Məni yandıran odu ki, Eltac heç zaman uşaqlığından çıxa bilmədi.
Yəni, mənim gözümdə həmişəlik uşaq kimi qaldı.
Düzdü, kişiləşmişdi, boy-buxunda lap mənə çatmışdı, bığı da əməlli-başlı onu kişiyə oxşadırdı.
Amma bu kişi görkəminin içində, bir uşaq qiyafəsi, uşaq şəkli ürkək-ürkək boylanırdı.
Elə bil yeniyetmə oğlana atasının paltarını geyindirmisən, qalıb pencəyin uzun ətəyini, qollarını dartışdıra-dartışdıra.
Hələ üzünə bir qorxu, bir vahimə çökmüşdü ki, baxanda ödüm ağzıma gəlirdi. Kaş görəydiniz öləndə necə yalvarırdı mənə.
“Əmi, deyəsən axı mən ölürəm. Hə, əmi? Niyə dinmirsən? Boğazım get-gedə quruyur elə bil. Sözlər ağzımdan almaz kimi çıxır e...
Bu nədi belə? Dilimi doğrayır elə bil... Əmi, sən ağlayırsan?
Hə, də deyirəm də, yəqin mən öləcəm. Əmdostu, sən allah, qoyma əmim ağlasın... “
Bir şeyə mat qalmışdım.
Bəs rayonda hamının danışanda dili ağzına girməyən o hadisə zamanı bu uşaq nə təhər o odun-alovun içində özünü itirməmişdi.
Beş kilometr məsafədən özündən neçə dəfə ağır adamı güllə yağışında sürünə-sürünə nə təhər gətirə bilmişdi?
Bunu qoyum, o birini danışım, sizə də başağrısı verirəm, neynim, vallah, dərdli adam söləyən olar deyiblər. (Bu “söləyən” bizim tərəflərdə işlənən sözdü... Nənəm elə belə də deyərdi: süləy it süləyən, dərdli söləyən olar.)
Bir dəfə yayda məzunuiyyət götürüb kəndimizə getmişdim.
Dedim, bu şəhərin hay-küyündən, nə bilim axı, vur-çatdasınından bir az uzaq olum, həm də kəndimizin sularından bir doyuncan içim.
Ata evində qalır, (indi burda anam, bir də qardaşım ailəsiynən yaşayır) anamın darıxdığım səsi, mehri, məhəbbəti ilə özümü ovudur, sanki uşaqlıq illərimə qayıdırdım...
Onun dadlı-duzlu yeməkləri məni gəncləşdirir, bədənimə anlaşılmaz bir iksir çökürdü. Bir həftənin tamamında qardaşımgilin mal növbəsi yetişdi.
Qardaşım işdə olduğundan mən Eltacla birgə mal növbəsinə yollandım. (Bizdə mal nobatı deyirlər) Tüfəngi də çiynimə salmışdım, hər ehtimala qarşı.
Çeşməli pirinin üstündəki Qara quzeyə yayılan mallara baxa-baxa məni nə vaxt yuxu apardığını bilməmişəm. İnəklərin böyrüşməsinə yuxudan hövlnak oyandım.
Nə görsəm yaxşıdır? İki canavar hücum çəkib mallara sarı, bir düyəni yıxıblar yerə, Eltac da əlindəki dəyənəklə qışqıra-qışqıra canavarın birinin başına-başına vurur, düyəni əlindən almağa çalışır.
İnsafən, dördyaşar-beşyaşar cöngələr də böyürə-böyürə canavarlara hücum çəkirdilər.
Mən də tüfəngi götürüb ora qaçdım, amma artıq mən gələnəcən Eltac canavarları qova bilmişdi.
Qardaşımgilin Ağbilək adlı iti də səsə hardansa qaçıb gəlmiş, canavarların dalınca hürüb Eltaca köməkçi olmuşdu.
Onda hələ on iki yaşında olan bu qaraşın, şüvərək qardaşoğlumu bağrıma basıb öpdüm.
Onun sonralar zarafatla “əmim canavarlara tərəf qaçanda tüfəngin qundağını irəli uzatmışdı” deməsi ilə qəhqəhə çəkib gülməyimiz bir olardı.
“Əmi, bəs deyirlər indi medsina inkişaf eləyib? Spiddən, bir də rakdan başqa bütün xəstəliklərin əlacı var axı.
Hanı bəs? Niyə mənə bir yaxşı iynədən-zaddan vurmurlar? Ölümdən qorxmuram ki. Oy... bu nədi belə, ağzım biçildi ki!
Orax, çin otu xırthaxırtnan biçən kimi dilimi-ağzımı biçir nədisə.
Uşaq vaxtı ərik dəndiyi udmuşdum, nənəm deyirdi ki, qarnında ərik ağacı bitəcək, nənəm gəlseydi soruşardım, bəlkə o bitib indi qarnımda. Yəni indiyə qalar?
Hə də, qol-budağı, qabığı yəqin batır ağzıma-dilimə. Vallah, ağzımdan ərik iyi gəlir, elə bil bu saat ərik yemişəm...
Əmi indi ərik olar görəsən?.. Eeee, siz də ağlamayın də...”
Nə təhər ağlamayım axı? Gözüm görə-görə qardaşımın igid oğlu ərik kimi saralıb gedir axı!
Bu ərik də hardan düşdü ağzımıza? Martın sazağı adamı almaz kimi kəsir, ərik vaxtıdı?
Almaz... kəsmək... biçmək... bunların hamısını Eltac salıb mənim ağzıma...
“Ay doxtur, deyirəm, sənin qadanı alım, bəs nə təhər eləyək, bu uşağın dili, adamı odsuz-ocaqsız yandıran sözləri qırdı axı bizi...
Yəni, doğrudan bunun bir əlacı yoxdu? Bəlkə sataq-savaq nəyimiz varsa, aparaq xaricə, əgər orda müalicə olunarsa?”
Yaxşı adamdı həkim. Düz gözümün içinə baxır. İnamsız-inamsız deyir:
“Niyə ki? Dedim axı sizə. Buna böyrək köçürülməlidir, ikisi də bir vaxtda sıradan çıxıb.
Əvvəl gərək donor tapıla, sonra da həmin böyrəyin qiymətini gərək ödəyəsiniz.
Əməliyyat xərci, gedib-gəlmək hamısı bir yerdə aşağı-yuxarı 50-60 minə başa gələcək.”
“Axı bizdən də kimsə böyrəyini verə bilər, elə biri mən özüm” – bunu mən deyirəm.
“Ola bilər, lakin gərək uyğun olanı olsun, üst-üstə düşsün, yoxlamaq gərəkdir” – bunu da doktor deyib gedir.
Vay, nənə, vay! Kəndimizi, kəndimizin inəyini, qoyununu, keçisini, toyuq-cücəsini də satsaq, bu pulu düzəldə bilmərik. Əlac qalır dövlətə.
Neft fondunda axı bir o qədər milyonlar yatır. Gedib xahiş eliyəcəyəm, xahiş nədi, tələb eliyəcəyəm ki, pul ayırın uşağı aparaq İsrailə, ya da elə Türkiyəyə...
...Getdim, hələ rayondan təzə gəlmiş anamı da apardım.
Məni yox, anamı qəbul elədilər. Qapının yanı açıq idi, anamın dediklərini eşidirdim. “Oğul, sənin o qələminə qurban olum, ayağımın altında ölüm, bəs biz qəfil xataya düşmüşük, erməniynən döyüşlərdə igid kimi vuruşan balamın balasının böyrəkləri işləmir, dilim-ağzım qurusun, ölüm ayağındadır.
Bu uşağın, ay oğul, hünəri bizim irayonda dillərdə dastandı.
Atası Əyri qayada könüllü batalyon yığıb düşmanın qabağında duranda bu uşaq da atasına, onun batalyonuna su, çörək daşıyırdı.
Düz iki il oğlum düşmənlərə sinə gərdi Əyri qayada. Axırda düşman dov gəldi, oğlumun batolyonunun üstünə urusdarın tankislərini göndərdi.
Oğlum düşmanla tək döyüşdü, adamlarını göndərdi ki, kəndin qız-gəlinini çıxartsınlar. Bax, onda indi böyrəkləri işləmiyən bu uşaq qəhrəmanlıq eləmişdi...
...Mühasirə halqası yavaş-yavaş daralırdı. Məhi gah qranatamiyotdan, gah qraddan atəş açır, düşmənə tək olmadığını göstərmək istəyirdi.
Yavaş-yavaş şəvinik çökür, qaranlıqlaşırdı. Komandir aşağıda kənd camaatının köçünün uzaqlaşdığını görüb rahat nəfəs aldı. Şəhid olmuş iki döyüş yoldaşının gözlərini qapadı.
Son güllələri avtomatının darağına yerləşdirdi, qradın mərmilərini yoxladı, sızıldayan yaralarını təzədən sarıdı. Hiss elədi ki, gücü yavaş-yavaş tükənir. Yəqin çox qan itirdiyindəndi.
Bunları düşünə-düşünə əyilib su qabına baxdı – qabın dibində bir qurtumluq su qalmışdı.
Onu başına çəkib göy otların üstünə sərildi və huşunu itirdi... (Məhinin durduğu yüksəkliklə dərənin dibindəki bulağın arası cəmi beş yüz metr olardı. Amma ora enib su içmək, bu yüksəkliyi erməniyə havayı vermək kimi bir şey idi.
Üstəlik, gəlib elə buradanca bir az aşağı kəndlərə çəkilən əsgərlərimizi, əsgərlərin köməyi ilə arxaya köçən kəndin əhalisini öz qradlarımızın, toplarımızın mərmiləri ilə göyə sovurardılar.
Kim eləsə də, Məhi susuzdan ölər, amma bu yüksəkliyi düşmənə döyüşsüz verməzdi. Əslində, o, burada tək-tənha axıracan döyüşüb kişi kimi ölməyə qalmışdı. )
...Oğlan qaranlıq düşən kimi sürünə-sürünə atasının səngərinə girdi.
Qaranlıqda ora-bura çovudu, ayağı bir-iki meyidə toxundu, qorxsa da onların üstündən adlayıb atasını tapmaq ümidiylə qəddini əyib əllərini yerə sürtə-sürtə gəzməyə başladı. Birdən əlləri isti bir şeyə toxundu, elə isti ki, köz kimi.
Əlini yandırsa da geri çəkmədi. Bu, atasının güllə atmaqdan qızmış avtomatı idi.
Hava isti olduğundan hələ soyumamışdı. Bir az o yanda isə atası huşsuz halda uzanmışdı...
...Atası kök adam deyilsə də, nədənsə çox ağır idi.
Ona görə də fasiləsiz sürüyə bilmirdi. Hərdən huşu özünə gələndə qollarını irəli uzadıb özü iməkləmək istəyirdi, amma bir az sonra yenə huşunu itirirdi.
Oğlan fəhmlə hiss edirdi ki, yolun yarısını gediblər. Amma özünün də, yəqin ki, elə atasının da susuzdan dil-dodağı pörşələnirdi.
Elə bil qulağı su səsi aldı. Diqqətlə dinləyib anladı ki, hardasa yaxında bulaq var. Və yadına düşdü ki, Qarasu deyilən yerə çatıblar.
Atasının avtomatını da özüylə götürmüşdü deyin, arxayın idi. Düşmənə rast gəlsələr, heç olmasa bir-ikisini vura biləcək, qana qan edəcəkdi. Belə olanda ölüm də rahat olur deyirlər.
Avtomatı götürüb Qarasuya tərəf endi. Bu su qaramadan çıxdığından yaxşı su hesab olunmurdu.
Amma indi o və atası sonalamaq hayında deyildilər. Su lazımdı onlara – çatlayan dodaqlarını heç olmasa islatmaq üçün!
Dili yansa da özü qabaqcan içmədi, çəkmələrini doldurub qaçdı atasına tərəf. Çəkmənin birini atasının ağzına tutdu.
Atası bir qurtum udub dayandı. Əlini güclə qaldırıb oğlunun üzünə sürtdü və güclə eşidiləcək səslə dedi:
-Sən get... Tez get...
Oğlan o biri çəkmədəki suyu başına çəkib bir az rahatlandı. Atasının ilk dəfə dillənməsi, söz deməsi oğlanı ruhlandırdı.
Yenə kişinin ağır qolunu boynuna salıb sürünməyə başladı...
Başqa vaxt, yəqin ki, bu ağır adamı o apara bilməzdi. Özü də bu adam başqası olsaydı, heç apara bilməzdi. Kişinin qolu boynunda olanda elə bil onlar yerlərini dəyişirdilər.
On altı yaşında oğlan uşağı dönüb ata olurdu, sürüyüb apardığı da elə bil oğluydu..
.
...İşıq-işığa onlar kəndlərinin aşağısındakı dəmiryol stansiyasına çatdılar.
Oğlan hesablamışdı ki, hələ camaat bu stansiyada olmalıdır.
Olmasa da bir şey fikirləşərdi. Təki atası ayılsın, ona yol göstərsin, ya da eləcə bayaqkı kimi əlləri ilə üz-gözünü tumarlasın. Onu lap yüz gün dalında aparsa da, uf deməz.
Təki atası yaşasın. Təki...
İlk gözünə dəyən dəmiryolçu koması oldu. Əyilə-əyilə ora qaçdı.
Heç vaxt sahibsiz olmayan koma boş idi. Demək buralar da düşmən əlindədir.
Komada bir termos, bir qutu qənd, bir də xeyli quru lavaş qırıntıları tapdı.
Termos isti çayla doluydu. Demək təzə gediblər. Bir az sürəti artırsa, camaata çata biləcəklər.
Qənd qabında kəmşirin çay düzəldib atasına verdi.
Elə huşsuz vəziyyətdəcə kişi çaydan qurtum-qurtum içdi.
Sonra lavaşdan da çaya doğrayıb horra kimi elədi, tökdü kişinin ağzına.
Amma yaralı bunu içə bilmədi, ağzından axıb çənəsi aşağı töküldü. Əlacı kəsildi, özü lavaş qırıntılarını ovub ağzına atdı, üstündən də bir az şirin çay içib öz əzablı işini davam etdirməyə başladı.
Təxminən bir saat sürünmüşdülər ki, atası gözlərini açdı. Yenə oğlunun üzünü, boyun-boğazını əlləri ilə tumarladı. Sonra göyərmiş dodaqlarını güclə tərpətdi:
-Silahı ver...
Oğlan atasının silahı istəməsindən o qədər sevindi ki, onun oduna dönmüş əllərini öpməyə başladı, sonra da avtomatı boynundan çıxardıb atasına verdi.
Yaralı döyüşçü öz silahını görən kimi bir az dirçəldi, avtomatı yanına sıxdı, sonra oğluna tərəf tuşladı və oğlanın heç vaxt eşitmədiyi səslə dedi:
-Bu saat burdan get! Mən sənə komandir kimi əmr eləyirəm! Məni qoy, get!
Oğlan əvvəl ona tuşlanmış avtomatdan qorxdu.
Amma silahın atasının əlində olmasından ürəklənib qorxuya üstün gəldi və hönkürüb ağladı.
-Ata, mən səni bir sutkadır ki, çiynimdə gətirmişəm, indi qoyub gedə bilmərəm axı. Məni bağışla, sənin əmrinə tabe ola bilmərəm, lap vursan da.
Kişinin əlləri titrədi, avtomat qucağından yerə düşdü. Son dəfə “ııııı” eləyib gözlərini yumdu. Oğlan əvvəl bir şey başa düşmədi.
Atasını qaldırmaq, ona nə isə demək istədi. Sonra qənd qabına bir az çay töküb ağzına apardı və kişinin çayı içə bilməməsindən ( ağzı kilitlənmişdi) başa düşdü atasının keçindiyini.
Əvvəl bir az qorxdu da. Amma qabağında uzananın başqası deyil, atası olduğunu anlayıb ürəkləndi.
Yadına düşdü ki, ölü öləndə gözünü basırdılar. Ağlamaqdan boğula-boğula atasının xurmayı gözlərini əli ilə qapadı.
Başa düşdü ki, ağlamasa, gedə bilməyəcək. Atasının meyidini qucaqlayıb içində hıçqıra-hıçqıra ağladı.
Sonra bir qədər də ağırlaşmış meyiti sürüməyə başladı...
Amma meyit ağırlaşsa da, oğlanın elə bil gücü artmışdı.
O, indi daha rahat sürünə bilirdi.
...Xəbər yayıldı ki, Məhinin oğlu özü ilə bir meyit də gətirib. Meyiti o qədər sürümüşdü ki, tanınmaz hala düşmüşdü.
Özü isə danışmırdı. Nə illah eləsələr də elə gətirdiyi meyitin yanında dayanıb dururdu.
Haya nənəsi, bir qədər sonra da mən – ölmüş əmisi gəldim. Məni görən kimi hönkürdü.
Sonra da əsdi, əsdi, tappıltı ilə atasının meyitinin yanına sərildi.
Qardaşımı dəfn elədik, kənd camaatı qırx gün igid komandirinə yas saxladı. Eltac isə hələ də özünə gəlməmişdi. Sidiyə çıxa bilmir, yeriyəndə də əyilə-əyilə gəzirdi.
Həkimlər dedilər ki, böyrəkləri zədələnib, bir qədər müalicə alandan sonra düzələcək.
Düzəlməyinə düzəldi, amma düz üstündən on il keçəndən sonra yenə böyrəkləri işləmədi...
...-Ay oğul, məni çevir balalarının başına, mənim bu igid balama qıyma, kömək ver, gedib xaricdə aperasiya olunsun...
Yastıbaş rəis başını anamın stolunun üstünə qoyduğu ərizəyə tərəf əydi, arxasını anama tərəf çevirdi, üzünü pəncərəyə tutub (bunları sonra anam danışdı) dedi:
-Vot dak... bizdə könüllülərə, onların evladlarına veriləsi pul yoxu, ay arvad. Sən fikirləş ki, yeddi milyonun hamısının birdən böyrəyi atkaz elədi, onda onların hamısı xaricdəmi müalicə almalıdır? Buna ölkənin pulumu çatar? Çatmaz!
Anam yandığından qapıdan çıxa-çıxa dedi:
-Gözətdədiyin kola heç sışmıyasan səni! Ölkənin hamısını birdən niqodnı çıxartdı ki, bu sonu qaraöyüt olmuş!
Neçə vaxtdı böyrəklərini aparata qoşmuşdular. Artıq dializ deyilən o qurğu da kömək eləmirdi. Böyrəklər təmiz sıradan çıxmışdı.
Eltac da sərbəst danışa bilmir, sayıqlayırdı. İndi bütün günü atasıyla dərdləşir, onun son döyüşündən, yaralanmasından danışırdı.
Özü də elə danışırdı ki, elə bil aşkarda görürdü onu.
“Atamdı də... Saymışdı, düz qırx erməni öldürmüşdü. Axırda məni də vurdu ki, qayıdım... Mən qayıtmadım ha... Atamdı axı, qoymaram orda... Atam deyir ki, ərik əkmişəm, gülləyib, istəsən gəl meyvəsindən ye... Əmi, bəs doxtur gəlmədi?”
Bu sətirləri onun cib dəftərindən tapmışam, bəlkə də özü yazıb. Baş daşına yazın bunları:
“Mən öləndə ağlamayın, atam eşidər, tərpənər, qəbirdə yaraları qanayar.”
O, qəbir daşı düzəldənlərlə sağollaşıb getdi.
Ustanın cavan şagirdi ayağa qalxıb qarşısındakı yonulmamış qara mərmərə yumruğunu çırpdı və əlinin əzilməsindənmi, yoxsa eşitdiyi kədərli əhvalatın təsirindənmi inildədi:
- Adamı igid kimi ölməyə də qoymurlar!
4 oktyabr- 2010