Andrey Saxarov haqda


Polşa ictimai xadimi, dissident, jurnalist, 1968-1989-cu illərdə Polşa müxalifətinin ən fəal nümayəndələrindən biri, «Gazeta Wyborcza» nəşrinin baş redaktoru olan Adam Michnik bu çıxış ilk dəfə Moskvada 2009-cu ilin dekabr ayında Andrey Saxarovun ölümünün 20-ci ildönümünə həsr olunmuş tədbirdə səsləndirilib:

Demokratik hərəkatların ən önəmli siması

Andrey Dmitriyeviç Saxarov - bu gün özü yaşamasa da, nailiyyətləri yaşayır. Mən bu adamı həyatımda cəmi bir dəfə görmüşəm - 16 oktyabr 1989-cu ildə. Təxminən iki ay sonra o, dünyasını dəyişdi. Buna görə də mən onun etdiklərindən danışacam. Saxarov Sovet Blokundakı demokratik hərəkatların ən önəmli siması idi. O, ölkə üçün ali əhəmiyyəti olan, nüvə sahəsində çalışan bir alim idi. bacarıqlı insan olan Saxarov dövlət tərəfindən qiymətləndirilmiş və mükafatlandırılmışdır. O özünü təhlükəsiz hiss edə bilərdi.

Lakin dünyada baş verən hadisələri görən Saxarov digər yolu, Eynşteyn kimi Qərb alimlərinin seçdiyi yol ilə getməyi üstün tutdu. O, dünyanı nüvə müharibəsi əleyhinə qaldırdı. Qərbdə bu cür mövqe bacarıq və istedad tələb edirsə, Sovet İtfifaqında bu mövqeni sərgiləmək üçün qəhrəman olmaq lazımdır.

Sovet İttifaqında Demokratik Hərəkatın üzvlərinə çox zaman xəstə məqsədləri və hakimiyyət ehtirasları olan «uğursuzlar» kimi baxırdılar. Bu fikirləri Saxarova aid etsək, onların nə qədər yanlış olduğu üzə çıxar. Saxarov demokratik etirazın məntiqi sübutudur.

O, demokratik islahatlar nəticəsində dinc birgəyaşayışın mümkün ola biləcəyinə inanmaqla başladı. Sonda isə o, əsaslı müxalifətin və çılpaq həqiqətin müdafiəsinə qalxdı. Ancaq o heç zaman inqilaba və zorakılığa çağırmayıb. O, güzəşt lazım olanda güzəştə getmiş, qətiyyət lazım olanda qətiyyət nümayiş etdirmişdir.

Azadlıq və ləyaqət

Onun zorakılığa və inqilaba münasibətdə olan mövqeyi Eynşteyn, Martin Lüter Kinq, Dalay Lama, II İoann PavelVaclav Havel ilə oxşar idi. O, siyasətçidən daha çox siyasi həyata atılmış və öz dəyərləri olan tarixi adam idi.

Azadlıq və ləyaqət onun üçün ən yüksək dəyərlər idi. O, asanlıqla idarə oluna bilən kütlənin müdrikliyinə inanmırdı. O, etnik millətçiliyə və imperializmə inanmırdı. O, ÇexovAleksandr Qertsen tipli rus vətənpərvəri idi. Buna görə o, SSRİ-nin 1968-ci ildə Çexoslovakiyaya və 1979-cu ildə Əfqanıstana hərbi müdaxiləsini mühakimə etmişdir.

Öz hakimiyyətinin yanlış siyasətinə etiraz etmək onun nümayiş etdirdiyi vətənpərvərlik nümunəsi idi. SSRİ Hitlerlə müharibə edəndə o, inanırdı ki, «biz haqq işi görürük». Ancaq SSRİ Praqa Baharını yatıranda o, bu addıma bəraət qazandırmadı.

Saxarova qarşı şər kampaniyası

Bu ona çox baha başa gəldi: Ona qarşı şər kampaniyası başladıldı. Özü və ailəsi ayrı-seçkiliyə məruz qaldı, Qorki şəhərində təcrid olunaraq daimi polis nəzarətinə alındı. Bütün bunlar onun sağlamlığına mənfi təsirini göstərdi və onun erkən ölümünə səbəb oldu.

Kommunist illəri ərzində Saxarov bizim üçün Polşada güc və ümid qaynağı idi. Bir çoxları onun etdiklərinə baxaraq öz həyatlarını dəyişmişdir. Bolşevizmi islah etməyə çalışanlardan fərqli olaraq o bu doqmanın və hər cür «-izm»lərin çərçivəsindən kənarda idi. Misal olaraq, o, heç zaman milli- dini mistikaya inanmırdı. O, liberal və rasional ənənələrin daşıyıcısı idi. Onun heç bir doktrinaya fanatik bağlılığı yox idi. Onun üçün yaşayan insanlar hər cür abstrakt ideyalardan daha üstün idi.

Sürgündən qayıtdıqdan sonra o, bir çox emiqrant və dissidentlərdən fərqli olaraq «perestroyka»nın tam yox, ayrı- ayrı hissələrinə tənqidi yanaşırdı. O, daim narazı olan, intiqam hissiylə yaşayan insanlardan deyildi. O, «nə qədər pis olsa, bir o qədər yaxşıdır» fikrinə inanmırdı. O, anlayırdı ki, «pis elə pisdir», «yaxşı da yaxşı». O, daha da yaxşı etmək üçün əlindən gələni etdi. Saxarov demokratik və normal dünyada demokratik və normal Rusiyanı görmək istəyirdi. Onun Sovet Parlamentində də çıxışları bu ruhda idi.

«Yaxşı- elə yaxşıdır»

Saxarov siyasi xadim deyil, vətəndaş cəmiyyətinin üzvü idi. O bizə öz mənəvi irsini qoyub gedib:

- Səbir və prinsipiallıq
- Plüralizm və kompromisslərə hazırlıq- etiraf etməliyik ki, haqlı narazılıqlara səbəb ola bilər.
- Dözümlülük
- «Yaxşı- elə yaxşıdır» (Leninin «nə qədər pis olarsa - o qədər yaxşıdır» prinsipindən fərqli olaraq)
- Azad insanların vətənpərvərliyi; hər hansı bir başqa xalqa nifrət bəsləyən xalq özü azad ola bilməz.
- Tarixi həqiqətlərə sadiqlik
- Zorakılıqdan imtina

Mən Saxarovun fikirləriylə uyğun olan Leszek Kołakowskidən bir sitat gətirməklə fikirimi yekunlaşdırmaq istərdim: «Nə qələbə daimidir, nə də məğlubiyyət qətidir. Məhz bu, həyatı yaşamağa layiq edir»

Tərcümə etdi: Turxan Kərimov