AŞIRIMLAR QARŞISINDA
Hava burda dəyişilir – bu aşırımda,
Bu aşırım qorxunc yerdi, qovğalı yerdi.
Bu aşırım başqa yöndə, özgə qırımda,
Bu aşırım çoxlarını güdaza verdi.
Bir təpədə iki hal var, iki cür hava,
Bura gəlsən dediyimi başa düşərsən.
Bircə addım sağa getsən güllü alova,
Bircə addım sola getsən qışa düşərsən.
Bu aşırım el sınayan, eli səsləyən,
Bu aşırım öz ovunu ovlasın gərək.
Bu hər üzlü qəlbiliyə qalxmaq istəyən
İstiyə də, soyuğa da tablasın gərək.
Burda qorxaq geri getdi, qorxmaz irəli,
Beşi vurub keçdisə də, yüzü çəkindi.
Tarixin də aşırımı an girəvəli,
Tarixin də aşırımı yaman çətindi.
Bu istilər, bu soyuqlar vaxtaşırımı?
Uyuruqmu bu dünyanın hər havasına?
Vardır zaman aşırımı, vaxt aşırımı,
Onu da ki, aşan aşır can bahasına!
Aşırımlar bəzən baxmır yaxşıya, pisə,
Azdan çoxa, vardan yoxa neçə keçid var.
İnsan öncə öz qəlbinə yol aça bilsə,
Başqasının haqq işini yüyrək aşırar.
Aşırımlar biz yaşayan saatda, gündə,
Yaldan aşan qara gecə gündüzə gedir.
Çoxu durub aşırımın düz ətəyində,
Boylanır ki, bolluq onun o üzündədir.
Aşırımlar arzumuzdan boy alıb artır,
Dağ başına el çağırır işıq dənizi.
Asan eniş yolçuları aşağı dartır,
Ağır yoxuş yüksəkliyə qaldırır bizi.
Aşırımlar qarşısında duyğular tarım,
Sözü doğru söyləyəndə ürək aşınmır.
Qara gündən gözəl günə gedən aşırım
İynə boyda görünsə də, bəzən aşılmır.
Keçmək olur gur sellərin yarğan novunu,
Keçmək olur çağlar çayın gen qıjovunu.
Bu şüşəyol buz dağı da çox aşılacaq,
Kim aşacaq son sığnağın yer şırımını?
Ömrü-günü tökə-tökə aşırıq ancaq
Diləklərin boy bitirən aşırımını.
1976
* * *
Harda belə ağarmış mənim saçım-saqqalım?
Düşüncələr qoynunda ürəyim lap qopubdu.
Bəlkə yağışlı gündə dəyirmana getmişəm,
Bəlkə arda çıxan un üz-başıma hopubdu.
Bəlkə çiçək olmuşam çiçəklikdə itərkən,
Bəlkə kağız ağlığı axıb şair canına.
Bəlkə karvan yolunda – qar üstündə yatarkən
Şəvə telim tökülmüş qışın ağ qazanına.
Ağ günün sorağında ağ gecədən yazmışam,
Ağ yağışdan yazmışam... ağ sevinc aşıb-daşıb.
Ağ çölə ağ at minib ölümü azdırmışam,
Canavarın mor gözü ağa düşüb, qamaşıb.
Ağappaq ucalığa maddım-maddım baxmışam,
Qəlbə qanad taxmışam ağlığa qonum deyə.
Ağbəniz bəyənməyib... illərlə darıxmışam,
Əriyib qarışmışam ağ boyalı diləyə.
İnsan üzə ağ olar inamı qalmayanda,
Ağ yalanlar yeməkdən yoxsa ağa çalmışam?
Yoxsa bir istəklimi qəbirə sallayanda
Kəfəninə baş qoyub ağlığını almışam?
Ağ boğanaq... ağ ölüm... hamısını görmüşəm,
Mən yavaş tərpənəndə ağ bəlalar birləşib.
Döşümü önə gərib ağ tufana girmişəm,
Döşüm də bala-bala bərkiyib, mərmiləşib.
Harda belə qocaldım? Sual açıq, dərd gizli...
Dünya cavan gördümü mən ünvanda, mən adda?
Bu ömürüm-günümmü havalarla əkizdi,
Yoxsa belə dəyişdim hər boyalı həyatda?
Harda belə qocaldım?
Düşündükcə mat qaldım...
Başıma gələnlərdən ürək halı, mən halı!
Harda belə qocaldım?
Ürəkdən cavab aldım:
Ağ gün bəxti ağardır,
qayğı da saç-saqqalı!
1975
ÇINQIL
Dağın döşü daşlı-daşlı, çınqıl-çınqıl,
Dağın döşü oyum-oyum, yarıq-yarıq.
Daş hellənib daşda dinir dınqır-dınqır,
Daş hellənib daşda sınır qırıq-qırıq.
Dağın döşü güllər ilə yaraşıqlı,
Dağın döşü sellər ilə çaxnaşıqlı.
Bir də gördün, yumalandı iri daşlar,
Diyirləndi, havalandı iri daşlar.
Bir də gördün,
bir-birini
qəlpələdi,
səpələdi
daş adaşlar,
daş yoldaşlar,
daş qardaşlar.
Belə yerdə
quduz sular
fürsət tapıb
ara sular.
Quduz sular
dağıtmağı,
ağrıtmağı
yaman xoşlar!
Quduz sular
bu fənd ilə
çox dağları
aşırmışlar!
Dağın döşü çiçək-çiçək,
bəzək-bəzək...
Nə qədər ki yekə daşlar
yekələnib,
kökələnib
sel ağzında hellənəcək;
Nə qədər ki xırda daşlar
küyə düşüb,
tez sürüşüb
aldanacaq, təllənəcək,
sellər ilə sellənəcək,–
susmayacaq bu çaxnaşma,
durmayacaq bu axnaşma!
Bir-birinə dəyə-dəyə,
bir-birini döyə-döyə
bütün daşlar,
mətin daşlar
çınqıl olub üyünəcək.
Quduz sellər qum daşıyıb öyünəcək!
1976
OYANIŞ
Günəşin baxışı donu sındırmış,
Ələnmiş göylərin ilıq yağışı.
Çiçəyə yarpaqdan qanad qondarmış
Yazın ilk gəlişi, ilk oyanışı.
Oyanış zamanı dünya diksinmiş,
Dibindən ərimiş çölün buz gölü.
Oyanış zamanı torpaq isinmiş,
Özündən od almış yerin özülü.
Oyanış zamanı daş da dirçəlmiş,
Kövrəlmiş hər saat o kövrəlməyən.
Bitmək istəyən tum qayanı dəlmiş,
Havanı qınamış bitə bilməyən.
Çölçü tələsdirmiş çölün yazını,
Bildirin otunu oda qalamış.
Pozub təbiətin öz tarazını
Fəsil axarını o qabaqlamış.
Yox, yox! O, çoxunu boğmuş tüstüdə,
Köhnə yıxılanda yeni də çökmüş.
Kül olan nəsilin qəbri üstündə
Gül açan nəsilin dərdi böyükmüş.
İtkili sevincin qan qoxusu var,
İnsan nə öldürə, nə çilikləyə.
Ölünü dirildən allahlı bahar
Örnəkdi ağrısız dəyişikliyə.
1976
GƏL, A DƏYİRMANÇI...
Gəl, a dəyirmançı, üyüt dənimi,
Dənim dumdurudu, dənim arıdı.
Onu göy suvarıb, torpaq yetirib, –
O, yağış balıdı, Günəş barıdı.
Dənimin hər biri inci dənəsi,
Gəl, a dəyirmançı, özün halısan.
Bəlkə mən deyiləm incidiləsi,
Buğdanı arpadan ayırmalısan.
De, niyə bir belə çəpsən, çəpəlsən?
Çığır-bağırından bağrım çatlamaz.
Uzağı, növbəmi dala çəkərsən,
Bu boyda dünyaya çəpərin çatmaz.
Gəl mənim başımı çox böyütmə sən,
Yaxşılar yaranıb yaxşını görə.
Dəni xəlbirlədim üyütməmişdən,
Yazıq deyə-deyə pis dənçilərə.
Gəl bu hesabı da vermə içəri...
Axı dəyirmanın saz deyil deyə,–
Kəhrəba buğdanın nar dənələri
Niyə arda çıxsın, niyə kəpəyə?
Eşit, dəyirmançı, biz də qanırıq,
Bu arxın dəhnəsi dayaz ləyəndi.
Bu novun qırağı özündən qırıq,
Bu daşın hərlənci xəmirləyəndi.
Neyləyim? Keçimmi halal malımdan?
Tikanın yoluma az ilişməyir.
Mənim diləyimdən, a mağmın adam,
Sənin dəyirmanın ağır işləyir.
Neyləyim? Beləsən, bicin birisən,
Geri qovulanın qorlanması var!
Sən dünya görmüsən, yaxşı bilirsən:
Arxın yağışla da varlanması var.
Gəl, a dəyirmançı, az qına məni,
Donuzluq donubsa, çax-çax neyləsin?
Qoy boğan boğazlıq dəni əyləsin,
Qoy hələ səni də yağı küyləsin...
Ancaq yaxşı tanı çarx deyiləni,–
Onun geriyə də fırlanması var!..
1976
DAĞ ÇAYI
Sındırıb buz tabutunu
doğrayıbdı dağ çayı.
Belə qəmgin sızlamaqda
ağrıyıbdı dağ çayı.
Qayaların qoltuğuna çox sığınıb,
Qayaların qoltuğunda çox sıxılıb.
Sıxıldıqca burum-burum burulubdu,
Burulduqca burulğanlı tor olubdu
dağ çayı.
Axa-axa durulubdu dağ çayı.
Şırranlarda şırıl-şırıl şırıldayıb,
Qıjovlarda qıjıldayıb, guruldayıb,
Döngələrdə yorulubdu dağ çayı.
Bu dağların ilk sazıdı, son sözüdü,
Gecələrin yerdə üzən gündüzüdü,
Ağlar dağın avazıdı dağ çayı,
Gedə-gedə ayazıdı dağ çayı.
Ürək kimi çırpınmağı var onun,
Kar daşlara çırpılmağı var onun.
Hara düşsə çağlayandı, şütüyəndi,
Dartılmayan bir yüyəndi dağ çayı.
Qollarını irəliyə haçalayan,
Qorlu düzün alovunu parçalayan,
Od ayaqlı küləkləri paçalayan
dağ çayı.
Çox çalışdı, çox çarpışdı, çox əlləşdi,
Göy dənizə qovuşanda ölgünləşdi
dağ çayı.
Onu gördüm –
köks ötürdüm,
Düşüncəmin qom ipindən
kəndir hördüm.
Varlığımı bənd elədim o kəndirə,
Köməksizin yığvalını görə-görə.
Düşündüm ki,
bu dünyada
qoçaqlıq da azdı, az,
Arxası dağ olmayanlar
diləyinə çatammaz.
Dedim, vallah, arxan mənim arxam olsa,
Sıldırıma yol açaram, dağ çayı.
Təpələri öz yerindən tərpədərəm,
Dağları da tez aşaram, dağ çayı.
Günəşgilə, ulduzgilə ərk edərəm,
Diləyimə qovuşaram, dağ çayı.
1976
GUYA BİR GƏLMƏYƏM...
Guya bir gəlməyəm doğma kəndimə,
Mənə öz yerimi tanıdırsınız.
Toxunub sinəmdə dartılan simə
Yaralı qəlbimi qanadırsınız.
Mən ki istəməzdim baş alıb gedəm,
Zorla ayrılanın eşqi azalmaz.
Burda hər qarışa elə bələdəm,
Gözümü tutsanız, ayağım azmaz.
Yuvama qonmuşam – açılıb eynim,
Yoxsa arzulardan alınmış bacam!
Bu mənim tufanlar çığnamış evim,
Bu da qəribsəmiş həyətim, bacam.
Kətili, kürsünü qırağa qoyun,
Qurama dəb görsəm, gəriləcəyəm.
Üzüb kilimdəki naxışlar boyu,
Gəbənin gölünə səriləcəyəm.
Çayı çayxanada bol-bol içmişəm,
Bulaqlı məhləni göstərin mənə.
Səs-küylü minikdən təzə düşmüşəm,
Yəhərli köhləni göstərin mənə.
Hanı ot biçdiyim onluq kərənti,
Əlimin dəhrəsi, kəsəri hanı?
Bir ev tikməliyəm... axtarın kəndi –
Sümməsi, guppulu, düsəri hanı?
Verin ayparası çin-orağımı,
Verin döyüşdürüm zindan-çəkici;
Əzim yadırğayan baş barmağımı,
Bəzəsin adımı tay-tuşun “bici”.
Arxı dizlə ölçüm, gölü qurşaqla,
Daha soruşmayın: nə üçün, niyə?
İndi kef mənimdir, uşaq-muşaqla
Girmək istəyirəm “dirədöymə”yə.
Yiyəsi qayıdıb bağın, bostanın,
Bu xeyir xəbəri obaya deyin.
Sonu burda bitmiş qəmli dastanın,
Günü burda doğmuş arzu-istəyin.
Guya bir gəlməyəm doğma kəndimə,
Mənə öz yerimi tanıdırsınız.
Toxunub sinəmdə dartılan simə
Yaralı qəlbimi qanadırsınız.
1977
QAYITDIQ GERİYƏ
Dağlara qalxırdıq – hava dəyişdi,
Dəyişdik o saat arzu-murazı.
Qayıtdıq geriyə –
bu necə işdi,
Nə yazdan razıyıq, nə qışdan razı.
Qayıtdıq...
geriyə qaçmağa nə var?
Qayıtdıq kiməsə baş əyə-əyə.
Qorxanı, ürkəni birinci qovar
Girəvə düşəndə qanlı girvəyə.
Qayıtdıq...
nəyisə itirdik orda,
Başımız üstündə şahin şığıdı.
Qovğalı qələbə yuxarılarda,
Uğursuz dincərlik aşağıdadı.
Qayıtdıq düz evə. Oğulsan di yat.
Dağlar dağ olurmuş aşılmayanda.
Qayıtdıq...
qəribə qurulmuş həyat, –
Çətinlik daha da çətinləşirmiş,
Çəpərlər bərkiyir, dərdlər şişirmiş
Çəkinib biz ona qoşulmayanda.
Qayıtdıq...
qayğılar birmi, ikimi?
Nisgilli könüldə bir acıq qaldı.
Qayıtdıq basılmış pəhləvan kimi,
Yiyəsiz yollar da yarımçıq qaldı.
Qayıtdıq...
dağ döşü hələ dağ deyil,
Bu necə getməkdi, necə varmaqdı?
Bizimki qəlbiyə iz açmaq deyil,
Bizimki tufandan can qurtarmaqdı.
1974
NƏFƏS YASTIĞI
Nəfəsi tıncıxır,
lap canı çıxır, –
Özünü xəstəyə yetir, ay həkim!
Yazıqdır, havası çatışmır onun,
Nəfəs yastığını gətir, ay həkim!
Yamanca təngiyib, boğulmaqdadır,
Ömür uzatmağı umur o səndən.
Canı boğazına yığılmaqdadır,
Ağrı azaltmağı umur o səndən.
Elə heç olmasa,
bir sinə-kasa
Nəfəs azadlığı umur o səndən.
1977
ELƏ GÖZƏLLƏŞDİ
Uşaqlıq həsrəti qəlbə od salar,
Təzədən yaşaram yazı, payızı.
Cır-cır cırıldayan cırcıramalar
Yamsılar o yağsız arabamızı.
Əkdiyim pöhrələr boynunu burar,
Çöl istər qəlbimi çəkib gətirə.
Hayana burulsam önümdə durar
Yaddaşı yandıran qərib xatirə.
Dözərəm zirvənin soyuqlarına,
Durular bir azdan göyün hovuzu.
Sarınıb arının ayaqlarına
Gedər çiçəklərin ətirli tozu.
Çay məni çağırar nəğmə dilində,
Bulaq tək qalanda sızıldar, ağlar.
Sinəsi buğlanan qazan gölün də
Ürəyi isidən baxışları var.
Mənəm bu diyarın əzəl yiyəsi,
Taleyim yamanca söz güləşdirdi.
Vədənin yalanı, andın nisyəsi
Özümü özümə özgələşdirdi.
Ömrümə yük etdim hicranı, qəmi,
Korşalan duyğular yenə yuxaldı.
Onda nənə bülbül ötən nəğməni
İndi nəvə bülbül yadıma saldı.
Yolumda gül bitdi – payımı dərim,
Hava həlimləşib döndü ətirə.
Elə gözəlləşdi doğma yerlərim –
Bəlkə ürəyimi çəkib gətirə.
1977
ÖVLAD XƏTRİNƏ
Nigaran olsan da fikir eləmə,
Gözünlə baxıram hər balamıza.
Oğlumuz kürləşsə tez kiridirəm,
Qızımız kövrəlsə dözürəm naza.
Bu ata qeyrətim köməyə çatır,
Yarıyıb uşaqlar qayğı sarıdan.
Bəzən ərköyünü kürəkdə yatır,
Başlanır səhərim gecəyarıdan.
Düzdür, bacarmıram mən sənin təki,
Körpənin yastığı ana qoludu.
Axşam tunc əlimi piyləyirəm ki,
Sığalı pozmasın qabarın codu.
Başına dönürəm bəxt günəşinin,
Bizim də barımız oğul-uşaqdı.
Ərliyi sərt olan ciddi kişinin
Gör ata ürəyi necə yumşaqdı.
Ay ahın-azarın dağlara getsin,
Müqəddəs sayıram xatirini mən.
Alır ətirini neçə həsrətlin
Adına bəslənən dibçək gülündən.
Barmağım qazanda yanır, ütülür,
Yenə cocuqlarım yeyir doyunca.
Gəmiyə bənzəyən qaynar ütünü
Yenə üzdürürəm paltar boyunca.
Əzizim, baxma ki, yorğun-arğınam,
Körpəni üzmürəm çox gəzdirəndə.
Necə bükürdünsə onu yorğana,
Eləcə bükürəm çimizdirəndə.
Sənin tək sevirəm övlad boyunu,
Keşikdə sənin tək dayanıram mən.
Balışdan sürüşsə birinin boynu,
Ürəyin səsinə oyanıram mən.
Analıq edirəm can-ciyərinə,
Bəzən də ləhcəndə deyirəm “can”ı.
Analıq edirəm dəcəllərinə
Unutmaq naminə bu ağır anı.
Yanmışam taleyin soyuqluğundan,
Düşünmə qəlbimdən qan axmayıbdı.
Məni məndən alan bu yoxluğundan
Hələ balaların duyuqmayıbdı.
Yarımçıq qalmayıb bircə işin də,
Yaşamaq istəyən dağ yarmalıdır.
Övladın xətrinə - yeri düşəndə
Ata analığı bacarmalıdır,
Ana atalığı bacarmalıdır.
1977
QARĞIŞ
İldırım şaxısın bu ayrılığa,
Tufana uğrasın bu son gedişin.
Elə düşəsən ki dərin darlığa,
Qədrini biləsən qəlbi genişin.
Sənə tor toxuya sevgi mələyi,
Getdiyin o cığır dala yeriyə.
Qara qar yağdıra göyün ələyi
Qışqırıb qaçasan üzügeriyə.
Kişi qarğış tökməz...
Dağ çəkdin mənə.
Buzuna od düşə – havan alına.
Gur çaylar, dərələr gürzəyə dönə,
Çıxa ürcahına, yata yoluna.
Havada hərlənə qoca qızılquş,
Qıyyalar hədəylə dindirə səni.
Ala caynağına o canyanan quş,
Güllü bağçamıza endirə səni.
Qayıtsan könlümdə yerin var hələ,
Bir kəklik olsan da yana şığıma.
Mənə lağ içirdən sənə də gülə,
Biryolluq gələsən barışığıma.
Mənliyin qoruna yad baxışlardan,
Mənim də diləyim yerdə qalmaya:
Yolunu bərk tutan bu qarğışlardan
Başının bir tükü əskik olmaya.
1976
YALVARARAM – YALVARMARAM
Gözlərinə yalvararam – vurğunluqla dönüb baxa.
Əllərinə yalvararam - əllərimi qəlbən sıxa.
Yuxusuna yalvararam – mən də ora düşəm hərdən.
Dodağına yalvararam – pay göndərə nəğmələrdən.
Qarğışına yalvararam – son sözündə alqışlana.
Alqışına yalvararam – başım üstə yağışlana.
Barmağına yalvararam – qələm tuta dönə-dönə.
Qələminə yalvararam – kağız yaza gözləyənə.
Ayağına yalvararam – cığır aça bizə sarı.
Hünərinə yalvararam – vurub keçə daş hasarı.
Diləyinə yalvararam – məndə gəzə həkimini.
Ürəyinə yalvararam –
könlüm ilə bir kökləyə
hər simini.
Toy gününə yalvararam – mənim ola.
Qəzəbinə yalvararam – özgələrə qənim ola.
Yalvararam –
vurulduğum
o qayğıya,
o duyğuya,
o dilə.
Yalvarmaram
yoxluğundan
kor olduğum
gözələ.
1975
YAYLAQ ŞƏNLİYİ
El çatıb yaylağa, çatıb mənzilə,
Gəlib köhnə yurdun köhnə yiyəsi.
Bu elin, obanın elə bil elə
Nağdıya çevrilib bütün nisyəsi.
Qonşuya əl verib əliaçıqlar,
Açılıb hər keçə bir lələk kimi.
Çitəmə çətənli ağ alaçıqlar
Dikəlib sinədə göbələk kimi.
Təzə hin tikilib toyuq-cücəyə,
Tülkünün yem yolu daşla yumulub.
Uşaqlar qazdığı torpaq evciyə
Təzə moyuldaşan mavrılar dolub.
Bu gün əmliklərin işi çoxalıb,
Əmməklə boşalıb əmcək qoburlar.
Ala yoncalıqda yatışıb qalıb
Oynağan çəpişlər, dəcəl dıbırlar.
Bu gün çəmənliyə toplaşıb hamı,
Bu gün yaz havası... yaylaq bayramı...
Varını tökübdü tıxçalı heybə,
Lavaşlar özünü süfrəyə sərib.
Tuluğa dönsə də yükdəki meyvə,
Aran qoxusunu dağa gətirib.
Şalanpur olunub qurbanlıq öyəc,
Şişlər də ocağın qabırğasıdı.
Ürəyi toxtadan qovurma, döymənc,
Yanğını söndürən ovduq tasıdı.
El gəlib yaylağa, yorunuq gəlib,
Döşə dirsəklənib çomaqlı çoban.
Tütəyin sevinci zilə yüksəlib,
Unudub yasını yastı balaban.
Dinib “Tərəkəmə” – genəlib meydan,
Dağlara dost gəlib – bəyli-xanımlı.
Oynayır yamacda hörüklü madyan,
Oynayır gəlinlər əli xamırlı.
Qocalar qoşulur güllə atana,
Cavanlar car çəkib oyun çıxardır.
Baxırsan: “cin” cumur “azan cırtdana”,
“Canavar” arxacdan “qoyun” çıxardır.
O kimdir aşrılıb qara qatıra?
Bəlkə də sözü var gizli deməyə.
Ya qonaq çağrılmış bu “teatra”,
Ya gəlmiş yolları bələdləməyə...
Bu gün bulaqların toy-düyünüdü,
Qızlar güzgüsünə göz atıb gedib.
Bu gün bir gözəlin gözlənc günüdü,
Bir oğlan qəlbinə köz atıb gedib...
El çatıb yaylağa, çatıb mənzilə,
Gəlib köhnə yurdun köhnə yiyəsi.
Bu elin, obanın elə bil elə
Nağdıya çevrilib bütün nisyəsi.
1978
GÖL DURĞUNLUĞU – GÖL DURULUĞU
Ovxarlı qayalar onu bürüyüb,
Axmağa gücü yox yolu açıla.
Yamyaşıl camağı – yaşıl hörüyü
Döndərib suyunu qatı yaşıla.
Bir dolu göz olub yola baxmaqdan,
Hərrəmə gülləri kirpikləridi.
İntizar çəkməkdən, çox darıxmaqdan
O göl şüşələndi – o göz əridi.
Necə yanmayasan onun halına?
Coşub-çağlamasa diləyi bitməz.
Qorxar səddi keçə – pislik alına,
Səddə toxunmasa mənzilə yetməz.
Ümidi qırılar ləpədöyəndə,
Gedişi güdülər – yolunu çaşar.
Qayalar önünü çəpərləyəndə
O həm durğunlaşar, həm durulaşar.
Onun çox qəribə bir taleyi var,
Söksə özülünü, özüllüyünü, –
Çıxıb sağanaqdan tamam dağılar,
İtirər bir daha öz göllüyünü.
Ovular dalğası daşa tox vursa,
Çavısa özünü peyləyə bilər.
Axmaq arzusunu duyan yoxdursa,
Altdan qaynamaqla neyləyə bilər?
Dayanıb yerində dayansın gərək,
Ayazlı göy kimi nuru daşıbdı.
Çalxansa bulanıb dəyişiləcək,
Sakit durduğundan durulaşıbdı.
1977
BELƏ DƏB DÜŞƏ
İnsan tez götürə insan ərkini,
Heç kimsə dönməyə qorxulu devə.
Ağıllı dəlini, gözəl çirkini,
Ağgün qaragünü bəyənib sevə.
Hamı gözəlləşə çiçəklər kimi,
Qar çiçək bitirə, qış da yaz ola.
Hamıya tuş gələ könül həkimi,
Ağrı qərib düşə, nisgil azala.
Boyalar birləşə, kinlər silinə,
Nə yollar ayrıla, nə də göz dola.
Axa sevinc çayı yanğı gölünə,
Qəbirin özünə qəbir qazıla.
İnsan can qurtara yaman yalandan,
Alın yazıları yaxşı yazıla.
Dilək asılmaya dünya malından,
Duyğu satılmaya sarı qızıla.
Varlının qızları kasıba gedə,
Atalı oğlanlar yetim qız ala.
Belə bir dəb düşə bütün ölkədə,
Nə ara pozula,
nə söz yozula.
Belə bir dəb düşə,
hamı bölüşə; –
Dünyanın yazığı bəlkə azala.
Bu qaragünlüsü,
dağ-düyünlüsü,
ürəyi qazığı bəlkə azala...
1979
BACI – QARDAŞ
Onlar iki qonşu... Çəpərləri bir.
Elə ikisi də yorulub düşdü.
Səhraya sərilən bu qoşa qəbir
Qoşa qanad kimi qırılıb düşdü.
Çoxdan durmurdular belə üz-üzə,
Görün o körpələr hayana getdi!
Qardaş səfər etdi gedərgəlməzə,
Bacı qardaşının hayına getdi.
Yağdı başlarına ağılı layla,
Ruhları quş olub uçmaq istədi.
Uzadıb qolunu yerin altıyla
Bacı qardaşını qucmaq istədi.
Sarı sarmaşıqlar burda sarışdı,
Yanıqlı danışdı yamyaşıl taclar.
Dedilər əkizdi, bacı-qardaşdı
O boynu bükülü daşlar, ağaclar.
İnsafsız ayrılıq tufan qopardı,
Torpaq düşünmədi yem qazananda.
Ölənlər ağrıdan yaxa qurtardı,
Qalanlar qovruldu qəm qazanında.
Hicran onları da orda üşütdü,
Oyandı ruhların qançəkər hissi.
Dil dili, qəlb də ki qəlbi eşitdi
Doğma olduğundan məzar elçisi.
Artıq can-ciyərlər dağ-aran deyil,
Torpaq öz dənini üyüdüb qatır.
Heç ata-ana da nigaran deyil,
Bacı qardaşının yanında yatır.
1977
XOŞ GƏLDİN DÜNYAYA
Xoş gəldin dünyaya, balaca balam,
Yarısın ömrünün hər günü, ayı.
Günəşin laləsi yolunda yansın,
Axsın taleyinə şəfəqin çayı.
Boyun da çıxacaq – darıxma, quzu,
Duyğun göstərəcək baldakı duzu.
Ağlın da kəsəcək... nə deyim sənə,
Dünya diləyinlə düz gələcəkmi?
Baxıb saflığına, gözəlliyinə,
Kök atmış əyrilər düzələcəkmi?
Eh, mən ki dünyanı belə görürəm,
Bilmirəm gərəkmi öyüd yığını?
Hər halda səni də tapacaq bu qəm,
Hər halda sən qoru adamlığını.
Hələ qayğıların çəkilir az-çox,
Payını verirlər bir ağlamaqla.
Hələ istəmən az, hələ gözün tox...
Ancaq yaxşı bala, yadında saxla:
Hünərlə alışdı sönmüş çıraqlar;
Ömürü haxlayan halalca haqlar
Hünərlə alındı, yalvarışla yox.
Qulaq as, qanın da çox qaralmasın,
Üç hava içərsən bəzən bir anda.
Ata alqışlarım yerdə qalmasın,
Həriflər gül açsın alın yazında.
Sevildiyim kimi sevilməyəsən,
Yaşadığım kimi yaşamayasan.
Ömür geyimini dümağ geyəsən,
Çəkdiyim ağrını daşımayasan.
1979
YAZDA QIŞ
Duman şan-şan oldu soyuq yağışdan,
Bulud qan-qan dedi hirsli-havalı.
Torpaq sağ-salamat çıxsa da qışdan,
Gördü gözlənilməz qovğanı-qalı.
Yağış yavaş-yavaş çevrildi qara,
Bəxtinə qar yağdı düymə çiçəyin.
Havada partlayan gürşad qumbara
Ütdü sinəsini göy biçənəyin.
Göynədi sellərin açdığı şırım,
Dağın da, düzün də yaman çağıdı.
Haranı dəldisə dəli ildırım
Dolu dambadumbla ora şığıdı.
Qəribə qış gəldi – qərib düşdü yaz,
Üşüdü meşənin südəmər ovu.
Sim çəkib hovladı kəsilmiş ağac
Canına hopduqca gecə qırovu.
Üşüdü qışlaqdan qayıtmış ellər,
Böcəklər qorxudan çəkildi qına.
Təzəcə boy verən şumal şitillər
Təpilmək istədi yerin altına.
Qış yazla qayıtdı, qar da yağışla,
Quşlar incik-incik süzüb getdilər.
Bu qəfil tufanda, bu aldanışda
Balalı marallar təzib getdilər.
Qış yazla qayıtdı – çöllər göynədi.
Qış yazla qayıtdı – güllər göynədi.
Dedim: ey təbiət, bizi nə saydın,
Duydunmu könüllər qanatdığını?
Ya heç yatanları oyatmayaydın,
Ya da yaşadaydın yaratdığını...
1979
YENİDƏN
Get-gəlli dünyanın dönəmi varmış, –
Keçmişlə gələcək belə qoşamı?
Dolana-dolana geri qaytarmış
Bu axşam səhəri, səhər axşamı.
Hər şadlıq bir sevinc törəməsidi,
Hər ağrı dərd oğlu, qəm nəvəsidi.
Hər çay axıb gəlmiş çay əvəzinə,
Buzdan buz bitəcək, ocaqdan ocaq.
Burda batan bulaq, itən xəzinə
Üzüb o çöllükdə üzə çıxacaq.
Torpaq hamınınkı, hamı torpağın,
Onuntək ya qara, ya da sarıyıq.
Dünənə boylanan budağın, tağın
Bu günə uzanmış qanadlarıyıq.
Bizmi qoçaq olduq, bu aymı, ilmi,
Yoxsa bir çoxaldı dərdinən dərman?
Üyütmək tövrüylə eyni deyilmi
Köhnə dəyirmanla yeni dəyirman?
Qəbirlər qazılmış qəbir yerində,
Haman ulduzlu göy, haman göy sini...
Görüş nöqtəmizin həndəvərində
Çoxu qarşılamış sevgilisini.
Hamı axtarandı, hamı tapandı,
Hamı gələcəyə keçmiş yapandı.
Sürgünlü ömrü də eyni sürürük,
Dəyişən dünyanın görkəmi, üzü.
Babalar nə görmüş – onu görürük,
Nəvələr görəcək gördüyümüzü...
1976
PAYIZ
Yerə yer elədi öz itkiləri, –
Payını götürdü sumağı payız.
Büllur don geyəndə donan dərələr
Çəmlədi buz adlı çomağı payız.
Duman qatılaşdı lap birdən-birə,
Keçid yollarını bərkitdi bərə.
Dumduru çaylara, ayna göllərə
Tökdü hörük-hörük camağı payız.
Ünyetməz çöllərə çapdı atını,
Ota kəfən etdi yarpaq qatını.
Çör-çöplə doldurub dağ selatını,
Sarıdı sapsarı yumağı payız.
Bu necə ağrıdı, necə azardı,
Torpaq nə yetirsə ona məzardı.
Abı qaralaşdı, narınc qızardı,
Bomboza boyadı dümağı payız.
Sükutdan qaraldı qızılı qaya,
Ağlayan ağ bulaq can atdı çaya.
Quraqlıq ayında sucaq qobuya
Saldı yaşıllıqdan yamağı payız.
Gah gülə büründü qəmli bənizi,
Gah göyə sovruldu yarpaq dənizi.
Tərxan yaylaqlardan köçürtdü bizi,
Pozdu da hər kefi, damağı payız.
1976
OT
Biçildi yaz çağında,
Elə bildilər itdi.
Çevirdilər torpağı,
Çönüb astarda bitdi.
Yerdən yerə küründü,
O gedəsi, gələsi...
Hər bucaqda göründü
Yaşılbuta gəbəsi.
Gödəltdilər, uzandı,
Yola verdi pis ili.
Bəzən kökdən qazındı,
Kəsilmədi nəsili.
Bu, otun otluğumu?
Harda olsa boy atdı.
Hər toxumu, hər tumu
Bir çəmənlik yaratdı.
Dolandı ölkələri,
Tükənmədi o yenə.
Düşdüyü özgə yeri
Yurd elədi özünə.
Nə yaz bildi, nə çillə, –
Biçdin bitdi... bu otdu.
Dil tapıb hər fəsillə
Bütün dünyanı tutdu.
1977
BACARMAYANDA
Atası, babası buyurulmuşdu,
Buruqçu olmuşdu doğma diyarı.
Bir gün qanı coşdu, qəzəbi coşdu,
Keçdi öz əlinə öz ixtiyarı.
Bir gün çatdısa da azadlığına,
Yaşada bilmədi xoş diləyini.
Yenə də yıxdılar yad ayağına,
Yenə də itirdi xoşbəxtliyini.
Bəli, o bədbəxti qınayıram mən,
Buyruğa öyrənmək ona dağ oldu.
Unutdu başını müstəqillikdən,
Bütün arzuları baş-ayaq oldu.
Seyr edə bilmədi al gündüzləri,
Onun keçmişindən hamı halıdı.
Zindanda qalmışın dəli gözləri
İşığa baxanda qamaşmalıdı.
Bəli, fağırlıqdır belə uduzmaq,
Onun bəxti oyaq, özü yuxulu...
İşıqlı aləmdə dolaşıb azmaq
Zülmətdə azmaqdan daha qorxulu...
Daha çətindi ki,
minəsən atı,
Əsil mənzilinə üz qoymayasan.
Daha dəhşətdi ki,
müsibətdi ki,
qurbanı verilmiş ixtiyaratı
gələcək naminə qorumayasan.
Qorunmaq istədi qələbə, şöhrət,
Vüqar nə susmalı, nə enməlidir.
Ömür bahasına alınmış nemət
Həyat xatirinə sevilməlidir.
Bağbanın baxımı tumu bağ etdi,
Sıx duman saxladı zirvə qarını.
Azadlıq quşusa perikib getdi
Çəkən olmayanda qayğılarını.
Azadlıq! Yolları yaman çətindi,
O, bir yol tapıldı ildə-əyyamda.
Bəzən azadlıq da bəla gətirdi
Azad yaşamağı bacarmayanda.
ÜŞÜYƏN GÖZƏL
Sənin əynin yuxa, mənim ürəyim,
Bu qəfil tufanda tir-tir əsirsən.
Qorxuram dillənim – qəlbinə dəyim,
Qeydinə qalardım razılıq versən.
Bu köhnə sırıxlım sanki sənindi,
Razılıq versəydin xətir görərdim.
Gözünü gözümlə isidib indi,
Əlimi əlinə geyindirərdim.
Ömrünü bəzəyər ömürüm-günüm,
Axsın dodağından xoş umu-küsüm.
Axı insafdırmı özüm bürünüm,
Yanımda gül əssin, gözəl üşüsün?
Axı insafdırmı nigaran qalım?
Yaxşı sözümü də söz eləyirsən,
Deyirəm izin ver qadanı alım,
Yenə də inciyib naz eləyirsən.
Qoymursan yetişim köməyə-hova,
Sazaq iynə-iynə, qəzəbin qızmar.
Səni bircə dəfə səhv salıb hava,
Mənisə həmişə aldadıb qızlar.
Ərköyün olsan da götür ərkimi,
Qorxuram gözəllik gözündə dona.
Sən şıltaq şaxtaya dözməyən kimi
Dözmürəm mən sənin soyuqluğuna.
Bir el gözəlisən, bir bəxtəvərsən,
Bəs niyə bulud tək tutulur üzün?
Nazını çəkərdim razılıq versən,
Ülvi gözəlliyi qorumaq üçün.
1978
DEYƏYDİN
Ay insafsız, məndə gözün vardısa,
Barı bunu bəxt yanmamış deyəydin.
Adın ada qaynaq olub bitməmiş,
Əlin ələ toxunmamış deyəydin.
Kiridəydin üzə düşən hirsini,
Əridəydin bu həsrətin hisini.
Ürəyinin köz bağlayan hissini
Ürəyimdə ox sınmamış deyəydin.
Yersiz-yersiz az çəkəydin özünü,
Sevəninə danışaydın düzünü.
Nolardı ki, bu “sevirəm” sözünü
Can kitabın oxunmamış deyəydin.
Rəhmim gəldi sənin kimi gəlinə,
Qarğış tökdün qıfıllanmış dilinə.
Kaş bu sirri bunca qədir bilənə
Qəlbim səni yox sanmamış deyəydin.
Silə-silə yaddaşının tozunu
Qovrularsan belə ömrün uzunu.
Nolardı ki, ağzı yanmış arzunu
İllər bizi çox yonmamış deyəydin.
A sevdamın sınıb düşən lələyi,
Gül qoxuyan bu gülərüz gileyi
Bir tərsanın tük ilməli taleyi
Taleyimə toxunmamış deyəydin.
1979
OVÇU EVƏ GƏLİR
Ovçu evə gəlir – ovu qanlıdı,
Əlində keçinib əlik quzusu.
Qapının manqalı gur tonqallıdı,
Sumağa qarışıb süfrənin duzu.
Ürəyi, ciyəri doğradır ovçu,
Bələdik onun da qanacağına;
Qızaran tikəni qaldıran ovcu
Bənzəyir dopdolu qan çanağına.
Kababçı tələsir o baş-bu başa,
Şampurun şırımı şişə çəkilir.
Şüşədən tökülən bir ucdan başa,
Şişdən qoparılan dişə çəkilir.
Ovçu dəmlənibdi – baxıram ona,
Öpür körpəsini, balacasını.
Yelnini yellədən meşəli ana
Mələyib axtarır öz balasını.
Bu dərd ki ovçunun vecinə deyil,
Ovunu görəndə odu ələyir.
Yarpaqlı paltarı əyninə geyib,
Baş qatır, baş kəsir, baş girələyir.
Ona qalmayıbdı ölənin dağı,
Dinəndə deyir ki, qulluq quludu; –
Baxır peşəsinə dolanacağı,
Soyduğu dərilər çörəkpuludu.
Dinəndə deyir ki, axı mən kiməm?
Neyləyə bilərəm? Əlimdə nə var?
Hər hava üstündə köklənən siməm,
Buyruqlar özümü yüz yana qovar.
Ovçu ad doğruldur... donub qalmışam,
Bəs kimdir o düşmən, üstünə düşəm?
Öldürən söylədi: buyurulmuşam,
Buyuran qaçdı ki: qan tökməmişəm.
Boylandım irəli, qanrıldım geri,
Çox haqqı sevəni mən haqsız gördüm.
Nədənsə hər yerdə baş kəsənləri
Belə gümrah gördüm, günahsız gördüm...
1976
GÖZƏL GÖRÜNÜRDÜ
Gözəl görünürdü bu şəhər mənə,
Bura can atırdım qəlbimdə maraq.
Heyrətlə baxırdım ev sərgisinə,
Üzümdə kənd hisi, dizimdə yamaq.
Elə ki darıxdım, bura gəlirdim,
Ayırd eləmirdim qaranı, ağı.
Həyatda hər şeydən asan bilirdim
Burda yaşamağı, burda qalmağı.
Ürəkdə hey vardı, könüldə güman,
Təzəcə bitirdi öz istək bağım.
Qanrılıb qülləyə boylanan zaman
Başımdan düşürdü yastı papağım.
Onda sınamırdım günü, saatı,
O dostum yüz vədi birdən verirdi.
Töküb ciblərimə noğul-nabatı
Tamarzı gəlməni şirnikdirirdi.
Qibtə eləyirdim uşaqlarına,
“Siz-biz”li danışıq... hörmət, qanacaq...
Elə inanmışdım işıqlarına,
Deyirdim taleyim işıqlanacaq.
Meydana qaçırdım
hər axşam-səhər,
Çoxunun sözünü
anlamırdım mən.
Düzü mat qalırdı
şöhrətli şəhər
Kimsə vaz keçəndə
doğma dilindən.
Ağzım sulanırdı parkı gəzəndə,
Tilsimə dönürdü qılıqlı qucaq.
Bilmirdim o gözəl, günağlı bəndə
Axırda kiməsə arvad olacaq.
Restoran çalğılı, bar mərəkəli,
Şəhər görməmişdim belə baş qata.
Şəhər görməmişdim rəngin şəkili –
Qəzəbli dənizdə yuyuna, yata.
Altı mərtəbəli ev görməmişdim,
Gördüm də... gəl indi əhvalıma bax.
Yeddi mərtəbəli yalan eşitdim,
On beş mərtəbəli böhtan, fırıldaq.
Cavablar gözlədik can üzə-üzə,
Ömrü acıladı şirindillilər.
Bizim susa-susa dözdüyümüzə
Dözüş gətirmədi beton pillələr.
Dillənsin telefon ilk şahid kimi,
Söhbətin arxını qeybət doldurub.
Axı yazıq şəhər neyləyibdi ki,
Oğlu da, qızı da üzünə durub?
Ona rəğbətim var ərkli qınaqda,
Demirəm yetəni talayıb-çapdı.
Qansızlar gizləndi bu qalınlıqda,
Pislər əməlinə sığnacaq tapdı...
1979
SEVİNCİM
Qızım Sevinci xatırlarkən
Taleyin qəzəbi kiməymiş, kimə?
Getdi bir istəyim, getdi bir incim.
İnamım qalmadı inam – həkimə,
Öldü Sevinc balam – öldü sevincim.
O qız hardan bilsin nə çəkirəm mən,
Onsuz bağım soldu, suyum soğuldu.
Qartal ataları qocaldan, bükən
Quzu balaların həsrəti oldu.
Bəlaya çevrildi özü bal balam,
Qarabaxt, qaragöz, qaraxal balam.
Yasına qahmaram, qəminə zamin,
Qəlbimdir evinin qəlbi hasarı.
Yoxluğu könlümü qovuran zaman
Külüm də küründü qəbrinə sarı.
Titrəklik səyridi sısqa səsimdə,
Ta, necə deyərlər, mən dərd əhliyəm.
Onun kəfəninə bürünməsəm də,
Onun kədərinə bürüncəkliyəm.
Ta körpə sevincim həbsə alınmış,
Kövrək gümanımın beli sınıbdı.
İki can sirdaşı birdən ayrılmış,
Bağrım paralanıb, pardaqlanıbdı.
Düymə çiçəyimi dolu döyübdü,
Vurub bostanımı zalımca zaval.
O qız ürəyimə ağrı düyübdü,
Yeyib ürəyimi yeyilmə bir xal.
Şənliyin yolunu dağ-düyün kəsib,
Təhərim varmı ki, danışım bir-bir?
Nədənsə sehrli “sevinc” kəlməsi
Adını həyatda doğrulda bilmir!..
1976
* * *
Titrəmə, ey dizim, titrəmə görək,
Ey dişim, doğrama öz dodağımı.
Ey sinəm, yükümü çəkəsən gərək,
Mən sənə hörmüşəm ağrı dağımı.
Ey ağlım, istərdim bundan az bilim,
Ey duyğum, nəzilmə, desinlər daşsan.
Səni dilim-dilim olasan, dilim,
Başımı yeyərsən belə danışsan.
Ey qəlbim, uğuru lap unutmusan,
İçin qəm oyuğu, mənliyin bəlgə.
Ey əlim, hələ ki, qələm tutmusan,
Başqa yarağa da sarındın bəlkə.
Ey qorxum, qanımdan yenə buxarlan,
Ey dərdim, ləl verməz çox ləliməyin.
Ey tutmam, canımda hələ tumarlan,
Hələ çağına var od püləməyin.
Ey sevgim, bu kinin boz kirini yu,
Ey ömrüm, sürünmə dərdə döyülsən.
Ey arzum, özünü hər yana toxu,
Yad sənə güləcək yaralı ölsən.
Ey ürək, baxma ki ağırdı şələm,
Sınaq meydanında dözüm tap, dözüm!
Dəmirləş, poladlaş, sən ey hövsələm,
Uzan, ey gümanım, gözlə, ey gözüm!
1979
DAĞLARIMDA ALMAS DAĞI TAPILIBDI
Dağlarımda almas dağı tapılıbdı,
Dağlar baxır yazıq-yazıq, dəli-dəli.
Gen zağalar, mağaralar mat qalıbdı,
Zirvə durur boynuburuq, düşüncəli.
Yoxsa dağlar sabahını başa düşüb?
Sabah onlar lağım-lağım oyulacaq.
Bir mühəndis bu şeri də lağa düzüb,
Qəzetlərə hay salacaq, küy salacaq.
Soyulacaq çəmənlərin atlas gülü,
Buz bulaqlar kürünəcək, diksinəcək.
Qırılacaq yastıların şüşə gölü,
Duru çaylar bulanacaq, isinəcək.
Yaşıl döşlər hey dönəcək ölü düzə,
Maralları yox edəcək say azlığı.
Yenə qırğın daraşacaq meşəmizə,
Kəsiləcək əliklərin damazlığı.
Bərə axıb ağnayacaq dərə-dərə,
Bir key alim səs-soraqlı ad güdəcək.
Dağlar minib havadakı təknələrə,
Havayıca-havayıca yol gedəcək.
Söküləcək qayaların köklü tağı,
Dəyirmanlar daş udacaq xınca-xınca.
Yol gedəcək yataqların almas tığı
Qızılının, gümüşünün arxasınca.
Dağlarımın dağ ürəyi bərk sınacaq,
Dava-dərman tapmayacaq yer həkimi.
Dağlarımın dağ atası lap yanacaq –
Nöyütləri, kapalları yanan kimi.
Güneylərdə od baltalar vuruşacaq,
Od qarsacaq quzulayan quzeyləri.
Toz dumanı boz dumana qarışacaq,
Bəzənəcək qitələrin muzeyləri.
Gün doğacaq ölkələrin bazarına,
Günəşimiz dükanlarda talanacaq.
Yoxa çıxmış yaylaqların məzarına
Ələklənmiş cecə çınqıl qalanacaq.
Dağlarımda almas dağı tapılıbdı,
Dağlar susub qanlı-qanlı, dəli-dəli.
Gen zağalar, mağaralar mat qalıbdı,
Yamac baxır qəmli-qəmli, düşüncəli.
Allah, birdən yalan çıxa bu muştuluq,
Gözəlliyə güzəşt ola, aman ola!
Yoxsa dağlar yolunacaq yoluq-yoluq,
Yoxsa dağlar pay verəcək amanala!
Eşidəndə gözlərimdə dağ əridi,
Xəzinələr inək kimi sağılacaq.
Gümanımız elə bircə dağlar idi,
Dağlar bizə dağ olacaq, dağılacaq.
Zirvələr də durmayacaq qala kimi,
Boşalacaq qobuların dolu qoynu.
Papaqçılar başı açıq qalan kimi –
Dağlar bir də görməyəcək dağ boyunu.
1978
DƏYİRMİ YALAN
Yalanında yoxuş yox – pillə-pillə qalxasan.
Yalanında eniş yox – sallanasan, enəsən.
Yalanında zirvə yox – diklənəsən, baxasan.
Yalanında döngə yox – burulasan, dönəsən.
Yalanı dəyirmidi – bilinməz eni, boyu.
Yalanı çoxucludu. Yalanı çoxbucaqdı.
Onun sonsuz yalanı qapqaranlıq bir quyu,
O quyular dibində varlıqlar yoxa çıxdı.
Yalanı urvatlıdı ad-sanından, arından.
Yalanı arvalıdı iş-gücündən, zorundan.
Yalanı arxalıdı... kimliyini sor ondan.
Onun qanlı izi var elin qəlb dağlarında.
Qılığı soyğunçuluq, qazancı talançılıq.
Görünür, istəyinin aldanan çağlarında
İliyinə işləmiş yamanlıq, yalançılıq.
Yer Günəşin başına hər an hərləndiyitək
O, yalanla dolandı... özü də çox yaltaqdı.
Ona bələd olanda sənə elə gələcək
Yerin də fırlanmağı yalandı, fırıldaqdı.
Onun acı yalanı elə bilmə ucuzdu,
İşi yanan yazıqlar axıb gedir yanına.
Hələ deyə bilmərik uda-uda uduzdu,
Hələ özü düşməyib yalanın yarğanına.
O – hap-gop qalayçısı,
sap gümanın qayçısı.
O – gerçək qayğımızın
yalançı harayçısı.
Ağız açsan yenə də səni tutacaq dilə,
Bal bələnmiş sözləri düzəcək narın-narın.
Quyulu yalanında arzumuz ölə-ölə
Uçacaq qanadında dəyirmi yalanların...
1979
BİR YAD ŞƏHƏRDƏ
Burda bulaq yox –
Yarpız yığasan.
Burda yaylaq yox –
Qoyun sağasan.
Yemlik yemirik,
Qırrot ovmuruq.
Eniş enmirik,
Əlik qovmuruq.
Burda göy körük,
Yersə qır ada.
Qalxıb düşürük
Asma torbada.
Yanır gur işıq,
Görünmür toran.
Ölü yaraşıq,
Səsli restoran.
Al əti, yağı,
Al kilo-kilo.
Cibinə baxır
Teatr, kino.
Biz yerli qərib,
Burda nə tərif!
Birdi qorxumuz,
Hamımız birik.
Burda çoxumuz
İtən qəbirik...
26 fevral, 1979