Adil Cəmil. "Haçansa", "Bu havada"

HAÇANSA


Kölgəm kimi izləməkdə,
Bir qəfil olacaq məni.
Üstündə gəzdiyim torpaq
Altına alacaq məni.

Ruhum uçsa can soyuyar,
Damarımda qan soyuyar.
Öləndə insan soyuyar -
İsitməz od-ocaq məni.

Sözümdən sətir bilənlər,
Dəyərim nədir bilənlər,
Hal əhli, qədirbilənlər
Axtarıb bulacaq məni.

BU HAVADA

Hər şeyə vaxt tapıram
Vaxt itirə-itirə.
Başıma tac qoyuram
Taxt itirə-itirə.

Bu havada havam yox -
Boğur məni boğanaq.
Ömür örkən misallı,
Əcəl də ki, doğanaq...

"Azərbaycan" juranlı