Son üç ildə Ermənistanı 80 minə yaxın adam tərk edib

Ermənistanı tərk edənlər, Yerevan hava limanı, 30 aprel 2010


ERMƏNİLƏR ÖLKƏLƏRİNİ NİYƏ TƏRK EDİRLƏR?

Ermənistanı tərk edənlərin sayı 2008-ci ildə 23 min nəfər, 2009-cu ildə 25 min, 2010-cu ildə isə 30 min nəfərə yaxın olub.

Bu rəqəmləri Ermənistanın Ərazi İdarəetmə Nazirliyinin Dövlət Miqrasiya xidmətinin rəhbəri Qaqik Eqanyan bu həftənin əvvəlində elan edib. O, həm də əlavə edib ki, bəzi KİV-lər bu rəqəmləri şişirdirlər.

Qaqik Eqanyan keçirdiyi mətbuat konfransında deyib ki, son üç ilin rəsmi rəqəmlərinə görə, Ermənistandan 80 minə yaxın adam miqrasiya edib, amma bu rəqəmlər heç də miqrasiyanın keyfiyyət göstəricisi hesab oluna bilməz.

«Sərnişin axınını miqrasiya ilə eyniləşdirmək olmaz. Bu, şübhəsiz ki, miqrasiya ilə bağlıdır, amma miqrasiya deyil, sərnişin axınıdır»- deyə Dövlət Miqrasiya xidmətinin
Qaqik Eqanyan
rəhbəri əlavə edib ki, son illər miqrasiya artmayıb, eyni səviyyədə qalıb.

Qaqik Eqanyan söz verib ki, yaxın günlərdə mühacirətə gedənlərin dəqiq sayını da açıqlayacaq.

Dövlət Miqrasiya xidmətinin hesablamasına görə, ermənilərin 65 faizi Rusiyaya, 10 faizi ABŞ-a, 10 faizi Avropaya, 5 faz isə keçmiş sovet ölkələrinə üz tutub.

ERMƏNİSTANI TƏRK ETMƏ SƏBƏBLƏRİ

Ermənistan əhalisi ölkəni sosial səbəblərdən – işsizlikdən, maaş azlığından, biznesə olan maneələr üzündən tərk edir.

AzadlıqRadiosunun sualının cavabında Qaqik Eqanyan deyib ki, Ermənistanı siyasi motivlərlə də tərk edənlər var:

- Hər halda cüzi faiz var.

Mətbuat konfransında Dövlət Miqrasiya Xidmətinin rəhbəri xüsusilə Rusiyanın miqrantlarla bağlı proqramına toxunub. Bu proqrama görə, Rusiya ölkənin regionlarında məskunlaşmaq istəyən Ermənistan vətəndaşlarına qapılarını açır.
Rusiya ölkənin regionlarında yaşamaq istəyən Ermənistan vətəndaşlarına 6 aylıq pul yardımı, iş tapmaqda, yaşayış yeri ilə bağlı problemlərin həllində kömək vəd edir, üstəlik sadə qaydalarla vətəndaşlıq almaq imkanı yaradır.

Qaqik Eqanyan qeyd edib ki, Ermənistan hökumətinin bu proqramla heç bir əlaqəsi yoxdur. Onu da əlavə edir ki, proqramın yaratdığı imkanlara baxmayaraq, ölkəni məhz bu səbəbdən tərk edənlər elə də çox deyil. Son 4 ildə təxminən 26 min adam bu proqram üçün müraciət etsə də, yalnız 1500 nəfər Rusiyada məskunlaşmaq üçün ölkədən köçüb.

Xatırladaq ki, Rusiya bu proqram çərçivəsində 6 aylıq pul yardımı, iş tapmaqda, yaşayış yeri ilə bağlı yaranmış problemlərin həllində kömək vəd edir, üstəlik sadə qaydalarla vətəndaşlıq almaq imkanı yaradır.

Amma Ermənistan Dövlət Miqrasiya Xidmətinin rəhbəri Qaqik Eqanyan bu təklifləri heç də cəlbedici saymır.

Rusiyanın Federal Dövlət Miqrasiya Xidmətinin rəsmi saytına görə, bu ilin birinci yarısında «Həmyerli» proqramına görə, Kamçatka, Altay vilayəti, Tümen və ölkənin digər regionlarında yeni məskunlaşmalar həyata keçirilib.

«AZƏRBAYCANDA YERLİ MİQRANTLARIN QEYDİYYATI APARILMIR»

Ancaq Azərbaycanda ölkəni tərk edənlərin qeydiyyatı aparılmır, buna görə də il ərzində Azərbaycandan başqa ölkələrə daimi yaşamağa gedənlərin sayını söyləmək olmur. Bunu Azərbaycan Miqrasiya Mərkəzinin İctimai Birliyinin sədri Əlövsət Əliyev deyir.
Əlövsət Əliyev
Onun sözlərinə görə, müvafiq qanunvericiliyə görə, başqa ölkəyə daimi yaşamağa gedənlər öz şəxsiyyət vəsiqələrini yerli pasport qeydiyyat idarələrinə təhvil verməlidirlər:

«Amma Azərbaycandan gedəndə heç kəs bunu eləmir. Ona görə də Dövlət Miqrasiya Xidməti istəsə belə, bunun qeydiyyatını apara bilmir.

Dövlət Miqrasiya Xidmətinin rəsmi saytında yalnız ayda nə qədər əcnəbi vətəndaşın quruma müraciət etməsi ilə bağlı statistik məlumatlar var.

Ölkə prezidenti İlham Əliyev çıxışlarının birində bildirib ki, Azərbaycanda sosial-iqtisadi vəziyyət yaxşılaşdığı üçün ölkəni tərk edənlər geri qayıtmağa başlayıb».

Amma Azərbaycan Miqrasiya Mərkəzinin İctimai Birliyinin sədri Əlövsət Əliyevin sözlərinə görə, onlara hər gün miqrasiya məsələləri ilə bağlı ayda təxminən 4 min vətəndaş müraciət edir. O, miqrasiya etmək səbəblərinin müxtəlif olduğunu deyir:

«Birinci səbəb hələ də Qarabağ münaqişəsinin həll olunmağıdır. İkinci səbəb isə ölkənin təhsil problemidir ki, vətəndaşlar övladlarına təhsil vermək üçün başqa ölkələrə getmək istəyir. Azərbaycanda korrupsiyanın artması, siyasi sabitliyin olmaması, o cümlədən əcnəbilərlə evlənmə səbəbi ilə ölkəni tərk etmək istəyənlər var».

Əlövsət Əliyevin təxmini hesablamalarına görə, ölkəni son illər Azərbaycanı 2 milyondan çox adam tərk edib. Müsahibimiz deyir ki, son iki ilə qədər azərbaycanlılar əsasən Rusiyaya, Almaniya və Fransaya üz tuturdularsa, indi onlar Kanada və ABŞ-ı seçirlər.