Buzovnada «Fələstin divarı»

Keçmişdə mal-qara, buzov saxlandığı üçün «Buzovna» adlandırıldığı güman olunan bu qəsəbənin problemlərinin yerli sakinlərin sözlərilə desək, sonu görünmür...

Bakıdan cəmi 38 kilometr aralıda yerləşsə də, Buzovnaya düşən kimi sakinlərin üzündən narazılıq, dillərindən isə giley-güzarın əskik olmadığının şahidinə çevrilirsən. Xüsusilə də son günlər… Susuzluq bir yandan, indi də, yol boyu çəkilən hündür hasarlar, salınacaq yeni park hesabına dükanların və evlərin artırmalarının sökülməsi, işsizlik...

Buzovna sakinlərinin qəzəbləndirən onların dediyi kimi məmur özbaşınalığı və səslərini heç yerə çatdıra bilməməkləridir. Bir müddətdir Bakı-Buzovna avtomobil yolunun genişləndirilməsi ilə əlaqədar yol boyunca söküntü, xüsusi texnika, avadanlıqlar gözə dəyir. Hava yağışlı olduğundan isə yollar zığlı-palçıqlı, həyətlər su çalaları ilə örtülüb.

Yol boyunca qarşısı hasarlanmış dükanların sahiblərinə yaxınlaşmaqla onların dərdini təzələyirik:

«PREZİDENTİN YOXLUĞUNDA SÖKÜRLƏR»


- Dünən dükanımıza baxıblar ki, sökülməlidir. Sənədi oldu-olmadı deyirlər kompensasiya verilməyəcək. Yolu genişləndirirlər deyə sökürlər. Bu yol prezident yoludur, Bilgəhə gedir. Biz prezidentə bir söz demirik, ancaq camaatı da fikirləşmək lazımdır. O günlərdə 200 nəfər yığışdıq yolu bağladıq, polislər gəlib dağıtdı, dedi olmaz.

- Bazar vardı 100 nəfər alver edirdi. Hamısını dağıtdılar, dedilər haradasa bazar tikilib. Ordan bura qədər bəlkə 50 dükan var, hamısı da sökülməlidir. Hələ arxa məhlələrdəkini demirəm.

- Rəsmi sənədim hər şeyim olub. Prezidentin ölkədə yoxluğundan istifadə edib 5-6 dükanı sökdülər, indi söküntü dayanıb. Bazardakı satıcıları isə ticarət mərkəzinə köçürdülər. Deyilənə görə, burda böyük park salınmalıdır.

40-45 yaşlarında olan Sulduz kişi də iki aydır dükan işlətməyə icazə alsa da, onun tikdiyi obyekti də əvvəlkilərin taleyi gözləyir.

«Bir yeri sökəndə qabaqcadan bildiriş verilir ki, obyektin söküləcək. Burda isə sənədli obyektlərdir, sən də ver buldozerin qabağına?»

Paytaxtda olduğu kimi Buzovna qəsəbəsində də eyvanlarını önə çıxarmış, həyətyanı sahəni öz evlərinə qatıb, yaşayış ərazisini genişləndirmiş xeyli evə rast gəlmək olar. Ancaq onların da axırı gəlib deyəsən. Hər halda yeni salınacaq parka görə, ilk addımlar atılıb. «Yuxarıların» icazəsi olmadan daşı-daş üstünə qoymağın mümkünsüz olduğunu deyənlər isə tikintini illər öncə sənədli-sübutlu etdiklərini deyirlər.

YA KOMPENSASİYA, YA TORPAQ

- 3 ailə 2 otağın içində necə yerləşək? Balkonu 2 metr qabağa çıxartmışdım, indi deyirlər, sökürük. Ya kompensasiya versin, ya torpaq versin. Prezidentə bəyəm buna görə səs vermişdik ki, qışın bu vaxtı evlərimizi dağıtsın, bizi küçələrdə qoysun? Məktub da göndərmişəm, cavab da yoxdur.

- Bu dəqiqə daşı daş üstə qoyanda hamı tökülür. Hər halda icra hakimiyyəti icazə vermişdi ki, tikmişik.

BUZOVNA QADINLARI HƏR GÜN «KƏHRİZ BAŞINDA»

Rasim İmanov və Güloğlan Məmmədov küçələrində gəzişərkən bir topa qadının əllərində plastmas su qabları ilə dolaşmasından təəccübümü gizlətmirəm. 15-dən çox qadının küçədə “kəhriz başına” toplaşmasının səbəbi sən demə evlərə içməli deyil, texniki suyun verilməsidir. Yaxınlaşıb soruşanda məlum olur ki, Nazilə xalanın su növbəsi çatsa da, su kəsilib.

- Bir saat növbəyə durmuşam ki, iki «baçok» su doldurum.
- Deyəsən xala, sizə çatmadı?
- Çatmadı, bala. Axşam da gəlmişdi bir cam su tapmamışam içməyə, indi də su qurudu. Bilmirik hansı problemimizi həll edək. Evlərimiz bir yandan uçub dağılır, sularımız bir yandan quruyur, uşaqlarımız çöllərdə qalıb. Bilmirik hansı işə baxaq.
- Buzovnada evlərə ancaq duzlu su gəlir, şirin suyu kranlardan gətiririk. Bir çaynik su gətirməkdən ötrü haralara gedirik. Burdan vururuq bizdən aşağıda, kənd sovetinin yanından su gətiririk.
- Hamı əllərində qab su axtarır. Binalara gələn texniki sudur, həyətlərdə isə maşından alırlar. Bir maşın su 25-30 manatdır.

Sakinlərin dediyinə görə, «bağlardan» çəkilən su gündə iki dəfə qısa müddətə verilir, kimin bəxti gətirsə, həmin gün içməyə çayı, bişirməyə yeməyi olacaq. Elələri də var ki, növbəyə durmaqdansa bir maşın su almağa üstünlük verir.

BUZOVNADA «FƏLƏSTiN DiVARLARI»


Buzovnada «Fələstin divarı» da çəkilir, bunu sakinlərdən biri yol kənarında həyət evlərinin qarşısında tikilən 4-5 metrlik hasarı göstərərək deyir.

- Hasarlayırlar buraları, çıxmağa yer yoxdur, qabaq tərəfdən bir dənə yol da qoymayıblar. Niyə, Fələstindir hasarlayırlar? Qalmışıq o tərəfdə, işıq yox, su yox.
- Bəs niyə tikirlər?
- Yola camaat çıxmasın yəqin. Pis göstərirlər yolu?

PREZİDENT HEÇ KİMİ GÖRMƏMƏLİDİR

Bu divardan gileylənən Göyçək xala isə maşınlarını həyətə salmaq üçün yol olmadığını və qısa müddətdə iki dəfə maşınlarının təkərinin oğurlandığını deyir.

«Bu hasarı ucaldıblar ki, prezident heç kimi görməməlidir, qala divarı kimi. Elə bil «türmədir». Prezidentə nə edirik? Prezidentdir, lap yaxşı, camaata belə şərait qurur? Maşınımız 2 aydır çöldədir, qapımıza girmir. Ona görə 2 dəfə təkərini açıb aparıblar».

SAHİBKARLARA YER, EV SAHİBLƏRİNƏ HEÇ NƏ...

Buzovnanın problemlərinə rəsmilərin mövqeyi isə fərqlidir. Xəzər rayon icra hakimiyyətinin rayon təsərrüfatı şöbəsinin baş məsləhətçisi Şahmar Ağabalayev deyir ki, Əzizbəyov metrosundan Beynəlxalq Hava Limanı, Mərdəkan dairəsi, Bilgəh istiqamətində yollar Avropa standartlarına uyğun olaraq genişləndirilir. Yolun ətrafında olan yaşayış və qeyri-yaşayış tikililəri rekonstruksiya olunur. Yolun genişləndirilməsinə görə, sökülən dükanlara və artırmalara gəlincə Şahmar Ağabalayev bunları deyir:

«Əvvəlcədən baxsaydınız, cürbəcür meyvə-tərəvəz, paltar primitiv şəkildə satılırdı və primitiv şəkildə salafan və tend çəkilmişdi. Biz onlara Buzovnadakı ticarət mərkəzində yer verdik, onların icarəsi verilmədən, hələlik istifadəsi üçün. Bu yaxınlarda yer ayrılır və orada ticarət mərkəzi inşa olacaq, onların qanuni sahəsindən asılı olaraq yer veriləcək, heç bir ödəniş olmayacaq. Konkret nə zaman olacağını deyə bilmərəm, hələlik layihə işlənilir, torpaq sahəsi razılaşdırılır. Yaşayış evlərinə gəlincə, artıq qeyri-qanuni çıxarılmış müəyyən otaqlar, qovşaqlar və s. onlar söküləcək və park salınacaq»

Buzovnada isə deyirlər ki, hər dəfə seçkiyə gedəndə vəziyyətin dəyişəcəyinə ümid edirlər. Hələ də ümidli olan qəsəbə sakinləri sosial problemlərinə əncam çəkilməsinin arzusundadırlar.