Misir Mərdanovun məktubu

Təzəxan Mirələmli

NAZİR TƏHSİL ŞÖBƏSİNİN RƏİSİNƏ NƏ YAZIB?

Təhsil naziri Misir Mərdanov Cəlilabad rayon təhsil şöbəsinin müdiri Ədalət Əsgərova məktub göndərib. Nazir rayon təhsil şöbəsinin müdirinə Fərzili kənd məktəbinin müəllimi, AXCP rayon şöbəsinin sədri Təzəxan Mirələmli ilə danışıqlar aparılmasını tapşırıb. Bu məktub rayon təhsil şöbəsinin müdirinə hələ Təzəxan Mirələmli mayın 2-də işdən çıxarılmamışdan əvvəl göndərilib.

Məktubda qeyd olunur ki, Təzəxan Mirələmli bu il aprelin 2-də müxalifət qüvvələrinin Bakı şəhərində təşkil olunmuş icazəsiz mitinqində iştirak etdiyinə görə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Nazir məktubunda rayon təhsil şöbəsinin müdirinə Təzəxan Mirələmli və onun ailəsi ilə söhbətlər aparılmasını, gələcəkdə belə halların təkrarlanmaması üçün lazımi tədbirlərin görülməsini tapşırıb.

Aprelin 26-da Təzəxan Mirələmli məktəbin həmkarlar birliyinin sədrliyindən, mayın 2-də isə ümumiyyətlə, məktəbdən xaric edilib. Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə AzadlıqRadiosuna deyir ki, Təzəxan Mirələmli işə gəlmədiyi günlərdə xəstə olması barədə bülleteni rayon təhsil şöbəsinin müdirinə təqdim etməyib. Bu hərəkət işə davamiyyətin pozulması kimi qiymətləndirilib və o, işdən çıxarılıb.

Bayram Hüseynzadə: «Xəstəliyə görə çıxmağın da qaydası var. Bu adam xəstədirsə, müəssisəyə əvvəlcədən deməlidir, qeydiyyat aparılmalıdır, xəstəlik tarixi də bitəndən sonra gətirib o sənədi verməlidir. Bu adam gözləyib, işdən əmri veriləndən sonra deyir «səhhətimə görə gəlmirdim». Nə xəstəliyi var bunun? Səhərdən axşama kimi o televiziyada, bu radioda, o qəzetdədir».

Etiraz aksiyası
«AKSİYA İCAZƏSİZDİRDSƏ, TƏHSİL İŞÇİSİNİN ORADA İŞTİRAKI QEYRİ-QANUNİDİR»


Bayram Hüseynzadə AzadlıqRadiosuna deyir ki, Misir Mərdanovun Cəlilabad Rayon Təhsil Şöbəsinə göndərdiyi məktub tövsiyə xarakterli olub. Bayram Hüseynzadənin sözlərinə görə, nazir məktubunda müəllimlərin icazəsiz aksiyada iştirakının yolverilməz olduğunu bildirib: «Nazir tövsiyə xarakterli yazıb ki, başa salın. Nə üçün qeyri-qanuni aksiyada iştirak etməlidir? Müəllim, ziyalı, insanlara tərbiyə verən bir adam niyə gedib ora qoşulmalıdır?»

«MƏNİM ÖZÜMÜ TƏZƏXANA GÖRƏ İŞDƏN ÇIXARTDILAR »

Təzəxan Mirələmliyə görə işini itirdiyini deyənlər də var. Məsələn, Fərzili kənd orta məktəbinin keçmiş direktoru Hümbət Paşayev «Yeni Müsavat» qəzetinə deyib ki, onu məhz Təzəxan Mirələmliyə görə işdən çıxarıblar. Deməsinə görə, ona tapşırılıb ki, Təzəxan Mirələmli ilə danışıqlar aparsın və sonuncunu aksiyalardan çəkindirməyə nail olsun. Təzəxan Mirələmli ilə söhbətləri fayda vermədiyindən onun özünü işdən çıxarıblar:

«8 ildir Fərzili kənd məktəbinin direktoruydum. Aprelin 15-də məni «vurdular». Mirələmli Təzəxana görə. İndi məni günahkar çıxarırlar. Guya Təzəxanı getdiyi yoldan çəkindirməliydim. Hansı yolla, vasitə ilə olur-olsun. Düzdür, edə bilmədim. Boynuma alıram ki, onu o yoldan qaytara bilmədim. Dönə-dönə yalvardım, əmələ gəlmədi. Müxalifətçilikdən dönmədi ki, dönmədi. Dedi ki, bu yolu seçmişəm, axıra kimi də gedəcəyəm. Məni də çağırıb dedilər ki, Təzəxan niyə mitinqə gedib? Ya ərizəni yaz, ya da onu uzaqlaşdır. Dedim ki, bura məktəbdir, «gestapo» deyil».

Vəkil Xalid Bağırov
«İŞ VAXTINDAN KƏNAR HAMI SƏRBƏSTDİR»


Vəkil Xalid Bağırov isə deyir ki, Konstitusiyaya görə, iş vaxtından kənar hamı sərbəstdir. «İş vaxtından kənar hər bir vətəndaş, müəllim, həkim, hər kimdirsə, sərbəst toplaşmaq haqqından istifadə edə, mitinqdə iştirak edə bilər. Hər hansı bir rəhbərlik bu məsələyə rəsmən müdaxilə edirsə, bu, artıq işçiyə siyasi basqı kimi qəbul olunmalıdır. Müəllim bununla bağlı İnzibati İqtisad Məhkəməsinə müraciət edə, həmin vəzifəli şəxsə qarşı məhkəmədə iddia qaldıra bilər».

Təzəxan Mirələmli isə AzadlıqRadiosuna deyib ki, onun dövlətçilik əleyhinə çıxıb- çıxmaması məsələsini yalnız hüquq-mühafizə orqanları araşdıra bilər:

«BUNU HÜQUQ-MÜHAFİZƏ ORQANI ARAŞDIRA BİLƏR, TƏHSİL NAZİRİ YOX»

«Təhsil şöbəsinə göndərilən məktubun əsası yoxdur. Nazirliyin səlahiyyətində deyil ki, kiminsə hansısa hərəkətini araşdırsın. O hərəkət dövlətçilik əleyhinə olsa belə».

O ki qaldı buraxılmış iş günləri ilə bağlı bülleten ətrafında danışılanlara, Təzəxan Mirələmli dedi ki, o, xəstəlik barədə bülleteni aprelin 30-da məktəbin yeni direktoruna təqdim edib. Həmin gün işdə olub, mayın 1-i istirahət günü olduğundan işə getməyib. Mayın 2-də isə işdən çıxarılıb.

Təzəxan Mirələmli deyir ki, məhkəməyə müraciət etməyə hazırlaşır. Deməsinə görə, məhkəmədə onun iştirakı olmadan məktəbdə keçirilmiş iclasda Həmkarlar Birliyinin sədrliyindən çıxarılmasının qanunsuz sayılması, xəstəliyi ilə bağlı təqdim etdiyi bülletenin gizlədilməsi və nazirin vəzifə səlahiyyətlərini aşması iddiasını qaldıracaq.

Təzəxan Mirələmli AzadlıqRadiosuna onu da deyib ki, Fərzili kənd orta məktəbində süpürgəçi işləyən yaxın qohumu Böyükxanım Quliyevanın da işdən çıxarılması üçün mayın 12-də protokol tərtib olunub. Ancaq sonradan kənd ağsaqqallarının müdaxiləsindən sonra protokol ləğv edilib.

Təzəxan Mirələmli müxalifətin 2 aprel aksiyasında polis tərəfindən döyülüb. Bir müddət müalicə alıb. Bu müddətdə onun oğlu məktəb yoldaşını bıçaqladığına görə həbs olunub.