ZİRZƏMİ BÜTLƏRİ
Yuxarıdan rəhmət ,
aşağıdan lənət yağırdı...
miskin insanların ayaqları altına...
mənsə , yenə burnumda cəhənnəm qoxusu
əlimdə dəftər, qələm
yerin təkinə enirəm...
son ümidlər əridi , bitdi...
gözlərimdə səma itdi , əfəndim ...
qaranquşların uçuşduğu
gözəgörünməzin mavi pərdəsi...
ruhumda sevgilim tükəndi ,
kəsildi ruhumun səsi...
əllərimdə azadlıq,
ürəyimdə şəfqət ,
dizlərimdə taqət ...
yenə yuxarıdan rəhmət ,
aşağıdan lənət yağırdı , əfəndim...
endim yerin təkindəki zirzəmi bütlərinin yuvasına...
yer üzünə qızıl , atom , neft püskürən...
balaca insanların məbudu olan , qara bütlərin...
yenə yuxarıdan rəhmət ,
aşağıdan lənət yağırdı , əfəndim...
illərlə içimdə özümü yox ,
qocaman bir qorxunu böyüdürmüşəm...
mən hücrədə böyüdüm...
qorxu mənim içimdə...
soyuyub daşlaşmaq ,
kütləşib bütləşmək qorxusu...
ama onlar qorxmadılar
asi olmuşların qorxusu yoxmuş demək ....
indi yuxarıdan da lənət ,
aşağıdan da lənət yağır , əfəndim...
onların ayaqları altına...
ÇAĞIRIŞ
Eeeyyy... qanı mürəkkəb insan
ürəyindən nələr keçmir ki... nələr...
üfüqlərdə doğan bir günəş ,
günəşi bətnində gizlədən bir səma ,
səmanın əkiz bacısı dəniz ,
dənizin həsrəti torpaq ,
torpağa sarılmış min ildir həyat sürən
bircə gün ömrü qalmış
tənha , qocaman bir palıd ağacı...
o ağacdan qopub qorxaq Bakı piyadasının
qədəmləri altına düşən saralmış bir yarpaq ,
küləyin sevimli oyuncağı ,
O yarpağın üstündə titrəyən bir yağış damlası ,
qanadı qırılmış mələyin göz yaşı olmaq ...
sən bir işə bax , əfəndim
sən bir işə bax...
indi bildim , həyat mürəkkəbmiş ...
gözəgörünməzin yazdığı mürəkkəb...
Eeeyyy...səninləyəm ... eşidirsənmi ?
görəsən , neçə qələm bitirmisən
bu günə qədər şeir üstə ? ...
görəsən , Tanrı neçə dünya bitirib
səni yazmaqçün...
dünyaları qurban verib...
göz yaşı...
yarpaq...
palıd ağacları...
torpaq...
dəniz...
səma...
neçə -neçə kainatı qurban verib...
Eeeyyy...səninləyəm ... eşidirsənmi?
əllərindən söz tökülən...
hücrəsində şeir yazan...
görəsən , o mələyin qanadını bir vaxt
sarıyacaqsanmı ,
göz yaşlarını silib?
bəxtəvərsən!