əvvəli
- Əfəndim, çaymı, qəhvəmi? - Mən rektorun qəbul otağına qalxıb, göstərilən kresloda əyləşəndən sonra Yılmaz bəyin qarayanız yaşlı katibəsi soruşdu və şəkər dolu qənddanı qarşıma qoydu.
- Heç nə istəmirəm, - dedim.
Katibə:
- Rektor bəy bir azdan sizi qəbul edəcək, - deyə gülümsündü.
Razılıq əlaməti olaraq başımı tərpətdim və qabaqstolunun üstündəki jurnallara və bukletlərə göz gəzdirdim. Onların əksəriyyətinin Göytəpə universiteti haqqında olduğunu demək artıqdır. Universitetin tələbələr üçün açdığı imkanlar, tədris olunan dərslərin keyfiyyəti, otaqlar göz oxşayırdı. Şübhəsiz, şəkillər peşəkarın fotoaparatından çıxmışdı.
Katibə öz işindəydi və stolun üstündəki kağız-kuğuzlarla qurdalanırdı.
Bir müddət keçdi, rektordan səs çıxmadı. Narahatçılığımı duyan katibə hərdən başını qaldırıb mənə baxır və işlərin elə də pis olmadığına məni inandırmaq üçün gülümsünürdü. Nəhayət, rektorun yanındakı qonaq çıxdı və katibə xanım:
- Buyurun, əfəndim, - deyə qapını açdı və mən rektorun otağına keçdim.
Yılmaz Durmuş ayağa qalxdı, irəli gəlib mənimlə ikiəlli görüşdü, oturmağı təklif etdi, özü də mənimlə üzbəüz əyləşdi.
- Bakıdan gəlmisiniz? - deyə soruşdu və cavab gözləmədən, - bizim Bakıda çoxlu dostlarımız var, - gülümsəyərək dedi, onların adlarını sadaladı, sonra, - bir sorunmu var? - deyə xəbər aldı.
- Problem yoxdur, - dedim, - sadəcə bir işə görə sizi rahatsız etdim.
Sonra əlavə elədim ki, yazıçıyam, İstanbulda öldürülən Züleyxa Göyçək mənim yaxın qohumumdur və onun taleyi mənə əzizidir. O, başı ilə bildirdi ki, məni başa düşür və bu məsələdə yardımçı olmağa hazırdır.
Mən Yılmaz bəyə hadisə barədə yığcam danışdım, Züleyxanın kimliyini anlatdım, İstanbulda nə işlə məşğul olduğunu dedim.
- Züleyxa xanımın İstanbulda nə işlə məşğul olduğunu çoxları bilir, - deyə o, eyhamla danışmağa başladı.
- Əslində, məni daha çox Məhəmməd maraqlandırır. O sizin tələbəniz olub. Son günlər onu Züleyxa Göyçəyin yanında görüblərmiş.
Yılmaz Durmuş başının işarəsilə mənimlə razılaşdığını bildirdi və dedi:
- Hə, belə bir tələbəmiz vardı, özü də yaxşı oxuyurdu, amma bir neçə ay bundan öncə yoxa çıxdı. Biz Bakıya, anasıgilə yazdıq. Oradan bizə xəbər gəldi ki, oğulları İstanbuldadır. Amma o, yoxa çıxmışdı. Sonra evlərinə telefon açdıq. Eyni cavabı aldıq. Bizim israrlı suallarımıza cavab olaraq anası telefonu bağladı.
Bu arada katibə içəri girdi və üzünü mənə tutub bir daha soruşdu:
- Əfəndim nə buyurur, çaymı, qəhvəmi?
Mən çay sifariş elədim.
- Eşitdim ki, Məhəmmədin adı PKK terrorçusunun üstündən tapılmış qeydlərdə var, - dedim.
- Siz Dinqonu deyirsiniz, Dinqo Əlçatmazı. Mərdinliydi. O da bizim tələbəydi, amma daha öncə yoxa çıxmışdı. Bunun üstündə bizim başımız çox ağrılar çəkdi. Əmniyyət məmurları hələ də bizdən əl çəkməyiblər. Bəzi qəzetlər isə universitetimizi az qala terror yuvası adlandırır.
- Bütün bunlar qəribədir, - dedim, - kim olsaydı sizdən şübhələnərdi, - rektorun tutulduğunu görüb, - məni düz anlamadınız. Demək istəyirəm ki, Məhəmməd sizin tələbəniz ola-ola hansısa naməlum qrupa qoşulub, özü də yaxşı oxuyan tələbəniz. Bəlkə gündəlikdə adı çəkilən sizin Məhəmməd deyil.
- Ola bilər. Amma onlar, yəni əmniyyətçilər, buna əmindirlər. Mən o qeydləri sizə verə bilərəm. Bəlkə siz məsələyə bir aydınlıq gətirəsiniz. Bizim də canımız bu dedi-qodulardan qurtarar. Onun surətini əmniyyət məmurları mənə verib.
Bu sözlərdən sonra o, katibəni çağırdı və tapşırdı ki, Dinqonun gündəliyinin surətini çıxardıb mənə versinlər.
Mən katibəni gözləmədim və Yılmaz bəylə xudahafizləşib otaqdan çıxdım. Qapıdan çıxarkən Yılmaz Durmuş arxadan:
- Arkadaşlara salam deyin, - dedi.
- Mütləq deyərəm.
Amma ondan bir neçə saniyə sonra Yılmaz bəyin salamlarını, çatacaqları adları, ünvanları unutdum.
Qəbul otağında çox ləngimədim, katibə gündəliyin surətini gətirdi və mən mehmanxanaya tələsdim. Dinqonun gündəliyini oxumaq indi mənimçün bir nömrəli məsələydi.
Mehmanxanaya çatandan sonra sürücünü sərbəst buraxdım. Onsuz da mehmanxanadan çölə çıxmaq fikrim yoxuydu, sürücünü boş-boşuna saxlamaq mənasızıydı, amma bir azdan sonra fikrimi dəyişdim...
* * *
Dinqonun gündəliyini oxumağa başladım və Məhəmmədlə bağlı yerlərin altından qırmızı karandaşla dalğalı xətlər çəkdim, sonra hadisə və faktları xronoloci ardıcıllığa uyğun düzdüm. Nəticə bu cür oldu:
"Bu gün Məhəmməd gəlib bizə qoşuldu. Məni xırdavat dükanında tapdı. Əmim oğlu, Memonu deyirəm, əvvəlcə onu qovmaq istədi. "Yad adam gətirdiyimizə görə Böyük Xoca bizə acıqlanar" dedi. "O, yad deyil, mənim dostumdur, sən bunu yaxşı bilirsən, həm də tanıyırsan, ondan bizə ziyan gəlməz" deyə israr elədim. Memo çox götür-qoy elədi, məni sorğu-suala tutdu, axırda "hər şeyə sən cavabdehsən" dedi və Məhəmmədin dəstəmizə qoşulmasına razılıq verdi.
Biz onunla bir yerdə oxumuşuq. Boğaziçinin sol sahilindəki universitetdə. Məhəmməd daim fikirliydi. Heç kimə qoşulmurdu. Bir dəfə ondan fikirli olmağının səbəbini soruşdum. Amma o mənə cavab vermədi. Mən əvvəllər nəqşibəndçiydim, sonra nurçuluğu seçdim, axırda islamçılığı. Məktəbdən kənarda da islamçı qrup fəaliyyət göstərirdi. Sonradan bildim ki, onların məram və məqsədi tamam başqadır. Əmim oğlunun onlarla əlaqəsi vardı. Mən ona, yəni Memoya qardaşım kimi baxıram. Bir yerdə böyümüşük.
Məhəmmədlə bir otaqda qalırdıq. O, çarpayının ikinci qatında yatırdı. Gecələr tez-tez oyanır, yerinin içində oturub nə barədəsə fikirləşirdi.
Bir dəfə Məhəmməd özü mənə yaxınlaşdı və soruşdu ki, islamçı qrupun amalı nədir. Mən də cavab verdim ki, biz islam əleyhinə çıxanlara düşmən kimi baxırıq, təriqətçiləri isə qəbul eləmirik. O, məndən soruşdu ki, zina edən bir qadına ölüm düşürmü? Mən əvvəlcə təəccübləndim, sonra isə söz verdim ki, bu məsələni xocamızdan, yəni qardaş kimi sevdiyim əmim oğlundan soruşaram, çünki o bu məsələləri yaxşı bilir. İstəsə, onunla görüşdürə bilərəm. Amma o, bu təklifdən boyun qaçırdı və rica elədi ki, bu işi xocamdan özüm soruşum.
Əmim oğlu bir dəfə məni də iclaslarına çağırdı və bərk-bərk tapşırdı ki, eşitdiklərimi və gördüklərimi heç kimə deməyim.
Qrup üzvləri əmim oğlunun xırdavat dükanındakı arxa otağa yığışırdılar. İlk gecə onlar islamdan, onun 18 təriqətindən, dində vətən, millət anlayışları barədə uzun-uzadı danışdılar, millət və torpaq birliyinin müqəddəsliyini dönə-dönə vurğuladılar. Sonra əmim oğlu dedi ki, əsas məsələ kasıbçılığın daşını atmaqdır. Bunun üçünsə biz azad olmalıyıq. Düzü, mən nədən və kimdən azad olacağımızı bilmirdim, bu məsələ mənimçün qaranlıq idi, əmim oğluna bu barədə sual verməyə də qorxurdum.
Toplantıdan çıxanda Məhəmmədin sualını xocama verdim. Sən demə, onun da xocası varmış və bizim hamımızın böyüyü o imiş. "Mən Böyük Xocadan soruşaram" - dedi. Məhəmmədin sualına Böyük Xocanın cavabı qısa və qəti olmuşdu "əvət".
Sonrakı günlərdə qrup üzvləri mənə aydın olmayan məsələdən söhbət edirdilər...
İstanbulda partlayış baş verəndə Memogilin qrupundan bir neçə nəfəri tutdular. Əmim oğlu mənə dedi ki, biz buradan getməliyik, çünki bizi də tuta bilərlər. Düzü, əmim oğlunun bu əndişəsi mənə tam aydın deyildi, amma canımdan yana narahat olduğuma görə onunla birgə gedəsi oldum... Getməzdən öncə Məhəmmədə dedim ki, biz bəlkə bir daha görüşmədik, amma harada olduğumu mütləq ona deyəcəm. Mən ona etibar edirdim, çünki sözübütöv adama oxşayırdı... Bu cür adamlar satqın olmurlar. O, bizim qrup barədə məlumatlıydı, amma heç kimə bir söz deməmişdi.
Biz şəhərdən çıxmamış Məhəmməd gəlib bizi tapdı. Və dedi ki, xalasını qətlə yetirib, daha doğrusu, onu öldürdüyü yadına gəlmir, amma özünü günahkar hiss edir..."
Gündəlikdəki vərəqələrin bəzilərində iri, qara ləkələr vardı, yaxşı oxunmurdu, görünür, onlara su düşmüşdü, bəlkə də yağışdan islanmışdılar. Mən onların üstündə çox baş sındırmadım və Məhəmmədin adı olan vərəqləri oxumağa çalışdım.
"...Məhəmməd qəfil yoxa çıxıb. Memo məni danladı ki, nahaqdan onu dəstəyə qoşduq və Böyük Xoca bunu bilsə, başımızı bədənimizdən ayıracaq. Əmim oğlu səhərdən axşama kimi məni danladı. O elə hesab eləyir ki, Məhəmməd düşmənlərimizin agentiymiş və bizi ələ verəcək..."
"...Məhəmməddən xəbər yoxdur. Dəstəmiz yerini dəyişməlidir..."
Gündəliyin daha bir neçə yerində Məhəmmədin adı çəkilirdi. Söhbət əsasən Memo ilə Dinqonun mübahisəsindən ibarət idi. Gündəlik sahibi Böyük Xocanın ona qəzəblənəcəyindən qorxurdu və taleyindən yana narahat idi...
"...Böyük Xoca mənə və Memoya qəzəblənib..."
* * *
Dinqonun qeydləri bədbin sonluqla bitirdi. Mənə elə gəldi ki, əmoğluları Böyük Xoca deyilən adam o biri dünyaya "ədalət arxasınca" göndərib. Ürəyim sıxıldı. Ovqatıma təravət qatmaq üçün mehmanxananın çardağına - yeməkxanaya çıxdım. Boğaziçini seyr eləmək istədim, amma heç nə görə bilmədim. Hava tutqun olduğundan Boğaziçi qaranlıq dumana bürünmüşdü.
Nahar eləyəndən sonra aşağı düşüb, vestibüldən Yılmaz bəyə telefon açdım. Məhəmmədin qaldığı yataqxananın ünvanını soruşdum və ora girməyə icazə istədim.
Yılmaz bəy Məhəmmədin yaşadığı Əmin Xalçaçı yataqxanasının İstanbulun Avropa hissəsində, Boğaziçinin sağında yerləşdiyini və ora girişin azad olduğunu dedi.
Portye məni başa saldı ki, deyilən ünvan, yəni Taksim caddəsi bizim mehmanxananın yaxınlığında yerləşir. Arada İnönü, yəni Beşitktaş futbol klubunun meydançası var.
Mən maşın çağırmadım və yataqxanaya piyada getmək qərarına gəldim.
İnönü stadionunun yanından keçəndə böyük bir coşqunun şahidi oldum. Görünür, beşiktaşlıların sevimli komandası növbəti yarışa çıxmışdı...
Əmin Xalçaçı yataqxanası doğrudan da uzaqda deyildi və yarım saatdan sonra onun girişindəydim. Bu, on iki mərtəbəli köhnə tikiliydi. Birinci mərtəbənin iri şüşəbəndi və qarşısında səliqəli bağçası vardı.
Qapıçı hara getdiyimi, nə axtardığımı soruşmasa da, özüm-özümü təqdim elədim, Yılmaz bəylə görüşdüyümü və məqsədimi söylədim.
Qapıçı:
- Mən belə şeyləri bilmərəm. Növbətçini çağırım, - dedi.
Növbətçi gələnə kimi vestibülə göz gəzdirdim. Divardan Atatürkün portreti asılmışdı, altında isə "Çox qanlar bahasına məmləkətimizi yüksəltdik" sözləri yazılmışdı. Bir az aralıda isə məşhur bir şairin "Torpaq, uğrunda ölən varsa vatandır" kəlməsi qaralırdı. Bu sözlərin altında imza yox idi. Sonradan öyrəndim ki, həmin misralar Tofiq Fikrətindir. Şüşəbənddən çölə baxdım. Bağçada payız öz sözünü demişdi. Şabalıd və cökə ağaclarının yarpaqları tamam tökülmüşdü. Lap həyasızları hələ də budaqlardan asılı qalmışdı, küləyin əlində oyuncağa çevrilmişdilər, külək, sanki onlarla məzələnirdi. Bakını xatırladım. Sahil parkında sıra ilə əkilmiş palıd, çinar ağaclarını payız çoxdan soyunmağa vadar eləmişdi. Payızda ağaclar məsum qadına, külək isə həyasız kişilərə bənzəyir.
- Əfəndim, mənimi aradınız? - deyə arxadan bir səs eşitdim. Geri döndüm. Qarşımda arıq, hoqqar bir qadın dayanmışdı. Bildim ki, növbətçi deyilən şəxs budur.
- Hə, sizi axtarırdım, - dedim, özümü təqdim elədim. O da əlini uzatdı:
- Həlimə.
Mən gəlişimin məqsədini söylədim. O, Dinqo və Məhəmməd adını eşidəndə:
- Siz də əmniyyətdənsinizmi? - deyə suallı nəzərlərini üzümə zillədi.
Mən üzündən yorğunluq yağan bu xanıma elə ayaq üstəcə bəzi şeyləri başa saldım. Mənim sözlərim onu bir qədər sakitləşdirdi və Dinqo ilə Məhəmmədin qaldığı otağı göstərməyə apardı.
Bu da Məhəmmədin otağı. Darısqal bir məknada beş tələbə qalırdı. Mənə elə gəldi ki, bir zamanlar mən də burada olmuşam. Çox şey tanış idi. Və birdən yadıma düşdü ki, qürbətdə oxumuşam və vaxtı ilə mən də beş nəfərlik otaqda yaşamışam.
Dinqo ilə Məhəmmədin yatdığı ikiqat çarpayıda indi başqaları uyuyurdu. Tələbələrin üçü harasa getmişdi, ikisi otaqdaydı. Biz içəri girəndə dərslərini hazırlayırdılar. Çəlimsiz, arıq oğlan nəsə yazırdı, ortabab birisi ikinci qatda uzanıb kitab oxuyurdu.
Tələbələr bizi görən kimi özlərini yığışdırdılar, ikinci qatda yatan oğlan da aşağı düşdü, hər ikisi xoşgəldin etdi. Həlimə xanım başa saldı ki, mən onlardan öncə burada yaşamış oğlanın qohumuyam.
- Hə, biz də eşitmişik, belə bir şey, amma tam anlaya bilmədik, - çəlimsiz oğlan belə dedi.
- Nə eşitmisiniz ki? - xəbər aldım.
- Onlar hansısa qrupa qoşulublar.
Mən ixtiyarsız olaraq başımla təsdiqlədim və dedim ki, səbəbini heç kim dəqiq bilmir. Bəlkə onlar daha nəsə eşidiblər.
- Biz də bilmirik, - həmin oğlan yenə də dilləndi, - biz bura köçəndə çarpayılar səliqə ilə yığılmışdı, dolablarda da heç nə yox idi. Bircə divarda bu rəsm qalmışdı.
Mən o göstərən tərəfə baxdım. Divarda Sərdar Küçükoğlunun "Boğaziçində günəş" rəsmi asılmışdı. Heç nə anlamadım. "Bu rəsm bura necə düşüb?" Özüm-özümə bu sualı verdim, amma, hazır cavab yox idi.
Mən otağa göz gəzdirdim, Məhəmmədin çarpayısına uzun-uzadı baxdım. "Bura niyə gəlmişəm, nə axtarıram?" - ürəyimdə fikirləşdim. İri qara bir milçək pəncərədə vızıldayırdı. Onun çölə can atması məni qıcıqlandırırdı və düşünməyə mane olurdu...
Ha çalışırdım, amma ürəyimin dərinliyində və qafamın içində nəsə tapa bilmirdim. Eləcə, Məhəmmədin narahat-narahat döyükdüyünü, yataqda qurcuxduğunu, gecələr yerinin içində durub oturduğunu gözlərim önünə gətirirdim və elə bu düşüncələrlə də səssiz-səmirsiz otaqdan çıxdım. Sanki səssiz və ağ-qara kinoya baxırdım, amma Məhəmmədin üzünü heç cür görmürdüm. Mən onu təsəvvür edə bilmirdim, eləcə dörd yaşlı şəklini xatırlayırdım. Mən onun şəklinə baxmalıydım, onda, yəqin, nəsə, hansısa impulslar mənə ötürülə bilərdi. Züleyxanı, öz xalasını doğrudanmı o öldürüb?
"Get o qancığı öldür!" - Bu, anasının Məhəmmədə tapşırığıydı və yalnız bir neçə gündən sonra Fatimə xanım Bakıdakı evində bunu etiraf edəcəkdi. Ona qədər isə müəmmalar içində yaşadım...
Yataqxanadan çıxdım və Boğaziçinə düşdüm. Balıq aşiqləri qarmaqlarını suya sallamışdılar. Bakıdakı kimi. Amma indi Bakıda balıqçılar qalmayıb, ovçular qalıb. Günün günorta çağı adamların həyatını, gecələr isə yuxusunu oğurlayan ovçular.
Boğaziçinin sahilində dayanıb balıqçı cərgəsinə baxırdım. Bu cərgə günbatana qədər uzanırdı. Kimlərsə pis keçmişini unutmaq, kimlərsə yaxşı keçmişini xatırlamaq, kimlərsə də bu günün çətinliklərini yaddaşından silmək üçün balıq tuturdu. Buna balıq tutmaq da demək olmazdı. Qarmağını suya sallayan hər kəs balıq tutmur ki. O, həyata ümidini beləcə gerçəkləşdirir, özünə ürək-dirək verir. Ümidin gətirdiyi ov köhnə də ola bilər, təzə də. Əsası ovdur, balığın qarmağa keçməyidir. Məndən yaşca böyük müdriklər dəfələrlə deyiblər: balıq qadın kimidir, onu tovlayıb tutana qədər sənin, tutandan sonra sən onun olursan. Çünki "kişi qadının arxasınca qadın onu tutanacan qaçır".
Başımı bu cür yüngül fikirlərlə qatırdım ki, hardansa ağlıma bir fikir düşdü və üşəndim. Züleyxanı mən onunla görüşəndən bir neçə ay sonra qətlə yetirmişdilər və polisin məndən də şübhələnməyə əsası vardı.
Bu fikir qəfil məni haqladığı kimi, qəfil də yox oldu. Çünki əsassızıydı... Qloballaşmaya qarşı olsam da, cani deyildim və heç kim məni izləmirdi, hər halda, psixoloji təsir vasitəsi olan açıq təqibi hiss eləməmişdim.
Boğaziçinin sahilindən bir az aralıda Amerika bayrağı dalğalanırdı. Və mənə elə gəldi ki, kimsə bayrağın taxıldığı ofisin eyvanından gizlincə Boğaziçinə sarı baxır.
Bir qədər öncə isə iranlı həmkarım: "Görən, Amerika İranı vura bilərmi və əgər vursa, azərbaycanlı qardaş-bacılarımız nə fikirləşəcək?" - deyə sual etmişdi.
Canımdan üşütmə keçdi və mehmanxanaya tələsdim. Mən də Məhəmməd kimi qarabasmalar içində yaşamağa başlamışdım...
* * *
Səhər ertədən məni portyenin telefon zəngi oyatdı və hava alanına (limanına) getməyin zamanının çatdığını dedi. Maşın otelin qarşısında gözləyirdi. Danışdığımız kimi, məni sürücüm Əhməd bəy yox, mehmanxana taksisi aeroporta aparacaqdı.
Hava limanına vaxtında çatdıq, səhər saatları olduğundan yollar elə də basırıq deyildi.
Göy köynəkli sürücü Bakıya uçacağımı eşidəndə:
- Arkadaşım, Bakıda çox vodka içirlər, - dedi, üzündəki təbəssümü gizlətmədi. Deyəsən, o da hal əhliydi və "vurmaqla" arası sazıydı...
- Sizdə də rakını sevərlər, - dedim.
- Rakını Mustafa Kamal əfəndi də sevərmiş, - dedi və güldü.
Biz vaxt öldürmək üçün yolboyu ordan - burdan danışdıq, Türkiyə-Azərbaycan birliyinin qırılmazlığından, erməni soyqırımının qondarmalığından söz açdıq, erməniləri daim dəstəkləyən Amerikanın bostanına daş atdıq. Həmişəki kimi yenə də o nəticəyə gəldik ki, günah bizim özümüzdədir. Sürücü arxadaşım:
- Doğru, həpsi kəndimizin suçu, - dedi.
* * *
Təyyarəmiz vaxtında havaya qalxdı, ayağımız yerdən üzüldü...
Yenə də qorxu sindromu. Havada üzən gəmi, içəridə bir-birilə xosunlaşan səfər yoldaşları, tranzitlə gedən yarıyuxulu sərnişinlər və öz-özüylə, fikirləriylə tək qalan bəndəniz. Təyyarə bir müddət yerində guruldayandan, sızıldayandan, titrəyəndən sonra yerindən götürüldü, mən də başqaları kimi ürəyimdə "Allah köməyimiz olsun" dedim və yerimi rahatladım.
Göyərçin barmaqlı, gülərüz stüardessa bizi təhlükəsizlik vasitələrindən agah etdikdən sonra film başladı. "Terminator"un növbəti seriyasıydı. Əzələlərinə günəbaxan yağı sürtmüş (bizim bazardakılar meyvələri bu cür yağlayırlar) Şvartsnegger, Kaliforniyanın indiki qubernatoru, pulemyotun güllələrini yağış kimi adamların başına yağdırırdı. Yorucu və tanış mənzərəydi. Kinorejissorların, "prokatçik"lərin manyaklığına söz ola bilməzdi. Sadizmin tərəfdarları olan tamaşaçılar bu məzərəni böyük ləzzətlə seyr eləyirdilər.
Mən qulaqcıqları çıxardım, radioya qoşuldum. Kanalların birində "seksilər" səslənirdi, digərində "İnşallah" mahnısının həzin sədası adamı sakitləşdirirdi. Bu mahnını mən ilk dəfə təxminən beş il bundan əvvəl Moskvada olarkən eşitmişdim. Uşaqlıq dostum Elmir "Ximki"dəki binanın 22-ci mərtəbəsində maqnitofonu oxudurdu. Mahnı xoşuma gəlmişdi. "Bilirsən, oxuyan kimdi?" - deyə soruşdu. Mən onu İqlesiasa, sonra Co Dassenə bənzətdim. "Salvator Adamodur", - dedi. O zaman mən bu müğənnini kəşf elədim. Bakıya qayıdanda Elmir o diski mənə bağışladı. İndi bu mahnını eşidəndə qorxum yoxa çıxdı. Səmanın ənginliyində Tanrıya yaxın bir yerdə "İnşallah" oxunurdusa, deməli, inşallah Bakıya da sağ-salamat çatacaqdım.
Təyyarə hava limanına enəndə meqapolisə çevrilən şəhərə baxdım. Qərbin və Şərqin qovuşağında yerləşən şəhər getdikcə daş qəbiristanlığına bənzəyirdi. Daşa, asfalta bu qədər sevgi hardanıydı, görən? Hündür təpələrdəki binalar Manhettendəki əkiz binalara oxşayırdı. Tehranı da bir vaxtlar mən bu cür görmüşdüm. Sivilizasiyaların hamısının axırı bir yerdə qurtarır - daşlıqda. Daş ürəklər, qəlblər, korşalmış hisslər, yoxa çıxan və tutya kimi axtarılan mərhəmət, humanizm. Adamlar qocaldıqca humanistləşir, sivilizasiya yaşlaşdıqca azğınlaşır.
Gündən-günə artan, ucalan binalara baxdıqca evsiz-eşiksiz adamları düşünürdüm, onlar ölkədə on minlərlədi, amma bu qədər binalar kimsəsizlikdən qaranlığa qərq olub...
Evdə ləngimədim, Fatiməgilə getdim. Onların ev ünvanını İstanbulda olarkən Yılmaz bəydən almışdım, Fatimə xanımın universitetə göndərdiyi cavab məktubunun surətini də özümlə götürmüşdüm.
Lazım olan ünvanı tapmaq asan olmadı. Şəhər tamam dəyişmişdi. Parkları hündür binalar və kafelər, səkiləri mağazalar əvəz eləmişdi. Nəhayət, axtardığım binanı tapdım. Bir zamanlar burda, balaca parkın ortasında cavanların sevdiyi "Nərgiz" pivəxanası vardı. İndi o yoxa çıxmışdı.
Maşın əlindən tərpənmək mümkün deyildi. Həyasız və nadan sürücülər maşınlarını harda gəldi saxlamışdılar. "İnomarka"lar piyada yolunu bağlamışdılar. Onların ünvanına lənət yağdırmaqdan savayı əlimdən heç nə gəlmədi.
Fatiməgil də təzə binadan ev almışdılar, daha doğrusu, köhnə məhləmiz söküləndə ona da pay düşmüşdü.
Susuzlamışdım. Marketə girib su aldım. Qoca bir qarı çörəyin dörddə birini almaq istəyirdi. Satıcı isə vermək fikrində deyildi.
- Bunun qalanını kimə satım, - deyə donquldanırdı.
Qadın yazıq nəzərlərilə mənə baxdı. O, əstəğfürullah, sümük gözləyən itlərə oxşayırdı, gözləri lap xırdalaşmışdı, bəbəklərini ağ pərdə örtmüşdü. İndi o, məni, yəqin ki, huri - mələyə oxşadırdı. Qarının baxışlarını oxumaq elə də çətin deyildi: "Bəlkə sən kömək edəsən?!"
- O çörəyi bütövlükdə qarıya ver, pulunu məndən çıxarsan, - dedim və satıcıya on manat uzatdım.
Satıcı utanan kimi oldu, bir balaca qızardı da:
- Məni düz başa düş, qardaşoğlu, qonşuların çoxu çörəyi nisyə alır. Milyarder ölkədə də çörəyi nisyə alarlar?! Bağlayacam buranı! - deyə özünə bəraət qazandırdı və çörəyi qarıya verdi.
Qarı çörəyi alıb torbasına qoydu və çox zəif səslə "sağ ol, çox sağ ol" deyib belini bükə-bükə uzaqlaşdı. Mənə elə gəldi ki, o qarını öncələr hardasa görmüşəm.
Çölə çıxdım. Qarı əlini torbaya salıb eşələnirdi, yəqin ki, çörəyin böyründən qoparıb yemək istəyirdi. Tükü tökülmüş bir pişik onun böyür-başına fırlanırdı. Qarı çörəkdən kəsib ona atdı, pişik çörəyi iylədi, amma yemədi və ikiqat əyilmiş qarının tumanına sürtünməkdə davam elədi. Qarının onu qovmağa heyi qalmamışdı, bəlkə də pişik özününküydü deyən yanından qovmurdu...
Nəhayət, ünvanı tapdım.
Birinci mərtəbəsində "Ramal" mağazası yerləşən bina on üç mərtəbəliydi. Onun yanındakı zibillikdə bir kişi ilə qadın eşələnirdi. Durub baxdım. Qadın nəsə tapmışdı, kişi onun əlindən almaq istəyirdi.
"Bilirsən, bizimlə avropalıların arasında fərq nədir?" Bu sualı mənə bir zamanlar yaşca böyük həmkarım vermişdi. Başımı bulamışdım. "Fərq ondadır ki, avropalılar öz vətənlərinin zibilliyində eşələnməyi qürbətdə firavan yaşamaqdan üstün tuturlar". Həmin həmkarımın bu fikirlərini yadıma salanda ürəyimdə Ulu Yaradana şükür elədim. Şükür elədim ki, "axırı biz də vətənimizin zibilliyində eşələnməyi qürbətdə yaxşı yaşamaqdan üstün tuturuq". Bilirəm ki, sarsaq fikirdi...
Binanın onbirinci qatına piyada qalxdım, lift işləmirdi. Beşinci mərtəbəyə çatanda dayanıb nəfəsimi dərdim. Yan otaqdan qatmaqarışıq melodiya eşidilirdi. Musiqinin sözlərini anlaya bilmədim. Deyəsən, azərbaycanca oxuyurdular.
Nəhayət, çatdım. Çin istehsalı olan dəmir qapını astaca döydüm və bir müddət gözlədim. İçəridən səs gəlmədi. Yəqin ki, eşitmədilər. Çünki qapının səsi yaxşı çıxmırdı. Ona görə də qapını təzədən, amma bir az bərkdən döyəsi oldum. Aha, eşitdilər. Ayaq səsləri qapıya yaxınlaşdı və qapının o biri üzündəki adam kimliyimi xəbər aldı. Deyəsən, Fatimə xanım özüydü. Mən kimliyimi dedim, köhnə qonşuları olduğunu yadına saldım.
O, məni xeyli sorğu-suala tutdu, kimin oğlu olduğumu, hansı işin qulpundan yapışdığımı təkrar-təkrar soruşdu, amma xatırlamadı. Görünür, tanımaq istəmirdi, hansısa keçmiş xatirə məni tanımaqdan çəkindirirdi. Nəhayət o:
- İndi qonşulara da etibar qalmayıb, özü də köhnəsindən ola, - dedi.
Mən onun eyhamlarını başa düşdüm. Köhnə qonşular keçmişdəki etibardan istifadə edib borc pul alırdılar, amma qaytarmırdılar. Zəmanə dəyişmişdi. Elə adamlar da. Mən dübarə dedim ki, elə-belə qonşu deyiləm, yazaram, bəlkə də məni televizorda görüb, amma tanımayıb. Qapının dalındakı səs məni yenə də tanımadığını dedi.
- Məhəmməddən xəbər gətirmişəm, - dedim.
Mənim bu qəfil xəbərimdən o, özünü itirdi, səsini xırp kəsdi. Yəqin, mənə nə cavab verəcəyini düşünürdü. Sonra asta səslə, az qala pıçıltıyla:
- Türkiyədən gəlmisən? - deyə xəbər aldı.
Onun sualına cavabında mən də astadan dedim ki, Türkiyədən gəlmişəm və Məhəmməd barədə vacib xəbər var.
Bundan sonra o, qapını azca araladı, məni başdan ayağa qədər süzdü. Üst-başıma baxdı, deyəsən, normal adam olduğuma inandı, qapını tamam açıb:
- Gəlin, - dedi və kənara çəkildi.
Mən içəri keçdim. Kandar qaranlığıydı. Cavan bir qız aralıda dayanmışdı. O da Fatimə xanım kimi hicablıydı və baxışlarıyla bizi izləyirdi.
- Anam, sən get dərslərini hazırla, - deyə Fatimə xanım qıza bu cür müraciət elədi, sonra mənə tərəf dönüb, - anamın adını qoymuşuq, onu xatırlayarsınız, yəqin.
Mən onun son sözlərini başımla təsdiqlədim. Cavan qız yan otağa keçdi, biz isə qonaq otağında oturduq.
Qonaq otağı da yarıqaranlıq idi. Bu cür alatoran mühit adamda bədbin əhval yaradır. Uzun müddət belə bir məkanda yaşasan, görmə qabliyyətini də itirərsən. Amma, deyəsən, bu, ev sahiblərinin vecinə deyildi.
Oturduğum divan köhnəydi, yumşaqlığı itmişdi. Güman ki, köhnə evin yadigarıydı.
Fatimə xanım:
- İndi sizə çay gətirərəm, - deyərək, mətbəxə keçdi və mənim:
- Zəhmət çəkməyin, - sözlərimi qulaqardına vurdu.
O gələnə kimi ətrafa göz gəzdirdim. Servantda bir neçə şəkil vardı. Durub onlara yaxınlaşdım, diqqətlə baxdım. Məhəmmədin uşaqlıq şəkli, bacısı ilə birgə dayanıb, görünür, köhnə məhlədə çəkilib. Məhəmmədin əynində ağ, uzun alt paltarı var, belələrini qoca kişilər geyinir. Bacısının uzunqol köynəyi və uzun tumanı var, başına yaylıq bağlayıb. Hər ikisi nəyəsə baxıb gülür, gözlərini də azcana qıyıblar. Yusifin duşxanasının böyrü görükür, əncir ağacının kölgəsi ora düşürdü.
Sonra Məhəmmədin cavanlıq şəkli gəlirdi. O, bu şəkli, yəqin, şərəf lövhəsi üçün çəkdiribmiş. Mənə belə gəldi. Qaraqaş, qaragöz bu oğlan həmin vaxt nə düşünürmüş, görən? Fikirlidir, sanki, qarşıda onu ağır döyüş gözləyir. "İndi hardadır?" - deyə özüm-özümə pıçıldadım və nədənsə onun günahsızlığına inandım.
Fatimə xanım bir azdan məcməyiylə birgə qayıtdı. Çayı stolun üstünə qoydu, mənim şəkillərə diqqətlə baxdığımı görüb:
- Köhnə məhləmizi tanıdınız, yəqin? - Başımla təsdiqlədim. - Məhəmməd bu şəkli Türkiyəyə getməzdən öncə çəkdirmişdi, - deyə əlavə elədi.
- Hə... - Mən dodağımın altında mızıldandım.
- Çayınızı için. Lənkəran çayıdır, rəng qatılanlardan deyil.
Mən yerimə qayıtdım. Fatimə xanım böyürdəki kresloda oturdu, başını aşağı saldı. O, yəqin ki, mənim danışmağımı gözləyirdi. Mən nədən başlayacağımı bilmirdim. Onun gözləməyə hövsələsi çatmadı və başını qaldırıb:
- Məhəmmədi gördünüzmü? - soruşdu.
Mən cavab verməzdən öncə onun üzünə diqqətlə baxdım. Sanki hicabın altından mənə zillənən gözlər Züleyxanınkıydı. Amma sifət o deyildi. Onda daha çox əzab vardı, mənsə Züleyxanı sağlam və cavan kimi yadımda saxlamışdım. O, mənim diqqətlə baxdığımı görüb həyəcanlanan kimi oldu, qızardı, yaylığını düzəltdi.
Mən:
- Orda dedilər ki, Məhəmməd yoxa çıxıb, siz bilən harda olar? - deyə suala sualla cavab verdim.
O, duruxdu. Qəribəydi ki, heç nigaran olmadı da. Sanki hər şeydən xəbəri vardı. "Bu necə anadır?!" Özlüyümdə heyrətləndim. Sonra Fatimə xanım hüznlü səslə:
- Biz heç nə bilmirik, - dedi, - elə bilirdim, siz nəsə bilirsiniz.
- Məhəmmədin yoxa çıxmasını sizə İstanbuldan da xəbər veriblər. Heç narahat olmadınızmı?
Fatimə xanım yenə də susdu. Mən davam elədim:
- Sizin bacınız vardı, Züleyxa. Ondan xəbəriniz var?
Züleyxa adını eşidəndə sanki onu ilan vurdu, ağzı-gözü əyildi, kirpikləri səyriməyə, dodaqları və əlləri titrəməyə başladı.
- Ondan danışma! O, kafirdir! - deyə üzümə bozardı.
- Onun haqqında keçmiş zamanda danışsanız yaxşıdır, - dedim, - çünki o, yoxdur, o, ölüb, daha doğrusu, öldürüblər.
Mənim bu sözlərim Fatimə xanıma təsir eləmədi. Görünür, o, ölümdən xəbərdar idi, bəlkə də bu qara xəbər onun vecinə deyildi.
- Məhəmməddən şübhələnirlər, - dedim, - onun adı bir terrorçunun gündəliyindən tapılıb.
- Məhəmmədin o qancığı öldürməsinə inanmıram. Amma öldürübsə, südümü ona halal edirəm.
- O, sizin bacınız idi, onun haqqında bu qədər qansız niyə danışırsınız ki?! - heyrətimi gizlətmədim.
Fatimə xanım hikkə ilə:
- Siz heç nə bilmirsiniz. Siz onu tanımırsınız! - dedi. Sonra o biri otağa keçib, "Hürriyyət+" qəzetinin bir neçə nüsxəsini gətirdi və stolun üstünə atdı. - Baxa bilərsiniz, adam onlara baxanda özü özündən iyrənir. Əslində, mən onlara əl vurmamalıyam, kitabımız buna icazə vermir, amma məcburam.
Qəzetləri bir-bir səhifələyib baxdım. "Hürriyyət+"in əlavələriydi. Züleyxanın yarıçılpaq şəkilləri qəzeti "bəzəyirdi". Şəkillərin hamısı, demək olar ki, eyni pozada çəkilmişdi. O, nə istədiyini bilən qadınlardan idi və indi də beləydi. Gülər ala gözlər, ovsunlu baxış, ağappaq dişlər. Züleyxa, sanki dişlərinin ağlığını göstərmək üçün gülürdü... Dişləri Züleyxanın keyfiyyət markası, müasir dildə desək, brendiydi.
Fatimə xanım:
- Siz hələ bu intervüyə (müsahibəyə) baxın, - dedi və saralmış səhifələrdən birini mənə göstərdi.
Qəzetin tarixinə baxdım:
- Bu, çoxdanın müsahibəsidi, düz on il əvvəlin, - dedim.
- Nə olsun ki? Siz qəzetin tarixinə yox, onun içindəkinə, mənasına baxın. O, bizi ələ salır. Bizə nifrət edir. Bir buna baxın. Oxuyun!
Mən altından qırmızı xətlər çəkilmiş sətirləri oxumağa başladım: "Mənim əkiz bacım vardı. Fatimə adında. Gününü Allaha, Tanrıya ibadətlə keçirirdi, babamla nənəmin dizinin dibində oturub, höccələyə-höccələyə Quran oxuyurdu. Namaz qılırdı. Gecə-gündüz ərə getmək haqqında fikirləşirdi. İnanıram ki, o, Allaha dua edəndə də özünü yox, gələcək ərini fikirləşirdi. O, bədbəxt adam idi. İndinin özündə də onun xoşbəxt olduğuna inanmıram. Qorxuram ki, uşaqlarını da özü kimi bədbəxt edə. İmkanım olsaydı, onun uşaqlarını yanımda saxlayardım. Amerikaya, Fransaya oxumağa göndərərdim. Qoy, oxuyub adam olsunlar. Həyatı sevə bilsinlər..."
Sonra müxbirin ailə həyatı qurub-qurmayacağı barədə sualı və Hakan bəy adlı bir popmusiqiçiylə təzə eşqi barədə sualı gəlirdi. Züleyxa "erkəklərdə sədaqət yoxdur. Mən onlara heç zaman könül vermərəm. Vücud başqa, könül başqa. Birinci hamıya məxsus ola bilər, ikincisi yalnız mənim özümə məxsusdur" cavabını verirdi.
Daha sonra müxbir Züleyxa xanımın zövqü ilə maraqlanırdı, hansı paltarlara üstünlük verdiyini, hansı xörəkləri sevdiyini soruşurdu. Cavablar hamısı Züleyxa xanımın düşüncələrinə və xarakterinə uyğunuydu. Amma məni heyrətləndirən başqa cavab idi. "Cocuqluq arkadaşlarımın tez-tez məni qonaq etdikləri şokoladlı dondurmaları xatırlayıram. Dünyada onlardan ləzzətlisi yoxdur. Heyf ki, nə cocuqluq var, nə də həmin şokoladlar və səmimiyyət. Mən onlarçün darıxıram..."
O, bizi unutmamışdı. Hamının əxlaqsız hesab etdiyi Züleyxa keçmişin xiffətini çəkirmiş.
Məni fikirlərdən Fatimə xanımın hikkəli səsi ayırdı:
- Gördünüz, nə deyir? O, bizi aləmdə rüsvay eləyib...
- Bu qəzetləri sizə kim göndərirdi?
- Kimin göndərdiyini bilmirəm, amma bu cür qəzetlər müntəzəm olaraq bizə gəlirdi. Onların çoxunu cırıb atmışam ki, uşaqların əlinə düşməsin.
Mən ürəyimdə onunla qismən razıydım, daha doğrusu, razılıq notları hərdən ağlımdan keçirdi. Belə baxanda, Züleyxa hamımıza xəyanət eləmişdi. Qəfil yoxa çıxandan sonra, sanki, işığımızı, havamızı, sevincimizi də özü ilə aparmışdı. Amma başqa bir Züleyxa da vardı. Sevən ürəkli, cazibədar, özü demiş, nağıllardan gəlmiş bir gözəl. Və indi onun müsahibəsini oxuyanda bizi unutmadığının şahidi oldum, Fatimə xanıma, taleyə etiraz elədim:
- O, niyə ölməliydi axı?! Yalnız bu sözlərə və azad yaşamaq eşqinə görəmi?! - deyə qeyzlə soruşdum.
Fatimə xanım əsəbi halda suala sualla cavab verdi:
- Siz buna azad yaşamaq deyirsiniz? O, yolunu azmışdı, ailəmizi biabır eləmişdi?! Bu yazıları oxuyanlar nə düşünə bilər?! Müqəddəs bir ailənin övladı, imam kimi bir babanın nəvəsi əxlaqsızmı olmalıydı?!
- Mən sizi başa düşürəm, - aradakı gərginliyi azaltmaq üçün səsimin tonunu aşağı saldım, - amma Məhəmmədin burda nə günahı? Məhəmmədi bu işə niyə qatmalıydınız ki?
Fatimə xanım da sakitləşdi və az qala pıçıltıya keçdi:
- Məhəmməd özü də bunu istəyirdi. Türkiyəyə gedəndən bir ay sonra geri qayıtdı, dedi ki, Züleyxanın şəklini internetdi-nədi onda görüb, televizorda da ağlına gələni danışırmış. İlahiyyat fakültəsinin tələbəsi, Quran oxuyan, namaz qılan gəncə bu mənzərələr necə təsir edə bilərdi. Əgər bilsəydilər ki, Züleyxa kimi bir f... (sözünün dalını gətirmədi) Məhəmmədin xalasıdır, o özünü necə hiss edərdi. Mən də ona dedim ki, İstanbula qayıt və onu öldür. Elə belə də dedim: "Get o qancığı öldür!"
Fatimə xanım danışa-danışa özü də bilmədən yenə də səsini qaldırırdı. Səsə qızı yan otaqdan çıxdı və:
- Ana! - dedi.
Fatimə xanım onun eyhamını, yəni "qonşular eşidər", ona görə də səsinin "xodunu" alsın eyhamını başa düşdü və:
- Cəhənnəmə eşitsinlər! Onsuz da aləmdə rüsvay olmuşuq, - deyə qışqırdı. - Biz namuslu adımızı qoruyaq, bir ləçər də kef çəkmək üçün onu ləkələsin?! - Fatimə xanımın bu qeyzində Züleyxaya qarşı qısqanclıq hisslərini sezməmək mümkün deyildi. - Qoy, o getsin, dünyanı gəzsin, kef eləsin, bizsə biabır olaq, susaq! Beləsinə ölüm də azdır!
Qızı qulaqlarını tutub öz otağına qayıtdı.
Mən:
- Hər halda insana cəzanı Tanrı verməlidir, bəndə yox! - deyə etiraz elədim.
- Onu mən sizdən də yaxşı bilirəm, amma siz çox şeyi bilmirsiniz. İndi mən danışım, siz də yaxşı-yaxşı qulaq asın.
- Dinləməyə hazıram. Mənim qulaqlarım sizin ixtiyarınızdadır, - dedim.
O, başladı, özü də nə başladı. Züleyxanın səhərdən axşama kimi küçələri dolaşmasından, videobarlara getməsindən, pozğun pornofilmlərə baxmasından...
- O, dişi canavar idi, vəhşiydi. Bir də görürdün ki, evdən çıxdı və gecə qayıtdı. Xüsusən də atam dənizdə olanda. Babam xəstə yatdığından anam ona baxmağa getmişdi. Biz evdə tək idik. Mən Züleyxanın atmacalarından, söhbətlərindən qorxurdum. Çünki lap uşaqlıqdan kənddə, babamgildə böyümüşdüm, Quran oxumuşdum, namaz qılmışdım, mən ağzıdualı bir adam idim. O kənd imanlı adamların yeridir. Qız-gəlini üzü-başı açıq görməzsən. Bütün şəhər dənizə axışanda bu kəndin başıbağlılarından heç biri çölə çıxmırdı. İstidə yanardılar, amma dənizə getməzdilər. Adamlar dənizə müqəddəs varlıq kimi baxırdılar.
Onu murdarlamaq istəmirdilər. Çünki dəniz adamlara çörək verirdi, bərəkət gətirirdi. Züleyxa kimi adamların sifətindəndir ki, o da bizdən küsdü. İndi dənizdə dənizlik qalmayıb... Mən hərdən evdən bayıra çıxırdım, köhnə məhləmiz üçün darıxanda ata evinə gəlirdim... Bir axşam Züleyxa yenə də evdən çıxdı və gecə qayıtdı. Otağıma girib gülə-gülə, məni cırnada-cırnada qəribə bir kinoya baxdığını dedi. Onun qəribə saydığı kinoda kişilər və qadınlar min hoqqadan çıxırdılar. Züleyxanın hərəkətləri barədə atama deməkdən qorxurdum. Züleyxa məni hədələmişdi ki, atama, ya anama bir söz desəm, Yusifi yoldan çıxaracaq...
Bu sözlərdən sonra o, susdu. Mən pauzadan istifadə edib soruşdum:
- Yusifin məsələyə nə dəxli?
Fatimə xanım duruxdu. Nəsə fikirləşdi və handan-hana dedi:
- Bəlkə də mən bunları sizə deməməliyəm, amma oğlumun və həqiqətin xatirinə, müqəddəslərimizin ruhu naminə deyəcəm. Mən Yusifə vurulmuşdum...
- Məsələ aydındır, - dedim, - siz Züleyxanı Yusifə qısqanırmışsınız.
- Yox, söhbət qısqanmaqdan getmir. Sadəcə Züleyxa bunu qəsdən edirdi. O, məni məhv eləməyi, alçaltmağı qarşısına məqsəd qoymuşdu. Bilirdi ki, mənim uşaqlıqdan Yusifdən xoşum gəlir. Amma bu, Züleyxanın düşüncəsində olanlardan deyildi. Yusifdən söz düşəndə o, məni ələ salırdı. Əcaib-qəraib şeylərdən danışırdı, adamı başdan çıxaran səhnələr təsvir edirdi. Guya ki, mənimlə Yusif... Nəysə... Züleyxa üçün müqəddəs heç nə yox idi...
Söhbətin bu yerində Züleyxanın Yusif barədə danışdıqlarını xatırladım. O, Yusifin ölümünə istehzayla yanaşmışdı: "Deməli, mən bir şəhidin həyatdan nakam getməsinə imkan verməmişəm", - demişdi.
- O hadisədən sonra isə...
Fatimə xanım yenə də danışığına ara verdi. Mən söhbətin nədən getdiyini bilirdim. Yusifdən uşağa qalması barədə Züleyxanın etirafları qulaqlarımdan getməmişdi.
- Züleyxa Yusifi yoldan çıxara bilmişdi. Onu demək istəyirsiniz, eləmi?
- Onların hər ikisini şeytan yoldan çıxarmışdı. Mən bunu bilən kimi atama dedim. Şeytanın məhləmizə hakim kəsildiyinə şübhəm qalmayandan sonra. Züleyxa özü şeytaniləşmişdi, hansısa naməlum ruhların ixtiyarındaydı. O, özünü itirmişdi...
Fatimə xanım söhbətinə ara verdi. Nəsə fikirləşdi, gözləri yol çəkdi və çaya işarə ilə:
- Niyə içmirsiniz? - deyə soruşdu və ayağa durub mətbəxə keçdi.
Başa düşdüm ki, boğazı quruduğundan su, ya çay içmək istəyir. Mömin qadınlar kişilərin yanında tikə kəsməz, su içməzlər.
İndi orta əsrlər olsaydı, Züleyxanı daş-qalaq edərdilər, Avropada isə "autodafe" edərdilər, yəni diri-diri tonqalda yandırardılar. Birinci onu bacısı satardı. Buna heç bir şübhəm yoxuydu.
Fatimə xanım qayıtdı. Sakitləşmişdi. Mənim sualımı gözləmədən söhbətini davam elətdirdi:
- Mən Züleyxaya görə tez ərə getdim, daha doğrusu, atam məndən, gələcəyimdən qorxduğuna görə tez ərə verdi. Özüm də qorxurdum. Şeytan məni də yoldan çıxara bilərdi. O, hər yerdəydi.
- Amma Züleyxa sonra gəldi, - deyə mən onun monoloquna müdaxilə elədim, - Bakıya qayıtdı.
Fatimə xanım:
- Gəldi, - deyə mənimlə razılaşdı, - bir ara mən onu bağışlamağa da hazır idim. Hətta Dubayda yoxa çıxandan sonra halına acıdım da. Amma bu qəzetlər bizə gələndə mənim əvvəlki hisslərim də qayıtdı. O, bizdən əl çəkmək istəmirdi. Şeytan qayıtmışdı. Mən onun fəsadlarından qorxurdum. Evdə qız uşağım böyüyürdü. Züleyxa onun xalasıydı. Bir suyu da qıza sıçraya bilərdi. Qızları yoldan çıxarmağa nə var ki. Qəzetlər uşağın əlinə düşsəydi, bir Allah bilir, nələr olacaqdı... Məhəmməd İstanbuldan yarımçıq geri dönəndə isə heç nə gözümə görükmədi. Dünya başıma fırlandı. "Get o qancığı öldür!" dedim. O, getdi...
- Və qayıtmadı...
- O, qayıtdı, amma bura yox, İrana. Bacı-qardaşlarımızın yanına. Amerikalılar Qarabağda İrana qarşı nəsə hazırlayırlar. Biz buna yol vermərik.
- Hardan bilirsiniz? Məhəmməd dedi?
- Bilirəm. Ürəyimə nəsə damıb... - bir qədər susduqdan sonra əlavə elədi, - televizorda dedilər ki, Amerikanın İrana verdiyi müddət başa çatır...
Bir qədər öncə iranlı həmkarım: "Görən, Amerika İranı vura bilərmi və əgər vursa, azərbaycanlı qardaş-bacılarımız nə fikirləşəcək?" - deyə sual etmişdi.
Fatimə xanımın öncəgörümünün nə qədər gerçək olub-olmadığını mən sona qədər başa düşə bilmədim. Mənə elə gəldi ki, Fatimə xanım dəli olub. Məhəmməd hara, İran hara? Onları bir-birinə nə bağlayırdı ki? Suallar çox, cavablar isə yox idi. Hər şey müəmmalıydı. Fatimə xanımın böyüdüyü dindar kənd kimi...
Xudahafizləşib getmək istəyərkən ev sahibəsinin cavan qızı yan otaqdan çıxdı və məyus-məyus üzümə baxıb soruşdu:
- Qardaşımdan bir xəbər var? - Başımı buladım. - Mən onu çox istəyirəm. Məhəmməd çox vicdanlı və pak adam idi. Hər şeyi öyrənməyə can atırdı. Ona görə də çox vaxt çaşırdı.
- Hə, yəqin ki...
Aramızda uzun pauza yarandı. Buradan çıxmaq lazım idi. Mənə elə gəldi ki, getməliyəm, suala cavab olmayan yerdə dayanmaq cansıxıcıdır.
- Bir şey öyrənə bilsəniz, mənə də xəbər verin, - dedim və vizit kartımı çıxarıb, stolun üstünə qoydum.
davamı