Virtual dünya ünsiyyətə problem yaradır?

SOSİAL ŞƏBƏKƏLƏR ZƏRƏRLİDİRMİ?

Sosial şəbəkələrdə ünsiyyət psixi problemlərə səbəb olur. Bunu respublikanın baş psixiatrı Gəray Gəraybəyli «Trend» xəbər agentliyinə deyib. O hesab eləyir ki, virtual münasibətə üstünlük verən insanların canlı ünsiyyətdə problemləri yaranır. Baş psixiatr misal da çəkib deyir ki, pasientləri arasında internetdə qızla tanış olan oğlan şikayətlənib ki, görüşəndə danışmağa mövzu tapmayıblar.

Gəray Gəraybəylinin bu açıqlaması media dairələrində birmənalı qarşılanmayıb. Hətta onun dediklərini qəbul edənlər də açıqlamanın bəzi televiziyalarda Azərbaycanda sosial şəbəkələrə əks- təbliğat verilişləri ilə üst-üstə düşməsini təsadüf saymırlar. Bu açıqlamanı son günlər «Facebook» sosial şəbəkəsində «11 mart Böyük Xalq Günü» kampaniyası, bir neçə gənc fəalın saxlanması ilə bağlayanlar da var:

Bəs sosial şəbəkələrdə aktiv olanlar necə, özlərində hər hansı canlı ünsiyyət problemi hiss edirlərmi? Bu suala cavab tapmazdan öncə psixoloq Dəyanət Rzayevi eşidək. O, baş psixiatrın fikirlərini paylaşır və deyir ki, virtual ünsiyyət insanların canlı ünsiyyət vərdişlərini azaldır:

- Biri var diri ünsiyyət, insanın emosiyalarını duyursan, ona reaksiya verirsən, biri də var, görmədən ünsiyyət qurursan. Bu da hamısı stress yaradır.

Dəyanət Rzayev intiharların bir səbəbini də virtual ünsiyyətdə görür. Onun fikrincə, insanın nəinki təkcə insanla, həm də təbiətlə, digər canlılarla ünsiyyəti virtual ünsiyyətdən qat-qat üstündür.

SİYASƏTÇİLƏRƏ OLAR, SİRAVİ ADAMLARA YOX


Amma indi sosial şəbəkələrdə təkcə adi adamları yox, siyasətçiləri də görmək olar. Elə ölkə prezidenti İlham Əliyevin də «Twitter»də səhifəsi var. Dəyanət Rzayev deyir ki, prezident, nazirlər və siyasətçilər ictimai adamlardı, xüsusilə prezidentin ölkəni idarə etmək üçün sıravi adamların fikirlərini eşitməyə ehtiyacı var, amma adi adamların öz fikirlərini tanımadığı adamlarla paylaşmasına bir o qədər də zərurət yoxdur:

- İnsanın realizasiya olunmaq istəyi varsa, bunun başqa formaları var.

CANLI ÜNSİYYƏTİ HEÇ NƏ SIRADAN ÇIXARA BİLMƏZ

Psixoloq Azər Qaracənli isə virtual ünsiyyətin yazı mədəniyyətinin formalaşmasından başladığını və ötən əsrdə telefonun da bu ünsiyyətə daxil olduğunu, amma canlı ünsiyyət vərdişlərinin heç bir zaman itirilmədiyini deyir:

- İstər birinci yenilik - məktublaşma, istərsə də ikincisi olan telefon canlı ünsiyyəti sıradan çıxarmayıb, kütləvi insan psixologiyasında problem yaratmayıb, eləcə də internetə bu cür yanaşmaq lazımdır. İndi internet yenidir deyə, adamlarda bir az çaşqınlıq yaradıb. İnternet yeni olduğu üçün adamlar, xüsusilə də gənclər hələ ondan doymayıblar.

Azər Qaraçənli
hesab edir ki, ünsiyyətdəki problemlərin səbəbi heç də internet deyil, onun səbəbləri daha qədimidir və onun fikrincə, müşahidə olunan problemlər daha çox fərdlərə xasdır. Azər Qaraçənli deyir ki, hətta canlı ünsiyyət problemi olanlar virtual ünsiyyətdə özlərini daha komplekssiz hiss edirlər və bu, onlarda yad adamlarda ünsiyyətə girmək vərdişləri aşılayır.

«İNTERNET MƏNƏ KÖMƏK ETDİ»

Musiqiçi, işi ilə bağlı Türkiyədə yaşayan Azər Məmmədov da virtual dünya ilə tanışlığı nəticəsində yaşadığı ünsiyyət problemini yenə bilib və deyir ki, indi onun üçün nə real həyatda, nə də sosial şəbəkələrdə ünsiyyət qurmaq problemi yoxdur:

- Mən hamı ilə ünsiyyətdə olmağa çalışıram. Müxtəlif təbəqələrdən, müxtəlif insanlarla danışıram və heç bir problem yaşamıram. 2006-cı ildə «Facebook»a qrup yoldaşlarımı axtarmaq üçün gəldim, indi bu şəbəkə qlobal bir şəkil aldı.

«LAQQIRTI»” DÖYMƏK PROBLEMİ VAR

«Facebook» sosial şəbəkəsində keçirdiyim kiçik bir sorğuda «Yuğ» teatrının direktoru Tərlan Rəsulov belə bir cavab verdi ki, onun ünsiyyət problemi var, amma heç sosial şəbəkədə də aktiv deyil. Söhbətimizdə məlum oldu ki, Tərlan Rəsulov ünsiyyət problemi deyəndə adamlar arasında daha çox «laqqırtı» kimi məzmun verilən söhbətlərə nə real, nə də virtual aləmdə qoşula bilir və bunu «vaxt itki»si adlandırır. Sorğumuza cavab verən digər «Facebook»çuların bəzisi hesab edir ki, virtual ünsiyyətə ayrılan vaxt ucbatından adamların dost-tanışla görüşməsinə əngəl yaradır, bəzisi də hesab edir ki, müasir dövrdə sosial şəbəkələr real həyat üçün bir vasitədir. Sorğumuza belə bir mesaj da gəldi ki, baş psixatrın «sosial şəbəkə» narahtçılığının kökündə «ünsiyyət problemi» yox, «fərqli düşüncəli gənclərin aktivliyi» dayanır.

BƏS SİZ NECƏ DÜŞÜNÜRSÜNÜZ?