Serbiyadan Misirə kimi tamamilə fərqli ölkələrdə qeyri-zorakı mübarizə üzrə stolüstü kitab olan “Diktaturadan demokratiyaya” kitabının müəllifi, qeyri-zorakı mübarizənin bilicisi sayılan 83 yaşlı Gene Sharp Azadlıq Radiosunun suallarına cavab verir.
Azadlıq Radiosu: “Serbiyada Miloşeviçin devrilməsinə kömək edən gənclər hərəkatı “Otpor”-un veteranları indi Yaxın Şərq ölklərində və başqa yerlərdə dissidentlərə sizin təklif etdiyiniz qeyri-zorakı müqavimət üsulları ilə təlim keçirlər.”
Gene Sharp: “Misir inqilabının bütün uğuru yalnız Misir xalqına məxsusdur. Burda mənim payım azdır.”
Azadlıq Radiosu: “ Siz Misirdki inqilabın özü barədə nə fikirləşirsiniz?”
Gene Sharp: “CNN və başqaları xəbər verəndə deyirdilər ki, xalq qorxu hissini itirib. Hələ Qandi Hindistandakı mübarizədən danışanda deyirdi ki, əgər xalq qorxu hissini itirirsə, deməli, diktatorluq çətin vəziyyətdədir.
Ancaq mən başqa məsələni demək istəyirəm. Xalq qorxu hissini itirəndə, bəzən özü də zorakılıq etmək istəyir, qeyri-zorakı mübarizə intizamını itirir.
Misirdə əlamətdar olan o idi ki, bir milyonluq nümayiş bəzən zorakılığa meyil göstərən kimi dərhal dinc yola qayıdırdı. Bu, böyük nailiyyətdir və mənim fikrimcə, son uğurda mühüm rol oynadı.”
Azadlıq Radiosu: “Zorsuz etirazların Yaxın Şərqdə və Şimali Afrikada sürətlə yayılması barədə nə fikirləşirsiniz?”
Gene Sharp: “Əgər zor işlətməmək intizamı saxlanırsa, bu, çox yaxşıdır. Yox, əgər bu, üsyanlara, zorakılığa aparacaqsa, mənim fikrimcə, onlar uduzacaq. Əgər beyinlərini və təşkilati bacarıqlarını istifadə edə bilsələr, intizamı saxlasalar, bu, çox müsbət olacaq. Bu, demokratik təsisatlar yaratmaqda ən böyük vasitədir.”.
Azadlıq Radiosu: “Misir və İran rejimlərini inqilablardan qabaqki Gürcüstan və ya Ukrayna rejimləri ilə müqayisə edəndə, bunlar daha repressiv rejimlərdir. Bu o deməkdirmi ki, Yaxın Şərqdə etirazçılar daha çox çətinliklə üzləşirlər? “
Gene Sharp: “”İnqilablar asan olmur. Mənim fikrimcə, onların yayılması çox vacib məqamdır. Əgər onlar yayılırsa, onlar ordunu da , polisi də məğlub edə bilərlər”.
Azadlıq Radiosu: “Bu inqilablarda sosial medianın oynadığı rol sizin ilkin nəzəriyyənizə nəsə əlavə etdimi?”
Gene Sharp: “ Mən bu texnologiyalar üzrə mütəxəssis deyiləm. Ancaq onu deyə bilərəm ki, bu texnologiyalar insanların ünsiyyətinə və birlikdə intizamla hərəkət etməyə kömək edirdi”.
Azadlıq Radiosu: “ Əlavə nəsə demək istərdinizmi? Bu inqilbalar və ya öz işləriniz barədə?”
Gene Sharp: “ Qeyri-zorakı mübarizə təkcə zorakılığa alternativ deyil. O həm də passivliyə alternativdir.
Bu yolun əsrlərlə tarixi var. Ancaq mənə elə gəlir ki, indi insanlar qeyri-zorakı üsullarla daha bacarıqla mübarizə aparırlar və daha çox nəticə əldə edə bilirlər.”