«Dərsə hicabsız gəl!»

Valideynlər məktəbin direktor müavini ilə mübahisə edirlər
- Konstitusiyanın 42-ci maddəsində mənim uşağımın təhsil almaq hüququ var, 48-ci maddədə isə qeyd olunur ki, din azaddır. Mənim uşağımın bu iki hüququ tapdalanır.

- Hüququ tapdalanır gedin Baş Təhsil İdarəsinə, Təhsil Nazirliyinə müraciət edin.

- Mənim uşağımı siz dərsdən çıxarırsınız. Buna görə də siz məsuliyyət daşıyırsınız. Mənim uşağımı bir də dərsdən çıxarsanız, sizi məhkəməyə verəcəyəm.

- Gedin məhkəməyə verin.

«ELƏ QIŞQIRIR Kİ, UŞAĞIMI AĞLAMAQ TUTUR»

Bakının Yasamal rayonundakı 18 saylı orta məktəbdə dərsdən çıxarılan hicablı şagirdlərin valideynləri ilə məktəbin direktor müavini elə qapının ağzındaca mübahisə edirlər.

Valideynlər məktəbin kandarından bir addım atan kimi məktəb rəhbərliyi hicablı şagirdləri dərsdən çıxarır. Buna görə də valideynlər məktəbin həyətində dayanıb dərsin başa çatmasını gözləyirlər.

- «Elə qışqırır ki, «çıx sinifdən, sən dərsə başı açıq girməlisən!» Tutdu qolundan bir dəfə çıxardı, apardım qoydum sinfə, təzədən yenə çıxardı. Elə qışqırır uşağın üstünə ki, çıx sinifdən. Uşağımı ağlamaq tutur».

- «Uşağı təhsil almağa qoymurlar. Bu hansı qanunda var?»

- «Direktorun özü də təsdiq edir ki, məktəbdə 14 nəfər hicablı şagird oxuyur, 14-ü də əlaçıdır»

- «Axı mənim uşağımın hicabının təhsilə nə aidiyyəti var?»

Valideynlər məktəbin həyətində dayanıb dərsin başa çatmasını gözləyirlər
- «Məktəb rəhbərliyindən deyiblər ki, valideynlər, uşaqlarınız məktəbə başını açıb gəlsin. Hansı qanunda yazılıb ki, dərsə baş örtüyü ilə gəlmək olmaz? Hər bir vətəndaşın təhsil almaq hüququ var»

TƏLİMAT YUXARIDAN GƏLİB

Valideynlər uşaqlarının hüquqlarının pozulduğunu, məktəb rəhbərləri isə Təhsil Nazirliyinin verdiyi göstərişi icra etdiklərini deyirlər.

18 saylı orta məktəbin direktor müavini Elxan Məmmədov deyir ki, birmənalı olaraq hicablı şagirdlərin dərslərə buraxılmasına qadağa qoyulub:

«Təhsil Nazirliyinin göstərişi ilə hicablı şagirdlərin dərslərə buraxılmaması tapşırılıb. Biz də məktəb rəhbərliyi olaraq hicablı şagirdləri dərslərə buraxmırıq, getsinlər başlarını açsınlar, gəlsinlər. Artıq suallar varsa, getsinlər nazirliyə. Biz icraçı orqanıq. Yuxarıdan hansı təlimatı veriblər, biz də o təlimatı icra edirik».

«Məktəbli qızların sinifdə hicab taxması normal deyil». Bunu Təhsil naziri Misir Mərdanov jurnalistlərə deyib. O, əlavə edib ki, sinifdən kənarda kim hansı forma istəyir, geyinsin. Amma sinfin öz qayda-qanunu var.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə isə AzadlıqRadiosuna müsahibəsində vurğuladı ki, bütün məktəblərə hicablı şagirdlərin dərslərə buraxılmaması ilə bağlı göstəriş verilib:

Erkin Qədirli
«Hicabın bağlanması o deməkdir ki, artıq həmin şagirdlər dərsə məktəbli formasında gəlmir. Biz bütün məktəblərə göstəriş vermişik ki, bütün şagirdlər dərslərə məktəbli formasında gəlsin. Bütün məktəb rəhbərliyi də çalışmalıdır ki, bu göstərişə əməl etsinlər və şagirdlərin dərslərdə məktəbli formasında iştirakını təmin etsinlər».

QORXUDAN YARANAN QADAĞA

Hüquqşünas Erkin Qədirli Təhsil Nazirliyinin bu yanaşmasını dövlətin daha bir yanlış qərarı kimi qiymətləndirir. Erkin Qədirli deyir ki, bu qərar yüzlərlə məktəbli qızların tədrisdən yayınması ilə nəticələnəcək:

«Bu, inzibati özbaşınalıqdır və bu qadağa konstitusiyada təsbit olunmuş dini etiqad və vicdan azadlığı haqqını pozur. Bu qərar hansısa qeyri-sağlam xoflardanmı, qorxulardanmı qaynaqlanan bir qadağadır. Oturuşmuş demokratik ölkələrin heç birində belə bir qadağalar yoxdur».

Dini Etiqad və Vicdan Azadlığı Mərkəzinin rəhbəri İlqar İbrahimoğlu deyir ki, Bakı məktəblərinin 25 faizində hicablı şagirdlər ciddi problemlərlə üzləşirlər.