İsveçrə Qəddafinin hesablarını dondurdu

Isveçrə Liviya lideri Müəmmər Qəddafi və onun yaxın ətrafına məxsus hesabların dondurulduğunu elan edib. (AP)

İsveçrə bildirib ki, "Liviyada hadisələrin inkişafını nəzərə alaraq" həmin pulların “müvafiq olmayan məqsədlərə xərclənməsinin qarşısını almaq” istəyir.

İndi Liviya liderinə sadiq olan qüvvələr hakimiyyətə qarşı çıxan üsyançıların əleyhinə cəza əməliyyatları keçirir.

Yüzlərlə insanın öldürüldüyü deyilir.

İsveçrə bundan qabaq Tunis və Misir liderlərinin də hesablarını dondurmuşdu.

TRİPOLİ ƏTRAFINDA HALQA DARALIR

Liviyanın üsyançı şərq sahilinin sakinləri paytaxt Tripoliyə yürüş edəcəklərini bildirirlər.

Böyük şəhərlərdən olan Əl Baidada üsyançılar tərəfə keçən generallar iştirak edən mitinqdə deyilib ki, “Əgər Tripoli özünü azad edə bilməsə, bizim hədəf Tripoli olacaq”.

“MƏN ATƏŞ AÇMADIM”

Onlarla ordu və polis komandanı Əl Baidaya gəlib və üsyançılarla həmrəyliyini bildirib.
Onların hər birini kütlə alqışlarla qarşılayıb.

General Abdul Əziz əl-Busta mitinqdə deyib: “Onlar mənə satqın deyəcəklər. Ancaq mən öz vətəndaşlarımıza atəş açmaq əmrini yerinə yetirmədim.”

Tripolinin şərq tərəfdə 150 km-liyində, qərb tərəfdə isə 100 km-liyində döyüşlər gedir. Döyüş gedən şəhərlər indiyə kimi hökumət tərəfdarlarının əlində idi.

MƏSCİDİ RAKETLƏ VURUBLAR

Tripolidən 50 km aralıdakı Zaviya şəhərində isə hökumət qoşunları etirazçılar olan məscidin minarəsini təyyarə əleyhinə raketlə dağıdıblar.

Məscidin özünü isə avtomatlardan atəşə tutublar.

Məsciddən qıraqda olanlardan biri Frans Press Agentliyinə deyib ki, bir gün əvvəl Qaddafinin elçisi gəlmişdi. O dedi ki, ya təslim olacaqsınız ya da qırğın olacaq.

Əsgərlərin davranışını Liviyadan çıxa bilmiş Türkiyə vətəndaşı Ahmet Yucel belə təsvir edir: “Əsgərlər bizdən girov kimi istifadə edirdilər. Onlar bizə yemək vermirdilər. Onlar hətta Türkiyə konsulluğunun göndərdiyi yeməyi də bizim əlimizdən alırdılar”.

DÜNYA İSTİNTAQA ÇAĞIRIR

Beynəlxalq aləm birmənalı şəkildə Liviyada ayağa qalxan xalqın tərəfini tutub. Amerika prezidenti Barak Obama deyib ki, dünya birləşib, Liviya hakimiyyətini məsuliyyətə cəlb etməlidir:

“Qan tökülməsi yolverilməzdir. Etirazçılara atəş açmaq əmrinin verilməsi Liviya xalqını cəzalandırmaq istəməkdir. Bu hərəkətlər beynəlxalq qanunların pozulmasıdır. Bu zorakılıq dayandırılmalıdır”

Britaniyanın xarici işlər naziri William Hague Liviyadakı qırğını araşdıran beynəlxalq istintaqa çağırıb.

QADDAFİNİ YAXINI TƏRK ETDİ

Liviya lideri Qaddafinin yaxın qohumu və onun ən yaxın köməkçilərindən olan Əhməd Gadaf əl-Dam hakimiyyətin hərəkətlərinə etiraz olaraq Misir tərəfə keçib. Əl-Dam Liviya lideri Qaddafinin dünya liderləri ilə danışıqlarında təmsilçisi idi.

Əl-Dam Liviyada hökujmətin elədiklərini insan haqlarının, qanunların ölümcül pozulması adlandırıb.

GÜNAHKAR BİN LADENDİR???

Hələlik Qaddafi Liviyanın 6 milyonluq əhalisinin üçdə biri yaşayan paytaxt Tripolidə nəzarəti saxlaya bilir.
Ancaq ölkənin çox hissəsi onun nəzarətindən çıxıb. Müşahidəçilər vətəndaş müharibəsinin başlanacağından ehtiyat edirlər.

Bu gün Qaddafi yenə televiziya ilə xalqa müraciət edib. O, diktatorların köhnə arqumentini təkrarlayıb ki, narazılar arasında narkotik maddələr qəbul edənlər olub.

Qaddafi Liviyada kütləvi qarışıqlıq salanı da göstərib. O deyib ki, camaatı ayağa qaldırıb, qarışıqlıq salan Əl Qaida lideri Osama bin Ladendir.