Nobel sülh mükafatı boş stul üzərinə qoyuldu

Thorbjoern Jagland çıxış edir.

Bu ilin Nobel sülh mükafatı çinli dissident Liu Syaoboya verilib.

Nobel Komitəsinin rəhbəri Thorbjoern Jagland dekabrın 10-da Osloda mükafatın təqdimat mərasimində Çini çağırıb ki, dissidenti həbsdən azad etsin.

Yagland deyib ki, “Liu yalnız öz mülki hüquqlarından istifadə edib. O pis bir iş görməyib. O, azad edilməlidir”.

Nobel Komitəsinin rəhbəri təəssüflənir ki, Çin həbsdə olan dissidenti Osloya gəlib mükafatı almağına imkan verməyib.

“Təəssüf ki mükafatın sahibi burda deyil. O,

Çinin şimalındakı bir həbsxanada – təcrid olunmuş vəziyyətdə saxlanır.

Mükafat sahibinin həyat yoldaşı, yaxud başqa yaxın qohumları da bizimlə birlikdə deyil.

Ona görə də burada mükafatın diplomu, yaxud medalı kiməsə təqdim edilməyəcək.

Elə bu faktın özü göstərir ki, bu mükafat mühüm və məqsəduyğundur.

Biz Liu Syaobonu bu ilki sülh mükafatı münasibətilə təbrik edirik”.

Nobel Komitəsinin rəhbəri bu çıxışından sonra Nobel sülh mükafatının qızıl medalını boş stulun üzərinə qoyub.

Həmin stulda adətən təltifetmə mərasimi zamanı laureat oturur.

Ikinci dəfədir ki, Nobel mükafatı tarixində belə hadisə baş verir.

1935-ci ildə

nasist Almaniyası müharibə əleyhdarı Carl von Ossietzky-yə Osloya gedib öz mükafatını almağa icazə verməmişdi.

Və onun mükafatını yaxınlarından heç kim ala bilməmişdi.

Amma mükafatı almağa özü gələ biməsə də, ailə üzvlərini göndərənlər olub.

Məsələn, Myanmardan olan siyasi fəal Aung San Suu Kyi, Polşadan olan Lex Valensa və SSRİ-dən olan Andrey Saxarov.

Liu Syaobonun mərasimə gələ bilməməsi sual doğurur ki, qızıl medal və 1,5 milyon dollar ona necə veriləcək.

Çin Liunu dövlətçilik əleyhinə cinayətdə təqsirli bilərək 11 il müddətinə həbsə atıb.

Onun təkcə ailə üzvlərinə ölkəni tərk etməyə icazə verilməyib, 20-dən artıq ictimai fəalın da mərasimə qatılmasının qarşısı alınıb, onlar həbs olunub.

Bu gün Çin hökuməti mükafatlandırma mərasimini pisləyib.

Xarici İşlər Nazirliyinin sözçüsü deyib ki, “mərasim göstərir ki, Nobel Komitəsinin qərarı dünya xalqlarının böyük hissəsinin rəyini əks etdirmir”.

Çin mərasimdə özü iştirak etmir.

Bundan başqa 20-cən ölkə də Çinin təhriki ilə mərasimə qatılmaqdam imtina edib.


Onlar arasında Rusiya, Pakistan, Qazaxıstan, Əfqanıstan da var.

Əvvəlcə mərasimi boykot edəcəyini elan etmiş iki ölkə - Ukrayna və Serbiya mövqeyini dəyişib.

Çin hökumətinin Liu Syaobonu sülh mükafatı laureatı kimi gözdən salmağa çalışması Qərb ölkələrində dövlətlər səviyyəsində pislənib.

ABŞ Dövlət Departamentinin sözçüsü Filip Krouli deyib.

Osloda Liuya dəstək aksiyası. 9 dekabr 2010
“Biz Çini çağırırıq ki, insan haqları ilə bağlı beynəlxalq öhdəliklərə əməl etsin, Çin vətəndaşlarının fundamental insan haqlarına hörmət etsin. Biz cənab Liunun azadlığa buraxılmasına çağırmaqda davam edəcəyik”.

Çin isə bildirir ki, Qərb ölkələri belə mükafatlarla öz ideyalarını Çinə yeritmək istəyirlər.

Lui 1989-cu ldə Çində tələbələrin kütləvi etiraz aksiyalarının liderlərindən biri olub.

May ayının 10-dan Pekinin Tiananmen meydanında toplaşan yüz minlərlə tələbənin aksiyası iyulun 4-də zorla dağıdıldı.

Çinin kommunist rəhbərliyi dinc tələbələrə qarşı əsgərlərdən və tanklardan istifadə etdi.

Bu günlərdə internetdə Liu Syaobonun iyunun 4-də yazılmış səsindən məlum olur ki, o, tələbələri dilə tutaraq qanlı faciənin qarşısını almaq istəyib.

Sonrakı illərdə isə o, Çində insan haqları uğrunda mübarizəsini davam etdirib.