Vəkil Əshabəli Mustafayev AzadlıqRadiosuna bildirib ki, Dəyanət saxlanma səbəbi ilə maraqlananda, onu tutanlar bunu müxalifətin planlaşdırdığı mitinqlə izah ediblər:
«Bölmədə indiyə kimi üzünü görmədiyi üç polis əməkdaşı Dəyanətin üzünə durub. Polislər Dəyanətin guya onları təhqir etdiyini bildiriblər. İş protokollaşdırılıb və ona müdafiə imkanı tanınmayaraq, özləri vəkil seçərək işi məhkəməyə göndəriblər».
Vəkil deyir ki, saxlanan vaxt və məhkəmədə Dəyanət Babayevin vəkillə təmin olunmasına şərait yaradılmayıb, saxlanması haqqında ailəsinə məlumat verilməyib. Bütün bunlarla bağlı vəkil martın 9-da apelyasiya şikayəti verəcək.
Apelyasiya şikayətində Dəyanət Babayevin müdafiə hüququnun pozulması, prosesin saxta keçirilməsi, saxlanma təcridxanası rəhbərliyinin martın 6-da vəkilə görüş imkanı yaratmaması da əksini tapacaq.
AXCP fəalı Dəyanət Babayev martın 4-də saxlanılıb, 10 sutkalıq cəza alıb. Hazırda o, Binəqədidəki İnzibati Həbs Olunanların Saxlanma Təcridxanasında saxlanılır.