“KİRİLDƏN LATINA” layihəsi
Vahid Əsədov öldü. Ömrünün qırxıncı ilində gözlərini yummaqla da sanki bütün qalan işlərini ixtisara saldı.
Yəqin görüb onlar bir əfsanə, baş girlətməkdir.
Nekroloquna gözüm sataşanda, qəzeti qatlayıb hələlik bir qırağa qoydum: sonra oxuyaram. Ləzzəti uzatmaq istəyirdim.
Keçib rəfdəki baş-ayaq kitabları yerbəyer elədim, cildləri ard-arda düzdüm - guya bu saat-bu dəqiqə bu işlər onun ölüm xəbərindən elə vacibdi.
Mətbəxə qayıdıb çay qoydum. Özümə şam tədarükü görməyə başladım. Arada qanrılıb “Vahid Əsədov” yazısının üstündəki şəkildə keçmiş dostumun gülümsər çöhrəsinə baxırdım.
Deyirdin, o, üzündəki təbəssümlə mənə deyirdi: gördün ki - zarafat-zarafat, axır öldüm.
Şəkil enlikdə nekroloq onun əyninə taxılmış qara dirijor frakı kimi aşağı sallanmışdı.
Belə-belə işlər, Vahid Əsədov. Cəmi iki ay bundan əvvəl mən Bakıda etibarla, inamla sənin yanına gəldim, bə sən neylədin: lağ-loğazla “moskviç” dediyin bir qəribin ağzını boza verdin.
Sözümü yerə salmağın cəhənnəm, belimə yalan vədlər yüklədin. Özü də bir var vədin yalanı sonra bilinə, səninkilər söz ağzından üzülməmiş faş oldu. Şit-şit də qızıl dişlərini ağardırdın.
...Orda, oralarda dişlərini qəbir qurdlarına da ağardarsan!
Axı, biz də çörəyi qulağımıza yox, ağzımıza yeyirik: sənin yalan vədlərinə bir yavan “sağol” fırıldadıb, kabinetdən çıxdım.
Amma ay zalım, ürəkdən “sağol” desəydim, uzun yaşayacaqdın, özündən küs.
Onca dəqiqə sonra da, sağ-solu, Allah işığının həbs olunduğu, sandıqçalar kimi qapıları kip bağlı, kabinetlərlə dolu, alaqaranlıq dəhlizdə qarşı-qarşıya gəldik - baxar kor kimi yan keçdin.
Düzdür, idarə idarədir, ora hərzə danışmaq yeri deyil, ancaq bir vaxt “qeyri-idarəvi” yerlərdəki kimi göz vurmağa nə gəlmişdi.
Tutacaqdılar, ya asacaqdılar səni? Bəlkə “şəxsi işinə yazılmaqla” töhmət verəcəkdilər?
Yoxsa insan özünü müdir kimi aparanda, mərtəbəsi yüksəlir, şöhrətə çatır?
Gəl əyri oturub, düz danışaq: mənə verdiyin vədlər ağ yalan idi. Sən məni barmağına doladın, xoruzumu qoltuğuma verdin, sən mənə yağlıca bir “şiş” göstərdin!
Onda, avqustda görüşməsəydik, indi, noyabrda, hətta öldüyünü də bilib, ürəyim bulanmaz, oturub səndən ötrü hönkür-hönkür ağlayardım.
Bir yandan da səndə nə günah - özüm sırtıqlıq elədim. Hədərə şeylərdən ötrü hörmətini tutduğun insana ağız açmayasan gərək.
Hələ ağlamaq nədi, qəzeti gözümdən iraq tutmuram ki, nekroloqun dadını qaçırmayım.
Açığı, şam tədarükünün əvvəlində bir istədim əl atıb onu tezbazar oxuyam, tanışlığımız-dostluğumuz xatirinə, ləzzəti yarıda kəsəm.
Ancaq Şeytan dedi, ə, nağayrırsan: o sənə elə, sən ona belə? Fikir ağlıma batdı.
Vahid Əsədov elə bil basılmış düşməndi, mən onun sinəsinə çökmüşdüm.
Xörək bişənəcən vanna otağına keçdim; vaxt itirmədən ordakı işləri də qaydaya salmaq istəyirdim.
Dəsmalı-corablarımı yumalıyam. Dostumun ölümü məni işgüzar eləmişdi. Birdən vannada, kömürlə rənglənibmiş kimi, qara bir böcək gördüm.
Ayaqcıqları tərpəşdikcə tank kimi irəliləyirdi. Məndə onun həyatı ilə oynamaq həvəsi oyandı.
Bu saat mən onun başına nə istəsəm gətirərdim: öldürsəm öldürərəm, öldürməsəm - yox. Əvvəl şırnağı açıb onu suyun axar yerinə sürüşdürdüm.
Böcək bu qəfil fəlakətdən dəhşətə gəldi: boğula-boğula gah bu, gah digər səmtə - onun zənnincə, ölüm olmayan yerlərə şütüməyə başladı.
Onun tərzi-hərəkətlərinə baxan belə qənaətə gələrdi ki, hər tərəfdə həm ölüm var, həm də heç yerdə ölüm yoxdur.
Böcək yalnız axacaqdan keçərsə, ölüb gedəcəkdi. O dünyanın milyonlarca qapıcıqlarından biri də vannadakı bu axacaqdı.
Əyilib mikroskopa baxan təki ora baxdım; yəqin o dünya yerinə düzgün qoyulmayıb, heç nə sezəmmədim.
Dikələndəsə, gördüm böcək vannanın divarı boyu, aşağı sürüşə-sürüşə, becid yuxarı dırmanır.
Onsuz əcəl onun başı üzərində qanad çalır - qaçmaq-gizlənmək əbəsdi. Hirs gəldi, iman qaç, mən onu iti su ilə bir az da aşağı axıtdım; bütün zəhmətləri hədər getdi.
Yox, öldürməyə ürəyim gəlmir: onu o dünyanın qapısı ağzındaca əylədim, hətta yavaşca ordan araladım da.
Böcək gördü onu ölümə sürükləyən qüvvə həyata sarı da itələyə bilir. O məndəki bu qüdrətə bərk sevindi, hətta sevincin gücündən dalı üstə aşıb, ayaqcıqları göyə - məncə, Allaha dua etməyə başladı.
Lakin mən elə bir qüdrət sahibi idim ki, dua-zad qəti kar etmədi, nazik şırnağı altdan salmaqla, onu təzədən üzü üstə çevirdim.
Dualar xırp kəsildi. Ayaqcıqlar dua rolunu itirib, vannanın dibində böcəyin çəlləyə oxşar tənini dayaq kimi saxlayası oldu.
Qaraböcək çaş-baş qalmışdı, bilmirdi də neyləsin - o ya yaşaya bilərdi, ya ölə, başqa şey əlindən gəlmirdi.
Mən də ki, onu nə yaşamağa qoyuram, nə də ölməyə. Səbəbsiz qəsdinə durmuşdum.
Həm də böcək bu yox, tamam başqası da ola bilərdi. Mənim üçün onların ucdantutma hamısı birdi. Hamısının da taleyi - əhəmiyyətsiz.
Qəfildən onu tezcənə öldürmək fikrinə düşdüm. Yox, bu böcəyin həyatı vaxtımı alır.
Axı, onun həyatı nədir ki - açığı, bu həyatla oynamağa belə dəyməz. Darıxdım lap. Bircə onu öldürsəydim, asanlıqla keçərdim başqa işlərimə.
Əl atdım suya. Dayan, hələlik onu öldürməyə əsaslı səbəb görmürəm.
Öldürməyə əsaslı səbəb yoxdusa da, axı, hələlik yaşatmağa da elə bir əsas yoxdu.
Birdən ağlıma gəldi ki, mən yaşatmaqla da ondan üzülüşə bilərəm. Yaşat, qoy cəhənnəm olsun.
Hər halda, yaşatmaqla ondan qurtulmaq daha bəyənilən olar. Üstəlik, bu saat böcək özü də yaşamaq istəyir.
Guya böcəklərin ölmək istəyəni olur ki...
Görən, böcəklər də insan kimi intihar fikrinə düşürmü?
Ey, qaraböcək, bu acı dünyaya nə şirnikirsən belə? Yaşamaq istəyirsən - buyur. Şəxsən mən qarabala sənin həyatına göz yumuram!
Suyu bağlayıb keçdim mətbəxə. Vay, xörək daşıb, mətbəxi duman alıb. Göz-gözü görmürdü. İnstinktiv qazı söndürüb, pəncərəni açdım.
Böcəyi yaşatmağımı həsr edirəm V.Əsədovun ölümünə. Onun ölümünü həyatla qeyd edirəm.
Mənə yalan vəd verməsəydi, ondan ötrü nələr etməzdim! Böcəyin biri nədir, xatirəsini əziz tutub, mininə birdən həyat bəxş edərdim.
V. Əsədov, vətəndaş V., yoldaş Əsədov, əlvida!
Bu məqamda əvvəl ona hörmət qoyub, cəld nekroloqu oxudum. Oxuyan kimi də qəzeti sərdim şam yeməyinin altına.
Yox, deyən, burası hörmətsizlik çıxdı: nimçənin dalı Vahidin ağzını qapamışdı. Qəzeti, islanıb xarab olmamış, qabların altından çıxarası oldum.
Yoldaş V., sənin şəklini kəsib saxlamaq niyyətindəyəm, buna necə baxırsan?
Pah, hələ ondan icazə alacağam! İzn verdi-vermədi, dörd yandan qatlamaqla şəkli kəsib götürdüm.
Qoyaram qalın bir kitabın arasına, şax qalar. Onsuz Vahid özü də kitab qurdu idi; qoy orda qurdalansın. ...
Mən onu yadıma salıb şəkli axtarmayacaqdım; kitabı təsadüfən açanda, Vahid Əsədov yadıma düşəcəkdi.
Şəkli əvvəl stolun üstündəki qəndqabına söykədim.
Elə bil V.Əsədov pişik kimi stolun üstünə dırmanıb, ordan mənə, mənim süfrəmə baxırdı. Gözü-könlü tox imiş, heç nəyə əl uzatmırdı.
Vahid Əsədov, gəl bugünkü günü sənin yasın hesab edək! Mən öz şam yeməklərimi sənin adına ehsan deyirəm!
Ancaq bağışlayasan ki, bu ehsanı bir tək özüm həzmi-rabedən keçirirəm. Həm də neyləyim, süfrəmdə paket supudu, bir də kolbasayla sarımsaq.
İnan, bu gün sarımsaq yeməsəm, ölərəm!
Ehsan bitdi. Əfsus, dəfn ehsandan sonraya düşdü.
Kaşan-kaşanla mən onu hələ qatı açılmamış, küncləri sərt 90º bucaqlı bir kitabın içində basdırdım.
Sonra da bu sərt kitabı aparıb qatma-qarışıq dəftər-kağızın arasına dürtdüm ki, unudum getsin. Qayıdıb dostumun xətrinə yaşatdığım böcəyə baş çəkdim.
Böcək bayaqkından da iti - gah dala, gah qabağa millənir, gahdan divar boyu yuxarı dırmanır, gahdan dığırlanıb kəllə-mayallaq vannanın tən ortasına gəlirdi.
V.Əsədovun böcəyi heç cür həyatın yolunu tapa bilmirdi.
Həyat ölümlə ləbələb vannadan kənardaydı.
Böcək bir də yuxarı dartınanda, ovcumu yanakı onun dalınca sürütdürdüm. Ayaqcıqları divardan qopub, aşağı düşdükcə, yumşaq ovcumdakı istilikdən çimçəşib-üşənir, təzədən yuxarı atılırdı.
Belə-belə mən onu vannadan həyata aşırdım.
Böcək həyatda daş kimi tappıltı səsi verdi.
Əlvida, Vahid Əsədov!
1988, noyabr-dekabr
(yenidən işlənib: 2011, 5-27 fevral)