Nuridə Atəşi: «PEN İnternasional mənim üçün xəyal idi»

Nobel mükafatçısı Günter Qrasın fəxri sədrlik etdiyi PEN Almaniya Mərkəzinə yeni seçilənlər arasında azərbaycanlı yazar və araşdırıcı Nuridə Atəşi də var. Almaniya ilə telefon bağlantısı qurub Nuridə xanımla söhbətləşdik.

- Nuridə xanım, təbriklərimizi qəbul edin. Lütfən, bu Mərkəz barədə dinləyicilərimizi, oxucularımızı bilgiləndirin.

- PEN Almaniyada çox məşhur bir qurumdur. Mərkəzi Londonda yerləşir- «London-İnternasional»a bağlıdır. Almaniyada 780 üzvü var. Yazarların, şairlərin, mədəniyyət xadimlərinin seçildiyi çox mötəbər bir qurumdur. Oranın üzvü olmaq mənim üçün bir xəyal idi, əlçatmaz bir zirvə idi. Çünki ora imzası dünyada tanınmış, özünü beynəlxalq miqyasda təsdiqləmiş şəxslər qəbul edilir. Bir də, özün-özünü təqdim edə bilməzsən. Səni ora hər hansı qurum, ancaq yazılı şəkildə təqdim edə bilər. Həmin qurumun ən azı bir neçə üzvü haqqında məruzə etməlidir. İldə bir dəfə illik hesabat iclası olur və həmin üzvlər orada namizəd verdiyi şəxs barədə hesabat verməlidir. Bir nəfər isə üzv olacaq şəxsin xidmətləri barədə geniş məlumat verir. Üzvlər gizli və aşkar səsvermə yolu ilə seçilir.

GETMƏDİM, DEDİM, BİRDƏN SEÇMƏZLƏR

- Sizin namizədliyinizi kim irəli sürmüşdü?

Nuridə Atəşi

- Mənim namizədliyimi Albert Podlex adlı bir yazıçı verib. O, həm də tarixçi professordur. Mənim kitablarımla tanış idi. Söylədi ki, sən PEN Kluba üzv olmağa layiqsən. Təəccüb qaldım. O, bir neçə üzvlə danışdı və qərara gəldilər ki, bu il mənim namizədliyimi versinlər. Bu ay məsələyə baxıldı. Özüm Bakıda idim. Hərçənd məni qonaq kimi dəvət etmişdilər. Amma inanmadığımdan getmədim. Dedim, birdən seçməzlər, ayıb olar. Ancaq kitablarımı göndərdim.

MƏHSƏTİNİ OXUYAN ALMANLAR DƏHŞƏTƏ GƏLİRDİLƏR…

- Hansı kitablarınızı göndərdiniz?

- «Pərvanə və şam» kitabımı. Azərbaycan klassik ədəbiyyatını ilk dəfə mən alman dilinə çevirmişəm və bundan sonra mənim ismim alman ədəbiyyatında tanınmağa başladı. Almanlar ancaq Nizami Gəncəvini tanıyırlar- onu da fars şairi kimi. Bu antologiyada mən Nizamini həm Azərbaycan şairi kimi təqdim etdim, həm də onun bir çox qəzəllərini tərcümə etdim. Ondan sonra Məhsəti Gəncəvini çevirdim. Məhsətini oxuyan almanlar dəhşətə gəlirdilər ki, doğrudanmı sizin belə klassikləriniz var və onlar Almaniyada indiyədək tanınmırlar? Bu tərcümələr mənim üçün sınaq idi. Çünki qəzəli tərcümə etmək, həm də alman dilinə- bilsəniz, nə qədər çətindir? Bax, mən Nəsiminin «Məndə sığar iki cahan» qəzəlini üç aya tərcümə etmişəm. Dediyim odur ki, çox çətin və məsuliyyətli bir işdir. Hə, bir də «Qarabağ uğrunda savaş» kitabımı göndərdim ora.


PEN KLUBA ÜZV OLAN YEGANƏ AZƏRBAYCANLIYAM

- Və konfransdan üç gün sonra mənə- Bakıya zəng vurdular. Dedilər ki, Nuridə xanım, təbrik edirik, səs çoxluğu ilə siz PEN– İnternasional Almaniya Mərlkəzinə üzv seçilmisiniz. Həm də yeganə Azərbaycanlısınız ki, bu Klubun üzvüsünüz. Bu, mənim üçün böyük fəxrdir, həm də 15 illik Almaniya həyatımda qazandığım bütün uğurların zirvəsidir. Məni qürurlandıran isə almanların bizim ədəbiyyatımıza, mədəniyyətimizə verdiyi qiymətdir.

SƏFİRLİKDƏN DƏSTƏK OLSAYDI…

- Bir daha təbrik edirik.

- Sağ olun. Bircə şeyi vurğulamaq istəyirəm ki, bütün bunları mən ancaq öz qələmimlə, heç bir dəstək olmadan qazanmışam. Təsəvvür edin ki, Azərbaycanın Almaniyadakı səfirliyi mənə dəstək olsaydı, bundan yüz qat artıq qələbələr qazanardım. Ölkəmin ədəbiyyatına, mədəniyyətinə, tarixinə daha çox töhfə verərdim. Yenə də yola davam edəcəm. Amma təkbaşına bilsəniz nə qədər çətindir!