Gürcüstan və biz

“Ucuz qiymətlər, insani münasibət, Avropasayağı şəhər, rüşvətsiz həyat, bütün bunları yenə Bakıdan cəmi 500 km aralı olan Gürcüstanda müşahidə etdim”. Natiq Cəfərli yazır ki, cəmi 3—5 ildən sonra Gürcüstan Şərqi Avropa ölkələrinə çatacaq və onları keçəcək, Azərbaycan isə bu hakimiyyətlə geriləməyə davam edəcəyik:

“Qiymətlər çox aşağıdır, manata çevirəndə fantastik ucuzluqdur: ət — 3,4 manat, portağal 1,2 manat, yaxşı şərab (burada 10 manata satılan) - 2 manat, ən bahalı restoranlarda şərabla yaxşı nahar və ya şam yeməyi adam başına 10—15 manat, taksi xidmətləri (benzinin orada daha baha olmasına baxmayaraq) - Bakıdan 2—3 dəfə ucuz, otel — 2 dəfə ucuz, xaricdən gətirilən (yerli istehsal olmayan) mallar (bizdə də satılan) - təqribən 2 dəfə ucuzdur, deməli, bizdə qiymətlərin tən yarısı, təqribən 50—60%-i (bəzən daha çox) korrupsiya «vergisidir»…”.

REPER YA SARAY ŞAİRİ

Vəfa Cəfərova bu dəfə Miri Yusiflə Aygün Kazımovanın “Petrol” mahnısından yazıb. Nə mahnını bəyənib, nə də sözlərini. Və reperə sual edir ki, “Azərbaycanın az qala lənətinə çevrilən neft haqqında oxuyanda 80 manat pensiya alan qocaları, evləri qış parkı üçün əlindən alınan əvəzində qara qəpik almayan vətəndaşları, aclıqdan qan qusan əyalət insanlarını gözünün qabağına gətirdin?”
“Rep – hip – hop mədəniyyətinin bir elementidir. Rep 40 il əvvəl bruklin tinlərində kasıb uşaqların ritm üzərində mətnlər oxuması ilə yarandı. Qaradərili kasıb uşaqlar bu mətnlərlə haqsızlığa qarşı üsyan edirdilər. Rep etiraz idi, rep alçaldılmış nəslin fəryadı idi. rep azad fikir idi. Və hələdə Amerikada Azadistanda bu belə davam edir... Üsyan, qəzəb, etiraz kimi güclü emosiyalardan yaranan cərəyanı Azərbaycanda mədhiyyə, muğam, xalça və neftin sayəsində günü – gündən inkişaf edən Azərbaycan tipli fikirləri yaymaq üçün istifadə etdilər! ölmədim bu günü də gördüm! Miri Yusif deyəsən meditasiya edib bu həqiqətə gəlib çıxıb ki, Azərbaycan “reallığında” pul qazanmağın yolu budur”.

“AZƏRBAYCANIN 95 FAİZİ DƏLİDİR”


Araz Önər Azərbaycanın mərhum baş psixiatrı Ağabəy Sultanovu yada salıb:

“Yadıma gəlir, bir dəfə demişdi ki, Azərbaycanın 95 faizi dəlidir. Çox dəqiq diaqnozdur. Biz hara getdiyimizi, niyə getdiyimizi bilməyəcək qədər uçurumdayıq. Ən dəhşətlisi odur ki, hardan gəldiyimizi də xatırlaya bilmirik. Biz əvvəldən dəli idik, yoxsa bizi sonradan dəli etdilər?...
Bəli bu gün müxalifət zəifdir. Bu zəifliyin səbəbi də indiki rejimin onların qarşısına çıxardığı qanunsuz əngəllərdir. Lakin bir şeyi unutmayaq. Rejim nə qədər qaniçən və qəddar olsa da AXCP və Müsavatın birləşməyinin qarşısını ala bilməz. Bu artıq müxalifətin iradəsi altında olan bir məsələdir. Əgər bu məsələni belə həll etməyə güc tapmırlarsa, həqiqətən zəifdilər”.

MİLLƏT VƏKİLİ CEYHUN OSMANLI TƏŞƏBBÜS İRƏLİ SÜRÜB


Bu barədə millət vəkilinin bloqunda yazılıb. Deputat yol nişanları ilə bağlı təklif verib.
“Onun sözlərinə görə, müharibə şəraitində olan bir ölkə kimi daima öz psixoloji hazırlığımızı qorumalıyıq: “Dünya təcrübəsi göstərib ki, cəmiyyətin tamamilə müharibə əhval-ruhiyyəsinə köklənməsi üçün hər bir sıravi vətəndaşın onun təzahürlərini gündəlik həyatında əyani şəkildə görməsi və hiss etməsi gərəkdir”.

ÜZEYİR HACIBƏYOV, YOXSA ÜZEYİR HACIBƏYLİ?

Sosium qeyd edir ki, soyad sonluğu sadə məsələ deyil və buna ciddi yanaşmaq lazımdır.
“Son vaxtlar Üzeyir Hacıbəyov kimi tarixi şəxsiyyətin adı, daha dəqiq soyadı çox gülməli dəyişilməyə məruz qalır. Adi gözlə baxsaq elə də böyük dəyişiklik deyil – sadəcə sözdə işlədəndə hər kəs Hacıbəyov əvəzinə Həcıbəyli soyadını işlədir. YENƏ başa düşürəm, “milli sonluqdu, çoxları onun köhnə Azərbaycanlı olmasını göstərmək istəyir” deyib yola verə bilərəm.
Amma bunun 15-20 il sonrasını düşün. İndi yaradılan bütün arxivlər bu tarixi şəxsiyyətin adını biiir az dəyişmiş şəkildə verir. Deməli bir müddətdən sonra Şərqdə ilk operanı yaradan iki insan olacaq – Üzeyir HacıbəyOV və Üzeyir HacıbəyLİ…”.

FACEBOOKUN DƏYƏRİ 50 MİLYARD OLDU


Veboxu
Facebook sosial şəbəkəsinin dəyərinin 50 milyard dollara çatdığını yazır.

“New York Times qəzetinin xəbərinə görə, Facebooka ABŞ-lı sərmayə bankı Goldman Sachsın 450 milyon dollar, Digital Sky Technologies-in isə 50 milyon dollarlıq sərmayə qoyduğu ifadə edildi.

Facebookun dünya üzrə 500 milyon istifadəçisi və 1400 üzərində işçisi var”.