Elnarə Şəms. Nə olar, anacan, qocalma belə...

NƏ OLAR, ANACAN, QOCALMA BELƏ...


Ömrün xəzan yeli əsir, görürəm,
Qabarlı əllərin əsir, görürəm,
Qocalıq səbrini kəsir, görürəm,
Nə olar, anacan, qocalma belə...

Gecələr yatmayıb, mənə göz qoydun,
Lal dodaqlarıma neçə söz qoydun.
Qocalıq mülkünə nə tez üz qoydun
Nə olar, anacan, qocalma belə...

Vaxtsız ömür bağın solur-saralır,
Kiçilir gözümdə, dünya daralır,
Saçların ağarır, qanım qaralır,
Nə olar, anacan, qocalma belə..

20.09.2005


***

Nə olsun ki...
Sən şəhərin bünövrəsi,
Mən isə kəndin kəsəyi.
Boyun on altı mərtəbə,
Mənimkisə kiçik koma.
Nə olsun ki,mən şəhərdə böyüyürəm
Sən isə kənddən gəlirsən.
Sən bir məkanın qisməti,
Mən bir qismətin isməti.
Yazsaq bunları tərsinə,
Ya üzü astar olacaq,
Ya astarı üz olacaq.
Nə olsun ki.
Sən bir duyğunun ləçəyi,
Mən bir duyğunun çiçəyi.
Və yaxud yenə tərsinə..
Nə olsun ki
Sən kişisən,
Mənsə qadın.
Ikimizdə köləsiyik bir həsrətin.
Ikimizdə öləsiyik əllərində,
Yetim qalmış məhəbbətin.
Sənə arzumdan söz açım.
Bilirsənmi arzum nədir?
Kaş bircə anlıq,çox deyil
Mən mən deyil,sən olaydım.
Neyləyərdim?
Sənə sevmək öyrədərdim.
Dəli kimi.
Duyğuları cuşa gəlmiş,
Qarşısında sədd yaradan
hər nə varsa tapdalayıb,
Şahə qalxmış,
Arzusuna doğru qaçan
Nəhəng bir okean kimi,
Sənə sevmək öyrədərdim.
Bircə anlıq,çox demirəm
Mən mən deyil,sən olsaydım…
Heyf,nə mən sən olanam,
Nə də ki sən mən olansan,
və yaxud yenə
tərsinə…
Boyun on altı mərtəbə,
Mənimkisə kiçik koma,
Kölgən isidir yuvamı,
Üşüyürəm…

"Ulduz"