Yerevanda keçmiş prezident Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresinin mitinqi keçirilib. Martın 17-də əvvəlcə Matenadaran yaxınlığına toplaşan müxalifətin on milərlə tərəfdarı az sonra Azadlıq meydanına yürüş ediblər. Bu meydanda mitinq keçirməyə 2008-ci ildən ildən müxalifətə icazə verilmirdi. Müxalifət liderləri mitinqdə elan ediblər ki, artıq polis onların meydana daxil olmalarına razılaşıb.
Mitinq iştirakçıları Azadlıq meydanında “Levon prezident!” şüarları səsləndiriblər.
Mitinqdə çıxış edənlərin bəziləri deyiblər ki, istefa xəbərləri eşitməyincə evlərinə getməyəcəklər. Çıxış edənlərin bəziləri yeni seçki tələbləri səsləndiriblər.
Xalq Partiyasının lideri Stepan Dəmirçyan, “Respublika” partiyasının rəhbəri Aram Sargsyan da mitinqdə iştirak edib.
Mitinqdə elan edilib ki, elə bu gün hökumət siyasi məhbuslardan ikisini azad edib.
Polis etiraz aksiyasına mane olmayıb.
Fevralın 18-də keçirilmiş mitinqdə müxalifət hakimiyyətə 15 maddədən ibarət tələblər irəli sürmüşdü. Həmin tələblərin sırasında siyasi məhbusların azad edilməsi, ölkədə sosial problemlərin həlli, 2008-ci ilin prezident seçkçisindən sonra baş vermiş toqquşmalarda həlak olanların ailələrinə və yaralılara kompensasiya verilməsi, Qarabağın erməni rəhbərliyinin sülh danışıqlarına cəlb edilməsi də var.
Levon Ter-Petrosyan bugünkü mitinqdə çıxışında həmin tələblərinin qüvvədə qaldığını, müxalifətin növbəti mitinqidə qədər bu tələblərin həyata keçikrirlməsinə dair hakimiyyətlə danışıqlara hazır olduqlarını bildirib.
Keçmiş prezident qeyd edib ki, indi onların səsləndirdikləri tələblər ultimatum deyil, amma hakimiyyət danışıqlardan imtina edərsə, hökumətlə umtimatumla da danışacaqlar.
Müxalifətin məlumatına görə fevralın 18-də keçirdikləri mitinqdə olduğu kimi bu dəfə də hökumət regionlardan və yaxın qəsəbələrdən Yerevana ictimai nəqliyyatın hərəkətini dayandırıb. Onların dediklərinə görə rəsmilər adamların etiraz askiyasına qoşulmasının qarşısını almaq üçün hər vasitədən istifadə edirlər.
Erməni Milli Konqresi növbəti etiraz askiyasını aprelin 8-ə təyin edib.
Etiraz aksiyasından şəkillər:
Mitinq yeni başlayanda polis müxalifətçilərin qarşısını kəsib Azadlıq meydanına buraxmırdı, Yerevan, 17 mart 2011