İran azərbaycanlıları demokratik hərəkətlərə mənəvi dəstək verir

«Biz bütün demokratik hərəkətlərə mənəvi dəstək göstəririk. Ancaq İranda keçirilən mitinqlərdə fiziki olaraq iştirak etmirik».

Bunu Ərdəbildə yaşayan azərbaycanlı fəal Abbas Lisani deyir. O bildirir ki, ölkədə baş verənlərə mənəvi dəstək versələr də, İran müxalifətinin mitinqlərində iştirak etməyi lazım bilmirlər.

«İRANDA DEMOKRATİK GÜC GÖRMÜRÜK»


Lisani deyir ki, «Demokratik islahatlar bütün millətlər üçün faydalıdır. Ancaq biz İranda demokratik güc görmürük».

Onun fikrincə, demokratiyanın əsas qayəsi olan millətlərin hüququnun təsbit olunması İrandakı «yaşıl hərəkat»ı təmsil edənlərin çıxışlarında görünmür.

Abbas Lisani deyir ki, fevralın 14-də müxalifətin etiraz aksiyaları keçirilən günlərdə Təbrizdə, Ərdəbildə sakitlik olub.

Tehranda yaşayan Mehdi Nəimi isə bildirir ki, Misir və Tunisdə baş verənlərdən sonra İran müxalifəti fəallaşsa da, bu fəallıq 2009-cu ilin prezident seçkilərində olduğu kimi deyil:

«İranda Tunisdə və Misirdəki olaylardan sonra müxalifət bir az özünü dirçəlmiş kimi hiss etdi. Ona görə tərəfdarlarını mitinqlərə çağırdılar. Ancaq bu seçkidən sonrakı kimi olmadı. Əlbəttə təbiidir. Prezident seçkilərindən sonra müxalifət güclü görünürdü, ancaq bu günlər müxalifət qat-qat zəif şəraitdə küçələrə çıxıb aksiya keçirdi. İran hakimiyyəti az bir vaxtda onları nəzarət altına ala bildi».

«İNTERNETƏ BAĞLANMAQ OLMUR»


Mehdi Nəimi deyir ki, internetin sürəti adi vaxtlarda da zəif olur. İndiki vaxtda isə internetin qarşısının alınmasına cəhd göstərilib:

«GPRS deyilən bir şey var. O, Tehranda kəsilmişdi. İndi də kəsilib. Ancaq internetə bağlanmaq olur. Xəbər yaymaq, bəzi saytlara girmək çətinləşib. Peyk vəsaitləri də burda çətin tutulur».

Mehdi Nəimi də deyir ki, azərbaycanlılar yaşıl hərəkata əvvəldən dəstək olmayıblar: «Çünki bizim məqsəd və hədəflərimizlə yaşılçılar uyğun gəlmir. İkisi də - həm müxalifətin, həm hakimiyyətin Azərbaycan adı gələndə əlləri bir qabda, bir kasada olur».

Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasının sözçüsü Yaşar Həkkakpur deyir ki, İran müxalifətinin mitinqlərində ayrı-ayrı azərbaycanlılar iştirak etsə də bütövlükdə onlar baş verənlərə qoşulmurlar. Ona görə ki:

«Musəvi indiyə qədər azərbaycanlıların hüquqlarından ciddi danışmayıb. Konstitusiyada yazılıb ki, fars dilindən başqa o biri dillər də ölkədə işlədilə bilər. Azərbaycanlılar bu haqda məktub yazsalar da, Yaşıl hərəkatın liderləri buna heç bir reaksiya göstərmirlər».

Fevralın 14-də İran müxalifəti Misir və Tunis xalqları ilə həmrəylik göstərmək üçün etiraz aksiyası keçirmişdi. Aksiyanın dağıdılması nəticəsində 2 nəfərin öldüyü, 1000-dən çox adamın həbs olunduğu bildirilir.