"Çox təəssüf ki, AYO “banda” dan təşkilata çevrilə bilmədi"

Son vaxtlar gənc yazar Qismətin yeni nəsil yazarlar haqqında etdiyi məruzə daha çox müzakirə mövzusudur.

"Mərkəz" qəzeti olaraq ədəbi proseslər və qalmaqallarla bağlı yazar, AYB-nin üzvü, prezident təqaüdçüsü, “Sosial İnformasiya Agentliyinin” direktoru Taleh Şahsuvarlı ilə söhbətləşdik.



- “Mərkəz” qəzetinin oxucularına özünüzü necə təqdim edərdiniz?

- Əgər bu təqdimatı liberal dünyagörüşlü insan olaraq etsəm, deməliyəm ki, mən mərkəzdəyəm, mərkəz isə məndədir!

Yazar kimi isə yəqin mütləq belə cavab verməliyəm ki, məndən kənarda heç bir mərkəz yoxdur, məndən kənarda mərkəz olmadığına görə, mən mərkəzdəyəm.

Amma “Mərkəz” qəzetinin oxucularına özümü təqdim etmək illah vacibdirsə, onda belə bilsinlər: onların “Mərkəz”i hazırda mənim də mərkəzimdir!


"Hicabın məktəbə meydan oxuduğu bir zaman kəsiyində mən Seymur Baycanı da, Qan Turalını da, Əli Əkbəri də özümə müttəfiq qismində görürəm".
- Azərbaycanda metaroman janrında ilk əsər yazan müəllif kimi, Azərbaycan nəsrinin durumunu necə qiymətləndirirsiniz?


- Azərbaycan ədəbiyyatının, o cümlədən nəsrinin indiki durumuna münasibətdə pessimist və inkarçı deyiləm, müsbət olanları daha müsbət görməyə çalışıram.

Eyni zamanda, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin ədəbiyyatımızın Azərbaycanın çağdaş reallığına adekvat münasibət göstərə bilməməsi fikrini müdafiə edirəm.

Orta statistik azərbaycanlının düşüncəsini ədəbiyyatdan daha çox genişləndirən nələrsə varsa, deməli, ədəbiyyata iddia edən adamlar öz prioritetlərinə yenidən baxmalıdırlar.

- Ədəbiyyatdakı “izmlərə” münasibətiniz necədir? Özünüzü hansı “izmə” aid edirsiniz?

- Məncə, yazar üçün “iz” sözü ilə “izm” arasında təkcə ilk iki hərf oxşar deyil.

Sən hansı yolu addımlayırsansa, o yola hansı “iz”lər salırsansa, “izm” də oradan doğur.

Az öncə dediyiniz kimi, mən tarixi metaroman yazıram və bu çeşid tamamilə postmodernizmə aiddir.

Postmodernizm yazıçı üçün ilk növbədə texnologiyadır.

Müasir insan mobil telefonsuz və internetsiz yaşaya bilmədiyi kimi, müasir yazıçı da postmodern texnologiyasız yaza bilməz.

Kimsə bunu anlamırsa, ya geri zəkalıdır, ya da çağdışı- nəticədə boyatdır!

- Azərbaycanda ədəbi qurumlar arasındakı münasibətlər kifayət qədər gərgindir. Bildiyim qədər siz AYB-nin üzvü və prezident təqaüdçüsüsünüz. Sizin bu qalmaqallara münasibətiniz?

- Qalmaqal, əslində, yaxşı şeydir. Qalmaqal odur ki, ədəbiyyat və ədəbiyyatçılar gündəmə gəlir.

Müasir dünyada gündəmdən kənarda ədəbiyyat yoxdur. Amma yazarlar özünü və mətnlərini gündəmə də hesablamalı deyil.

Gündəm aldadıcıdır. Mən hazırda gündəmdə olmamağa üstünlük verirəm, deməli, qalmaqallardan da uzaqda durmaq istəyirəm.

Hazırda qalmaqal AYB ilə AYO arasında deyil, AYO-nun daxilində gedir.

“İctimai rəyi biz yaradırıq ” deyənlər öz qafalarını yeyib doymadılar, indi bir-birinin qafasını yeyirlər.

Mənim Rasim Qaracanın menecerlik qabiliyyətinə həmişə heyfim gəlib, həmin qabiliyyət insan resursları ilə tamamlansaydı, AYO adına gerçəkdən faydalı bir təşkilat görmək olardı.

İndi hörmətli Rasim bəy deyir ki, AYO Azərbaycanda ikinci nüfuzlu ədəbi qurumdur.

Maləsəf, bunun AYB-yə aid olan hissəsi doğrudur, amma AYO-ya aid olan hissəsi yox- yəni AYO, ümumiyyətlə, qurum deyil.

Sosiologiyada “banda” ilə təşkilatı fərqləndirən cəhətlər, indikatorlar var.

Çox təəssüf ki, AYO “banda” dan təşkilata çevrilə bilmədi və buna imkan verməyənlər hazırda Rasim Qaracanın, Rafiq Tağının, Aqşin Yeniseyin kəlləsinə göz dikiblər.

Mən heç bir halda bu qəbildən olan dartışmalara qatılmaq istəmirəm, mən adamları müzakirə etməkdən həmişə qaçmaq istəmişəm. Ədəbiyyat adına daha ciddi problemlərdən danışmaq lazımdır.

Məsələn, ondan ki, niyə ana dilində kitab oxucuları Azərbaycandakı ümumi oxucu kütləsinin 15 faizini aşmır?

Niyə Gürcüstanda 3000 tirajla kitab çap eləmək ayıb, amma Azərbaycanda bu rəqəm xəyali rekord sayılır?

Mənim üçün cəmiyətin inkişaf səviyyəsini göstərən indikator xarici maşın və şadlıq evləri deyil, oxuculuq əmsalıdır.

Əgər elm və təhsil mədəniyyət hadisəsinə çevrilə bilmirsə, onun dindən heç bir fərqi olmayacaq. Azərbaycanda mədəni həyat ölüdür.

Bu ölünü diriltmək üçünsə ictimai missiyası olan adamlarda bir az çarmıx və bir az İsa sevgisi olmalıdır.

Mən hazırda hamıya sevgi ilə yanaşmağa çalışıram. Yıxılana balta çalmaq mənim döyüş qaydam deyil.

- Yazıçılar birliyinin üzvü, şair Qismət öz məruzəsində sizin yaradıcılığınız haqqındademək olar ki, danışmadı. Bu ögeylik hardan yaranır?

- Yazıçılar Birliyinin üzvü, şair Qismət öz məruzəsində mənim yaradıcılığımdan danışıb, hətta məğzinə baxsaq, müsbət fikirlər söyləyib, hərçənd mən Qismətdən xahiş etmişdim ki, danışası olsa, məni tənqid etsin, əvəzində, 30 yaş altında olanlar haqqında müsbət fikirlər desin.

Qismət öz intellektinə, mütaliəsinə, kommunikativliyinə görə mənə doğma adamdır və mənim yaradıcılığımı da elə bu doğmalığa söykənib tənqid edə bilər.

Onu da deyim ki, məruzə günü mən Gürcüstanda olduğumdan tədbirdə iştirak edə bilməmişdim, ancaq həm məruzənin mətnindən, həm də doğurduğu əks-sədadan xəbərdaram.

Hesab edirəm ki, məruzənin bu cür geniş əks-səda doğurması ilk növbədə Yazıçılar Birliyinin fəaliyyətinə cəmiyyətdə böyük maraq olmasından, eyni zamanda gənclərlə bağlı məruzənin AYB rəhbərliyi tərəfindən doğru adama həvalə edilməsindən qaynaqlanır.

Qismətin məruzəsi kifayət qədər əhatəli, prinsipial və etik idi, ola bilsin, metodiki baxımdan daha fərqli və daha kompitent çıxış hazırlaya bilərdi.

- AYO-nun başqanı Aqşin Yenisey deyib ki, Qismətin gənclərin yaradıcılığı ilə bağlı məruzə ilə çıxış etməyə istedadı və intellekti çatmır…

- Aqşin Yenisey, mənim sözümdən yəqin inciməz, çox yanlış düşünür.

- “Azərbaycanda ciddi ədəbiyyat AYB-dən kənarda yaranır” fikrinə münasibətin?

- Bu ciddi adamların fikri və ümumiyyətlə ciddi fikir deyil. Mən ciddi fikirlərin müzakirəsinə qoşulmaq ovqatındayam.

Qismət
- Bir zamanlar Seymur Baycana, Qan Turalıya qarşı xüsusi iradlar bildirirdin. Hal hazırda yaradıcılığı, davranışı və istedadı səni özündən çıxaran yazarlar kimlərdir?


- Yaradıcılığı və istedadı ilə məni özündən çıxarda bilən yazar, təəssüf ki, bu sözün hər iki mənasında yoxdur.

Nə elə bir adam var ki, mən onu oxuyum və qısqanım, qibtə edim, nə də o, yaxşı mənada mənim düşüncəmi yerindən oynatsın.

İndi Seymur Baycana, Qan Turalıya, Əli Əkbərə heç bir irad bildirmək istəmirəm.

Çünki irad bildirmək o zaman yerinə düşür ki, nəticə ictimai maraqların xeyrinə olur.

Hazırda bildiyim qədər Seymur Baycan yeni roman üzərində işləyir, Əli Əkbərin kitabı isə yenicə çapdan çıxıb.

Belə mərhələdə irad bildirmək etik deyil, eyni zamanda, çıxmış və çıxmamış kitabları oxumadığıma görə, konkret iradım da yoxdur.

Onların hər ikisinə yaradıcılıq uğurları arzulayıram, yeri gələndə, dəstək verməyə də hazıram.

Ümumiyyətlə bu fikirdəyəm ki, yazarlar bəlli bir sərhəddə konfliktdə ola bilərlər, o sərhəddən kənarda onlar müttəfiqdirlər.

Hicabın məktəbə meydan oxuduğu bir zaman kəsiyində mən Seymur Baycanı da, Qan Turalını da, Əli Əkbəri də özümə müttəfiq qismində görürəm.

Məktəb olmasa, zatən bizi oxuyan olmayacaq.

- Ədəbiyyatla məşğul olan insanın siyasiləşməsinə necə baxırsınız?

- Əslində, ədəbiyyat bütün peşələrin sahibləri üçündür, kimi onunla oxucu statusunda məşğul olur, kimi yazıçı.

Pinəçilər də, siyasətçilər də, elə yazıçılar da ilk növbədə oxumağa məhkumdurlar.

Yazıçılıq- oxumuş adamın özünü və başqalarını anlatma sənətidir. Siyasəti özünə peşə seçmiş adamın özünü anlatmasına kimsə mane ola bilməz, insanın ifadə özgürlüyünün əngəllənməsi, ilk növbədə, insane haqlarına ziddir.

Ecevitə şeir yazmağı qadağan etmək, Ərdoğana bədii qiraəti qadağan etmək doğru olmaz, deyilmi? Kim deyə bilər axı, Nazim Hikmət daha çox siyasətçi idi, yoxsa daha çox şair? Nazim Hikmət istedadca nə qədər şair idisə, o qədər də siyasətçi idi.

Sadəcə, Azərbaycanda əsrlər boyu siyasət yasaq olduğuna görə ədəbiyyat adamlarını siyasətdən qıraqda saxlamağa çalışıblar.

Amma Şah İsmayılın timsalında, Nərimanovun timsalında ədəbi və siyasi kimliyini uğurla birləşdirənlər də olub.

- Mütaliə ilə aranız necədir və son vaxtlar kimləri oxuyursunuz?

- Axırıncı dəfə fransız yazar Friderix Beqbederin “Romantik eqoist” kitabını tamamlamışam, hazırda isə Frank Skatzinginqin “Sürü” romanının yarısındayam.

Bundan başqa, Cavid Zeynallının “Günəşi gözləyənlər” kitabını, Elçin Hüseynbəylinin “Azərbaycan” jurnalında dərc olunan “Yolayrıcında qaçış” romanını bitirmişəm.

Elçinin romanı hazırda portallarda geniş müzakirə olunur, bu müzakirələrə qatılmaq fikrindəyəm.

- Bildiyim qədər yeni roman üzərində çalışmaların davam edir. Mümkünsə oxuculara yeni romanından danışardın...

- “Pişikdən qalma divar”- yeni tarixi metaromanın adı belə olacaq və artıq iki fəslini tamamlamışam.

Bu barədə geniş danışmaq istəmirəm, kitab çıxandan sonra da heç danışmayacam.

Cəlil Cavanşir