Şərif Ağayar. Həyat davam edir, Gecə, Qəribə taleyi hər alternativ

HƏYAT DAVAM EDİR

yağış sonrası
kənd aralığı
günəşli hava
islanmış torpaq qoxusu
xoruz səsi

həyatın hələ də davam etdiyini
ehtiyatla anladır təbiət


GECƏ

ulduzlar sonsuzluğa dartınmağında
ay dünəndən kəsilmiş qovun dilimi

uzaq ləpədöyəndə işıqlar göz-göz
köpək yaltaqlığıyla yalmanar dəniz

sükutdanmı ürpənir mavi qaranlıq
ah bozumtul təpələr udub rəngini

yenə də həyat dadır süd aydınlığı

ey!
ehey!
yol ötən dost… yubanma yeri
yubanma ki açılmasın gecənin sirri


QƏRİBƏ TALEYİ HƏR ALTERNATİV

(tam ciddi)

həsrət sinəm üstə şaşqın ümidlə
şərh edər könlümdə iztirab qoxu
sonradan həzinlik alternativi
şüurda nə eylər düzüdür çoxu

bəlkə də bəlkə sondur şəfəqsiz
insan taleyində mühüm sətirdən
inan ki, qəlbimdə sol ritmləri
bir anlıq dayandı hər cürə tirdən

bəs həyat mülkündə sual nə bildi
yoxsa qarayaxa bir vüsal səsdir
bil ki səadəti atılan siqar
doğma duyğlarsa fərdi əbəsdir

ey mənim şeirimin solmaz gün hələ
nə zaman inciməz bir könül dəydi
mən sənin qəlb evi söyləməzdimi
səhər şəfəq dolu söyləməsəydi

indi dayanmışam sükut dalbadal
sonra əl vuranda demə ki pusmaq
bəlkə də bəlkə də qəlbimdə sərxoş
bəlkə də dinimiz, bəlkə də susmaq!