildə qəbul edilmiş digər qanunlar dini məhdudiyyətləri artırıb və dini qrupların qeydiyyatı üçün yeni tələblər əlavə edilib.

Yevda Abramov
Hesabatda həmçinin Əbu-Bəkr məscidi də daxil olmaqla, Azərbaycanda bir çox ibadət yerlərinin bağlandığı haqqında məlumatlar var.

Məhəmməd peyğəmbərin ildönümünü qeyd etmək üçün Nizami rayonunda dinc yürüş etmək istəyən 100-dək dindar 2010-cu il fevralın 13-də polis təzyiqi ilə üzləşib və saxlanıb. Bu hadisə də Dövlət Departamentinin hesabatında öz əksini tapıb.

ABŞ Dövlət Departamentinin yayımladığı hesabata Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədr müavini Yevda Abramovun münasibəti belə oldu:

APARIB GÖZÜNƏ SOXUM Kİ, BU DA DİNİ AZADLIQ

- O Amerikadan kimdisə, onu gətirin mənim yanıma bir gün, mən onu aparım Qubaya. Göstərim ki, bir ay əvvəl təzə sinaqoq tikilib. Mən aparıb gözünə soxum ki, bu da dini ibadətlər, bu da dini azadlıq. Cavan-cavan uşaqlar məktəbdən sonra dini ibadətxanalara gedirlər. Heç bir məhdudiyyət yoxdur!

NƏTİCƏ YOXDUR

Elşad Miri
Din məsələləri üzrə ekspert Elşad Miri isə deyir ki, bu hesabat hər il yayımlanır, amma nəticəsi olmur:

– Sadəcə informasiya xarakterli hesabat kimi qalır. Amma əks təsirini və ya ondan sonra bir düzəliş olduğunu görmürəm. Müvafiq qurumlar da bunun belə olmadığı ilə bağlı bəyanat verir və ya hesabatı ölkənin daxili işinə qarışmaq kimi qələmə verirlər.

Elşad Mirinin sözlərinə görə, Azərbaycanda dini azadlığa qoyulan məhdudiyyətlər özünü bir sıra məsələlərdə büruzə verir ki, onlardan biri də, bəzi məscidlərin, məsələn, Şəhidlər Məscidinin hələ də təmir adı altında bağlı qalmasıdır.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən isə bildirdilər ki, ABŞ Dövlət Departamentinin yaydığı hesabat araşdırma tələb etdiyi üçün açıqlama verilməsi zaman tələb edir. Amma yaxın zamanlarda komitənin münasibəti ictimaiyyətə bəyan ediləcək.