(“Kirildən latına” layihəsi)
Yadulla tələbəlik şəklini mənimkiylə bir saxlayır. Şəkildən ona baxan qaraqaş-qaragöz oğlan elə bil özü yox, başqasıdır.
Artıq o, şəkildəkindən daha çox mənim uşaqlıqdan yaddaşımda hifz olan atasına bənzəyir. Ata ölüb gedəndən sonra, iraq olsun, sanki təzədən dirilib.
Kəndçi həyata atılan kimi, bir neçə iş var, çalışır tələsik onları görsün ki, bir növ, canı qurtarsın: biri evlənməkdi, biri də hardasa binə salmaq, olan-olmazına baş soxmağa yer qaraltmaq.
Səfər evlənməyinə evləndi, amma bu ikincisinə çatmadı.
Çiy kərpicdən alt mərtəbəni götürər-götürməz, dünya qarışdı, aləm dəydi bir-birinə.
Zəmanənin iri-iri dalğaları onu qamarlayıb, ən yaxını Taqanroq olan, uzaq-uzaq yerlərə tulladı.
Yadulla da sanki atasının onu düşməndən qoruyacağına arxayın olub, ya bəlkə qoy evdə adamın sayı düz gəlsin, kişi gedib hələ döyüş səsi eşitməmiş dünyaya gəlmişdi.
Müharibəni də elə müharibə qaydasınca – atasız başa vurdu.
Axırda tale birinə babaya oxşar ata, o birinə nəvəyə bənzər oğul bağışladı.
Oğul atanın cavanlığını görmədi, ata oğulun uşaqlığını.
Səfər qayıdıb nə gördü: ala-yarımçıq qoyub getdiyi evin kərpicləri qar-yağışdan ovulub-tökülür, yerdən üç-beş qarış hündürlükdə divarların üzərində dərin-dayaz caynaq izləri var. Gecələri orda it-pişik mırıldaşır.
Otaqların kvadraturasında hündür qanqallar şax dayanıb.
Palçıq kərpiclərdə çayır bitmişdi. Qıraqdakı, Nikolaydan qalma küskün ata evinin də, Allaha şükür, qabırğaları sananır. “Ata evi” deyəndə, bir az lovğa çıxır - amanabənd quş yuvası, itələsən, aşardı.
Qəhər onu boğdu.
Qeyrət güc gəldi. Gözləməyi vicdanına sığışdırmadı. Günü sabahdan qol çırmayıb işə girişməli!
Deyən, plan baş tuturdu. İməcilik iməcilik üstündən. Evin materialı yox yerdən yarandı. Kərpic işi su asanı – çöl-bayırda torpaq nə çox. Pəncərə-qapının da - kəndçilərdən hərə birini verdi.
Məncə, Göydəki kişi özü işə qoşulmuşdu.
...Təzə ev qoxusu çiçək rayihəsi kimi yavaş-yavaş həyətə dolur, ailəyə sanki bahar gəlirdi.
Ancaq Səfərin qollarındakı güc bircə evə güclə çatdı. “Tez ölmək üçün” müharibədən bir düjün xəstəlik gətiribmiş.
Qapı-pəncərəsi başqa evlərin olan bu daxmanın içində düz-əməlli beş gün ayağını uzadıb dincəlmədi.
“Səfər ölmək üçün ev tikdi”, dedilər.
İllər sıralandıqca, rəhmətlik Səfərin bu “yadigar”ı get-gedə ölgünləşir, yağışdan sonra göbələk kimi artan imarətlərin yanında kölgədə qalırdı. Qapısına da on yerdən kilid vur, nadinc küləklər girib içində gəşt edəcək.
Artıq bu evin bir mismar vuranı tapılmaz.
Yadullanın ipini çəkən yox: atası, guya o dünyada evi var, köçüb gedən kimi, o da bu dünyada qaranəfəs özünü Rusyətə vurdu.
Rusyətdə də adamı gül-çiçəklə qarşılamırlar - çox gəzib-dolandı, başı daşdan-daşa dəydi, axır babat maaşı olan, özü demiş, “marallı Sever”də bənd aldı.
Onunla yazışırdıq, bilirdim ki, buzlu Şimalda özünü oda-közə vurur, namxuda, əli də yaxşı gətirir.
Guya həm də orda görmədiyi günləri görür: qızlar leş kimi – az qala adamın başına dırmaşırlar.
Ancaq didərgin adamın qazancı nə olacaq – burdan gəlir, ordan gedir.
Çörəyinin bərəkəti yoxdur – bunu hamıdan əvvəl özü deyir.
Rusyətə təzəlikcə getmədi bə; bir də görürdün qayıdıb. Noolub, nə xəbərdi? Gələn kimi də pulunun düşməninə çevrilir. Yadulla gəldisə, hüzürlər bayrama dönəcək: yasın bütün xərci onluqdur.
Toylarda onluqları qələt edib haçansa ona salam vermiş hər kəsin, əsas da onu “tərbiyələndirib adam eləmiş” müəllimlərin başına xəzəl kimi səpələr. Nədi, bala, talandı?
- Kapitalistsən?
- Necə bəyəm?
- Özünə bir gün ağlasana. Bu düşük vərdişləri də yığışdır.
Mən onun başına ağıl qoymaq istəyəndə, o, tapança kimi açılır:
- “Bağla söz körüyünün ağzını”!
- Rayonu su yoluna döndəribsən!
- Vətənimdi – gəlirəm. Sənə isti-soyuğu var? Yoxsa buna da norma qoyublar?
- Ay başına xeyir, fikirləş, gör bir hardan gəlirsən! Bura deyil, ora deyil.
- Keçmiş sinif yoldaşı kimi mənə ürəyin yanır, hə?
- ...İnsan balası Azərbaycana ildə neçə yol gələr!
- Haçan istəsə!
- Səninki söz güləşdirməkdi. Hər şeyə qulp qoyursan.
- Qoca-qoca danışma.
- Qazan, kim sənə deyir qazanma. Ancaq gəl ata yurdunda təsərrüfat da qur.
- Hələlik elə niyyətim yoxdur.
- Hampa ol, hampalara qoşul.
- Yox bir, “pompa” ol!
- Xəbərin var – divarlarınız əyilib?
- Evi müharibədən sonra tikərlər.
“Oddan kül törəyər – düz deyiblər,” – kənddən çıxan kimi məclislərdə Yadullanın qarasına min cür söz danışırdılar. İkilikdə özüylə savaşıb-didişsəm də, özgələr yanında onu ayağa verməzdim.
- Qorxur ev götürə, müharibə başlaya, ona görə də...
- Bə camaat tikir, heç nə olmur?
- ...Özü gecikdirir ki, qoy bir dənə də müharibə olub qurtarsın.
- Bəlkə olmadı?
- Bəlkə oldu? Bu da var.
- Qocalarımızın yadındadı: atası o vaxt ev başlayan kimi müharibə qoparağını götürmüşdü...
- Vallah, bunlar bəhanədir.
- Sarsaqdır, vəssalam.
- Deyir, evi müharibə qurtarcaq tikərlər ki, barı içində otuz-qırx il baş-qulağı dinc yaşayasan.
- ...Təmiz söhbət!
- Ay balam, indi biz ona müharibəni hardan tapaq?
- Yox, ağlı çaşıb onun.
- Başı qaçıb.
“Bəlkə daha heç vaxt müharibə olmadı?” – görüşəndə camaatın sözünü öz adımdan ona çatdırıram. “Müharibəsiz dünya olar?” – o, dodaqucu gülümsəməklə sözümün qabağına söz diyirlədir.
- Axı, nə yapışıbsan bu müharibənin quyruğundan?
- Müharibənin quyruğu olmur.
- Hər şeyi də zarafata salırsan.
- Ağlaşma qurmalıyam ki?
- Axı, bir anlığa təsəvvür elə ki, qocalıbsan...
- Eləmirəm!
- ...Bax, onda vaysınacaqsan. Görəcəksən it də gedib, ip də.
- Tik evi, qaç müharibəyə. Qoy xarabanda bayquşlar ulasın!
Hər dəfə mənim bir Quranlıq sözüm onun bu qulağından girib, o birindən çıxır. Ay budu ha, yenə üz qoyur öz Şimalına. Sanki göbəyi ora atılıb. Ay da tamam olmamış, bay, eşidirsən, qayıdıb.
Ora gedir, orda darıxır, bura gəlir – burda.
Yollar onun pullarını hortultuyla içirdi.
Mən birlikdə bir ton çörək kəsdiyimiz bu tərs keçini pişim-pişimlə qurdalayıram:
- Vaxtdır, gəl köməkləşib sənə bir ev qaldıraq.
- Sonra da müharibə başlasın?..
- Allahu-əkbər, ə, sən nə sarsaq şeysən, - camaatın sözünü öz dilimdən ona deyirəm.
- ...Onda it də getsin, ip də? – o da mənim sözümü özümə qaytarır.
Onun ata evi get-gedə arxaya qacıyırdı. Keçmişdə tualet yeri olub, deyirdilər, özülü boşalıb. Özü burda olmayanda, qonum-qonşu yığışıb, beş yerdən ona dayaq atmışdıq.
- Day bu evin hay-hayı gedib, vay-vayı qalıb, - artıq camaat da dil olub dillənir, təzə ev barəsində ona eyham vururdu.
- Fəxr edərdik. Tiksən – adımızdı...
- Hələ bir görüm. Müharibə tez olub qurtarsaydı, işimi bilərdim.
Qozbeli qəbir düzəldər. Yadulla eləcə marallı-pullu Şimalın yollarını ağardır. Gəlir, gedir, gedir, gəlir. Elə bil bu kənddə yaşayır, qonşu kənddə işləyirdi.
5 oktyabr 1986 – 5 avqust 1987-ci il
(yenidən işlənib: 1-6 yanvar 2011)