Həmid Herisçi ilə yolüstü söhbət
Günəşin əriyib yerə töküldüyü bu şəhərin göylərindən
Hər gün ümid durnaları çığıra-çığıra uzaqlaşır
Bu qala divarlarınn önündə
Hər şey, hamı yalqızlaşır
Sərin meh də sazaqlaşır!
Başını kəsirlər Sisianovun
Sanki, ilk dəfə görüşür Allahla yara.
…gec-tez dərdə çevrilir sevgi.
Qadın ilk növbədə sevgini sənədləşdirir
Allahı kağıza köçürür peyğəmbər
əlinin qanının kağıza silir tarix,
və gələcək nəsillərə uzadır.
Gələcək nəsillər… yazıqlar… gələcəklər
Bütün köhnə əzabları yenidən çəkəcəklər.
Yaxşı insanla hər gecə
Mütləq kimsə vidalaşır, kimsə ondan uzaqlaşır.
Bu qala divarlarının dibində vətəndən didərgin düşməyə hazırlaşan
İki şair qucaqlaşır.
Bu vaxt meh də sazaqlaşır.
Bu vaxt Allah yoxa çıxır
bu vaxt insan yazıqlaşır.
Bu vaxt göz yaşları daha da duru,
Siqaretin tüstüsü daha da acı olur
Tale üz çeviribsə
Qızılgül kolu da adama dar ağacı olur.
Günəşin əriyib yerə töküldüyü bu şəhərdən
Çıx get, şair!
Başın burdakı bədənlərə ağırlıq edir.
Gecəyarı boş küçəyə suallar
İstəyərdinizmi ürəyiniz adi insan ürəyi olsun?
Yəni bir az daş.
İstəyərdinizmi gözləriniz adi insan gözləri olsun?
Yəni bir az kor
İstəyərdinizmi adi insan kimi ağlayasınız?
Yəni hərdən, aradabir
İstəyərdinizmi pəncərədən adi insan kimi baxasınız?
Yəni intihar etmək üçün yox
İstəyərdinizmi küçədə adi insan kimi dayanasınız?
Yəni getməyə yeri olmayan biri kimi yox
Yoxsa elə sizdə belədir?
Alatoran