Bəxtiyar Hacıyev buraxıldı

Bəxtiyar Hacıyev

Budəqiqələrdə məlum olub ki, Bəxtiyar Hacıyev azadlığa buraxılıb. Bu haqda AzadlıqRadiosuna onun özü məlumat verib.

B.Hacıyev deyib ki, məsələ ilə bağlı akt tərtib olunub. Aktda onun heç nəyə qol çəkmədiyi qeyd olunub: “Gah deyirdilər ki, sən 2009-cu ildən hərbi xidmətdən yayınmaqla bağlı axtarışda olmusan ona görə iltizam verməlisən. Gah da 2011-ci ildə hərbi çağırışdan yayınmayacağımla bağlı iltizam istəyirdilər. Heç bir sənədə imza atmadım və həmin ərəfədə təhsil aldığım üçün hərbi xidmətə çağırılmadığımı konkret faktlarla izah etdim. Bildirdim ki, mənə qarşı bütün bu qeyri-qanuni hərəkətlər İctimai Televiziyada deputatlığa namizəd kimi çıxışımdan sonra başlayıb. Artıq məni buraxıblar. Gəncədə ailəmin yanındayam”.

24 SAAT AC-SUSUZ

Gəncənin Nizamı rayon hərbi komissarlığında Bəxtiyar Hacıyevdən 2010-cu ilin yanvar ayından etibarən hərbi xidmətdə olmamağının səbəbləri barədə izahat tələb edirlər.

Deputatlığa namizədin sorğu-sualı prosesində polisin və icra hakimiyyətinin nümayəndələri də iştirak edir. Bunu AzadlıqRadiosuna deputatlığa namizəd olmuş Bəxtiyar Hacıyev bildirib:

“Mənə deyirlər ki, niyə yanvar ayından hərbi xidmətdə deyilsən. Polis, icra nümayəndələri də komissarlıqdadırlar. Hamısının iştirakı ilə mənə bu barədə iltizamı imzalatmaq istəyirlər. Mən isə imtina edirəm. Mən onlara deyirəm ki, saxlanılmağım və bura gətirilməyim qeyri-qanunidir. Əgər hər hansı məsələyə rəsmən aydınlıq gətirmək istəyirlərsə, qanuni şəkildə müraciət etsinlər”.

Bəxtiyar Hacıyev 24 saatdır ac, susuz saxlanıldığını və təhdid olunduğunu bildirir.

Gəncənin Nizami rayon hərbi komissarlığından məsələyə aydınlıq gətirmək mümkün olmadı.

Müdafiə Nazirliyi mətbuat xidmətindən Teymur Abdullayev isə AzadlıqRadiosuna məsələ ilə bağlı məlumatı olmadığını deyib:

“Bu barədə məndə elə bir məlumat yoxdur. Yəni konkret bilgiyə malik deyiləm. Ancaq qeyd edim ki, kiminsə hərbi xidmətə aparılmasında da qeyri adi bir şey yoxdur”.

MƏNƏ İZAHAT VERİLMİR


Bəxtiyar Hacıyev Gəncənin Nizami rayon hərbi komissarlığındadır. Onu tapşırıq əsasında saxladıqlarını bildirirlər. Bu barədə AzadlıqRadiosuna Bəxtiyar Hacıyevin özü məlumat verib.

“Mənə heç bir izahat verilmir. Dünəndən saxlanılmışam. Hərbi prokurorluqdan tutmuş, polis idarələrinə, hərbi hissələrədək müxtəlif yerlərə aparıblar. Qazax rayon regional hərbi prokurorluqda kimliyim, haralarda təhsil almam, hansı tarixlərdə ölkədən çıxmam və qayıtmam barədə izahat aldılar. Sonra yenə verdilər məni sərhədçilərə. Onlar da gecə bir hərbi hissədə saxlayandan sonra Gəncə şəhər polis idarəsinə gətirdilər. Oradan da məni Gəncənin Nizamı rayon hərbi komissarlığına gətiriblər. Hazırda buradayam və niyə gətirildiyim barədə konkret heç bir izahat verilmir. İndiyədək haralarda olmuşamsa hamısında deyiblər ki, sənin ölkədən buraxılmamağınla bağlı göstəriş olduğu üçün saxlamışıq. Amma bunu deyənlərin böyük əksəriyyəti bilmir ki, göstərişi kim verib”.

AİLƏSİ BƏXTİYAR HACIYEVLƏ GÖRÜŞƏ BİLMİR

Ailə üzvləri Şəmkirdə - Sərhəd qoşunlarının N saylı hərbi hissində saxlanılan deputatlığa keçmiş namizəd Bəxtiyar Hacıyevlə görüşə bilmirlər.

Onun qardaşı Vüqar Hacıyev AzadlıqRadiosuna bildirib ki, hərbi hissədən Bəxtiyarın orada olduğunu və normal şəraitdə saxlanıldığını desələr də, görüşə icazə vermirlər.

“Hazırda mən Şəmkir rayonunda N saylı hərbi hissənin qarşısındayam. Bəxtiyarı noyabrın 18-də günün ikinci yarısı Qazax rayon hərbi prokurorluğundan bura gətiriblər. Səhərdən buradayıq, heç cür görüş əldə edə bilmirik. Sadəcə deyirlər ki, buradadır, əlavə heç bir məlumat verilmir. Deyirlər, narahat olmayın, elə bir ciddi problem yoxdur. Dindirilir, araşdırılır”.

Vüqar Hacıyev əlavə edir ki, hərbi hissədən məlumat almaq üçün Sərhəd qoşunlarının mətbuat xidməti ilə əlaqə saxlamağı tövsiyə edirlər.

Sərhəd qoşunları mətbuat xidmətinin rəhbəri Cəbrayıl Əliyev isə bu məsələ ilə bağlı AzadlıqRadiosunun suallarının tezliklə araşdırılıb cavablandırılacağını bildirib.

B. Hacıyev noyabrın 18-də hələ mobil telefonu açıq olarkən AzadlıqRadiosuna bildirmişdi ki, o, Azərbaycan-Gürcüstan sərhədini keçmək istəyərkən Qırmızı körpü sərhəd keçid məntəqəsində saxlanılıb. Sərhədçilər əvvəlcə onu pasportunda problemlər olduğuna görə saxladıqlarını bildirsələr də, sonradan bunun üçün tapşırıq aldıqlarını deyiblər.

Həmin gün Qırmızı körpü sərhəd keçid məntəqəsinin adının çəkilməsini istəməyən əməkdaşlarından biri isə AzadlıqRadiosuna demişdi ki, ümumi axtarış sistemi bazasında Bəxtiyar Hacıyevin Azərbaycanı tərk etməməsi ilə bağlı göstəriş var və o, buna əsasən saxlanılıb.

Bu tapşırığın hansı dövlət qurumu tərəfindən və nəyə görə verilməsi isə açıqlanmır.

Bundan bir qədər sonra - noyabrın 18-i saat 21 radələrindən etibarən isə Bəxtiyar Hacıyevin mobil telefonu söndürülmüşdü.

Bəxtiyar Hacıyev 7 noyabr parlament seçkilərində 17 saylı Yasamal 3-cü Seçki Dairəsindən deputatlığa namizəd olub. Mərkəzi Seçki Komissiyasının rəsmi nəticələrinə görə, o, bu dairədə 749 səs toplayıb və üçüncü olub.

Bəxtiyar Hacıyev 2007-ci ildə təsisçisi olduğu www.susmayaq.biz saytına girişin əngəllənməsindən sonra da həbs olunmuşdu. O, Nərimanov rayon məhkəməsinin qərarı ilə 12 sutka həbs cəzasına məhkum edilib. Həmin ərəfədə www.susmayaq.biz saytı Tarif Şurasının Azərbaycanda enerjidaşıyıcıların qiymətlərinin qaldırılması barədə verdiyi qərara etiraz olaraq imzatoplama kampaniyasına başlamışdı. Bəxtiyar Hacıyev bu kampaniyadan əvvəl isə «Təhsildə Rüşvətə YOX deyək» hərəkatının təşkilatçısı kimi etiraz piketlərində həbs olunmuşdu.