ÖZÜNÜ YANDIRANLAR
Son on gündə polis zorakılığı haqda məlumatların sayı artır. Bu zorakılıqlarsa qurbansız ötüşmür.
Üç polisi bıçaqladığı deyilən 30 yaşlı Elvin Əsgərov az sonra özü öldü. Həm də müəmmalı şəkildə. Onun ölümündən sonra internetdə polis bölməsində çəkildiyi deyilən çoxsaylı şəkillər dolaşır. Bu şəkillərdən Elvinə işgəncə verildiyi açıqca görünür.
Anası Roza Rəfiyeva yanvarın 25-də keçirdiyi mətbuat konfransında deyib:
“Onun paltosunda “dubinka” izləri var. Şalvarı qan idi. Niyə döyüblər mən bilmirəm”.
Son on gündə polisə etiraz olaraq iki nəfər özünü yandırıb. O qədər də yeni olmayan bu etiraz forması elə bil yenidən yada düşüb.
Özünü yandıranlardan biri Tovuz sakini, əvvəllər məhkum olunmuş Ramin Məhərrəmovdur. Anası Hökumə Məhərrəmova mətbuata oğlunun son məktubunu təqdim edib:
“Mən Məhərrəmov Ramin Tovuz rayon polislərinin əlindən bezib özümü yandırıram. Mənim işimi MTN-ə verməyinizi xahiş edirəm”.
POLİSƏ İFADƏ VERMƏKDƏN İMTİNA ETDİ
Gədəbəyin Zamanlı kənd sakini, 35 yaşlı Ədalət Hüseynovsa tək öz canına qıymayıb. Həm də doğmalarını yandırıb. Yaxınlarının sözlərinə görə, o da polisin zorakılığından təngə gəldiyi üçün belə addım atıb.
Ədalət Hüseynov ölsə də, həyat yoldaşı və iki oğlu Bakıdakı 5 saylı Klinik Xəstəxanada müalicə alır. Böyük oğlunun sağalmasına həkimlər demək olar ki, təminat vermir.
Ədalət Hüseynovun həyat yoldaşı istintaqa ifadə verməkdən imtina edib. Mərhumun xanımı Hakimə Hüseynova AzadlıqRadiosuna deyib ki, o istintaqın Gədəbəydə yox, Bakıda aparılmasını istəyir. O, Gədəbəy rayon Polis İdarəsinin əməkdaşlarına inanmadığını söyləyib:
“Mənim işimə bura baxsın. Rayon baxmasın”.
Hakimə Hüseynova deyir ki, polislər yoldaşını dəfələrlə idarəyə aparıb döyüblər, onu şərləyib, qanunsuz ağac kəsdiyi üçün cərimələyiblər.
“HAMI GEDİR, KİM QALACAQ AZƏRBAYCANDA?”
Hüseynovların qohumu Yeganə Əmiraslanovanın sözlərinə görə, Hakimə Hüseynovanın istintaqa etirazı haqlıdır. O da rayon prokurorluğunun işi obyektiv araşdıracağına şübhə edir:
“Döyə-döyə aparıblar. Yazıq paltarlarını əlində aparıb ki, bəlkə maşında geyinsin. Dəhşətli vəziyyətdir. Bu ailənin məhvidir. Bu vətəndaşın dövlətə etibarsızlığıdır. Üç övladı dünyaya gətirib, sonra da bu vəziyyəti görüb, öldürüb. Hamı gedir, kim qalacaq Azərbaycanda? Bu ailənin getməyə imkanı çatmayıb, gücləri canlarını yandırmağa çatıb...”.
Gədəbəy rayon prokurorunun köməkçisi Salman Quliyevsə AzadlıqRadiosuna deyib ki, işlə bağlı yenilik yoxdur.
Onun sözlərinə görə, müstəntiq Bakıdadır və Ədalət Hüseynovun ailə üzvlərindən ifadə almalıdır. Yalnız o rayona qayıdandan sonra hadisəylə bağlı məlumat verə biləcəklər.
“HƏR İL ONA QƏDƏR ADAM POLİSDƏ ÖLÜR”
Hüquq müdafiəçisi Leyla Yunus deyir ki, hər il Azərbaycanda ona yaxın vətəndaş polis işgəncəsindən ölür:
“Hər il biz bunun monitorinqini aparırıq. 2006-cı ildə kitab da çap etdik”.
LEYLA YUNUSDAN TÖVSİYƏ
Leyla Yunus yada salır ki, Azərbaycan Avropa Şurasına qəbul olanda xüsusi öhdəlik götürdü ki, qanunu pozan, vətəndaşa işgəncə verən polis işçiləri məhkəmədə cavab verməlidirlər. Hüquq müdafiəçisinin dediyinə görə, polisin vətəndaşları incitməsi və ya öldürməsi ilə bağlı çoxsaylı sübutlar var. Ancaq bu günə kimi bir polis işçisi də məhkəmədə cavab verməyib. Və elə cəzasızlığın nəticəsidir ki, polis işgəncəsindən ölənlərin sayı artır:
“Polis döyür, sonra deyir ki, avtoritetdir, kriminaldır. Yəni polis adam döyməlidir? Cinayəti törədibsə qazamata, məhkəməyə aparsınlar. Polisin adam öldürməsi adi haldır. Ona görə deyirəm, vətəndaşlar, polisi görəndə yolu keçin. Bunu Nigeriyada, Somalidə, Meksikada edirlər. Nəşəxordan, xuliqandan qorxma, polisdən qaç”.
“ELVİN ƏSGƏROV SONUNCU DEYİL”
Hüquq müdafiəçisi Vidadi İsgəndərov da Leyla Yunusla həmfikirdir. Onun qənaətincə, polis özbaşınalığının artmasına səbəb cəzasızlıqdır:
“Məsuliyyətə cəlb olunmurlar deyə azğınlaşırlar. Sabah polis küçədə yox, evdə basqın etsə təəccüblənmərəm. Normal baxacam. Daha da azğınlaşacaqlar. Elvin Əsgərovun öldürülməsi son deyil”.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadə Vidadi İsgəndərovun “polisin azğınlaşması” haqda dediklərinə etiraz edir. Bu ifadəni polisə yaraşdırmır. O ki qaldı, son hadisələrə, o söyləyir ki, deyilənlərin araşdırılmasına ehtiyac var:
“Ayrı-ayrı zərərçəkənlərin, maraqlı tərəflərin ittihamları əsasında polisə qiymət vermək nə dərəcədə ədalətlidir? Çoxminli kollektivdə müəyyən xətalara yol verən əməkdaşlar ola bilər. Bundan sığortalanan yoxdur. Amma bu da hələ təsdiqini tapmalıdır...Bununla belə, bir-iki adama görə polisə qiymət vermək olmaz”.
Yeri gəlmişkən, Gədəbəydə özünü yandırmış Ədalət Hüseynovun həyat yoldaşı danışır ki, polislər onu döyəndə prezidentə yazacağını deyib. Amma onlar Ədalət Hüseynova belə cavab veriblər: “Prezident oranın prezidentidir, bizsə buranın prezidentiyik”.
Gədəbəy rayon Polis İdarəsinin rəisi Şirzad Əsgərov da AzadlıqRadiosuna deyib ki, polisin vətəndaşı incitməsi mümkün deyil:
“Polis onu niyə incitməlidir ki? Polis bu xalqın düşməni deyil ki? O da bu xalqın vətəndaşıdır”.
AXCP ETİRAZ EDİR
Xalq Cəbhəsi Partiyası son hadisələrlə bağlı bəyanat verib. Partiya polisin bu əməllərinə dərhal son qoyulmasını vacib sayır.
AXCP hesab edir ki, polisin öz səlahiyyətlərini aşıb insan hüquq və azadlıqlarına hörmətsizlik ifadə edərək vətəndaşları fiziki zora məruz qoyması, onların həyatına təhlükə yaratması, işgəncə verməsi yolverilməzdir.
“MƏNİM KİMİ O QƏDƏR ANA VAR Kİ...”
Elvin Əsgərovun anası isə oğlunun qanını yerdə qoymayacağını deyir:
“Mənim kimi o qədər ana var ki, yeganə oğullarını küçəyə buraxmaqdan qorxurlar. Bir daha belə hadisə olmasın deyə kimsə mübarizə etməlidir. Mən mübarizə edirəm. Axıra qədər də dayanacam. Son nəfəsimə qədər”.
Elə özünü yandıran Tovuz sakini Ramin Məhərrəmovun anası da deyir ki, oğlunu boğaza yığanların cəzasını alması üçün sonadək mübarizə aparacaq.
Hələ ki, xəstəxanada müalicə olunan Hakimə Hüseynovasa etirazını istintaqa ifadə verməməklə bildirir.
Deyəsən, mübarizəyə bu dəfə analar qalxır.