Mübarək komaya düşüb?

Hüsnü Mübarək

Misir prezidenti Hüsnü Mübarək istefaya gedəndən sonra səhhəti kəskin şəkildə pisləşib.

Bu haqda Misir xəbər agentlikləri və Ərəb mediası yazır.

«Al-Masri al-Yum» qəzeti isə ümumiyyətlə, 82 yaşlı Mübarəkin koma vəziyyətinə düşdüyünü yazır. Qəzet Mübarəkin yaxın ətrafından sızan məlumatlara istinad edir və bildirir ki, hazırda ev şəraitində saxlanan Mübarəkin xəstəxanaya köçürülməsi məsələsi nəzərdən keçirilir.

Bundan başqa, ərəb mətbuatında Mübarəkin istefasının pərdəarxası təfsilatları açıqlanır. Məlum olduğu kimi, Mübarəkin istefasından bir gün əvvəl onun dövlət televiziyası ilə xalqa müraciət edərək vəzifəsini tərk edəcəyi gözlənilirdi.

Bir neçə saat gecikəndən sonra Mübarək TV-də çıxış etsə də, istefa vermədiyini bəyan etdi, sadəcə bütün səlahiyyətlərini Ömər Süleymana həvalə etdiyini dedi. Mübarək ümid edirdi ki, payızda keçiriləcək prezident seçkilərinə qədər kürsüsündə qalacaq.

İndi ərəb qəzetləri yazır ki, prezidentin çıxışını onun oğlu Gamal yazıb, mətni bir-neçə dəfə dəyişiblər. Mətni oxuyanda isə Mübarək bir-neçə dəfə özündən gedib. Buna görə də dövlət televiziyasının elan etdiyi «xalqa müraciət» 4 saat gecikmə ilə efirə verilib. Həqiqətən də Mübarəkin son çıxışında onun dərin həyəcan keçirdiyi, görüntülərin isə tələm-tələsik montaj olunduğu hiss olunurdu.

RƏSMİ QAHİRƏ MÜBARƏKİN SƏHHƏTİ HAQQINDA HEÇ BİR MƏLUMAT VERMİR


Hərbçilər Təhrir meydanını nümayiş iştirakçılarından təmizləyirlər
Almaniyanın Mübarəki müalicə üçün qəbul etməyə hazır olduğu bildirilirdi. Bir il əvvəl Misir prezidenti bu ölkədəki klinikaların birində öd kisəsindən əməliyyat olunduğu deyilirdi.

Sonradan Mübarəkin Birləşmiş Ərəb Əmirliklərinə getdiyi haqda xəbər yayılsa da, Abu-Dabidən bu xəbərləri təkzib etdilər.

Bundan başqa, Misirin Baş nazir vəzifəsini icra edən Əhməd Şəfiq jurnalistlərə bildirmişdi ki, Mübarək Şarm əl-Şeyx kurort şəhərindəki iqamətgahındadır.

Bu ərəfədə Misir hərbçilərinin iclası haqda da xəbər yayıldı. Ölkədə de-fakto hakimiyyəti ələ alan Misir ordusunun 16 ən nüfuzlu generallarının toplantısında qərara alınıb ki, hərbçilər azından 6 ay ölkəni idarə edəcəklər. Hərbçilərin başında Mübarəkin yaxın silahdaşı, feldmarşal Mohammed Tantau durur.

Bazar günü hərbçilər Təhrir meydanını hələ də Mübarəkin istefasını bayram edən nümayiş iştirakçılarından təmizləməyə cəhd ediblər. Nümayiş iştirakçıları Mübarəkin istefa xəbərindən sonra xeyli seyrəlsə də, ordudan demokratik islahatların qarantiyasını tələb edərək Təhrir meydanında yüzlərlə adam qalmışdı.

MİSİR İNQİLABI İLƏ BAĞLI FORUMA QATIL