əvvəli
İslam tarixi dərsindən sonra Dinqo Məhəmmədə yanaşdı:
- Sən istəyən sualı xocama verdim. O yad adam deyil, əmim oğludur, qardaşdan irəlidir, sadəcə, hamı ona xoca deyir. O dedi ki, əgər bir insan zina edən bir adamı qətlə yetirərsə, bu, günah sayılmaz. Çünki şəriət buna icazə verir. Amma o da bu məsələni dəqiqləşdirmək üçün Böyük Xocadan soruşmalıdır.
- Mən şəriətin bu barədə nə dediyini bilirəm. Məni Tanrının izni maraqlandırır.
- Böyük Xoca adi insan deyil. O, çox şeydən xəbərdardır. Onun düşüncəsinə görə, insan qurban verməyə həmişə hazır olmalıdır. Zina edən onun yaxınıdırsa, can və qəlb ağrısından keçməli və onu cəzalandırmalıdır.
- Mən bilmək istəyirəm ki, bu Tanrınınmı hökmüylə olmalıdır?
Dinqo:
- Mən orasını soruşmadım. Düzü, ağlıma da gəlmədi. Bəlkə özün soruşasan? Əmim oğlu qəribə adamdır. Çox gülərüz və mehribandır. Bütün sualların cavabını bilir. Amma əvvəlcə gərək icazəni alam. Onlar hər adamı öz sıralarına qəbul eləmirlər. Yalnız sınanılmışları. Mən onları inandıra bilərəm. Günün yaxşı keçər. Həm də darıxmazsan. Sənin necə əzab çəkdiyini görürəm. Sən doğrudanmı adam öldürmək istəyirsən?
- Yox. Mən heç kimi öldürmək istəmirəm. Onu həm sevirəm, həm də nifrət edirəm. Mən iki daşın arasında qalmışam. Bilmək istəyirəm ki, görəsən, zina edən adam öldürülsə, bu, onun da xeyrinə olarmı? Bəlkə o da ölüm istəyir, amma intihar eləməyə gücü çatmır. Bəs, qatil necə? O biri dünyada yaşamağa üzü olarmı?
Dinqo:
- Sən bütün suallarına bizimlə birgə cavab tapa bilərsən.
- Yaxşı, sən deyən olsun. Xocan məni qəbul eləmək istəsə, səninlə gedə bilərəm. Amma bil: məni bircə sual maraqlandırır.
Üçüncü günün axşamı Dinqo Məhəmmədə dedi ki, Böyük Xoca dediyi adamı görmək hələ tezdir. O, əvvəlcə Dinqonun öz xocasıyla, yəni əmisi oğluyla görüşməlidir.
- Əmin oğlu mənim sualıma cavab verə biləcəkmi?
- O özü sənə suallar verəcək. Sənin cavabından çox şey asılıdır. Sabah axşam səni görüşəcəyimiz yerə aparacam...
* * *
Dinqonun əmisi oğluyla adı-sanı olmayan balaca, köhnə bir kafedə görüşdülər. Əmioğlunun adı Memoydu. O, saqqallı, iricüssəli birisiydi. Vəhabilər kimi gödək şalvar geymişdi. Məhəmmədin bu cür adamlardan heç zaman xoşu gəlməzdi. Ona elə gəlirdi ki, bü cür adamlardan yalnız pislik gözləmək olar. Amma Memo gülərüz və qılıqlıydı, səmimiydi. Birbaşa Məhəmmədə "sən" deyə müraciət elədi.
Kafedə tək-tük adam vardı. Müştərilər öz aralarında nəsə danışırdılar. Onların üzlərindəki ifadədən, danışıqlarının tonundan, söhbətə reaksiyalarından ovqatlarını müəyyən eləmək olardı.
Memo ilə Dinqo ümumi tanışlarından və xatirələrindən xeyli söhbət elədilər, arabir Məhəmmədi də danışdırdılar... Az sonra söhbətin mövzusu da dəyişdi. Çay dalınca nargilə sifariş verdilər. Məhəmməd nargilədən imtina elədi.
Memo islam tarixi, vəhabilik, vətənçilik, millətçilik barədə uzun-uzadı danışdı. Axırda soruşdu ki, Məhəmməd şəhidlik məsələsinə necə baxır.
Məhəmməd:
- Şəhidliyi mən mal-mülk uğrunda yox, namus və torpaq uğrunda cihadda görürəm, - dedi.
- Hər torpaqdan vətən olarmı? - deyə Memo xəbər aldı.
- Əgər insan oranı özünə vətən sayarsa, onda olar, - Məhəmməd onun sualına bu cür cavab verdi.
Dinqo bu söhbətdə kənar müşahidəçiydi. Görünür, onun fikirləri əmisi oğluna çoxdan məlumuydu. Ona görə də susurdu.
Məhəmməd:
- Mən sualıma cavab almaq istəyirəm. Dinqo bu barədə sənə deyib, yəqin? - dedi və suallı baxışlarını Memonun üzünə zillədi.
- Deməyinə deyib, amma bu sualın cavabını verəcək adam burda yoxdur. Hər şey ondan asılıdır. Əgər o, izn versə, deməli, Tanrı da buna razıdır.
- Mənə Böyük Xocanın yox, Tanrının icazəsi lazımdır.
Memo güldü. Onun bu gülüşündə istehzanı sezməmək mümkün deyildi.
- Hökm oranın, - deyə o, yuxarıya işarə elədi, - icrası buranındır, - dedi.
Məhəmməd:
- Bir məsələ var ki, hökm artıq verilib, amma onu mənim rəhbərim verməyib, çünki belə bir adam tanımıram, - dedi.
Memo:
- Burası problem deyil. Öyrənərik, sonra icra edərik. Ondan asan nə var ki? Amma bilmək istərdim ki, hökmü kim verib?
- Hökmü mənim anam verib.
- Ana müqəddəsdir. Onun hökmünü yerinə yetirmək Tanrının buyruqlarına əməl eləmək kimidir...
Söhbətin bu yerində çayçı gəlib dedi ki, getmək zamanıdır. Elə belə də dedi: "Getmək zamanıdır".
Bununla da söhbət bağlandı.
Ayrılanda Memo:
- Biz yenə də görüşəcəyik, - dedi, Dinqo ilə Məhəmmədi kafenin qarşısında qoydu və qaranlıq dalanlarda gözdən itdi...
* * *
Memoyla daha bir neçə dəfə görüşdülər və bu görüşlər zamanı onun dilindən Türkiyə hakimiyyətinin ünvanına lənətdən başqa bir şey eşitmədi. Memo vəziyyətin pis olmasında hamını günahlandırırdı: Ərdoğan hakimiyyətini islamı satmaqda qınayırdı, Amerikanı şeytan yuvası adlandırırdı, bir zamanlar müsəlman ölkələrində kafirlərin dinini yaydığına görə marksistləri pisləyirdi. Onun sözlərindən belə çıxırdı ki, islam əleyhinə gedənlərin cəhənnəm odunda yanacağını gözləmək lazım deyil, onların cəzasını bu dünyada vermək lazımdır. Sadəcə hökm verənlər və onların icraçıları düz imanlı və əməli-saleh olmalıdırlar.
Məhəmməd ilk gündən anlamışdı ki, Dinqo və əmisi oğlu gizli qrupa daxildir və hansısa missiyanın iştirakçılarıdır. Amma bütün bunların ona dəxli yoxuydu, onu bir sualın cavabı maraqlandırırdı və bu adamların timsalında özünə arxa tapdığını güman edirdi.
Memoyla bir neçə təmasdan sonra qərara aldılar ki, Məhəmməd Böyük Xocayla görüşə hazırdır. Amma həmin görüş baş tutmadı. Axşama planlaşdırılan görüşü səhər-səhər Dinqo pozdu, daha doğrusu, səhərə yaxın yataqxanaya qayıdıb Məhəmmədə dedi ki, o, bir müddət İstanbuldan getməyə məcburdur. Şəhərdəki partlayışlarda onun qardaşından da şübhələnirlər, Məhəmmədə də məsləhət gördü ki, dilini farağat qoysun. Çünki əmniyyətçilər qardaşı ilə görüşənlərin hamısını həbs edirlər. Ola bilər ki, onlar Məhəmmədin də Memoyla görüşdüyündən xəbərdardırlar.
Dinqo:
- Mən səni mütləq tapacam, sənə etibar edirəm, məni görmək istəsən, bu ünvandan soruş, - dedi və kağız parçasını ona uzatdı. - Ünvanı yadında saxlayandan sonra cırıb atarsan. Ünvanı üstündə tapsalar, yaxud kiminsə əlinə düşsə, sənə başağrısı gətirər. Mobildən istifadə eləmə. Yasaqdır.
Dinqo gedəndən sonra Məhəmməd bir müddət otaqda qaldı. Onun dərsə getmək həvəsi ölmüşdü. Şəhərdəki partlayışlar, ətürpədici telekadrlar ovqatını tamam korlamışdı. Bu tərəfdən də Dinqo və qardaşının qaçması ona pis təsir eləmişdi. Məhəmməd onların günahsızlığına əmin idi. Qardaşlar qaçaq-quldura oxşamırdılıar, yəqin ki, əllərindən pislik də gəlməzdi. Həmin gün o, dərsə getmədi. Yataqxananın poçtuna düşüb, Bakıya zəng elədi, çünki evdə ondan narahat idilər. İstanbuldakı partlayışların sədası Bakıya da çatmışdı.
Anası ona:
- Özünü gözlə, başqa şeylər barədə fikirləşmə.
O, "başqa şeylər"in altında nəyin gizləndiyini anlayırdı, söhbət Züleyxadan gedirdi, ona görə də bir söz demədi və sağollaşıb dəstəyi asdı.
* * *
Məhəmməd poçtdan çıxanda qarşısında xalasını gördü. Züleyxa xanım bacısı oğlunu görcək yüyürüb onu qucaqladı:
- Səndən nigaran idim, - dedi, ağlamsındı, - bu partlayışlar çox günahsızın qanını tökdü.
- Nigaran qalmağına dəyməz. Mən iki gündür ki, şəhərə çıxmıram.
- Gedək, - deyə xalası onun qolundan tutub küçə qapısına tərəf çəkdi.
Məhəmməd xalasının ondan yana rahatsız olmasından, uşaq kimi kövrəlməsindən mütəəssir olmuşdu. Ona görə də xalasının ərkyana hərəkətinə etiraz etmədi və taleyini həyatın axarına, daha doğrusu, xalasının zərif əllərinin ixtiyarına verdi.
Maşına oturdular. Qırmızı "Volsvagen"i xalası özü sürürdü. Yolboyu bir kəlmə də kəsmədilər. Yalnız bircə dəfə Züleyxa danışdı. Boğaziçindən yuxarı - Züleyxa Göyçəyin malikanəsinə gedən yolda xalası nəhri göstərib:
- Çox cansıxıcı mənzərədir, sanki balıqlar yasa batıblar, günəş də görünmür, - dedi, mən Boğaziçini yayda xoşlayıram. Onda burda ağ yelkənli gəmilər üzür. Günəşin fonunda.
Maşın Nişantaşıdakı varlı malikanələrin dolanbaclarından keçərək, bir dəmir darvazanın qarşısında dayandı. "Bahar çiçəkləri" məhəllənin o biri üzündə qaldığından onu görmədilər.
Qapını açıb içəri keçdilər. Malikanənən geniş, amma cansıxıcı həyəti vardı. Sanki bura qara buludların kölgəsi düşürdü.
- Nə durmusan, keçsənə, - deyə xalası əlindən tutub onu içəri çəkdi.
Malikanənin geniş dəhlizi vardı, dəhlizdən yuxarı mərtəbələrə pilləkənlər qalxırdı. Dəhlizdən o yanda böyük zal idi. Onlar zala keçdilər.
- Sən otur, mən bu saat gəlirəm, - xalası dedi və mətbəxə keçdi.
Məhəmməd zala göz gəzdirdi. Otaq elə də zəngin deyildi: ortada böyük stol-stul dəsti, onun üstündə güldan və gül, küncdə bar, barın qarşısında - döşəmədə bəbir dərisi, divarda "Bahar çiçəkləri"ndə gördüyü "Boğaziçində günəş" rəsminin reproduksiyası.
Mətbəxdən xalasının səsi gəldi:
- Darıxmırsan ki? Xidmətçiləri bu gün evlərinə göndərmişəm, istəyirəm ki, özüm sənə qulluq edəm.
O darıxmırdı. Amma nigaran və həyəcanlıydı. Xalası kim idi? Onun uşaqlıqda gördüyü gözəl Züleyxa, yoxsa İstanbulda hamının tanıdığı kimi Göyçək Züleyxa? Xalası mələk idi, yoxsa şeytan? Əməlisaleh insan idi, yoxsa fahişə, qız satan? Və indi burda, xalasının zahirən dəbdəbəli, amma sadə evində onun nə işi vardı? İndi o, xalasının boynuna sarılsınmı, yoxsa anası dediyi kimi eləsin?
- Qəhvəmi, kofemi, şirəmi? - xalası soruşdu.
- Fərq eləməz, - cavabını verdi.
Xalası hər üçündən gətirdi:
- Hansını istəyirsən, seç.
Yuxarı mərtəbədən səs gəldi. Kimlərsə pillələrlə aşağı düşürdü. Bu, cavan bir kişiylə yaraşıqlı bir xanımıydı. Məhəmmədə elə gəldi ki, həmin xanımı hardasa görüb, bəlkə də xalasının gözəllik salonunda.
Züleyxa Göyçək ayağa durdu və həmin adamlardan:
- Gedirsinizmi? - deyə soruşdu.
- Gedəsi olduq, bizdə heç nə alınmadı, - deyə cavan kişi mızıldandı.
Züleyxa xanım təəccübləndi:
- Necə yəni alınmadı?
Bu dəfə yaraşıqlı xanım cavab verdi:
- Telefon zəngləri onu rahat buraxmır. Məqamında kimsə kefimizə soğan doğrayır.
Cavan kişi:
- Biz yenə də gələcəyik, - dedi, - bəlkə gələn dəfə yaxşı oldu.
Züleyxa xanım onları darvazaya kimi ötürüb qayıtdı.
- Mənim arkadaşlarımdır. Müsafirim idilər. Yola getmirlər, istəyirdim ki, onları barışdırım.
Xalasının bu sözlərinin nə dərəcədə səmimi olduğunu anlamadı.
- Mən sənin şəkillərini tez-tez "Hürriyyət+"də görürəm, - Məhəmməd qəfildən dilləndi.
- Şəkillərimimi?
- Hə. Müsahibələrini də oxumuşam.
- Onlar çoxdan olub. Son vaxtlar, mən o qəzetə nə şəkil vermişəm, nə də müsahibə. Yazarlarını da görməmişəm.
- Çoxdankı qəzetləri də görmüşəm, - Məhəmməd təmkinlə dedi.
- O, keçmişdə qaldı. İndi mən tamam başqa bir insanam, özümün də erkəyim var. Biz onunla evlənməyə hazırlaşırıq.
"Özümüm də erkəyim var". Bu söz Məhəmməddə qəribə assosiasiya yaratdı. Xalası hər dəfə "erkək" sözünü vurğulayanda Məhəmmədin qarşısında, sanki müəmmalı bir sirrin üstü açılırdı.
- Mənim çox ağır həyatım olub. Sən bunları bilmirsən. Elə bilməsən yaxşıdır. Yaxşısı budur, başqa şeydən danışaq. Məsələn, səndən. Sevgilin varmı? - Məhəmmməd başını buladı. - Burası yaxşı olmadı. Erkəyin sevgilisi olmalıdır. İstəsən, mən sənə əylənmək üçün rəfiqələrimdən birini verərəm.
- İstəmirəm. Mənimçün belə yaxşıdır.
Bir müddət dinməz oturdular. Məhəmməd həyəcandan barmaqlarının "quluncunu qırırdı".
- Barmaqlarına heyfin gəlsin, onları çox incitsən, qocalanda əsəcək...
Bu sözləri deyəndən sonra Züleyxa xanım mətbəxə keçdi və bir azdan əlində məcməyi qayıtdı.
- Sürpriz, - deyə o, əlindəki paxlava və şəkərburanı stolun üstünə düzdü. - Onu dünən hazırlamışıq, sabah üçün, axı sabah bazardır və sən bizə gəlməliydin.
Züleyxa xanım dübarə mətbəxə qayıtdı və təzə çay gətirdi.
Bu zaman qapının zəngi çalındı.
- Kim ola bu? - deyə o, öz-özünə sual verirmiş kimi dedi və qapını açmağa getdi. Bir azdan Züleyxanın etiraz notları yüklənmiş səsi eşidildi.
- Yox, yox! Bu gün olmaz... Qonağım var... Bacım oğludur.
Züleyxa qapını döyən adamı evə buraxmaq istəmirdi. Amma, görünür, o, israr edirdi:
- Yalnız bir neçə dəqiqəliyə.
Nəhayət, çağırılmamış qonaq özünü içəri dürtdü. Bu, Mehmet bəy idi. Məhəmməd onu xalası ilə ilk görüşündə görmüşdü. Mehmet bəylə birgə içəri siqar və spirt iyi də doldu. Xalasının erkəyi, yəqin, bu kişiymiş. Onlar yuxarı mərtəbəyə çıxdılar. Bir müddət onlardan səs çıxmadı. İçəridə nə baş verdiyini başa düşmək elə də çətin deyildi. Qapalı otaqdan qadınla kişinin səsi gəlmirsə, deməli, başları özlərinə qarışıb.
Məhəmməd stolun üstündəkilərə əl də vurmamışdı. O, bura nahaq gəldiyini düşünürdü. Başqasının həyatına, hətta xalası da olsa belə, qarışmağa haqqı yox idi. Amma bəs iman-din nə olsun? Ailəsinin namusunu, ləyaqətini kim qoruyacaqdı?! Hətta doğma evindən yüzlərlə kilometr uzaq olsa da. Namus namusdur, onu hər yerdə qorumaq lazımdır. Anasını xatırladı. Onun daim qayğı və təlaş içində olan sifəti, hikkədən irilmiş gözləri xəyalından keçdi. Anasının doğma bacısına qarşı qəzəbinin kökünü araşdırmaq istədi. Görəsən, bu qəzəb, hikkənin səbəbi doğrudan da Züleyxanın yüngül əxlaqıydımı, yoxsa başqa əsaslar vardı? Bəlkə elə anası Məhəmmədi öz xalasını öldürmək üçün böyüdüb, onu İstanbula oxumağa göndərib. Çünki Türkiyədə, özü də ilahiyyat fakültəsində təhsil almaq məqsədi və istəyi anasına məxsus idi...
Xalası da az aşın duzu deyildi. Bəlkə də anasına tez-tez zəng edib cırnadan, bacısının Türkiyədəki hoqqalarından danışan, Züleyxa Göyçək televizorda göstərilən zaman Fatimə xanımı xəbərdar edən də elə doğmaca bacısıymış, Züleyxaymış. Amma onun məqsədi nəydi? Məhəmməd bütün bunları anlamırdı. Anlamağa ehtiyac da yoxuydu. İndi onun sevimli xalası Züleyxa Göyçək qonşu otaqda cinsəl oyunlara baş vururdu...
O, pörtmüşdü, həyəcandan qıpqırmızı qızarmışdı. Neyləməli? Getmək istəyirdi, amma getməyə üzü gəlmirdi. "Niyə gəlmişdin və niyə gedirsən?" Düzdü, o, özü gəlməmişdi, onu gətirmişdilər. Zorla olmasa da, gətirmişdilər...
Nəhayət, xalası pillələrlə aşağı düşdü. İndi onun əynində mavi xalat vardı, sinəsi yarıaçıq idi. Azca qızarmışdı, yanaqları allanmışdı. Saçları dağılsa da, onu yenidən yığıb, arxadan bağlamışdı. Züleyxa çox gözəl idi. O, erkəyinin gücünü ilk dəfə dadmış və bundan qürurlanan dişi canavarlara bənzəyirdi.
Məhəmmədə çatanda onun bu ovqatı yox oldu, daha doğrusu, bacısı oğlunun tutulduğunu görüb gərginliyi yumşaltmaq istədi:
- Ona fikir vermə, bir az içəndən sonra özünü-sözünü bilmir. Erkəklərin hamısı belədir.
"Erkəklərin hamısı belədir". Yenə də "erkək?!" "Görən, onlar nə qədərdir?" - Məhəmməd ürəyində fikirləşdi.
Bir azdan xalasının məlahətli və mülayim səsi qulaqlarını oxşadı, lap uşaqlıqdakı kimi:
- Amma sən bir dənəsən. Sən mənim şahzadəmsən, balaca şahzadəm. Gəl bura, gəl. - Məhəmməd yerindən tərpənmədi. - Gəl dedim, axı.
Xalası gəlib onun əlindən tutdu və ehmalca dartdı. O, qeyri-ixtiyari ayağa durdu, sanki kimsə onun yerindən qalxmağına kömək elədi. Məhəmməd indi ruh kimiydi. Xalası onu yan otağa dartırdı. İçəri keçdilər. Bura geniş yataq otağıydı. Xalası çarpayıya uzandı.
- Sən də uzan.
Məhəmməd dartınmaq istədi, yəni dartınmaq ürəyindən keçdi. Amma dayandı. O yenə də kimlərəsə tabe olurdu. Xalası həminki gözəl idi. Uşaqlıqda ona ərə gedəcəyini vəd eləmişdi.
Züleyxanın sinəsi tamam açılmışdı, ağappaq budları mavi xalatının arasından görünürdü. Şeytan Məhəmmədin başının üstündə durmuşdu və "uzan" deyirdi. Sonra həmin qüvvə ona hökm elədi: "Uzan!"
- Uzan böyrümdə, - xalası yarıpıçıltılı səslə onu səslədi. Və ehmalca qolundan dartdı.
O, xalasının böyründə uzandı. Züleyxa Məhəmmədin başını sinəsinə sıxdı. Mən çoxdandır ki, səni bağrıma basıb, öz doğma uşağım kimi yatızdırmaq istəmişəm. Axı mənim də uşağım ola bilərdi və sənə oxşayardı. Bəzən mənə elə gəlir ki, sən mənim oğlumsan.
Bəs Məhəmməd? Məhəmməd xalasının oğlu olmaq istəyirdimi?
Xalası onun saçlarını tumarlayırdı, üzündən, gözündən öpürdü, əlini onun təzəcə tüklənməyə başlayan sinəsində gəzdirirdi.
- Mənim erkəyim, mənim erkəyim sənsən. Kişilərin hamısı sənin bir dırnağına da dəyməz, - deyirdi.
Məhəmməd özü də bilmədən xalasını bərk-bərk qucaqlayırdı, ona sarılırdı... Hardansa düşən işıq yavaş-yavaş yox olurdu... Onlar dərin və qaranlıq bir tuneldə əl-ələ gəzirdilər, dolanbaclarda dolanırdılar... Birdən anası onların qarşısına çıxdı. Fatimənin saçı dağılmış, gözləri hədəqəsindən çıxmışdı... Əlində qanlı bıçaq vardı...
* * *
Məhəmməd qan iyinə oyandı. Gözlərinə inanmadı. Xalası al-qan içindəydi. Sıçrayıb ayağa duranda nəsə onun əlindən yerə düşdü. Bu, mətbəx bıçağıydı. O, xalasını öldürmüşdü?! Ola bilməzdi! O, xalasını öldürmədi. Sadəcə onun böyründə uzanıb uşaq kimi yuxuya getdi... Bəlkə də huş apardı. Bu müəmmalıydı. Key kimi olmuşdu. Heç nə barədə düşünə bilmirdi. Bir müddət özünə gələ bilmədi. Çarpayının ayaq tərəfində oturdu. Fikirləşdi. Polisə zəng eləmək olmazdı. Hamı ondan şübhələnəcəkdi. Dəlil-sübut göz qabağındaydı.
Pilləkənlərlə yuxarı çıxdı. Otaqların hamısı bomboş idi. Mehmet bəy də yoxa çıxmışdı.
Aşağı düşdü. Hamama girib yuyundu. Köynəyi də qana bulaşmışdı. Onu təmizləmək əbəs idi. Yeldöyənini qanlı köynəyinin üstündən geyindi. Küçəyə çıxdı. Əvvəlcə hara gedəcəyini bilmədi. Eləcə üzüaşağı - Boğaziçinə tərəf endi. Şübhəsiz, onu axtaracaqdılar. İndi olmasın, bir neçə gündən sonra olsun. Polisin əlində belə şeyləri tapmağa nə var ki. Özü də Türkiyə polisi ola. Onlar daha hazırlıqlıdırlar. Birdən Dinqonun verdiyi ünvan yadına düşdü. Ciblərini axtardı, ancaq bir şey tapmadı. Dilxor oldu. Sonda xatırladı ki, Dinqonun verdiyi ünvanı cırıb atıb, amma yadındaydı. Dinqo dediyi kimi eləmişdi, əzbərləyəndən sonra kağız parçasını cırıb zibil qutusuna tullamışdı.
Dinqonun dediyi ünvan, yəni əmisi oğlu Memonun xırdavat dükanı şəhərin Asiya hissəsindəydi. Avtobusa minib ora gəldi. Yağış da başlamışdı. İndi nə ölü ağlamağın, nə də basdırmağın vaxtıydı. Cansıxıcı bir ovqat.
Boğaziçini keçəndən sonra avtobusdan düşdü, bir taksiyə oturub ünvanı dedi. Sürücü maşında quraşdırılmış elektron yol xəritəsində o dediyi ünvanı tapdı. Dinqonun dediyi dükan dalanların birindəydi.
Dükanın qarşısındakı kisələrdə və qutularda müxtəlif meyvələr, çərəzlər vardı. Cavan bir oğlan müştəriləri cəlb eləmək üçün alma və armudları xüsusi bükülülərdə nümayiş elətdirirdi. Yoldan ötənləri İstanbulda bunlardan dadlısının olmadığına inandırmağa çalışırdı.
Məhəmməd oğlana yaxınlaşıb astadan:
- Mənə Memo lazımdır, - dedi.
Oğlan:
- Mən belə birisini tanımıram, - dedi və ətrafa göz gəzdirdi.
- Hündürboy, qarayanız oğlandır, danışanda da hərdən kəkələyir, - Məhəmməd izah elədi.
- Siz, yəqin, qonşu dükandakı oğlanı deyirsiniz. Amma o, indi yoxdur, qardaşı onu əvəz eləyir, - dedi və barmağı ilə xırdavat dükanını göstərdi.
Məhəmməd dükana yaxınlaşanda pəncərədən kiminsə onu barmağı ilə çağırdığını gördü. Bu Dinqoydu. Məhəmməd içəri keçdi. Dinqo onu arxa otağa apardı. Otağın arxa divarındakı xalçanı araladı və onlar xəlvət bir yerə düşdülər.
- Sən buranı necə tapdın? - deyə Dinqo həyəcanlı səslə xəbər aldı.
- Taksi kömək elədi.
- Taksi hansı rəngdəydi?
- Rəngin nə dəxli?
- Soruşuramsa, deməli, dəxli var.
- Sarı rəngli "Tofaş" idi.
Dinqo:
- O heç. Ondan qorxmağa dəyməz... İndi biz hamıdan şübhələnirik, çünki bizdən də şübhələnirlər, halbuki bizim heç nədən xəbərimiz yoxdur. Ola bilsin, Memo nəsə bilirdi. Bir də Böyük Xoca. Nə bilim...
Məhəmməd nə deyəcəyini bilmirdi. Hər şey ona yuxu kimi gəlirdi: Dinqo ilə tanışlığı da, xalasını öldürməsi də, bura gəlməsi də...
- Bura niyə gəldin? - Dinqo rahatsız halda yenidən soruşdu.
- Özüm də bilmirəm. Deyəsən, xalamı öldürmüşəm. Düzü, bilmirəm bu necə oldu. Mən yuxudan oyananda o, al-qanın içindəydi, əlimdə də qanlı bıçaq vardı, -deyə Məhəmməd xalası ilə əhvalatı qısaca ona danışdı.
- Yatmazdan əvvəl bir şey oldumu? Mübahisə-filan?
- Heç bir şey olmadı. Ondan əvvəl mən şirə içmişdim.
- Bəlkə şirəyə nəsə qatıblar. Olur belə şeylər, adamı yuxuya verirlər, sonra da boynuna qoymaq üçün əlinə tapança, ya bıçaq verirlər. Kinolarda görməmisən?
- Bilmirəm.
- Eyb eləməz. Mən onsuz da bir azdan buraları tərk edəcəm. İstəsən, mənimlə gedə bilərsən. Burda qalmaq hamımız üçün təhlükəlidir.
Məhəmməd yenidən:
- Bilmirəm, - dedi və çiynini çəkdi.
- Sən burda otur, mən bir azdan qayıdıram, - Dinqo dedi və çıxdı.
Dostu gedəndən sonra Məhəmməd yenidən xalasını xatırladı, onun ölümü qəribə və müəmmalıydı. Bu necə ola bilərdi? Düzdü, xalasının yan otaqda öz "erkəyiylə" eşq macərası onu qəzəbləndirmişdi. Amma sonradan bunların hamısı xalasının birgə təmasıyla yoxa çıxmışdı, ilğım kimi ərimişdi, onun ürəyində xalasına qarşı heç bir qəzəb hissi qalmamışdı. Hansı tərəfə yozurdusa, bir tərəfə gedib çıxa bilmirdi. Hər şey dalana dirənirdi. Dolanbaclar yenidən başqasıyla əvəzlənirdi.
Dinqo bir azdan qayıtdı və dedi ki, tanış sürücü arkadaşlardan biri onları heç kimin tapa bilməyəcəyi yerə aparmağa söz verib. Amma isti paltar götürmək lazımdır, çünki dağlara qar yağır. Məhəmməd yataqxanaya qayıtmaq istədi, amma Dinqo qoymadı:
- Nə yataqxana canım, həmən yola çıxmaq lazımdır. Ara səngiyəndən sonra qayıdarıq.
* * *
Dükandan çıxıb taksi sürücüsüylə şərtləşdikləri yerə gəldilər və iki saatdan sonra şəhərdən çıxdılar.
Məhəmməd hara getdiklərini bilmirdi, bu barədə soruşmadı da. Onunçün fərqi də yoxuydu. Əsası oydu ki, onu qarabaqara izləyən qorxunc fikirlərdən, bədheybət, amma qılıqlı şeytandan baş götürüb qaçsın. Züleyxanın ölüm səhnəsi ara-sıra gözləri önündən keçirdi və Məhəmməd onu düşündürən suallara cavab axtarırdı, bir tərəfə çıxa bilməyəndə yorulurdu və çöldə yağan yağışın səsinə qulaq asırdı.
Dinqo ara-sıra uşaqlığından, İstanbula təsadüfən gəlməyindən danışırdı, hərdən Böyük Xoca ilə görüşmək arzusunu dilə gətirirdi. İstanbula əmisi oğlu Memonun təklifilə gəlmişdi, belə demək mümkünsə, onunla birgə hamını başdan çıxaran şəhərə qaçmışdı.
Bütün bunların Məhəmmədə heç bir aidiyyatı yoxuydu. O, Dinqoya qulaq da asmırdı. Bu gün səhər baş verən hadisəni düşünürdü, xalasının al-qan içində olan nəşini heç cür unuda bilmirdi. O, xalasının gözəlliyini ucuz və alçaq bir ölümə qısqanırdı...
Onlar bir gecə tanımadığı bir qəsəbədə - Dinqonun tanışlarından birinin evində gecələməli oldular. Dinqo ev sahibinə dedi ki, əmisi oğlunun toyuna gedirlər. Toy olunan köy, yəni kənd dağların o biri üzündəydi. Ev sahibi oraları yaxşı tanıdığından başını tərpətməklə qəfil qonağı anladığını bildirdi. Axşam Məhəmmədgili rza-küftəyə və ayrana qonaq elədilər. Ev sahibi rakıdan dadmağı da qonaqlara təklif elədi, amma onların din-iman sahibi olduğunu biləndən sonra içkini süfrəyə gətirməkdən vaz keçdi...
Həmin gecəni qəsəbədə keçirdilər. Qar çox yağdığından səhər yola çıxa bilmədilər və yalnız iki gündən sonra "özlərindən və talelərindən qaçanlar" yollarına davam elədilər. Şırnak şəhərini keçib, dağlara doğru irəlilədilər.
Maşın dağətəyi kəndlərdən birinə girəndə Məhəmmədə elə gəldi ki, deyilən ünvan buradır. Mənzil başına çatandan sonra Dinqo sürücü arkadaşını geri göndərdi. "İndi rahatca geri qayıda bilərsən" dedi. Sən demə, bura mənzilbaşı deyilmiş, hələ mənzilin ayağıymış və onları qarşıdakı dağlara yürüş gözləyirmiş.
Həmin gecə düşdükləri ev sahibinin at tövləsində qalandan sonra dağlara sarı üz qoydular. Dağa çıxmaq üçün onlara at lazımıydı. At burda bahaydı və heç kim onlara öz atını havayı verməzdi. Məhəmmədin təəccübünə rəğmən Dinqo bir topa dollar çıxarıb at sahibinin istədiyi məbləği ödədi və onlar yola düşdülər.
At satan ev sahibinin özüydü.
Dinqo dağ cığırlarını gözəl tanıyırdı. Məhəmmədin təəccübünü görüb:
- Burada qohumlarımız yaşayır, bir neçə dəfə onlara qonaq düşmüşük, Memoyla birgə, amma Böyük Xocanı görə bilməmişəm. Bəlkə bu dəfə görə bildim, - dedi və özündən razı halda bığına qonmuş qarı sildi.
Məhəmməd Dinqonun mərdinli olduğunu bilirdi. Mərdin buralardan çox uzaqlarda - Səudiyyə sərhədlərindəydi...
Bir saat olardı ki, qar yağırdı. Ara-sıra dağlardan külək əsirdi, sanki onu kimsə qəsdən qovub gətirirdi və yolçuların üzünə vururdu. Hava soyuq idi. Dinqonun Məhəmmədə verdiyi köhnə at çulu olmasaydı, soyuqdan dona bilərdi.
Yolboyu o, doğma şəhərini, uşaqlığını xatırlayırdı. Xalasının şaqraq gülüşləri qulağını deşirdi. İndi o gülüşlər əvvəlki kimi doğma deyildilər, çünki xalası ilə birlikdə onun gözəlliyi də, gülüşləri də ölmüşdü, al-qanın içində batmışdı. O heç nə hiss eləmirdi, hərdən günah hissi qanına, beyninə hopmaq istəyirdi, amma yağan qar onları əridirdi, suya, buza döndərirdi.
- Mən üşüyürəm, - Məhəmməd Dinqoya dedi.
- Yaxınlıqda kaha var, ocaq qalayıb, qızışarıq, açıq havada ocaq qalamaq olmaz, yasaqdır.
Bir az gedəndən sonra onlar Dinqo deyən kahaya çatdılar. Atları da özləri ilə qaranlıq kahaya apardılar. Dinqo kahanın oyuğunda saxlanılan quru çırpını, odunu gətirib, yandırdı. Görünür, onları kimsə hələ yayda bura yığmışdı.
Ocağın qırağında oturub, bir az qızışandan sonra Dinqo:
- İndi gəl qarnımızı doyuraq, - dedi, torbasından çörək və qurumuş ət qaxacı çıxardıb doğradı və iştahla yeməyə başladı.
Məhəmməd acmamışdı, bəlkə də aclıq hissi kütləşmişdi. Dinqo yol yoldaşından:
- Sən niyə yemirsən? - deyə xəbər aldı.
- Mən hələ acmamışam...
Onlar bir müddət dinməz oturdular. Dinqonun da iştahı, deyəsən, küsmüşdü və ağzındakı çörəyi gəvələyirdi. Məhəmməd qəfildən, Dinqonun gözləmədiyi halda:
- Mən geri qayıtmaq istəyirəm, - dedi.
- Dəli olmusan? Bu qədər yolu gəlmisən ki, geri qayıdasan? Orda səni tutarlar, amma burda qalsan, hər şey yaxşı olacaq. Memo dedi ki, onlar çox gözəl yaşayırlar. Yedikləri də, geydikləri də Amerika məhsuludur və heç nədən korluqları yoxdur. Yerləri də istidir. İnan mənə, yalan demirəm.
"Amerika" sözünü eşidəndə Məhəmmədin ürəyində şübhələr baş qaldırırdı. Bu ölkəyə nifrət hara, onun göndərdiklərini yemək hara?
O, iki daşın arasında qalmışdı. Həm geri qayıtmaq, bütün bu hadisələrə, qarabasmalara son qoymaq istəyirdi, həm də qazamata atılacağından qorxurdu. Həbs də cəhənnəmə, butun qəzetlər və televiziyalar xala qatili haqda danışacaqdılar. Düzdü, onun bəraəti vardı. Dindar adamlar fahişə xalasını öldürdüyünə görə onu öyəcəkdilər, din əleyhidarları, azadfikirlilər isə əksinə, söyəcəkdilər. İndi nə olsun? Hansını seçsin?
- Gedək, - Dinqo çörəyini yeyib ayağa durdu. Atın yəhərini düzəltdi, tapqırını bərkitdi. Məhəmmədin yerindən tərpənmədiyni görüb, onun da atının yəhərini sahmana saldı və yolçular yenidən qarlı dağlara sarı yön aldılar.
* * *
Onlar yolboyu, demək olar ki, susdular. Çünki küləyin sürəti artmışdı, danışanda qar adamın ağzına dolurdu. Yolçular şərflə sifətlərini tamam bağlamışdılar, yalnız gözləri açıq qalmışdı. Məhəmmədin atı bir neçə dəfə büdrədi, bir dəfə isə az qala sürüşüb uçuruma düşəcəkdi. Dinqo onun dadına çatdı, əl atıb atın yüyənindən tutdu və həmin andan etibarən dostunun atının yüyənini öz atının yəhərinə keçirdi.
Dağ cığırları getdikcə daha qorxulu olurdu. Dinqo bu yerlərə bələd olduğundan özünü çox inamlı aparırdı. Məhəmməd birdən xatırladı ki, Dinqo bəzən günlərlə dərsdə və yataqxanada görünmürdü və qəfil yoxa çıxmağını kəndlərinə, qoca ata-anasına baş çəkməyə getməsilə izah edirdi...
Gecəni növbəti dayanacaqda keçirdilər. Bu dayanacaq da əvvəlkinin bənzəriydi. Ocaq qalamaq üçün hər şey vardı.
Dinqo ocağı çatdı. Bir az qızışandan sonra ət konservlərini çıxarıb ocaqda isitdi. Məhəmməd bərk acmışdı. Dinqo yol çantasından xörək qaşıqlarını çıxaran kimi hər ikisi yeməyə girişdi.
Toqqalarının altını bərkidəndən sonra Dinqo kahanın dərinliyinə tərəf getdi və salafana bükülü turist döşəyilə geri qayıtdı.
Dinqo:
- Uzan, rahat yat, heç nədən yana rahatsız olma. Sabah erkən yola düşərik, inşaallah, orda bizi yaxşı qarşılayarlar.
Məhəmməd razılıqla başını tərpətdi və yerinə girdi. Onlar bir müddət çöldə əsən küləyin səsinə qulaq asdılar. Hardasa qurd ulayırdı. Sanki, kimsə öz itiyini axtarırdı... Məhəmməd necə yuxuya getdiyini bilmədi...
Səhər onu Dinqo oyatdı. Səhər yeməyi ilıq çaydan və "Ülkər" peçenyesindən ibarət idi. Yüngülvari nahar etdikdən sonra "qaçaqlar" yola düşdülər və sutka yarımdan sonra mənzil başına çatdılar.
Qəfil qonaqları gözətçi qarşıladı. O, əvvəlcə Dinqonu tanımadı, çünki atlıların üz-gözü qardan sırsıra bağlamışdı, amma Dinqo ona öz dilində nəsə deyəndə tanıdı. Məhəmməd bu dili bilmirdi. Heç eşitməmişdi də. Əvvəlcə ona elə gəldi ki, bu adamlar xüsusi parolla danışırlar, sonradan başa düşdü ki, bu, dağların dilidir. Ona görə də dinmədi. Dinqo da onun təəccübünə reaksiya vermədi.
Gözətçi onları irəli buraxdı. İrəlidə daha bir gözətçi vardı. O da parolu soruşdu, cavab alandan sonra avtomatının lüləsilə işarə elədi ki, keçə bilərlər.
Yolçular bir neçə gözətçi postu keçdikdən sonra Memo və dostlarının qaldığı kahaya çatdılar. Kahadakı adamların əksəriyyəti saqqallı və silahlıydı. İçəridən kir və nəmişlik iyi gəlirdi. Hava ürəkbulandırıcıydı. Bir az keçmiş Məhəmmədin iybilmə qabiliyyəti kütləşdi, daha doğrusu, içəridəki havaya uyğunlaşdı.
Məhəmməd anlamışdı ki, bura Dinqonun dediyi gizli qrupun xəlvət yeridir. Amma onların nə ilə məşğul olduğunu bilmirdi, bəlkə də bilməyə qorxurdu. Ona görə də dərinə getməmiş, bu barədə Dinqodan heç nə soruşmamışdı.
Yolçular içəri girən kimi Memo onlara dilucu xoşgəldin elədi və Dinqonu kənara çəkib nə barədəsə uzun-uzadı danışdı. Onların qaş-gözlərinin, üzlərinin səyriməsindən, mimika və jestlərindən söhbətin mübahisə notları üzərində kökləndiyi anlaşılırdı. Çox güman, söhbət Məhəmməddən gedirdi. Deyəsən, əmisi oğlu yad adamın bura gəlməsindən narahat idi. Uzun çək-çevirdən, Dinqonun uzun-uzadı izahatından sonra Memo sakitləşdi, gülə-gülə Məhəmmədə yaxınlaşdı və bir daha:
- Xoş gəlmisən, arkadaşım, - dedi və Dinqoya tərəf dönüb, - mən deyən kimi elədinmi? - deyə soruşdu.
- Arxayın ola bilərsən. - Dinqo özündən razı halda cavab verdi.
Memonun "Mən deyən kimi elədinmi?" sualı və Dinqonun ona cavabı müəmmadan xəbər versə də, Məhəmməd dinmədi və taleyini hadisələrin öhdəsinə buraxdı.
Yerdən bardaş qurub, yazmalı süfrənin ətrafında oturdular. Süfrəyə çay, dalınca isə dana ətindən soyutma və tamsız şirə gəldi. Bəlkə də şirənin vaxtı keçmişdi. Üstündə "made in Amerika", yəni, Amerikada istehsal olunub, sözləri yazılmışdı.
Yeməkdən sonra kimsə Dinqonun danışdığı dildə mahnı oxumağa başladı, yanıqlı bir havaydı. "Sarı gəlin"ə oxşayırdı. Qalanları ona səs verdilər...
Çaqqallar yaxşı yeməkdən sonra təpə başına çıxıb vaqqıldaşırlar, toxluğun şərəfinə mahnı oxuyurlar...
* * *
Kaha həyatı Məhəmmədi yormuşdu: eyni yeməklər, eyni söhbətlər. Bulağın çeşməsi buz bağladığına görə su da qəhətə çıxmışdı. Bu havada çeşməyə getmək mümkün deyildi. Çimmək üçün qarı, buz salxımlarını qazanlara yığıb əridirdilər. Dəstə üzvlərinin çoxu qotur olmuşdu. Məhəmmədin büküşük yerləri yara tökmüşdü, yağır olmuşdu. İstanbuldan gətirdiyi dəri çəkmələr dağ cığırlarına çoxdan qurban getmişdi. Ona verilmiş təzə keçə çəkmələr də ömrünü başa vurmaq üzrəydi. Bu çəkməni əvvəllər geyməyə iyrənirdi, çünki Memogil onu qənimət kimi gətirmişdilər, daha doğrusu, növbəti basqında ələ keçirmişdilər, deməli, bir zamanlar onlar kiminsə ayağını soyuqdan qorumuşdu...
Memo, bəzən, dəstə üzvlərini kahanın dərinliklərinə aparırdı, güman ki, gizli məşvərət keçirirdi. Məhəmmədi hələ də yad hesab eləyirdilər və istəmirdilər ki, müsafirləri onların söhbətindən nəsə anlasın. O, kahanın dərinliyindən xəbərsiziydi.
Məhəmməd əvvəlcədən başa düşmüşdü ki, bunlar PKK-çılardılar. Aponun, yəni Abdulla Öcalanın portretləri, kürd, ingilis və türk dillərində kitabları, müxtəlif təqvimlər kahanın hər tərəfini bəzəyirdi.
Adolf Hitlerin "Mənim mübarizəm", Aponun "Gələcək günlər" kitabları Memonun dilinin əzbəriydi. Leninin, Marks və Engelsin seçilmiş əsərləri hər yerdəydi. "Müsəlman ölkələrində kafirlərin dinini yayanlara" qarşı az qala üsyan eləyən, əməldə isə onların kitablarını ürəklərinin başında gəzdirən, gündə Amerika məhsulları ilə qidalanan bu yaraqlıların məqsədinin nə olduğu ona tam aydın deyildi. Hər şey Məhəmmədə qaranlıq və şübhəli görünürdü. O, sanki yuxudaydı və ayıla bilmirdi, bəlkə də ayılmaqdan qorxurdu...
Dəstə üzvlərinin hərəsinin bir işi vardı. Məhəmmədə yaş odunları yığıb qurutmaq tapşırılmışdı. O, yaş odunları meşədən qırıb gətirir, ocağın qırağına düzür, bəzilərini isə kahanın uzaq küncünə aparıb sərirdi. Xəlvətdəkilər növbə ilə ocağın keşiyini çəkirdilər ki, sönməsin.
İraq tərəfdən qalxan vertolyotlardan biri onlara bir neçə iri bağlama tulladı. Bunlar əsasən ərzaqdan, içməli sudan, isti pal-paltardan, sabun və dərmandan ibarət idi. Bir bağlamanı isə açmadılar və Memo onu olacağına apardı. Sonra dəstə üzvlərini də yanına çağırdı. Görünür, həmin bağlamada silah-sursat vardı...
Məhəmməd boş vaxtlarında Quran oxuyurdu, imamların tarixindən bəhs edən kitabları mütaliə eləyirdi, namazından qalmırdı. Xəstə olanda, yaxud hansısa səbəbdənsə namazı ötürəndə qəzaya saxlayırdı. Tanrıya dua eləyirdi ki, onu tezliklə buradan çıxarsın və bütün günahlarını bağışlasın...
Dinqo növbəti məşvərətdən qayıdandan sonra Məhəmmədə dedi ki, onların bu əziyyətinə tezliklə son qoyulacaq. Çünki dəstənin bir qrup üzvü, o cümlədən Dinqo da yerini dəyişəcək.
- Biz Erməniyyəyə, oradan isə İran sərhədindəki torpaqlara gedəcəyik, - deyə Dinqo çox-çox uzaqlara işarə elədi, - Memo dedi ki, ora azəri torpaqlarıdır, indi ermənilər nəzarət eləyir. Mən də ora getmək istəyirəm. İstəsən, sən də bizə qoşul. Qardaşımla (Memonu nəzərdə tuturdu) özüm danışıb, sənin razılığını alaram. Mənzil başına çatanda nə edəcəyini özün bilərsən. İstəsən, bizimlə qalarsan, istəməsən, İrana keçərsən, oradan da evinizə gedərsən, sonra da xaricə qaçarsan. İstanbula qayıtsan, səni tutarlar, burada qalsan, qurd-quşa yem olarsan.
Məhəmməd:
- O torpaqlarda sizin nə işiniz var? - deyə xəbər aldı.
- Mən bunu sənə deyə bilmərəm. Yəni indi deyə bilmərəm.
- Mənə etibar eləmirsən?
Dinqo Məhəmmədin tənəli baxışları altında susdu, sonra:
- Bunu heç kim bilməməlidir. Memo bilsə ki, sənə demişəm, məni dəstədən qovar... Biz orada təlim keçəcəyik. Böyük Xoca deyib ki, amerikalılar İranı saldırmaq istəyir, indi ona güclü hazırlıq gedir. Dəstənin bir qrup üzvü buradan, digərləri həmin ərazidən İrana keçəcək. Əlbəttə, əgər buna ehtiyac olsa. Amerikalılar özləri körfəzdən adlayacaqlar.
- Sən mənə demişdin ki, əsas məqsədiniz islama qarşı çıxanlarla mübarizədir. Amma indi başqa mətləblərdən danışırsan. Siz kimsiniz axı?
- Biz apoçularız, həm də solçularız. İstəyirik ki, butun millətlərin öz dövləti olsun, yer üzündə kasıb adam qalmasın.
- Başqaları belə istəmir ki?
- Mən orasını bilmirəm. Böyük Xoca əvvəllər belə demişdi. İndi də belə deyir. Deyir ki, İranda əsl islam yoxdur, əsl dini biz yaradacaq, Məhəmməd peyğəmbərin yolunu biz gedəcəyik. Nə qədər ki, öz dövlətimiz, bayrağımız yoxdur, bacı-qardaşlarımız zülmdə yaşayacaq.
- Bəs, Türkiyə sizin dövlətiniz deyil?
- Bizim olmağına bizimdir, amma məsələ bir qədər başqa cürdür. Biz öz dövlətimizi yaratmaq istəyirik. Kürd dövlətini. Bir az İrandan, bir az İraqdan, bir az da Türkiyədən torpaq alacağıq. Buralar bizim dədə-baba yurdumuzdur.
Məhəmməd "bir az da Azərbaycandan torpaq alacağıq" sözünü dilinə gətirməkdən çəkindi, desəydi də, əhəmiyyəti olmazdı, əksinə, öz vəziyyətini ağırlaşdırardı...
Həmin hadisədən bir neçə gün keçmiş Dinqo pis xəbər gətirdi. Memo demişdi ki, Məhəmmədi heç yerə buraxa bilməz, çünki onların yerini bilir.
- Mən Memonu çox dilə tutdum, amma o, dediyindən dönmədi. "Başın salamat olmaq istəyirsə, onsuz get" dedi. Mən də sənə məsləhət görərdim ki, bir müddət burda qalasan. Memo sənə inanandan sonra bizim yanımıza gələrsən. Orada vəziyyət burdan qat-qat yaxşıdır, özü də düzənlikdir. Amerikalılar bizə hər şey verəcəklər. Dağlara ərzaq daşımaq çətindir.
- Mən burada qala bilmərəm. Terrorçu deyiləm, xalasını qətlə yetirmiş birisiyəm. Yəqin, hamı mənim barəmdə belə fikirləşir. Onsuz da cəzamı alacam.
- Burda qalsan, heç kim sənə dəyməz.
- Bu sözləri çox eşitmişəm, amma vicdan əzabı məni rahat yaşamağa qoymur. Mən günahımı nə iləsə yumalıyam.
- Yaxşı-yaxşı fikirləş. Heç kimə bir söz demə. Zamanı gələndə qərarını verərsən. Böyük Xoca hamısını bilir. Sənin və xalanın başına gələnlərdən xəbərdardır.
"Mən qərarımı vermişəm" - Məhəmməd bu sözləri dilinə gətirməkdən qorxdu və susdu.
* * *
Gecə qorxulu yuxu gördü. Xalası onu axtarıb tapmışdı və kahada - Məhəmmədin başının üstündə durmuşdu. Züleyxanın bir əlində Məhəmmədə tanış mətbəx bıçağı, o biri əlində kiminsə başı vardı. Xalası da, həmin baş da al-qan içindəydi, silkələndikcə başın qanı Məhəmmədin üstünə tökülürdü. Birdən o, dayandı və bərəlmiş gözlərilə bacısı oğluna baxdı.
- Bunu görürsən? - deyə başı onun gözlərinin önünə tutdu. Bu, anası Fatimənin başıydı.
Məhəmməd hövlnak yuxudan ayıldı. Qorxudan qanı damarlarında donmuşdu. Kirdən və rütubətdən qaralmış ədyalından, sanki, qan iyi gəlirdi. Bir müddət yerinin içində qaldı, ocaq öləziyirdi. Bu gün keşik çəkmək onun növbəsiydi. Ayağa durub ocağa odun atdı və təzədən yerinə girdi. O, burdan qaçmalı, İstanbula qayıdıb, hər şeyi olduğu kimi əmniyyətçilərə danışmalıydı. Quldurların da yerini deməli, onları hazırlanan əməliyyatlardan xəbərdar eləməliydi. Bəlkə ona inanar və yazıqları gələrdi. Yaxud da dözməli, zamanı çatanda İran sərhədinə getməli, İrana adlayaraq, din bacı-qardaşlarını qorumalı, yaxud da Azərbaycana getməliydi. Daha bir yol vardı. Bu yol İraqdan Avropaya, oradan isə Amerikaya aparırdı. O, yolayrıcında qalmışdı və hansını seçəcəyini bilmirdi. Qışın oğlan çağında gözətçilərdən qurtulmaq mümkünüydü, amma keçilməz dağlardan can qurtarmaq müşkül məsələydi. Yazı gözləmək lazımıydı.
Hardasa qurd uladı. Ürəyində Tanrıya dua elədi, taledən aman istədi.
* * *
Dinqogilin dəstəsinin İran sərhədinə getmək məsələsi ləngidi. Qış sərt gəlmişdi, keçilməz olmuşdu. Onlar yazın gəlişini gözləyirdilər. Bəlkə də əsas səbəb bu deyildi. İran məsələsində Amerikanın fikri dəyişmişdi. Hadisələr ləngiyirdi.
Məhəmməd buralardan uzaqlaşmaq, xalası ilə bağlı məsələyə birdəfəlik son qoymaq istəyirdi. Ona elə gəlirdi ki, burda bir məkr, hiylə var.
Memo yad qonağa etibar eləməyə başlamışdı və növbəti dəfə birinci gözətçi postuna qarovula göndərmişdi.
Gecələr qarovul iki dəfə dəyişirdi. Şaxtalı hava adamın iliyinə işləyirdi, bir yerdə dayanmaq mümkün deyildi, vaxtı öldürmək və soyuqdan qorunmaq üçün qarovul dəstəsinin açdığı cığırla o tərəf-bu tərəfə getmək lazımıydı. Növbə zamanı Məhəmməd yalnız bir şey barədə düşünürdü: qaçmaq. Nəyin bahasına olursa-olsun, qaçmaq...
Havalar getdikcə qızmağa, yolların buzu açılmağa başlamışdı. O, maşın yoluna çıxmaq üçün uzun bir məsafəni piyada getməliydi. Çünki atları çoxdan kəsib yemişdilər. Onları soyuqda saxlamaq mümkün deyildi. Soyuqdan tez-tez kişnəyir, həm oyaqların, həm də yatanların rahatlığını pozurdular, gizlindəkiləri xofa salırdılar.
Atları kəsəndən sonra, əti bir gecə çöldən asılı saxladılar, səhərisi qaynadıb dəstə üzvlərinə verdilər. Atın qıpqırmızı əti vardı. Məhəmməd iyrənirdi, onları yemək istəmirdi, amma başqa çarəsi də yoxuydu...
Bir müddət əvvəl naməlum vertolyot onlara yeni paltar dəsti atmışdı və ilk dəfə olaraq, Məhəmmədə də isti gödəkcə, dəri çəkmə vermişdilər.
Nəhayət, o, yola çıxmağı qərara aldı. Dəstə hər zaman yerini dəyişə bilərdi. Memogil kiminsə əmrini gözləyirdi. Vaxtında dəstəni tərk eləmək lazımıydı...
Məhəmməd səhərə yaxın yola çıxdı. Qarovulu təzəcə təhvil almışdı. Parollar üç dəfə səsləndirilmişdi. Qarovul başçısı postları yenicə yoxlayıb getmişdi. Onun yoxa çıxmasından təxminən beş-altı saat sonra - qarovul dəyişəndə xəbər tuta bilərdilər. Məhəmməd öncədən yola hazırlıq da görmüşdü. Özü ilə konservlər, çörək, su götürmüşdü...
Yolun buzu açılmışdı, arabir çıxan günəş dağlardakı qarın suyunu çıxarıb yollara axıtmışdı. Yol sürüşkəniydi, yerimək get-gedə çətinləşirdi. Amma geriyə yol yox idi, hər şeyin cavabı irəlidəydi.
O, bir neçə saat yol gedəndən sonra dayandı. Arxadan hənirti hiss elədi. Sanki kimsə onu izləyirdi. Arxaya dönüb baxdı, amma heç kimi görmədi...
Nəhayət, yolayrıcına çatdı. Dinqo demişdi ki, dağ başındakı yolayrıcından üç tərəfə yol gedir: cığırlardan biri İraqa, biri İrana, düz yol isə Şırnaka aparır. Üçüncü yolu deməsəydi də bilirdi. Çünki həmin yolla bura gəlmişdilər.
Məhəmməd yolayrıcında dayanıb, hara gedəcəyi barədə düşünürdü, amma qərar qəbul edə bilmirdi. Birdən kiminsə onun izlədiyini gördü. Uzaqdan qaraltı gəlirdi. Kimsə onun izinə düşmüşdü. Bəlkə də bu qarabasmaydı. Gözlərini ovuşdurdu, qaraltı bir anlığa yoxa çıxdı, amma yenidən ağacların arasında göründü. Məhəmməd qaçmağa başladı. O, arxaya baxmadan qaçırdı, hara getdiyini bilmirdi...
Məhəmməd qaçırdı. Mən onu görürdüm. O, qan-tər içindəydi, ağzı köpüklənmişdi. Ətraf uçurum, qarşıdakı dərələr qapqaranlıq idi. Bel çantasını da yerə atmışdı. İrəlidə Məhəmmədin bəlkə də tanımadığı, görmədiyi məmləkətlər vardı. O, özünün olmadığı, günahlarının bağışlandığı yerə çatmağa can atırdı. Amma o yer uzaqlardaydı, bəlkə də yox idi...
* * *
Hadisənin bu yerində qapı döyüldü. Əvvəlcə fikir vermədim, hadisələrin axarından çıxmaq mənə sərf eləmirdi. Geri qayıtmaq elə də asan olmayacaqdı. Çünki hər çıxışa təzədən dönmək olmur. Amma qapı aramsız döyülməyə başlamışdı. Qapının o üzündəki adamın əl çəkmək fikri yoxuydu.
Nəhayət, düşüncələrimi yarımçıq kəsməyə məcbur oldum, zatən o düşüncələri qapı taqqıltısı çoxdan özü ilə aparmışdı...
Qapını açdım. Çöldə heç kim yox idi. "Hürriyyət+" qəzetindən başqa. Götürüb baxdım. Bu, xüsusi nömrəydi.
Birinci səhifədə Züleyxa Göyçəyin şəkli verilmişdi, altında isə belə bir xəbər yerləşdirilmişdi: "Bir ay öncə qətlə yetirildiyi güman olunan Züleyxa Göyçəyi Kanar adalarında görüblər. Deyilənə görə, qətlə yetirilən Züleyxa Göyçəyin bənzəriymiş, o, özü isə Amerikanın agentiymiş. Züleyxa böyük fitnələr ustası hesab olunur. Adamın inanmağı gəlmir. Şayiələr həmişə maraqlıdır".
Həmin səhifənin lap aşağısında, qəzet dililə desək, "podvalında" isə iri planda dalğalanan Amerika bayrağı verilmişdi, bayrağın altında İtaliya mafiozilərinə bənzər, qara eynəkli bir adam dayanmışdı və kiməsə göz vururdu. Bu gözbasmanı mən öz ünvanıma qəbul elədim və gülümsündüm. Mənə elə gəldi ki, mən Böyük Xocanı gördüm...
Gözlərimi yumub keçmişi düşünməyə başladım. Boğaziçində ağ yelkənli gəmilər üzürdü. Onlar günəşin işığında əsrarəngiz görünürdülər. Günəşin, sanki, yelkəni varıydı...
Züleyxa gəminin burnunda dayanıb, “Titanik” filminin qadın qəhrəmanı kimi, qollarını geniş açmışdı və elə bil günəşi qucaqlamaq istəyirdi.
Məhəmməd ağ suların dalğasında xalasına tərəf qaçırdı... Amma qarşıda gəmi əvəzinə uçurum və qapqaranlıq dərə vardı.
Son
Oktyabr 2009 - mart 2010
P.S. Romanda yazmadıqlarım:
Qeyd 1.
Boğaziçində günəşin qürub elədiyi bir zaman Züleyxa qəfil ciddiləşdi:
- Mən Quran oxumaq istəyirəm, - dedi və üzümə baxdı.
- Elə burda, - mən təəccübləndim.
- O mənada yox, Quranı öyrənmək üçün oxumaq istəyirəm.
- Günahlarını yumaq istəyirsən? - deyə onu sancdım.
- Günahsız insan yoxdur. Sadəcə, mənə elə gəlir ki, adamlar müqəddəs kitablardan ayrı düşməsələr yaxşıdır. Həm də ki... - Sözünün dalını gətirmədi, susdu, sonra nə güman elədisə, - bilirsən, mən Quranı oxumaqla onların yanına (yəqin, baba və nənəsini nəzərdə tuturdu) təmiz getmək istəyirəm... Bəlkə hələ oruc da tutdum, namaz da qıldım...
Sonra güldü. Güldü, güldü və yenə də qəfil ciddiləşdi.
- Bilirsən, niyə gülürəm? Çünki heç kim, elə sən də dediklərimə inanmırsınız. Bəlkə ölüm yaxınlaşır?!
- Xəstəliyin-zadın var ki?
- Yox, tam sağlamam, - dedi və ayağa qalxdı. - Dediklərimə fikir vermə. Hərdən olur belə şeylər...
O, çantasını sallaya-sallaya getdi. Mən bir müddət onun arxasınca baxdım, sonra yerimdən durub, müti qullar kimi onun dalına düşdüm...
Qeyd 2.
- Siz onun gözəlliyini görmürsünüz? - deyə Züleyxanın yarıçılpaq şəkillərinə işarəylə soruşdum.
- Siz buna gözəllik deyirsiniz?! - deyə Fatimə xanım sualıma sualla cavab verdi. Onun sifətində şəklə və mənə qarşı bir ikrah vardı.
- Təkcə mən yox. Onu sevənlər yüzlərlə, minlərlədir. Züleyxa onları bu gözəllikdən məhrum eləmək istəmirdi. Əgər siz də bədənnüma güzgünün qabağında dayanıb özünüzə baxsanız, bədəninizdən xoşunuz gələr.
- Küfr danışmayın. Bu günahdır.
- Amma siz Züleyxaya oxşayırsınız, sanki bir almanı iki bölüblər. Məgər, gözəl qadın öz bədəniylə, fiqurasıyla öyünmür? Təkliyə düşəndə güzgünün qabağında anadangəlmə durub öz bədənindən həzz almır?
- Həddinizi aşırsınız, - deyə Fatimə xanım əsəbiliklə qışqırdı.
- Amma yerinizə olsaydım, hərdən belə edərdim. Çünki çox gözəlsiniz...
O, susdu, deyəsən, yumşalmışdı və mən fürsətdən istifadə edib, növbəti sualımı verdim...
(Müəllifin icazəsi ilə çap edilir)
İyul 2010.
"Azərbaycan" jurnalı