“Biz şahzadənin Bakıya səfərinin əleyhinə deyilik, amma istəyirik ki, o, səfəri zamanı Azərbaycanda insan haqlarının vəziyyəti haqda da danışsın”.
Bunu Azadlıq Radiosuna müsahibəsində Norveç Helsinki Komitəsinin sədri Berit Lindeman deyir.
Norveç şahzadəsi Haakon Magnus iyunun 6-7-də Xəzər Neft Qaz Sərgisində iştirak etmək üçün Bakıya gəlməlidir.
Norveçin Helsinki Komitəsi kral sarayına məktub yazaraq öz təkliflərini irəli sürüb. Komitə hesab edir ki, şahzadənin insan haqlarının kobud şəkildə pozulduğu bir ölkəyə səfər etməsi və həmin pozuntuların aradan qaldırılması üçün mövqe bildirməməsi düzgün olmaz:
- Düzdür, kral ailəsi bizim müraciətə birbaşa cavab vermədi və məktubumuzu Norveç Xarici İşlər Nazirliyinə göndərdi.
Onlar isə bizə bildirdilər ki, Azərbaycanla münasibələrin yaxşı olmasından məmnundurlar və bu səfər zamanı mühüm məsələlər müzakirə ediləcək.
Bizə verilən məlumata görə, şahzadə Bakıda neft-qaz sərgisində iştirak edəcək. Və onun mülki cəmiyyət nümayəndələri ilə də görüşəcəyi haqda xəbər var. Biz indi “mülki cəmiyyət” deyiləndə kimlərin nəzərdə tutulduğunu araşdırmağa çalışırıq. Qeyd etmək istərdim ki, Norveç Konstitusiyasına görə kral ailəsinin üzvləri siyasətə qarışa bilməz.
Onların ölkənin idarə olunmasındakı rolu simvolik olsa da, kral ailəsi üzvlərinin hansısa ölkəyə getməsi həm Norveçdə, həm də onların səfər etdikləri ölkədə kifayət qədər böyük maraq doğurur. Biz istərdik ki, şahzadə öz səfərini yalnız iqtisadi mövzularla məhdudlaşdırmasın.
Məsələn, Noveçin neft naziri Azərbaycana gedəndə biz daim ona Azəbaycanda insan haqlarının vəziyyəti ilə bağlı məlumatlar göndəririk və Azərbaycan rəsmiləri qarşısında müəyyən məsələləri qaldırmağı xahiş edirik. Bəzən onlar bunu edirlər, bəzən isə yox.
Amma bu başqa bir söhbətin mövzusudur. Məsələ burasındadır ki, şahzadənin səfəri məsələsində iki problem var. Əvvəla, neytral statusu onun siyasi problemlərlə bağlı məsələləri qaldırmaq imkanını məhdudlaşdırır.
Digər tərəfdən şahzadə güman ki Bakıda prezident İlham Əliyev və birinci ledi ilə görüşəcək. Onların görüşlərindən çəkilmiş birgə şəkilləri yayımlanacaq.
Bu isə beynəlxalq səviyyədə Əliyev rejimi haqda müsbət rəy yaratmağa xidmət etmiş olacaq. Bizim təşkilat hesab edir ki, Əliyev rejimi buna layiq deyil. Xüsusən də müxalifətçilərin və gənc fəalların həbs edildiyi indiki şəraitdə.
Onu da qeyd edim ki, Misirdə inqilab başlayanda Norveçdə bir çoxlarının yadına vaxtilə Norveç kraliçasının oraya səfər etməsi, prezident Mübarək və birinci ledi ilə görüşməsi düşdü. Düzdür, bildirilmişdi ki, kraliça oraya Norveç-Misir mədəni əlaqələrinin inkişafı üçün gedib.
Amma xalqın Misir diktatoruna etiraz etdiyi bir məqamda kraliçanın əvvəllər oraya səfər etmiş olması faktının ortaya çıxması kral ailəsinin imici üçün yaxşı deyildi. Biz şahzadəyə xəbərdarlıq edirik ki, eyni hal Azərbaycanla bağlı da yarana bilər.
- Sizin vaxtilə Norveçin “Statoil” şirkətinin Azərbaycandakı fəaliyyəti ilə bağlı da deyəsən oxşar tələbləriniz olub...
- “Statoil” Azərbaycanda neft yataqlarının istismarında yetərincə böyük rolu olan bir şirkətdir. Biz onlara müraciət edərək Azərbaycanda demokratik cəmiyyətin qurulmasına mümkün qədər çox töhvə vermələrini xahiş etmişdik.
Məsələn, onları inandırmağa çalışırdıq ki, söz azadlığının pozulmasına etiraz etsinlər. Azərbaycan hakimiyyətinə desinlər ki, sizin etdikləriniz biznes ictimaiyyətində narahatlıq yaradır, qıraqdan yaxşı görünmür, yaxşı olar ki, həbsdə olan jurnalistlər, məsələn, Eynulla Fətulayev azad edilsin.
Yaxud şirkət Azərbaycandakı müstəqil qəzetlərə dəstək versin. Öz reklamlarını həmin qəzetlərin səhifələrində yerləşdirsin ki, onlar bundan maddi vəziyyətlərini yaxşılaşdırmaq üçün istifadə etsinlər.
- Bu istiqamətdə hansısa işlər görülübmü?
- Yox, təəssüf ki, şirkət bu yöndə heç nə etməyib. Ümumiyyətlə biz görürük ki, “Statiol”a görə Norveçin Azərbaycandakı iqtisadi maraqları elə artıb ki, Norveçin Azərbaycanda insan haqları ilə bağlı məsələləri qaldırmaq həvəsi bir qədər azalıb.
Biz Norveçin əvvəlikinə nisbətən Azərbaycandakı rejimi daha az tənqid etdiyini görürük və bunun iqtisadi maraqlara ziyan vurmaq qorxusundan irəli gəldiyini düşünürük.
- Norveç Avropanın ən demokratik ölkələrindən sayılır. Bəs, Norveç cəmiyyətində necə Azərnaycanda insan haqları ilə bağlı məsələlərdə “Statoil”a, yaxud dövlət rəsmilərinə hansısa təzyiq varmı?
- Cəmiyyətdə neft və demokratiya ilə bağlı məsələlər mütəmadi olaraq qaldırılır. “Statoil” hətta Anqola kimi ölkədə də çalışır. Yaxud onlar Türkmənistan bazarına da girməyi nəzərdən keçirirlər.
Halbuki orada mülki cəmiyyət ümumiyyətlə yoxdur. Amma belə suallar verilsə də, bu cür fəaliyyətə və planlara mane olmaq çətindir.
Çünki cəmiyyətdə daha çox yayılmış fikir budur ki, biznes ayrı, siyasət ayrı. Amma biz bu təsəvvürü dəyişməyə çalışırıq və deyirik ki, bu iki anlayış bir-biri ilə sıx bağlıdır.