əvvəli
"Nəsimi" metrosuna piyada düşdüm. Bir az tək qalmaq, Məhəmməd haqqında düşünmək istəyirdim. Mən fikir dolanbaclarında çaşmışdım. Məhəmməd xalasını niyə öldürməliydi? Namus üstəmi, yoxsa başqa səbəb vardı? Bu adamlar da, deyəsən, ağıllarını itiriblər. Azadlıq gəzən hicabın əleyhinədir, hicab örtən azadlığın. Arada yazıq Məhəmməd qalıb.
Görəsən, o, uşaqlıqda necə olub? Dindar bir kənddə böyüyüb, sonra şəhərə gəlib. Axırda İstanbul. Mömin ailədən çıxmış, zina edən qadınların cəhənnəm odunda yanacaqları barədə hekayətlər eşitmiş, televizorda isə oğrun-oğrun komikslərə, manyaklığı təlqin edən filmlərə baxmış bir cocuq necə ola bilərdi. Yəqin ki, çaşardı. Bilirəm, bütün bunlar, əziz oxucum, yorucudur. Sizi, yəqin, tamam başqa mətləblər düşündürür. Mən də elə onu axtarıram.
Məsələn, sizin üçün maraqlı deyilmi ki, sinif yoldaşları kafeyə, bar-kluba getmək istəyəndə Məhəmməd bundan imtina eləyir, evə tələsir, anasının tövsiyəsiylə "şeytan yuvalarından" uzaq gəzməyə çalışır, əvəzində isə "ana uşağı" ləqəbi qazanır. Quran oxuyur, amma oxuduğu yadında qalmır. Çünki fikri başqa yerdədir...
Belə-belə işlər...
Ürəyimdə sonuncu kəlməni dəfələrlə təkrarladım, sanki, bu, məni fikir dolanbaclarından çıxaracaqdı. Çıxardı da. Qulağımın dibində maşın siqnalı eşitdim, əhəmiyyət vermədim. Sonra adımla çağırdılar. Çevrilib baxdım. Qara rəngli "Prado" sürücüsü maşının şüşəsini aşağı sala-sala:
- Yaman fikirlisən, - dedi.
Mən onu dərhal tanıdım. Tələbə vaxtı bir yataqxanada, bir otaqda qalmışdıq. O, hüquq fakültəsində oxuyurdu, arada-bir görüşürdük. Mən onu Mopassanın "sevimli dostuna" bənzədirdim. Qara, qalın bığları, şəvə saçları, iri, ala gözləri, çəkmə çənəsi, güləndə batan yanaqları. Batmış yanaqları su burulğanına oxşayırdı. Bununla da o, sanki üzündəki mənfi və yad baxışları həmin burulğanda batırırdı...
Hə, indi tapdım: istanbullu rəssam Sərdar Küçükoğlu mənim tələbə dostuma bənzəyirdi. Onları birləşdirən nəsə vardı. Yəqin elə ona görə də Sərdar bəyə tez isinişmişəm. Amma dostum, Mopassanın qəhrəmanından fərqli olaraq xanımların ürəyini ələ alan birisi, "ürəkyeyən" deyildi.
Yavaş-yavaş ona yaxınlaşdım və bayaqkı atmacasını cavabsız qoymadım:
- Belə də. Dünyanın işlərini həll eləməyə girişmişəm, - deyə zarafat elədim.
- Gəl otur, aparım.
- Yox, sağ ol, metro yaxındadır, - deyə onun təklifindən imtina elədim.
- Günortadır, bir çay içək.
Susuzlamışdım. Ona görə də boyun qaçırmadım, həm də bir qədər kefim açılardı. Keçmişdən-gələcəkdən danışardıq.
Metroya yaxın yerdə, kiçik parkdakı kafedə əyləşdik. Yüngülvari nahar elədik. Amma maraqlı burası deyil, maraqlısı dostumun Amerika səfəri barədə mənə danışdıqlarıydı.
- Bir qrup hakimnən Nyu-Yorka getmişdik. Biz təzələrdənik axı. Özlərini bizə göstərmək istəyirdilər.
- Göstərə bildilər? - deyə soruşdum.
- Özü də necə!
- Azad qadın heykəlini də gördün, yəqin?! - Mənim bu sualımda maraqdan çox istehza vardı.
Dostum:
- Çox şey gördüm, - dedi və nədənsə astadan danışmağa başladı. - Bu Amerika deyilən fiksiyadır, yəni, saxtadır. Guya, bunlar bizə demokratiya, azadlıq, təhlükəsizlik gətirəcəklər. Ə, bunlar dünyanın hər deşiyində terrorçu, quldur axtarırlar, amma Amerika quldurlarla, başkəsənlərlə doludur.
- Yox əşi, sən də, - deyə yüngülcə etiraz elədim.
- Kinolarına baxmamısan?
- Kino ayrı, həyat ayrı, - sadəlövhcəsinə dedim, amma məqsədim onu danışdırmaq idi. Kənar müşahidə həmişə məni cəlb edib.
- Eyni şeydi. Amerikada həyat elə kinolardakı kimidir. Təsəvvür elə: Nyu-Yorkun ortasında hoteldə yaşayırıq. Ora düşən kimi bizə xəbərdarlıq elədilər ki, beş küçə o tərəfə getsəniz, sizi soysalar, günah özünüzdədir. Nə polis, nə zad, boş şeydi. Hərənin belində bir tapança var.
Bir dəfə yolnan hansısa şəhərə gedirdik, qəliz adı vardı, görüm nəydi o... əşi nəysə. Deməli, kimsə təklif elədi ki, viski içək. Maşını bir mağazanın qarşısında saxladıq, məlum oldu ki, burda viski yoxdur, amma bir üç yüz metr irəlidə - qəsəbənin içində tapmaq olar. Mən uşaqlardan biriylə qəsəbəyə getdim. Bir də gördüm ki, həmin dükançı dalımızca düşüb, nəsə qışqırır, sən demə deyirmiş ki, ora piyada getsək, bizi soyacaqlar, avtobusla gedək, təzədən qayıdıb maşına mindik...
- Burda qəribə nə var ki?
- Necə yəni nə var? Özləri bizdən qayda-qanun tələb eləyir, bütün dünyaya meydan oxuyur, amma öz evlərində intizam yarada bilmirlər... Rusiyada başqa cürdür. Amerikadan qayıdanbaş bir həftə Moskvada qaldım. Səhərdən axşama kimi küçələrini gəzdim, denən bir köpəyoğlu sənin qabağını kəsib, nəsə tələb elədimi?
- Rusiya keçmiş Sovetlərin ən nəhəng ölkəsidir və hələ də orada qayda-qanun qalıb. Amma Amerika elə əvvəllərdən quldurlar məskəni olub da. Tarixdən oxumamısan? Amerikaya azad fikirliləri, sürgün olunanları, adam öldürənləri göndəriblər də, - deyə onun söhbətinə müdaxilə elədim, - sonra, - Amerikaya da elə belə baxmaq olmaz. O nəhəng ölkədir, - dedim.
- Mən şəxsən orda heç bir nəhənglik görmədim. İkiüzlülükdən başqa. İndi də görmürsən, Dağlıq Qarabağa 8 milyon dollar ayırıb.
Dostumun sonuncu sözləri Fatimə xanımın "Amerikalılar Qarabağda nəsə hazırlayır" sözlərini yadıma saldı.
Dostum isə danışmaqda davam edirdi:
- Nəysə, mürəkkəb məsələdir, - deyə dərindən ah çəkdi, - dur gedək. Bütün bunlar bizlik deyil. Məsələ daha da qəlizdir. Eşidib-bilən olsa, başımız ağrıyar.
Kafedən çıxdıq. Mən işə gəldim. Kompüteri açıb, informasiya arxivinə qoşuldum. Çoxdandır dünyada baş verənlərdən xəbərsiz idim.
Mail.ru saytında Türkiyə, İran və Rusiya dövlət başçılarının Ankara görüşü barədə məlumat verilirdi. Şərhçi öz mülahizələrində bildirirdi: "ABŞ-ın Avropa dövlətlərinə, eləcə də Avropa Birliyinə təzyiqləri getdikcə artmaqdadır və regionun ən aparıcı ölkələrindən olan, Asiya-Avropa birliyi ideyasını müdafiə edən bu üçlük okeanın o tayındakı ölkənin ikibaşlı oyunlarını qəbul eləmir."
Məqalə şərhçisi daha sonra ABŞ-ın Küveyt, Əfqanıstan, İraq yürüşlərini yada salır, İranı hədələdiyini, İrana hücum üçün Azərbaycanın işğal altında olan torpaqlarında baza yaratdığını və təlimlərə başladığını yazırdı. "PKK dəstələrinin gizləndiyi Türkiyə ərazisində ABŞ kəşfiyyat təyyarəsinin görünməsi, görəsən, hansı məqsədlərə xidmət edir?" - deyə yazı müəllifi sual edirdi. Sonra o, nədənsə Haitidə baş vermiş zəlzələni xatırlayır və yazırdı: "Mütəxəssislər, eləcə də İngiltərənin gizli kəşfiyyat idarəsi ehtimal edir ki, Haitidə tektonik silahdan istifadə olunub. ABŞ-da istehsal edilmiş tektonik silah ilk dəfə Ermənistanda sınaqdan keçirilib. Əlbəttə, bunlar hamısı ehtimallardır", - deyə yazı müəllifi məqaləsinə nöqtə qoyurdu.
Bütün bunlar mənə qəribə gəlirdi. Heç nə anlaya bilmirdim. Bərk yorulmuşdum. Yatmaq daha yaxşı olardı, onda hər şeyi unudar və səhərisi günü ayıq başla Məhəmməd barədə düşünə bilərdim. Ona görə də evə gəldim. Uşaqlar anaları ilə birgə babalarıgilə getmişdi, həmin axşam orada qalacaqdılar.
Soyuducuda qalmış yarımçıq araqlardan iki qədəh içdim, çips yedim və başımı atıb yatdım. Yuxuladım desəm daha doğru olar. Yuxuya gedə bilərsən, amma yatmaq başqa məsələ. Səhərə kimi qarabasmalar içində vurnuxdum. Öncə Məhəmmədin tərəddüdlü və qaşqabaqlı üzünü gördüm, sonra Fatimə xanımın asıb-kəsən baxışlarını, daha sonra Züleyxanın adamı ovsunlayan iri, ala gözlərini və bəmbəyaz dişlərini. O, gülürdü, güldükcə də gözlərim qarşısında Amerikanın azad qadın heykəlinə dönürdü. Amma o, əlində məşəl əvəzinə "Hürriyyət+" qəzetini tutmuşdu. Görünür, Züleyxa qaranlığı işıqlandırmaq əvəzinə, qaranlıqda azad olmaq istəyirdi.
Səhər yuxudan oyananda, daha doğrusu, gecəyə əlvida deyəndə yadımda Məhəmmədin qaşqabaqlı siması qalmışdı. Mən onu görürdüm. Mən onu təsəvvür edə bilirdim. Deməli, mətləbə yaxınlaşırdım. Müxtəlif fikirlər bir cümlə kimi cərgəyə düzülürdü.
"Get o qancığı öldür".
"Züleyxa xanımın yanına son zamanlar bir qohumu gəlirmiş".
"Məhəmməd tərəddüdlər içindəydi. Bir gün gəlib dedi ki, xalasını öldürüb. Amma özünü günahkar saymır".
"Sonra o, yoxa çıxdı".
"Məhəmməd İrandadır. Bacı-qardaşlarımızın yanında".
Bəs son?
Bu son deyilən məqama çatmaq, eləcə də ondan öncəki mətləbləri aydınlaşdırmaq üçün beynimdə konturlar cızılmışdı, indi onu canlandırmağa ehtiyac vardı...
Bax belə...
* * *
Məhəmməd bir din bilirdi. İslam. Amma İstanbula gələndə, daha doğrusu, Göytəpə universitetinin ilahiyyət fakültəsinin islam tarixi bölümündə oxumağa başlayanda məlum oldu ki, İslam yalnız namazdan, oruc tutmaqdan, Aşura günündə məscidlərə gedib imamların ruhuna dua oxumaqdan, özünə əzab verməkdən, fitrə çıxarmaqdan, nəzir-niyaz paylamaqdan ibarət deyil. Bu dinin çoxlu şaxələri, ona məlum olmayan tərəfləri, çalarları varmış.
İlk ili hazırlıq kurslarına başladı. Şərt beləydi. Türkiyə türkcəsini burada asan yaşamaq üçün, ərəb dilini Quran oxumağa görə məcburi öyrənmək lazımıydı. İngilis, alman, rus dili kurslarını keçmək isə könüllüydü.
O, alman dili qrupunu seçmişdi. Bunun da səbəbləri vardı. Uşaqlıqda rus dilini tez-tez eşitsə də, ondan xoşu gəlmirdi. Onların kəndində hələ də rusların qayıdacağına, insanlara xoşbəxtlik gətirəcəyinə, hətta Leninin də diriləcəyinə, yaxud zühur eləyəcəyinə sidq-ürəkdən inananlar vardı. Onlar köhnə kommunistlər idi və keçmişin unudulmaz günləri, gələcəyin xoş ümüdlərilə yaşayırdılar. Məhəmmədgilin ailəsində vəziyyət tamam başqa cürüydü.
Babası dinin, abır-həyanın yoxa çıxmasında rus kafirlərini günahlandırırdı. Amma vəziyyət getdikcə dəyişirdi və məlum olurdu ki, adamların bel bağladığı Amerika deyilən vücudi-səltənət (babası belə deyirdi) əsl şeytan yuvasıymış və islam ölkələrindən keçmişin hayıfını çıxmağa çalışır. Babasının təsəvvürünə görə almanlar yaxşı millət idilər və vətən müharibəsi dövründə bütün millətləri qırmaq, müsəlmanları isə sağ saxlamaq istəyirmişlər...
Dərslər Məhəmmədin təsəvvür etdiyi kimi asan deyildi. Birinci ili o, İslam tarixindən başqa, islam psixologiyası, islam sosiologiyası, islam musiqisi, hətta təsəvvüf, mövləvilik dərslərini öyrənməli, ney çalmağı bacarmalı, ilahiyyatın müxtəlif qollarını bilməli, Qurani-Kərimi düzgün qiraət eləməli, yaxşı avaz tutmalı, xəttatlığı öyrənməliydi... Bir sözlə, islam bir dəryaydı. İslam sona qədər dərk olunmayan bir elm idi. "O, dərslərə böyük bir həvəslə girişmişdi" - desəm, keçmiş sovet mətbuatının örnəklərini təkrarlamış olaram. Amma o, doğrudan da həvəsliydi. Bütün bunları öyrənməyə can atırdı.
Məhəmməd şiə ailəsində böyümüşdü, amma indi sünnilərin içinə düşmüşdü, sufi elmini xırdalıqlarına qədər bilən uşaqlarla dostluq eləməyə məcburuydu. Ona görə də heç kimə qarışmırdı. Nəqşibəndilər kimi nə uzun cübbə geyinirdi, nə başına təkyə qoyurdu, nə də saqqal saxlayırdı. Bığ saxlayan nurçulara da qoşulmurdu. Sadə, adi geyimdə dərslərə gəlirdi.
Tez-tez öz aralarında dava eləyən zamançılarla, təriqətçilərlə, nurçularla da işi yox idi.
Ara-sıra, lap çox darıxanda Sevil-Nuri salonuna gedər, şairlərlə görüşə qatılardı. Sufiçiliklə, islam ədəbiyyatı ilə bağlı müstəqil mühazirələrə qulaq asardı.
Amma onun əsas günü Əmin Xalçaçı yataqxanasında keçərdi.
Universitetdən gələn kimi kontinə - yeməkxanaya düşər, fişlərini (talonlarını) verib, yeməyini götürər, qarnı doymayanda isə anasının verdiyi puldan xərcləyərdi.
Sonra otağa çıxıb öz guşəsinə çəkilər, dərslərini hazırlayardı. Hərdən uşaqlara qoşulub televizora baxar, təsəvvüf barədə öyrəndiklərini dəftərinə qeyd eləyərdi.
Amma bir gün, bir gün, təsadüfən xalası Züleyxanı gördü. Əvvəlcə jurnalda, sonra "Hürriyyət+" qəzetinin səhifələrində, axırda televerilişdə.
Bu adi günlərin birində baş verdi. Həmin gün, yəni anası, babası, Xəzərin qumlu sahili üçün darıxmışdı və fikrini dağıtmaq üçün İstanbulu gəzirdi. Şəhərin çoxsaylı minarələrini seyr edirdi. Onlar doğrudan da əzəmətliydilər. Xüsusən də Sultan Məhmət camesi. Şəhərdə bu qədər məscidin olması əvvəllər ona qəribə gəlirdi. Çünki heç bir şəhərdə nə bu qədər məscid görmüş, nə də eşitmişdi. Təsadüfi bir yazıda rast gəldiyi mülahizə onun marağına son qoydu. Məqalə müəllifi idda edirdi ki, İstanbulda məscidlərin çoxluğu bu şəhərin bir zamanlar batılara məxsus olmasını ört-basdır eləmək üçündür.
Bakıdan fərqli olaraq burada əzan da başqa cürəydi, çox avazlı və dəqiqiydi.
Həmin gün qəzet köşklərinin birinin qarşısından keçərkən xalasının portretinə rast gəldi. İslamın küfr saydığı jurnallardan birinin üz qabığında xalasının yarıçılpaq şəkli canlanırdı. O, xalasını çoxdan görməmişdi, amma gözləri yadındaydı, üz cizgiləri anasınınkına oxşayırdı. Portretdən baxan gözəl xanımın sifətində ona doğma, tanış olan ifadə vardı və sanki həmin qəribə baxışlar hisslərə çevrildi, köşkün vitrinindən çıxıb onun canına, qanına hopdu. O, diksindi, jurnalı alıb vərəqləməyə ürək eləmədi və oradan uzaqlaşdı. Amma həmin hadisəni unutmağa macal tapmamış xalasını yenidən gördü. Bu dəfə Nəim parkındakı teleekranda. Xalası "Eldorado" ətrini reklam edirdi. Amma hiss olunurdu ki, köhnə kadrlardır. Xalası ətri elə həssaslıq və ehtirasla boyun-boğazına sürtürdü ki, ekranın qarşısına toplaşmış seyrçilər gözlərini ondan çəkmirdilər. Və həmin kadrı təkrar görmək üçün uzun müddət ayaq üstə qalmalı olurdular.
Məhəmməd orada ləngimədi və yataqxanaya qayıtdı. Səhərə kimi yata bilmədi. Yerinin içində qıvrılmağa, çapalamağa başladı. Qarabasmalar yaxasından tutub onu buraxmırdı. Xalası yarıçılpaq halda dar küçələrlə qaçırdı. Onu qovan adamlardan qurtulmağa can atırdı. Məhəmmədə sarı gəlirdi. Məhəmməd ondan və adamlardan gizlənmək istəyirdi...
O, qan-tər içində yuxudan ayıldı.
Çarpayının alt qatında yatan qrup yoldaşı Dinqo da yuxudan ayıldı və:
- Bir şey olubmu? Səhərdən yata bilmirsən, məni də yatmağa qoymursan, çarpayının cırıltısı yuxuma haram qatır, - deyə donquldandı.
Məhəmməd cavab vermədi və yenidən başını qoyub yatdı. Səhəri o dirigözlü açdı.
İndi dərslər onu maraqlandırmırdı, daha doğrusu, xalasının xəyalları onu dərsi dinləməyə imkan vermirdi. Sən demə, qarşıdakı günlər daha üzgün və sarsıdıcıymış.
Həmin günün axşamı yataqxanaya qayıdıb, gödəkcəsini çıxararkən o, qoltuq cibində xışıltı hiss elədi. Əlini cibinə saldı. Bu, "Hürriyyət+" qəzetinin saralmış bir nüsxəsiydi. Qəzeti kimsə təsadüfənmi, ya qəsdənmi onun gödəkcəsinin döş cibinə qoymuşdu. İkinci versiya daha ağlabatan idi. Bunun necə baş verdiyini xatırlamırdı. Ola bilsin, kimsə idman dərsində onların soyunub-geyinmə otağına girib və bu işi görüb.
Qəzetin dörd səhifəsi Züleyxanın yarıçılpaq, rəngli şəkillərilə bəzənmişdi və böyük müsahibəsi dərc olunmuşdu. "Bahar çiçəkləri" salonunun sahibəsi, "gözəl və cinsəl" Züleyxa Göyçək keçmiş və gerçək həyatı, qadın azadlığı barədə suallara səxavətlə cavablar verir, Azərbaycanda yaşayan mömün bacısının "əzabkeş həyatından" danışırdı. "...Mənim ona yazığım gəlir. O, həyatını işığa yox, qaranlığa həsr elədi" deyirdi...
Məhəmməd sarsılmışdı. Ona elə gəlirdi ki, bu şəhərdə yaşayan insanların hamısı xalasının açıq-saçıq həyatından xəbərdardır. Doğma vətənində bu işlərə pis baxırdılar. Elə İstanbulda da islamçılar, imanı düz olanlar onu qəbul etmirdilər.
Bura necə şəhər idi?! Bir tərəfi Qərb, bir tərəfi Şərq. Nəyin düz, ya yalan olmasını o, düz-əməlli başa düşmürdü. Elə Bakının özündə də, adamlar şərqlimi, ya qərblimi olmaq üçün gecə-gündüz baş sındırırdılar. Bəziləri bu barədə heç düşünmürdü də, taleyini həyatın axarına buraxmışdı.
İstanbulda Məhəmmədin bir sinif yoldaşı da oxuyurdu. Şəhərə gələn ilin ikinci ayı onu görmüşdü. O, həkim olacaqdı. Və indi Məhəmməd düşünürdü ki, ilahıyyatçılardan fərqli olaraq, dünyəvi elm öyrənənlər sarı qəzetləri daha çox oxuyurlar və deməli, onun xalasının da müsahibəsindən xəbərdar olmamış deyillər. Hətta sinif yoldaşı ilk görüşdəcə bunu baxışlarıyla, atmacalarıyla anlatmışdı. "Anam deyirdi ki, sənin xalanı televizorla göstəriblər. İstanbulda yaşayır". Sinif yoldaşının anası xalasıgillə bir zaman qonşu olmuşdu. Deməli, bu söz-söhbət Bakıya da çatmışdı. Ona görə də rektorluğa bir söz demədən Bakıya qayıtmış, geri qayıdanda isə anasının "xalası qancığı öldürməyi" barədə əmrini yerinə yetirməmişdi. Ona ürəyi gəlməmişdi.
"Get, o qancığı öldür. Öldürməsən südümü sənə halal etməyəcəm!" - Anası onu yola salmazdan öncə bu sözləri demiş və dəsmala bükülü pulu çıxarıb vermişdi. Babası ilə nənəsi qızlarının bu sözləri qarşısında heç nə deməmiş, eləcə başlarını aşağı salmışdılar. Babası o biri otağa keçəndə, sanki, inildəmişdi: "Ax, Züleyxa!".
Və yalnız indi ikinci kurs başlar-başlamaz, xalasını axtarmaq fikrinə düşmüşdü. Onu niyə görmək istədiyini özü də ayırd edə bilməmişdi. Bəlkə, xalasını bu bəd əməllərindən əl çəkməyə məcbur eləmək istəyirdi.
Xalası gözəl idi, onun uşaqlıq sevgisiydi. O, Züleyxa deyilən bu şeytanı çox istəyirdi, ətrini ciyərlərinə çəkməkdən doymurdu. İndi isə, yetkinlik çağında xalasının şəkillərinə baxmaq, teleekranlardan, internetdən izləmək onunçün vərdişə çevrilmişdi.
Məhəmməd xalasını düşünməyəndə darıxırdı. Xalası onun varlığına hakim kəsilmişdi. O, bir qulağı ilə xalasının şaqraq gülüşlərini eşidir, vəcdə gəlir, digər tərəfdən isə anasının amiranə sözləri qulaqlarından getmirdi.
Məhəmməd qarabasmalar içində yaşayırdı. Hazırlıq kursunu əla başa vursa da, indi dərs oxumağa hövsələsi çatmırdı... Xalası onun vücudunda, qanındaydı...
* * *
Öncə o, xalasının işlədiyi "Bahar çiçəkləri" gözəllik salonunun ünvanını öyrəndi. Bu, elə də çətin deyildi. Nəim parkındakı teleekranda bu salonu tez-tez reklam edirdilər, ünvan və telefon nömrələri də göstərilirdi. Amma Məhəmməd onları yadında saxlamamışdı.
Səhər yuxudan duranda dərsə getmədi, Nəim parkına gəldi. Ekranda tamam başqa məhsullar reklam edilirdi. Bu, əsasən elektrik mallarıydı. Xallı bəbirin namnazik plazma ekranından tullanaraq keçməsini nümayiş etdirən reklam çarxı dəfələrlə fırladılırdı. O, bir müddət gözlədi. Xalasını görəcəyinə əmin idi. Züleyxa Göyçəyin pərəstişkarlarından da həmin kadrı gözləyənlər vardı.
Nəhayət, həmin kadr. Xalası ətri əvvəlcə iyləyir, sonra erkəkləri başdan çıxaran əda və naz-qəmzə ilə onu boğazına, dodaqlarına çəkir...
Məhəmməd yaxınlıqdakı telefon köşkünə gəldi, "Bahar çiçəkləri"nin nömrəsini yığdı, telefonu götürən xanım salonun yerləşdiyi ünvanı və ora necə getmək olduğunu izah elədi.
"Bahar çiçəkləri" Nişantaşıdaydı. Bu məhəllə Məhəmməd yaşayan yataqxanadan xeyli aralı olsa da, ora piyada getməyi qərara aldı.
O, bu məhəllə barədə çox eşitmişdi, bilirdi ki, burada, əsasən, varlı adamlar yaşayırlar, ofisləri barmaqla saymaq olar.
Yolboyu Məhəmməd xalası ilə görüşü təsəvvür eləyirdi, amma ona necə yaxınlaşacağını, nə deyəcəyini bilmirdi. Bu cür məşhur və imkanlı adamların yanına düşmək də müşkül məsələydi. Bir yığın köməkçiləri və cangüdənləri vardı.
Nişantaşıya qədər kasıb məhəllələr gəlirdi. Tutqun dekabr havasında adamlar da tutqun görünürdülər, sanki hansısa hüznlü xəbəri eşitməyə hazırlaşırdılar. Cavanlar gözə dəymirdi, qocalar isə ömürlük həbsə məhküm olunmuş adamlar kimi boyunlarını büküb doqqazda oturmuşdular.
Dar məhlələr yuxarı - təpəliyə doğru aparırdı. Getdikcə hava, sanki işıqlanırdı, kasıb məhlələri zəngin evlər əvəz eləyirdi.
O, "Bahar çiçəkləri"nin yanına çatanda çiskinləyirdi. Aram-aram yağan yağışın qəribə, cansıxıcı aurası vardı. Məhəmməd hələ yarı yoldan geri qayıtmaq istəmişdi, amma bu fikrindən vaz keçmişdi. Şəhərin az qala ən hündür və sıx yerində olmasına baxmayaraq, "Bahar çiçəkləri"ndən müştəri əskik olmurdu. Onun qarşısında bahalı maşınlar yük daşıyan gəmilər kimi lövbər salmışdılar.
Məhəmməd gözəllik salonunun qarşısında xeyli dayandı, amma içəri girməyə cəsarət eləmədi və geri qayıtdı. Çiskin yağış aldadıcı olur. İlk anlar adama təsir eləməsə də, sonradan bədəninə hopur. Məhəmməd bərk islandığından elektrik lokantasının (dükanının) qarşısında dayandı, yağışın kəsməsini gözlədi. Sonra soyuqlayacağını zənn edib içəri keçdi.
Sıralanmış televizorlarda müxtəlif səhnələr göstərirdilər. Və yenə də ona tanış mənzərə ekranda canlanırdı, mağazanın aurasına bir işıq, zənginlik gətirirdi. "Bahar çiçəkləri" salonu reklam olunurdu. Amma bu dəfə xalası yox, başqa bir xanım salondakı xidmətlərdən danışırdı. Nəzarətçilərdən biri yoldaşının qulağına nəsə pıçıldadı və hər ikisi astadan güldü. Məhəmmədə elə gəldi ki, onlar salonun əxlaqsızlıq yuvası olmasını düşünürlər və gülməkləri də ona görədir.
O, dükandan çıxıb, yataqxanaya gəldi. Səhərə kimi yata bilmədi və çarpayı yoldaşı Dinqoya "zinaya görə adam öldürmək günahmı sayılır?" deyə sual etdi. Dinqo ona müsbət cavab gətirdi. Bakıda verilmiş hökm İstanbulda təsdiq olunmuşdu, qalırdı onun icrası.
Məhəmməd bir neçə dəfə "Bahar çiçəkləri"nə gəlsə də içəri keçməyə cürət eləmədi. Salondan bir-birindən gözəl xanımlar çıxırdı. Elə bil, onları eyni zövqlü adamlar seçmişdilər və gözəllik müsabiqəsinə yollayırdılar. Xanımların hamısı da bahalı maşınlara minib oranı təmtəraqla tərk edirdilər.
Növbəti dəfə Məhəmməd salonun qarşısında görünəndə mühafizəçilər onu saxladılar və burada nə axtardığını soruşdular. Sən demə, onlar Məhəmmədin salon ətrafında fırlandığını dəfələrlə izləmiş və bu şübhəli şəxslə maraqlanmaq qərarına gəlmişdilər.
- Buraya nə üçün gəldin? - deyə sual edən mühafizəçiyə Məhəmməd:
- Züleyxa xanımı görmək üçün gəldim, - cavabını verdi.
- Züleyxa xanımı ürəyi istəyən hər kəs görə bilməz.
- Mən hər kəs deyiləm, onun qohumuyam, özüm də Bakıdan gəlmişəm.
"Bakı" sözünü eşidən mühafizəçi çaşan kimi oldu:
- Züleyxa xanım Bakını heç xoşlamaz, - dedi.
Bu zaman salondan bir xanım çıxdı, mühafizəçiyə yaxınlaşdı:
- Züleyxa xanım pəncərədən sizi görür və maraqlanır ki, o adam kimdir və nə istəyir?
Mühafizəçi:
- Deyir ki, Züleyxa xanımın qohumudur, özü də Bakıdan gəlib.
Adı Əslihan olan həmin xanım:
- Züleyxa xanıma indi çatdıraram, - dedi və yenidən salona girdi.
Sonra ikinci mərtəbədən pəncərəni açıb mühafizəçiyə:
- O yabançını içəri gətir, - tapşırığını verdi.
Məhəmməd salona girdi. İçəridən xoş ətir və qadın qoxusu gəlirdi. Salonda müxtəlif guşələr vardı. Xanımlar iki-bir, üç-bir oturub söhbət edirdilər, jurnallara baxırdılar, kimisi manikür edir, kimisi saçlarını düzəltdirir, kimisi də astaca telefonla danışırdı. Salonun sağ və sol tərəfində qaranlıq dəhlizlər vardı. O, qeyri-ixtiyari olaraq "İri qapanmış gözlərlə" kinosunu xatırladı. O, filmə gecənin bir vaxtı müstəqil telekanalların birində gizlicə baxmışdı. Tom Kruz və Nikol Kidmanın çəkildiyi filmlərdə maska taxmış kişi və qadınlar bir-birilərilə min hoqqadan çıxırdılar. Cütləşmənin xoş həzzini dadan kişi və qadınların iniltisi nəinki kinodakı otaqları, hətta Məhəmmədin öz otağını da başına almışdı. O, bu mənzərədən qorxmuş və ekranı bağlamışdı. Və indi həmin hisslər yenidən qayıtmışdı. "Bahar çiçəkləri"ndəki dar dəhlizlərdən həmin səslər gəlirdi...
Onlar ikinci mərtəbəyə qalxdılar. Dəhlizdə bakılı qonağı Züleyxa xanım qarşıladı. "Bahar çiçəkləri"nin sahibəsi rəfiqələrindən birini yola salmaq üçün dəhlizə çıxmışdı. O, Məhəmmədi görən kimi rəfiqəsini unutdu, yabançıya tərəf dönüb:
- Sən Məhəmmədsən? - deyə xəbər aldı.
Züleyxanın bu sualında elə xoş cazibə, elə məlhəm notlar vardı ki, Məhəmməd ona cavab vermək əvəzinə, başını aşağı saldı.
Rəfiqəsi Züleyxanın təəccüb dolu yaraşıqlı üzündən bir daha öpüb:
- Xoşca qal, yarın görüşərik? - dedi və pillələrdə itdi.
Züleyxa xanım Məhəmmədə tərəf gəldi, başını yuxarı qaldırıb gözlərinə baxdı, saçlarını qarışdırdı və başını sinəsinə sıxdı:
- Oy, dadlım mənim, necə də böyümüsən.
Züleyxanın bu sözlərində onu eyni zamanda cəlb edən və itələyən nəsə vardı. Bu, əxlaqsız, amma sevən bir qadının hisslərinin ifadəsiydi. Sonra o, Məhəmmədi özündən bir qədər araladı, yenidən gözlərinə baxdı və yenə də bayaqkı sözlərini təkrar elədi:
- Necə də böyümüsən, şirin olmusan. Səni gözlərindən tanıdım, mən o gözləri heç zaman unutmaram. Sən əsl erkək olmusan, başqalarına bənzəmirsən, - dedi və Əslihan xanıma tərəf dönüb, - bizə qəhvə gətir, konyak da, - deyə əlavə elədi.
Züleyxa xanımın otağı çox geniş və zəngin idi. Ortada iri, dəyirmi stol vardı, onun sağ tərəfində divan, kreslo, jurnal stolu qoyulmuşdu, stolun üstünə cürbəcür şirniyyat düzülmüşdü, bir az o tərəfdə vazalar və güllər gözə dəyirdi. Lap arxada bədənnüma güzgü və şkaf görünürdü. Solda isə Züleyxanın çox sevdiyi "Boğaziçində günəş" rəsmi asılmışdı.
İri ekranlı "Soni" televizorunda Züleyxanın cavanlığı ilə bağlı hansısa veriliş gedirdi. Görünür, xalası rəfiqəsilə bu verilişi seyr edirmiş və Məhəmmədin gəlməsi onların bu həzzinin yarımçıq qalmasına səbəb olub. Züleyxa xanım bacısı oğlunun televizora diqqətlə baxdığını görüb özünü naqolay hiss elədi və ekranı söndürdü.
- Fikir vermə, belə şeylərə baş qoşsan tez qocalarsan. İstanbulda olduğunu çoxdan eşitmişəm, - dedi, Məhəmmədin təəccüblü sifətinə baxıb güldü və əlavə elədi, - mənim əlaqələrim genişdir, dostlarım da çoxdur, onlar mənə bu barədə deyiblər. Düzü, mən istəməzdim ki, sən ilahiyyatda oxuyasan. Bilirəm, həm babamız, həm də sənin anan bunu çox istəyirdi. Yəqin bu da lazımdır. Amma din adamı həyatdan geri qoyur. Bütün ehkamlar bu cürdür.
Züleyxa xanım dini və dünyəvi elmlərlə bağlı eşidib-bildikləri barədə uzun-uzadı danışdı, belə demək mümkünsə, nitq irad elədi, amma bircə dəfə də olsun, yaxınlarını xəbər almadı, onlar haqqında kəlmə də kəsmədi.
Məhəmməd nə deyəcəyini bilmirdi. Onun deməyə sözü də yox idi. Nə deyəcəkdi ki? Xalasından soruşacaqdı ki, niyə yurd-yuvasını atıb fahişəliklə məşğuldur? Niyə onların təmiz adını ləkələyir? Desin ki, anası onu bura xalasını öldürmək üçün göndərib?
Amma o susurdu. Çünki hələ də xalasının cazibəsindəydi. Keçmiş bu günlə əvəzlənmişdi. Doğrudanmı şəkərburaya, paxlavaya, novruzgülünə, bayram xonçasının ortasında yanan şama oxşayan xalası pis yola gedə bilərdi? Doğrudandamı, mama-roza ola bilərdi? Bəlkə xalası barədə deyilənlər yalandır? Bəlkə o, dünyanın ən gözəl və saf insanıdır.
Məhəmməd heç nə bilmirdi. Ürəyinin dərinliyində xalasına qarşı heç bir nifrət, kin-küdurət yox idi. Amma həm də nəsə vardı. Bu nəydi: xalasına həddən artıq bağlanmaq qorxusu, yoxsa onu öldürmək istəyi? Hər iki istəkdə bir şeytan vardı. Bir zamanlar Fatiməgilin həyətinə gəlib çıxmış Şeytan indi burda - İstanbulun ortasında peyda olmuşdu.
O, xalasını çoxdan görməmişdi, amma həmişə onu yanında hiss eləmişdi. Hətta Züleyxanın hərəkətlərindən utanıb Bakıya qaçanda da xalasını qorumaq istəmişdi. Ona elə gəlmişdi ki, gözləri xalasının şəkillərini görməsə, qulaqları səsini eşitməsə, başqaları da eynən onun kimi lal və kar olacaqlar. Ekran söndüsə, deməli, ona heç kim baxmır.
Əslihan xanım kofe gətirdi. Məhəmməd hələ də ayaq üstə dayanmışdı, xalası isə danışa-danışa otağı fırlanır, sanki mövlanə rəqsi edirdi, sevindiyindən fırlanırdı. Doğrudanmı, xalası bu qədər xoşbəxt idi?
Kofe stolun üstünə qoyulandan sonra Züleyxa xanım:
- Bayaqdan ayaq üstə qalmısan ki? Belə olmaz, canım, şəkərim, gəl otur, - deyə Məhəmmədi stola tərəf dartdı, amma bacısı oğlu yerindən tərpənmədi.
- Mən getməliyəm, - dedi.
- Necə yəni getməlisən, elə indi gəldin ki?
Xalası yenidən onun qara saçlarını qarışdırdı, sinəsinə sıxdı, saçından öpdü. Züleyxanın daim sevən sinəsindən Məhəmmədin unutmadığı, uzun zaman burnunun yaddaşında saxladığı xoş ətir qoxusu gəlirdi. Məhəmməd xalasının əllərini ehmalca geri itələdi və:
- Mən getməliyəm, - deyə israr elədi.
- Yaxşı, get, gedəni saxlamazlar, amma mən səndən doymadım. Evimizə gəl, bazar günü səni gözləyəcəm, istəsən sürücüm gəlib səni gətirər, - dedi və vizit kartını çıxarıb bacısı oğluna uzatdı.
Məhəmməd vizit kartını aldı və heç nə demədən otaqdan çıxdı.
- Mütləq gəl, gözləyəcəm, sənin xoşladığın şəkərburanı özüm bişirəcəm. Yadında?!
Xalasının bu sözlərini o pillələri enərkən eşitdi və küçəyə çıxdı.
Öncə ona elə gəldi ki, indi hamı ona baxır - mağazaların vitrinlərindən, evlərin pəncərələrindən, ona görə də içində büzüşdü, özünü pis hiss elədi və başını aşağı salıb getməyə başladı. Tez-tez yeriyirdi, buradan uzaqlaşmaq istəyirdi, az qala yüyürürdü, səbəbini özü də bilmirdi. Sonra addımlarını yavaşıtdı və oğrun-oğrun ətrafa baxdı, hamı öz işindəydi, adamlar onun kimi harasa tələsirdilər, yalnız bir küncdə oğlanla qız nə barədəsə xısınlaşırdılar, gülüşürdülər. Bir az aralıda, köhnə parkdakı oturacaqda kimsə büzüşüb yatmışdı.
Şəhəri dolanmaq istədi. Yataqxanaya qayıtmağa tələsmirdi. Vapurla Boğaziçini xeyli gəzdi. Topqapıda oldu, bələdçiylə birgə keçmişə səyahət elədi. Ən çox yadında qalan isə Roma imperatorlarının tikdirdiyi Yerəbatan saray və orada üzən lodur balıqlar oldu...
Axşamdan xeyli ötmüş yataqxanaya qayıtdı, otaq yoldaşları yatmışdılar. Sakitcə paltarını soyunub, yerinə girdi, başının altında nəsə xışıldadı, dirsəklənib baxdı. Alaqaranlıqda "Hürriyyət+"in loqosunu tanıdı. Qəzetin ötənilki saylarıydı və orada xalasının ona tanış şəkilləri və haqqında məlumatlar vardı...
Qəzetləri bura kimsə gətirmişdi, amma kim? Burası qəribə və müəmmalıydı. Sanki kimlərsə onu sınağa çəkirdi, qəsdən cırnadırdı. İstədi dəhlizə çıxıb qəzetlərə yaxşı-yaxşı baxsın, amma qorxdu. Yeni nəsə tapacağından çəkindi. Bu işi sabaha saxladı.
Yuxulamağa çalışdı. Nə illah elədisə, yuxuya gedə bilmədi. Onu qara basırdı. Sayıqlayırdı. "Bahar çiçəkləri"nin dəhlizləri, hücrələrdən gələn cürbəcür səslər, iniltilər, sonra "iri qapanmış gözlərlə" filmi. Maskalı kişilər və qadınlar. Özünü Tom Kruzun (personajın adı yadında qalmamışdı) yolunda qurban verən fahişə qadın. Birdən Məhəmməd görür ki, Tom Kruzun yerində o özüdür, maskalı qadın onun qorxudan ağappaq ağarmış sifətinə baxır və birdən maskanı çıxardır. Məhəmmədin heyrətdən gözləri bərəlir. Bu qadın Züleyxadır...
Qarabasmalardan onu Dinqo ayırdı və:
- Nə oldu sənə? - deyə pıçıltı ilə soruşdu.
Məhəmməd durub yerinin içində oturdu. Bir anlığa harda olduğunu yadına salmağa başladı. Otağın alaqaranlıq ab-havası onu yuxudan tam ayılmağa qoymurdu. Yuxudakı səhnə hələ də gözlərinin önündəydi, lap yaxınlarda dolaşırdı.
- Heç, - dedi və yerinə uzandı. Bir az keçmiş tam özünə gəldi və asta səslə, - Dinqo, səndən bir söz soruşacam, amma öz aramızda qalsın.
Dinqo nəsə mızıldadı, yəqin demək istəyirdi ki, heç kimə deməz.
- Zina eləyən qadına ölüm düşürmü?
Dinqo yerindən durdu, təəccüblə Məhəmmədin üzünə baxdı:
- Bu, ilahiyyatın ilk fəslindədir, bilmirsən ki?!
- Yox, orasını bilirəm. Amma öncə hökm verilməlidir, hökmün kimin verəcəyini isə bilmirəm. Həm də həmin qadın mənim qohumumdur, bunu başqası eləməlidir.
- Deyirsən, yəni bunu kimsə etsin?
- Yox, kimsə etməsin. Bilmək istəyirəm ki, mən özüm bunu edə bilərəmmi, şəriət buna imkan verirmi və bu ayəni başqa cür yozmaq olarmı?
Dinqo bir az fikirləşəndən sonra:
- Mən gərək onu xocamdan soruşam. İstəsən, mənimlə gedib, öz sualına özün cavab ala bilərsən.
- Yox, sən soruş.
- Yaxşı, soruşaram.
Səhərisi gün Məhəmməd dərsə getmədi, yoldaşları otaqdan çıxandan sonra "Hürriyyət+" qəzetlərini balışının altından götürüb vərəqləməyə başladı. Qəzetdə Züleyxa Göyçəyin müxtəlif illərdə verdiyi müsahibələr, şəkillər gen-bol yer almışdı. Müsahibələrdən birində Dubaydakı gözəllik müsabiqəsi barədə sual verilmişdi. Züleyxa xanım "keçmiş keçmişdə qaldı, indiylə yaşamaq lazımdır" demişdi. "İndiylə yaşamaq? Yəni nə?" sualına isə o: "Həyata geniş gözlə baxmaq lazımdır. Biz dünyanın bir parçasıyıq və bunu unutmamalıyıq" cavabını vermişdi. Züleyxa Göyçək erkəkləri qısqandırmağın, qəzəbləndirməyin yolunu bildiyini və bundan böyük həzz aldığını da etiraf edirdi. Sonra Züleyxa xanım dünyada baş verən terror hadisələri barədə mülahizələrini bildirirdi. Onun fikrincə, terrorçuluq insanları saflaşdırır. Çünki "orada bir cismani və intim akt var. Ölüm insanı qəfil haqlayır və sən ölümü bütün amansızlığıyla duyursan. Mən də qəfil ölüm istərdim".
Məhəmməd qəzetləri bir neçə dəfə çevirib baxdı, sonra onu döşəyinin altına qoydu ki, kiminsə əlinə düşməsin...
İki gündən sonra Dinqo Məhəmmədə yaxınlaşıb dedi ki, onun sualına hələ cavab ala bilməyib, çünki xocası burada yoxdur, amma hökmən soruşacaq.
* * *
Həmin hadisənin üstündən bir həftə keçmiş növbətçi xanım otağın qapısını döydü və Məhəmmədə muraciətlə astadan:
- Bəy əfəndi, sizi soruşurlar, - dedi.
Məhəmməd əlində oxuduğu kitabı dolabın üstünə qoyub həyətə çıxdı.
Soruşan xalasıydı. Züleyxa əyninə ağ dəridən gödəkcə geymişdi. Par-par yanan qırmızı maşına söykənmişdi. Məhəmmədi görən kimi:
- Ooo...! Mənim şahzadəm, səni rahatsız etmədim ki? - gülümsəyərək xəbər aldı.
Məhəmməd:
- Yox, - dedi, - sabahkı dərslərimə hazırlaşırdım.
Xalası onu bağrına basdı... Yenə də həmin qoxu. Birdən Məhəmmədin yadına düşdü ki, yuxuda da xalasına bənzətdiyi qadından həmin ətir gəlirdi. Diksinən kimi oldu. Bu, sirli bir qoxuydu, fərdiydi, yalnız xalasına, ya da ona bənzərlərə məxsus ola bilərdi.
Züleyxa Göyçək:
- Sirr deyilsə, oxuduğun hansı dərsdi? - deyə soruşdu.
- Mən şeir oxuyurdum. Sufi şeirləri.
- Təsəvvüf?
- Siz hardan bilirsiniz?
- Demişdim axı, mənim bilmədiyim şeylər çox azdır. - Sonra o, maşına tərəf döndü və, - Mehmet bəy, bacım oğludu, gəl tanış ol, - dedi.
Maşından hündür boylu, qarayanız, amma yaraşıqlı bir kişi çıxdı. Züleyxa:
- Kimin belə bacısı oğlu var? - deyə şıltaq qızlar kimi Məhəmmədə işarə elədi.
Mehmet bəy:
- Doğrudan da yaraşıqlıdar, çox yaraşıqlıdır, - dedi, əlini uzatdı və özünü təqdim elədi, sonra Züleyxaya tərəf dönüb, bir də təkrar elədi, - yaraşıqlıdır.
- Əlbəttə, yaraşıqlıdır. O, mənim ağ atlı oğlanımdır. Axırı gəlib məni tapdı. - Züleyxa yenə də şıltaqcasına dedi, Mehmet bəyin siqarından bir qullab alıb, özünə qaytardı, sonra Mehmet bəyə sığındı.
Məhəmməd xalasının bu hərəkətindən acıqlandı, bəlkə də ürəyində erkəklik hissi baş qaldırdı, qısqandı və:
- Mən getməliyəm, - dedi.
- Hara? Biz səni aparmağa gəlmişik. Sən gəlmədin, mən də fikirləşdim ki, gəlib səni özüm aparım.
- Mən dərslərimi hazırlamalıyam, - deyə Məhəmməd təklifdən boyun qaçırdı və dönüb getdi.
Ona elə gəlirdi ki, yataqxanadakıların hamısı ona baxır. Amma aynabənddə heç kim yox idi. Bəlkə də yuxarı mərtəbədə yaşayanlar onları görmüşdü. Xalası:
- Bazar günü səni gözləyəcəm, mütləq gəl, - dedi...
O, qapıya çatandı geri döndü. Xalası hələ də ona baxır, gülümsəyə-gülümsəyə əl eləyirdi...
- O yaraşıqlı xanım kim idi? Pəncərədən gördük, - Məhəmməd içəri girən kimi Dinqo soruşdu.
- Köhnə qonşumuzdur. Bakıdan xəbər gətirmişdi, - deyə Məhəmməd çarpayı yoldaşını başından elədi.
davamı