«Bakının XIX əsr memarlıq tarixi yer üzündən silinir»

Hacıbaba Əzimov
«Bakının XIX əsr memarlıq tarixi yer üzündən silinir». Bu sözləri AzadlıqRadiosunun «Can Bakı» proqramına «Qış bulvarı» salınacaq ərazinin son sakinlərindən biri Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri, keçmiş deputat, professor Hacıbaba Əzimov söylədi.

Onun sözlərinə görə, məmurlar əmlaklarını zorla əllərindən almaq istəyirlər və demək olar ki, alıblar: «Binamız memarlıq abidəsidir. Binada 11 ailə yaşayırdı. Təkcə dirənib mənzilini təhvil verməyən bizik».

MƏNZİLİMİZ HƏM DƏ PARTİYAMIZIN QƏRARGAHIDIR

Mənzilinin bir otağında həm də sədri olduğu partiyanın qərargahının yerləşdiyini deyən Hacıbaba Əzimov «indi həm partiyanı qərargahdan məhrum edirlər, həm də mənzilimi əlimdən alırlar» dedi.

Əzimov cəmiyyətdə onlara kompensasiya verilməsi barədə səhv fikirlərin dolaşdığına diqqət çəkdi: «Mənzillərindən qovulan qonşularımla nə müqavilə bağlayıblar, nə gecələmək üçün kirayə pul, nə də əvəzində ev veriblər. Dedikləri budur ki, evinizdən çıxın, ilin axırınacan hər şey sökülməlidir».

DÖVLƏT SATINALMASI NƏDİR?


Hacıbaba Əzimov Azərbaycan qanunvericiliyində dövlət satınalınmasının çox gözəl tənzimləndiyini dedi: «Dövlət satınalması o vaxt ola bilər ki, magistral yol salınsın, dəmiryol xətti çəkilsin, hərbi obyekt tikilsin. Nazirlər Kabineti qərar verir, bir il ərzində mülkiyyət sahibi ilə müqavilə bağlanır, həmin şəxsə 90 gün vaxt verilir ki, köçsün. Köçməyinə də nəqliyyat ayrılır. Hətta prezidentin 2007-ci il fərmanı var. Orda deyilir ki, satınalmalarda mənzilin bazar qiymətindən 20 faiz əlavə ödənilməlidir ki, vətəndaş razı qalsın».

NƏ LAYİHƏ VAR, NƏ DƏ QƏRAR...


Hacıbaba müəllim bulvarın layihəsinin hələ əldə olmadığını, bu barədə Nazirlər Kabinetinin qərarının da yoxluğunu vurğuladı:
Mətləb Mütəllimli
«Heç nə yoxdur. Bir qrup korrupsiyaya bulaşmış məmur insanların əmlakını əlindən alır, evindən qovur».

ÖLKƏNİN NƏDƏ ANALOQU YOXDUR?


Bu olayı «dünyada analoqu olmayan» hadisə adlandıran partiya başçısı əlavə etdi: «Düzdür, deyirlər ki, Azərbaycan analoqu olmayan templə inkişaf edir, amma bu həqiqət deyil. Yüksək templə gələn neft, qaz gəlirləridir. Söküntü məsələsində isə Azərbaycan, doğrudan da analoqu olmayan ölkədir».

«CAN BAKI» YOX, «VAY BAKI» DEMƏLİ OLURUQ

Verilişin digər qonağı - Azadlığın və Sülhün Müdafiəsi Beynəlxalq Hüquq Təşkilatının rəhbəri Mətləb Mütəllimli isə deyir :

«Konstitusiyanın 49 maddəsi insanların hüquq və azadlıqlarına həsr olunub. Amma bu maddələrin heç biri Azərbaycanda tətbiq olunmur. Vətəndaşların şikayətini araşdırarkən məlum oldu ki, ölkədə bu işlər yüksək səviyyədə həll olunduğuna görə, aşağılarda buna fikir verən yoxdur. Məhkəmələr bilərəkdən hüququ pozulan vətəndaşların ərizələrini qəbul etmir. Qəbul edəndə isə, qanunauyğun baxmır. Bax, Konstitusiyada yazılıb: Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əməl olunmursa, bu niyə yazılıb?».

ÖLKƏNİN SƏVİYYƏSİ İDMANLA ÖLÇÜLMÜR


Mətləb Mütəllimli dünyanın heç bir yerində ölkənin səviyyəsinin idmanla ölçülmədiyini vurğuladı: «Ölkənin səviyyəsi dövlətin vətəndaşlarına münasibəti ilə, insan hüquqlarının qorunması ilə, təhsillə, hüquq-mühafizə orqanlarının qanuna baş əyməsiylə ölçülür».

MÜRACİƏT EDƏCƏYİK


Aytəkin İmranova
Tarix, Mədəni və Təbii İrsi Qoruma Komitəsinin əlaqələndiricisi Aytəkin İmranova Qeyri-Hökumət Təşkilatları adından Konstitusiya Məhkəməsinə müraciət hazırladıqlarını bildirdi: «Azərbaycan xalqı mədəni irsdən məhrum olur. Bunun fəsadları çox olacaq».

BAŞINA DAŞ DÜŞƏNLƏR OLDU


A.İmranova dekabrda Şəmsi Bədəlbəyli-67-69-ünvanlarından (hər ikisi tarixi abidədir –S.İ.) ən son çıxarılan sakinlərindən xəsarət alanların olduğunu dedi: «Başına daş düşən oldu—adı İsfəndiyardır. Pilləkəni sökmüşdülər ki, 3-cü mərtəbəyə qalxa bilməsinlər. Başqa bir ailənin əlil üzvü var idi, bütün ailəni döymüşdülər polislər. Onların ekspertizadan rəyləri də var».

Xatırladaq ki, Bakının Şəmsi Bədəlbəyli, Füzuli və Topçubaşov küçələrində 2010-cu ilin fevralından başlanan söküntü işləri artıq yekunlaşıb. İndi ərazidə təkcə H.Əzimovun ailəsi qalıb. Bakı şəhər İH burada «Qış bulvarı» salmaq fikrindədir.

İcra Hakimiyyətinin əməkdaşı Zülfəli İsmayılov bir müddət əvvəl AzadlıqRadiosuna demişdi ki, hər kvadratmetr üçün alternativ variant kimi əhaliyə yaxın ərazilərdə evlər təklif olunsa da, onlar razılaşmırlar. Milli Məclisin İnsan Haqları Komitəsinin rəhbəri Rəbiyyət Aslanova da deyir ki, burda insan hüquqlarının tapdanmasından söhbət gedə bilməz:

«Dövlət əhəmiyyətli tikintilər üçün həmin yerlər dövlət tərəfindən alınır. Bu insanlara qanunla müəyyən olunmuş qaydada pul verilir. Onlar da oradan köçürülür. Həmin insanlar elə pul tələb edir ki, dövlət bunu vermək iqtidarında deyil. Bunu da onunla əsaslandırır ki, bu, şəhərin mərkəzidir. Şəhərin mərkəzi olduğuna görə də ona bu pul verilir və o pulla da gedib ev ala bilərlər». Bulvar salınacaq ərazinin sakinləri isə dəfələrlə AzadlıqRadiosuna bildiriblər ki, verilən kompensasiyanın miqdarı (hər kvm-ə 1500 manat) artırılmasa, onlar evlərini tərk etməyəcəklər. Artıq ərazi demək olar ki, boşaldılıb.

- Mədəniyyət və Turizm Nazirliyinin Topçubaşov-62 ünvanında yerləşən memarlıq abidəsinin (Hacıbaba müəllimin yaşadığı bina-S.İ.) qorunmasıyla bağlı Bakı Şəhər İH-ə məktubu niyə binanın yarısı söküləndən sonra ünvana yetişdi?
- Hacıbaba Əzimovun Baş Prokurorluğa yazdığı «Bakının XIX əsr memarlıq tarixini yer üzündən silirlər» mesajlı məktubu niyə Bakı Şəhər İH-nə göndərildi?
- Nəsimi məhkəməsi 8 aydır sakinlərin vəsatətini niyə təmin etmir?
- H.Əzimov siyasi partiya liderlərini, Milli Məclisin deputatlarını nədə suçladı?
- Ölkə prezidentinin orada baş verənlərdən xəbəri varmı? Qonaqlarımız bu məsələdə niyə fərqli düşünürlər?
- Mətləb Mütəllimli ərazinin keçmiş sakinlərini nədə günahlandırdı?

«Can Bakı»nı dinləyin