Bəxtiyar Hacıyev aclığı dayandırdı

Bəxtiyar Hacıyev
Gənc fəal Bəxtiyar Hacıyevə Gəncə polis idarəsində işgəncə verilməsi ilə bağlı bu rayonun prokurorluğuna şikayət hazırlanıb.

Bunu AzadlıqRadiosuna B.Hacıyevin vəkili Elçin Namazov bildirib. O, Bəxtiyar Hacıyevin saxlandığı təcridxananın rəisindən xahiş edib ki, müəssisənin tibb xidmətinin həkimləri onu müayinə edib aktlaşdırma aparsınlar:

«Bu, tibbi ekspertiza deyil. Mən xahiş elədim ki, müəssisənin tibbi personalı Bəxtiyarın üzərində gözlə görünən xəsarətləri qeyd edib aktlaşdırsınlar. Biz tibbi ekspertiza barədə vəsatət qaldırmışıq, amma bu, bir neçə gün çəkir və işgəncə yerləri itə bilər».

Tibbi sanitar hissənin rəis əvəzi və ədliyyə nəzarətçisinin də imza etdiyi aktda deyilir:

«Hər iki gözün alt nahiyəsində qızartı, sol burun ətraf nahiyəsində qızartı yara, sağ boyun nahiyəsində üzərində kərtmək əmələ gəlmiş yara aşkar edilib».

Bəxtiyar Hacıyev bildirib ki, bu xəsarətlər martın 4-5-də Nizami rayon Polis şöbəsində və Gəncə şəhər Polis İdarəsinin Müvəqqəti Saxlama Təcridxanasında döyülməsi nəticəsində yaranıb. Onun bu fikirləri akta salınıb.

Vəkili Elçin Namazov deyir ki, onlar bu aktın surətini Gəncə şəhər Prokurorluğuna təqdim edib Bəxtiyar Hacıyevə xəsarət yetirmiş polislər barəsində cinayət işi qaldırılmasını istəyib.

Elçin Namazov onu da bildirdi ki, Bəxtiyar Hacıyev aclıq aksiyasını dayandırıb:

«Biz həbs qərarından apelyasiya vermişik. Apelyasiya Məhkəməsi bizim şikayətə baxana qədər Bəxtiyar aclığı dayandırmağa qərar verdi. Apelyasiya Məhkəməsi də birinci instansiya məhkəməsinin həbs qərarını qüvvədə saxlasa, onda aclıq aksiyasına davam edəcək».

Martın 4-də Gəncə şəhər Nizami rayon məhkəməsinin qərarı ilə Bəxtiyar Hacıyev barəsində 1 aylıq həbs-qətimkan tədbiri seçilib. O, Gəncəni icazəsiz tərk etməkdə təqsirləndirilir. Bəxtiyar Hacıyev barəsində Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə-yəni hərbi xidmətdən boyun qaçırmağa görə, yanvarın 24-də Gəncə şəhər Prokurorluğunda cinayət işi başlanıb.

HƏMÇİNİN OXU:

GƏNC FƏALIN ANASI: «BƏXTİYAR ƏQİDƏSİNDƏN DÖNƏN DEYİL»